Məhkəmə qərarları › İş №2(102)-299/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-299/2025

22.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-299/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə bağlı tələblər, qonşuluq hüququ. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “sexin bağlanması, cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-40/2024 nömrəli, 5 noyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanda 0.28 hektar torpaq sahəsi üzərində yerləşən iki mərtəbəli, beş otaqlı, 90.8 kv.m. yaşayış sahəsi, 122.2 kv.m. yardımçı sahəsi olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır.

2. X1 xx.xx.2012-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsi əsasında, özünə məxsus olan, Astara şəhəri, H.Aslanov küçəsində mülkiyyətdə olan 0.026 hektar torpaq sahəsində yerləşən 1 girişli, 22.3 kv.m. ümumi sahədən ibarət, 1 mərtəbəli qeyri-yaşayış binasını alıcı Cavabdeh2 5000 manata satmışdır. Həmin qeyri-yaşayış sahəs i üzərində Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsinin kateqoriyası – sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kimi göstərilmişdir.

3. X4 06 saylı ərazi vergilər idarəsində “bir pəncərə” prinsipi ilə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, Astara şəhəri, H.Aslanov küçəsində yerləşən və ağır yük maşınları və traktorların təkərlərinin təmir edilməsi ilə məşğul olan, cavabdehlərə məxsus sexin bağlanması, cavabdehlərin özbaşına hərəkətlərinə son qoyulması və ödənilmiş 100,4 manat dövlət rüsumunun əvəzinin c avabdehlərdən tutulmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyət hüququ ilə özünə məxsus olan, ünvan 1 ünvanda 0.28 hektar torpaq sahəsi üzərində yerləşən iki mərtəbəli, beş otaqlı, 90.8 kv.m. yaşayış sahəsi, 122.2 kv.m. yardımçı sahəsi, 213 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evində ailə üzvləri ilə birgə yaşayır. Yaşayış evinin qabağında olan torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlara mağazaların tikilməsinə icazə verilmişdir. Sonradan orada yerləşən obyekt cavabdehlərə satılmışdır. Lakin cavabdehlər həmin obyekti təyinatı üzrə işlətməyərək orada ağır yük maşınlarının və traktorların təmir edilməsi ilə məşğul olurlar. Ağır yük maşınları və traktorların təkərlərinin təmiri zamanı ayrı-ayrı hissələri n sökülməsi və quraşdırılması prosesində güclü səs-küy yaranır. Təmir sexi onun yaşadığı fərdi yaşayış evinin yaxınlığında yerləşdiyindən onun və ailə üzvlərinin istirahəti, dincliyi pozulur. Sex texniki təhlükəsizlik qaydalarına əməl edilmədən inşa edilmişdir. Cavabdehlərə və aidiyyəti orqanlara sexin oradan yığışdırılması ilə bağlı müraciətlər etməsinə baxmayaraq bir nəticə əldə edə bilməmişdir.

6. Astara Rayon Məhkəməsinin (hakim M. Məmmədov) 03 noyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sexin bağlanması, cavabdehlərin özbaşına hərəkətlərinə son qoyulması tələbinə dair iddiası təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi nəticəni onunla əsaslandırmışdır ki, təmir sexi iddiaçının mülkiyyətində olmadığından iddiaçı sexin bağlanması ilə bağlı və cavabdehlərin özbaşına hərəkətlərinə son qoyulması ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət edilməsi üçün hüququ yoxdur. Cavabdehlər isə qanuni əsasla təkərlərin təmir xidmətlərinin göstərilməsi fəaliyyəti ilə məşğul olurlar. İddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən və məhkəmə iclasında göstərdiyi halları təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinin tələblərinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin t am ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş, bu isə nəticədə cavabdehin maraqlarını müdafiə edən qeyri-obyektiv və qərəzli qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Belə ki, məhkəmə iddia tələbini rədd edərkən yalnız ona əsaslanmışdır ki, fəaliyyətinin dayandırılması tələb edilən obyekti cavabdeh alğı-satqı yolu ilə əldə etmiş və hazırda həmin təkər təmiri sexi iddiaçının deyil, Cavabdeh2 mülkiyyətindədir və o, təkərlərin təmir xidmətlərinin göstərilməsi fəaliyyəti ilə məşğul olmaq üçün vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Məhkəmənin “cavabdehin təkərlərin təmiri xidmətlərinin göstərilməsi fəaliyyəti ilə məşğul olmaq üçün vergi ödəyicisi kimi qeydiyyata alınması”na istinad edərək, obyektin təyinatı üzrə fəaliyyət göstərməsi qənaətinə gəlməsi də qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi cavabdehlərin ağır tonnajlı maşınların və traktorların təkərlərinin sökülməsi işlərini onlara məxsus olan sahədən kənarda, yəni obyektin daxilində deyil, qarşısındakı səkidə və ya yolda apardıqları, yaranan güclü səsküyün ətrafa yayılması, təmir sexi mülkiyyətində olan evin yaxınlığında yerləşdiyindən normadan artıq desibelə malik güclü səsin və titrəyişin təsirindən evdə yaşamağın mümkünsüz olduğunu, vibrasiya və səs-küy çirklənmələrinin insan sağlamlığına mənfi təsir göstərdiyi kimi bu faktları, konstitusiya ilə müəyyən olunmuş istirahət etmək və sağlam ətraf mühitdə yaşamaq hüququnu pozması kimi halla rı aydınlaşdırmamışdır. Qeyd olunanların aydınlaşdırılmaması işə baxılarkən tətbiq edilməli olan maddi hüquq normalarının tətbiq edilməməsi və bununla da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

11. Apelyasiya instansiyası məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli, 10/2010 nömrəli tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının rəyinə görə, ünvan 2 ünvanda cavabdehlərə məxsus qeyri-yaşayış binasının (daşınmaz əmlakın dövlət reyestrində **********77-06301 reyestr nömrəsi ilə qeydiyyata alınmış) texniki parametrlərinin **********77-06301 reyestr nömrəli texniki pasporta uyğun olması nəzərə alınaraq, qeyriyaşayış binasının tikinti-texniki normalarının tələblərinə uyğun olması müəyyən ed ilmişdir.

12. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 İdarəsinin aparılmış monitorinqin nəticələrinə dair 1 saylı rəyi ilə cavabdehlər tərəfindən işlədilən sexin fəaliyyəti ilə bağlı səs-küyün səviyyəsinin 50-59 dBA (norma 60 dBA) təşkil etdiyi müəyyən edilmişdir.

13. İddiaçının nümayəndəsi və vəkili vəsatətlə müraciət edərək, təkrar məhkəmə kompleks mühəndis-ekoloji və mühəndis-texniki ekspertizanın keçirilməsini xahiş etmiş və vəsatətini onunla əsaslandırmışdır ki, məhkəmənin əsaslı nəticəyə gəlməsi üçün ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələrinin sexdə istifadə olunan cihazların işlək vəziyyətdə olduğu vaxtda ölçmə işlərinin aparılması və normalara uyğun olub-olmamasını müəyyən etmək zəruridir.

14. Məhkəmə ko llegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə əlavə məhkəmə ekoloji ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Monitorinq İdarəsinin xx.xx.2024-cü il tarixli 25/125/d nömrəli məktubunda göstərilmişdir ki, Astara şəhəri, Həzi Aslanov küçəsində yerləşən təkərlərin təmiri sexində səs-küyün müəyyən olunması üçün İddiaçı həyat yoldaşı Əhmədağa Məmmədov və təkər təmiri sexinin nümayəndəsi Cavabdeh2 iştirakı ilə monitorinq keçirilmişdir. Monitorinq zamanı ətraf mühitə yayılan səs-küy səviyyəsini təyin etmək məqsədilə sex fəaliyyətdə olan müddətdə şikayətçinin evinin qarşısından təqribən 3-5 metr məsafədə PCE-322A cihazı vasitəsilə ölçmə işləri aparılmış və nəticələrə əsasən səs-küy səviyyəsinin 50.8 dBa (norma -60 dBA) təşkil edərək ətraf mühit üçün yol verilən hədd daxilində olduğu müəyyən edilmişdir.

15. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə yenidən əlavə məhkəmə ekoloji ekspertiza təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 sentyabr 2024-cü il tarixli, 4/1105 nömrəli ekspert rəyinə görə, Astara şəhəri, Həzi Aslanov küçəsində yerləşən təkər təmiri sexi fəaliyyətində olarkən yaranan səs-küy səviyyəsi ölçmələrin aparıldığı tədqiqatı tələb olunan məsafədə ətraf mühit üçün yol verilən hədd daxilindədir.

16. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər İ. Əsədov (sədrlik edən və məruzəçi), A. Novruzova və M.Əsədli) 2(106)-40/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

17. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qanunun tələbinə görə, daşınmaz əmlakın mülkiyyətçisi öz sahəsindən istifadə edərkən qonşu mülkiyyətçiyə maneəçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu mülkiyyətçinin öz sahəsinə təsirini qadağan edə bilməz. Eyni zamanda, təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Həmçinin, təqdim edilmiş sübutlar iddianın təmin edilməsinə əsas vermir.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcə llənin 169.1, 170.2, 171.1, 171.2, 1096, 1098.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, qətnamənin tamamilələğv edərək işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilmiş fotoşəkillərə və 2 GB yaddaş kartına baxış keçirərək, cavabdehlərin qonşuların hüquqlarını pozduqlarını, piyadaların hərəkət etməsi üçün nəzərdə tutulmuş səkini zəbt edərək insanların həyati təhlükəyə atılmalarına səbəb olduqlarını və təmir işlərində istifadə olunan avadanl ığın səs-küyünün insan sağlamlığına zərər verdiyini qeyd etmişdir. Apellyasiya instansiyası isə sübutlara hüquqi qiymət vermədən iddiaçının hüquqlarının pozulmadığını qərara almışdır. Vint açan avadanlığın səsi və təmir işlərinin səkidə aparılması ilə bağlı 3 audio-video faylı, elektron məhkəmə sisteminə yerləşdirilə bilmədiyi üçün 2 GB yaddaş kartı ilə təqdim edilmiş və məhkəmə iclasında nümayiş etdirilmişdir.

21. İddiaçı həmçinin qeyd etmişdir ki, məhkəməyə daxil olan 27 sentyabr 2024-cü il tarixli ekspert rəyində təkər təmiri sexindən yaranan səs-küyün ətraf mühit üçün yol verilən həddə olduğu qeyd olunub. Lakin bu rəy qanunsuz və əsassızdır. Şirvan Apellyasiya Məhkəməsi 21 iyun 2024-cü il tarixli qərardadı ilə əlavə ekoloji ekspertiza təyin etmiş, lakin bu tədqiqat aparılmamışdır. Eksp ert yalnız 11 aprel 2023 və 5 fevral 2024 tarixlərindəki səs səviyyəsini yoxlamışdır, lakin ağır tonnajlı avtomobillərin yaratdığı səs-küy və titrəyişlər ölçülməmişdir. Tərəfimizdən əlavə ekspertiza təyin edilməsi xahişi ilə məhkəməyə müraciət edilsə də vəsatəti təmin edilməmişdir. Nəticədə, apellyasiya məhkəməsi qanunsuz və qərəzli qərar qəbul edərək, müvafiq prosessual hüquq pozuntusuna yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

23. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. La kin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

24. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Az ərbaycan Respublikasının Konstitusiyası

25. Maddə

29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

26. Maddə

60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyə t hüququ məhdudlaşdırıla bilər.

28. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

29. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya d igər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.

30. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.

31. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

32. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

33. Maddə 1098.1. Gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər. Azərbaycan Respublikası Prezidentinin, 8 iyul 2008-ci il tarixli 796 №-li Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları” 34. 2.3. Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları Cədvəl 1-də verilmişdir. Cədvəl 1, 13-cü qrafa. Yaşayış, poliklinika və ambulatoriya binalarına, dispanserlərə, istirahət evlərinə, pansionatlara, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinə, məktəbəqədər, ümumi və digər təhsil müəssisələrinə, kitabxanalara bilavasitə bitişik ərazilərdə səs təzyiqinin, səsin ekvivalent ener jisi və maksimal səviyyəsinin yolverilən norması – 60 dBA (desibellər). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qan unda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsin in faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnamə tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

45. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbu l etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündürOdur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

47. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əl avə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

49. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-40/2024 nömrəli, 5 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar