Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3056/2024 09.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə aidiyyəti, iddiaçının şikayəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlundan (məruzəçi), Kommersiya Kollegiyasının hakimi X2 və İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq məhkəmə tərkibində, İddiaçı Cavabdeh qarşı “icarə müqavilələrinin ləğv edilməsi və illik icarə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 2(053)-202/2024 nömrəli, 14 mart 2024-cü il tarixli məhkəmə aiddiyəti ilə bağlı qərardadından İddiaçı şikayətinə 09 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı (bundan sonra “iddiaçı” və ya “Bələdiyyə”) iddia ərizəsi ilə Neftçala Rayon Məhkəməsinə müraciət edərək Bələdiyyə ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında bağlanmış 10 noyabr 2022-ci il tarixli 3M-67 və 3M- 68 nömrəli icarə müqavilələrinin ləğvi və ümümilikdə 5.315 manat icarə haqqının cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh vəsatət verərək, mübahisənin kommersiya aidiyyati olduğu üçün ərizənin aidiyyət məsələsi üzrə verilmədiyindən geri qaytarılmasını xahiş etmiş və vəsatətini də onunla əsaslandırmışdır ki, iddia tələbinə görə istər iddiaçının, istərsə də cavabdehin məqsədi gəlir əldə etməkdən ibarətdir. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən “Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır”.
3. Cavabdeh vəsatətə vergi ödəyicisi kimi qeydə alınmasını təsdiq edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən çıxarış əlavə etmişdir.
4. Neftçala Rayon Məhkəməsinin 2(053)-202/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qərardadı ilə mülki iş baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. (hakim Samir Quliyev)
5. Birinci instansiya məhkəməsi iş materiallarında olan ver gi məlumatlarından çıxarışlara əsasən müəyyən etmişdir ki, iddiaçı (VÖEN: **********) və cavabdeh (VÖEN **********) vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışlar.
6. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlmişdir ki, iş üzrə tərəflərin hər biri vergi ödəyiciləridir, iddia tələbi hüquqi şəxsin adından verildiyi, eyni zamanda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğu üçün bu mübahisəyə (kommersiya mübahisələrinə) dair işlərə kommersiya məhkəməsi baxmalıdır.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 24.2, 26.1, 44.2.2-ci maddələri və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fiki r ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının müvafiq bəndlərinə istinadla əsaslandırmışdır. Şikayətin və ona qarşı etirazın dəlilləri a) Şikayətin dəlilləri
8. İddiaçı (vəkil Nümayəndə) şikayət verərək, qərardadın ləğv edilməsi, işin kommersiya məhkəməsinə göndərilməsi barədə vəsatəti təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflər arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqəli deyil. Çünki Bələdiyyənin cavabdehlə bağlamış olduğu icarə müqaviləsi hüquqi şəxslə deyil, fiziki şəxslə bağlanmışdır. Təsadüfi deyil ki, icarə müqaviləsində “hüquqi şəxs” terminindən istifadə edilməmişdir. Həmç inin Bələdiyyə icarə müqaviləsi bağlayarkən cavabdeh hüquqi şəxs yox, fiziki şəxs olmuş və Ərazi Vergilər İdarəsində hüquqi şəxs olaraq qeydiyyatda olmamışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60 (İ). Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
15. İşlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətin in dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir; Maddə 33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır; Maddə 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiy a məhkəmələri baxır. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Maddə 44.2.2. İş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Maddə 403-1.1. İşdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Maddə 403-1.2. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Maddə 403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır.[576] Maddə 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər; işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, ərizəni yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. … Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanunimaraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. … Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisən in ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarı 10-cu bənd. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin pred meti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur; 11-ci bənd. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır; 13-cü bənd. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibka rlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir; 15-ci bənd. Məhkəmələrə həmçinin izah edilir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.
12. İşin müəyyən edilmiş hallarına əsasən iddiaçı və cavabdeh vergi ödəyiciləridir. İddia tələbində iddiaçı icarəyə verilən torpaq sahələrinin kənd təsərrüfatı təyinatlı (əkin təyinatlı) olmasını bildirmiş, cavabdehin də vəsatətindən görünür ki, o, həmin torpaqları sahibkarlıq məqsədilə icarəyə götürmüşdür.
13. İddia tələbi vergi ödəyicisi olan cavabdehlə icarə müqaviləsinin ləğvi və cavabdehdən illik icarə haqqının tutulması barədədir.
14. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir.
15. Hazırki mübahisənin də mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından kommersiya mübahisəsi olması şübhə doğurmur. Mübahisə müqavilə münasibətlərindən gələn mübahisədir.
16. İddiaçının şikayətində də mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri ilə bağlı əks dəlil yoxdur. İddiaçı şikayə tində cavabdehin yalnız fiziki şəxs olmasına (hüquqi şəxs olmamasına) istinadən subyekt tərkibi baxımından mübahisənin ümumi məhkəməyə aid olmasını bildirir.
17. Subyekt tərkibinə gəldikdə isə, birinci instansiya məhkəməsini işdəki sənədlərə əsasən tərəflərin, o cümlədən cavabdehin fərdi sahibkar kimi dövlət vergi orqanında qeydiyyata alınmasını müəyyən etmişdir. Bu baxımdan, hazırki mübahisənin subyekt tərkibinə görə də kommersiya mübahisəsi olması istisna edilmir.
18. Belə olan halda, hazırkı mübahisə MPM-in 24.2, 26-cı maddələrinin tələbinə və Ali Məhkəmənin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilən izaha əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olmaqla, kommersiya mübahisəsi kimi xarakterizə edilməlidir.
19. Məhkəmə tərkibi müqavilən in hüquqi şəxslə deyil, fiziki şəxslə bağlanması, cavabdehin hüquqi şəxs yox, fiziki şəxs olması və onun Ərazi Vergilər İdarəsində hüquqi şəxs olaraq qeydiyyatdan keçməməsi barədə şikayətin dəlillərini əsaslı saymır. Əvvəla, hər hansı şəxsin sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan da, yəni fərdi sahibkar kimi həyata keçirə bilmək imkanı var. (Vergilər Məcəlləsi, maddə 33.3)
20. İşdən də görünür ki, cavabdeh vergi orqanında fərdi sahibkar kimi qeydə alınıb. Buna görə də cavabdehin hüquqi şəxs olmaması, onun hüquqi şəxs kimi qeydiyyatdan keçməməsi barədə dəlilləri əsassızdır.
21. Bundan əlavə, sahibkarlıq fəaliyyətinin keçirilməsi üzrə müqavilə bağlandığı zaman tərəflərdən hər hansı birinin sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq, iddia ərizəsinin məhkəməyə verildiyi a nda hər iki tərəfin sahibkarlıq fəaliyyətini həyata keçirən subyektlər olması mübahisənin subyektiv tərkibi ilə bağlı meyarın ödənilməsi üçün kifayətdir və bu hal mübahisənin kommersiya mübahisəsi kimi baxılmasını istisna etmir. Məhkəmə təcrübəsi də məhz bu istiqamətdə formalaşmışdır.
22. Beləliklə, məhkəmə tərkibi belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin işin məhkəmə aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuşdur. Buna görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır.
23. Yuxarıda şərh edilənləri və Mülki Prosessual Məcəllənin 403-1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRA RA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-202/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.