Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3117/2024 22.10.2024 ALİ MƏHKƏMƏ zərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikilinin sökülməsi, tikinti norma və qaydalarına uyğun olmadıqda, iddia qaldırmaq üçün subyektiv hüququn olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X1 qarşı tikilinin və kanalizasiya xəttinin sökülməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasın ın 2(105)-2892/2021 nömrəli, 1 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 22 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən X1 aid tikilinin eskiz layihəsinə əsasən həmin sahədə birmərtəbəli tikilinin inşası nəzərdə tutulmuşdur.
2. Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən X1 ünvanlanmış xx.xx.2018-ci il tarixli məktuba əsasən Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən 102 kv metr sahədə 1 mərtəbəli tikilinin inşası məqsədilə İdarəyə təqdim olunmuş eskiz layihəsinə baxılmışdır.
3. ƏMDK yanında DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2 018-ci il tarixli məktuba əsasən torpaq sahəsinə və torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlər və dövlət rüsumunun ödənilməsi barədə sənədlə birlikdə idarəyə müraciət etdikdən sonra onun müraciətinə qanunamüvafiq qaydada baxılacağı qeyd edilmişdir.
4. Sumqayıt Bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, 872 nömrəli məktubuna əsasən onun torpaq sahəsinin fərdi ev tikintisi üçün rəsmiləşdirilməsi barədə müraciətinə cavab olaraq sahəyə yerində baxış keçirilmişdir. Məlum olmuşdur ki, sözügedən torpaq sahəsi şəhərin baş planına əsasən fərdi ev tikintisi üçün nəzərdə tutulmamışdır. Bu səbəbdən müraciətin müsbət həlli Sumqayıt Bələdiyyəsinin imkanı xaricindədir.
5. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-52/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X1 qarşı gözəllik salonu və evin sökülməsi, maddi və mənəvi zərərin, həmçinin ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması barədə iddiası rədd edilmişdir.
6. Həmin qətnamədə müəyyən edilmişdir ki, cavabdehlərin inşa etdikləri tikili ilə bağlı müvafiq icra hakimiyyəti orqanına məlumatlandırma icraatı qaydasında məlumat verilmiş və həmin orqan tərəfindən bununla bağlı cavabdehlərə etiraz olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gözəllik salonu və kanalizasiya xəttinin sökülməsi, maddi və mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xa hiş etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 onun qızı, Cavabdeh2 kürəkəni, Sevda Muradova isə onların qızı, yəni iddiaçının nəvəsidir. Oğlu Ədalət 1983-cü ildə, Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən torpaq sahəsini tutmuş və çəpərə almışdır. Cavabdehlər iddiaçının yazılı razılığı olmadan onun əkib becərdiyi torpaq sahəsinə daxil olmuş, keyfiyyətli bar verən ağacları kəsdirmişlər. Hətta ondan xx.xx.2019-cu ildə şər-böhtanlarla iddia ərizəsi yazdırmışlar. Eləcə də cavabdehlər qonşuları da bezdirmişlər. Cavabdehlər iddiaçının şərəf və ləyaqətini alçaltmış və onu təhqir etmişlər. Onlar iddiaçını 102-yə zəng edib onu tutdurmaqla hədələmiş, oğurluq və narkomanlıqda təqsirləndirmişlər.
9. Cavabdeh2 iddiaçının tələbinin əsassız olduğunu bildirərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
10. Cavabdeh1 iddia ərizəsində qeyd edilən torpağı ona anasının verdiyini, ərazinin dövlətə məxsus olduğunu və həmin torpaq sahəsində tikiliyə dair eskiz layihəsinin olduğunu bildirərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
11. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-3165/2021 nömrəli iş üzrə 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim Əfqan Ələkbərov) iddia təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli tikilinin yerləşdiyi ərazi zəbt olunmuş torpaq sahəsi olmaqla tərəflərdən heç birinin mülkiyyətində olmamışdır. Onların həmin torpaq sahəsi və tikililərə dair hər hansı hüququ olmamışdır. Cavabdehlərə qarşı tikilinin sökülməsi barədə iddia qaldırmağa hazırkı iş üzrə iddiaçı subyektiv hüquqa malik deyildir.
13. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı cavabdehlər tərəfindən inşa edilmiş tikililərin sökülməsi tələbi ilə çıxış etmək üçün öncə həmin tikililərin yerləşdiyi torpaq sahəsinin onun mülkiyyətində, icarəsində və ya digər qanuni əsaslarla istifadəsində olduğunu və yaxud həmin tikililərin onun hər hansı hüquqlarını pozduğunu sübut etməlidir. Lakin, tərəflərin məhkəmə iclasında verdikləri izahatları ilə müəyyən edilmişdir ki, mübahisəli tikililərin yerləşdiyi torpaq sahəsi zəbt olunmuş torpaq sahəsi olmaqla, nə iddiaçının, nə də ki, cavabdehlərin mülkiyyətində olmuşdur. Yəni, iddiaçının həmin torpaq sahəsinə hər hansı hüququ olmamışdır. Eyni zamanda iddiaç ı cavabdehlər tərəfindən həmin torpaq sahəsində inşa edilmiş gözəllik salonunun və kanalizasiya xəttinin onun hansı hüquq və maraqlarına toxunduğunu, həmin tikililərin inşa edilməsi nəticəsində onun hansı hüquqlarının pozulduğunu əsaslandıra bilməmiş və bununla bağlı hər hansı sübut təqdim etməmişdir.
14. Vurulmuş maddi və mənəvi ziyanla bağlı iddia tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində ona dəymiş zərərin məbləğini göstərməmişdir. Eyni zamanda iddiaçı ona cavabdehlərin hansı təqsirli hərəkətləri nəticəsində maddi, eləcə də mənəvi ziyan dəydiyini əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
15. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152, 180-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Ap ellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olmuş, əlavə heç bir dəlil göstərilməmişdir.
18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-2892/2021 nömrəli mülki iş üzrə 1 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Şikayət onunla əsaslandırılmışdır ki, o, illərlə işləyərək, çalışaraq həmin torpaq sahəsini tam yararlı hala gətirərək, yaşayış üçün normal vəziyyətə gətirmişdir. Lakin cavabdehlər baxmayaraq ki, həyat yoldaşı gözdən əlil idi, onu həmişə incidərək bir növ onun tez bir zamanda həyatdan getməsinə nail olmuşlar. Lakin Cavabdeh1 yalandan məhkəmə sənədlərində göründüyü kimi guya onun həyat yoldaşının qayğısına qaldığını və sairə yalan ifadələr işlətmişdir. Halbuki o həmişə onun həyat yoldaşını təhqir etmiş və incitmişdir. Bir övlad kimi valideyninə qarşı öz borcunu yerinə yetirməmişdir. Cavabdehlər ona qarşı hər cür maneçiliklər törətmiş, onun həyatını hər cür çətinləşdirmiş və vicdansızcasına hərəkət etmişdir. Belə ki, hətta polis orqanlarına müraciət edərək, onun ruhi xəstə kimi xəstəxanaya göndərilməyini və ya narkomanlıqla şərləyərək böhtanlar bildirmişlər. Yuxarıda göstərdiklərini bütün qonşuları, şahidlər, qonşuların hamısı təsdiq edə bilərlər.
22. Cavabdehlər qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, yaşayış sahəsinə və torpağa olan hüquqlarını pozan hərəkətləri tam qanunsuz olmuşdur. Ona görə də, onun hüquqları pozulmuş və cavabdehlər bundan sui-istifadə edərək orada özbaşına tikililər tikərək, torpağı mənimsəməklə onu faktiki küçədə qoymaq istəmişlər. Hətta onla rın tikdiyi ev də qanunsuz olmuşdur. Belə ki, orada sənəddə və çertyojda verilmiş ölçülərlə faktiki tikinti tam uyğunsuz olmuşdur. Kanalizasiya xətlərini aparıb qonşunun xəttinə qanunsuz birləşdirməklə və qonşunun öz kanalizasiya xəttini ayırması ilə həmin qanunsuz kanalizasiya və çirkab sularının həyətinə axıdılmasına bais olmuşlar. Məhkəmə torpaq sahəsinə yerli baxış keçirməklə hər şeyi yerində aydınlaşdırmalı olduğu halda bunu etməmişdir. Cavabdehlərin təqsirli hərəkətləri nəticəsində o özünə məxsus olan evdə və torpaq sahəsində normal yaşayış hüququndan məhrum edilmişdir. Həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmasına baxmayaraq, onun həmin sahədə yaşayış mühiti yaratmaqla ən azı əsaslı və qanuni gözlənilən mülkiyyət hüququ olmuşdur.
23. Məhkəmə maddi və mənəvi ziyanı təmin et məyərək guya bunu sübut edən kifayət qədər dəlilləri məhkəməyə təqdim etməməyini göstərmişdir. Halbuki həyat yoldaşının xəstəlikdən vəfat etməsi və onun uzun müddət ağır stresslər keçirməsi, cavabdehlərin təzyiqləri, hədə-qorxuları, qanunsuz hərəkətləri (kanalizasiya xəttinin həyətə axıdılması – bu işə hal-hazırda onun şikayəti üzrə Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində baxılması, üfunət və xəstəliklərin yaradılması, onun çoxillik məhsuldar və illərlə əzab və əziyyətlə yetişdirib becərdiyi çoxillik meyvə ağaclarının dibindən kəsilməsi, qanunsuz tikililərin tikilməsi, istifadəsində olan torpaq sahəsinin zəbt edilməsi, onu ruhi xəstə adlandırılaraq bu barədə məhkəmə və polis orqanlarına yalandan ifadələr verilməsi, ictim aiyyət arasında onu dəli, xəstə kimi adını hallandıraraq şərəf və ləyaqətinin alçaldılması və sair cavabdehlər tərəfindən edilən hərəkətləri) bütün bunlar maddi və mənəvi zərərin dəyməsini sübuta yetirmişdir.
24. Məhkəmə ədalətli araşdırma hüquqlarını kobud şəkildə pozaraq, onun iştirakı olmadan və tərəflərin çəkişmə prinsipini pozaraq işə baxmış və qanunsuz olaraq guya onun məhkəmədə canlı çıxış etməyini və ifadə verməyini göstərmişdir. Halbuki onun həmin məhkəmə baxışlarından heç bir xəbəri olmamış, bu barədə ona məlumat belə verilməmişdir. Yalnız bir dəfə məhkəmədə olmuşdur. Ondan sonra məhkəmə barədə ona heç bir bildiriş gəlməmişdir. Məhkəmələrdən sonra gəlib müəyyən sənədləri ərizə yazmaqla əldə etmişdir. Mülki işin materiallarında guya onun məhkəmə bildirişlərini almağı barədə olan s ənədlərdəki imzalar ona məxsus olmamışdır.
25. İddiaçı şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14, 88 və 386-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
29. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
30. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
31. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
32. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
33. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
34. Maddə 180.4. Tikinti məqs ədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyə n edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin də lillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
44. İddiaçının kassasiya şikayətlərinin dəlilləri apellyasiya şikayətinin dəlillər ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhk əmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
45. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
46. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərini n dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2892/2021 nömrəli iş üzrə 1 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.