Məhkəmə qərarları › İş №2(102)-3182/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3182/2023

25.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3182/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: bağışlamadan imtina edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “bağışlamadan imtina edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 aprel 2023-cü il tarixli 2(103)2789/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 25 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, a şağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nəsimi rayonu, A.Quliyev küçəsi, ev 131, 25b saylı mənzil xüsusi mülkiyyət hüququ kimi İddiaçı adına qeydiyyatdan keçmişdir. 2. 01 dekabr 2007-ci il tarixdə Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontorunun böyük dövlət notariusu N.A.Hüseynov tərəfindən təsdiq edilmiş bağışlanma müqaviləsinə əsasən hədiyyə verən İddiaçı Bakı şəhəri Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.1999- cu il tarixdə verilmiş 662 nömrəli r/kitab; 99362-ci səhifə, 30/9368 qeydiyyatlı qeydiyyat vəsiqəsi əsasında ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Aqil Quliyev küçəsi, 131 nömrəli binada yerləşən yaşayış sahəsi 34.0 kv.m, ümumi sahəsi 38.0 kv.m olan iki otaqdan ibarət 25b nömrəli mənzilini nəvəsi - hədiyyə ala n Cavabdeh bağışlamışdır. 3. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 131, 25b saylı mənzil Bakı şəhəri 12 saylı DNK-nın 4Ə-05-1031 reyestr nömrəli xx.xx.2007-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçmişdir və MH seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2008-ci il tarixli çıxarış verilmişdir. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 131, 25b saylı mənzilə dair dövlət reyestrində cari dəyişikliklər edilmiş və ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli elektron çıxarış verilmişdir. 4. 03 oktyabr 2022-ci il tarixli bildirişlə İddiaçı Bakı şəhəri 14 saylı notariat ofisinə müraciət e dərək, ünvan 1 ünvanında yerləşən 25b saylı mənzilin nəvəsi Cavabdeh bağışlanmasından imtina etdiyini bildirmiş və mənzilin boşaldılaraq qısa müddətdə ona geri qaytarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 25b saylı mənzilə dair nəvəsi X3 xx.xx.2007-ci il tarixdə Bakı şəhəri 12 saylı DNK-də xx-xx-1031 reyestr nömrəsi ilə təsdiq olunmuş bağışlama müqaviləsindən imtina edilmiş hesab olunması, Bakı şəhəri 12 saylı DNK-də xx-xx-1031 reyestr nömrəsi ilə təsdiq olunmuş xx.xx.2007-ci il tarixli bağışlama müqaviləsinin əsasında Cavabdeh adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haq qında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri 12 saylı DNK-də xx-xx-1031 reyestr nömrəsi ilə təsdiq olunmuş xx.xx.2007-ci il tarixli bağışlama müqaviləsindən imtina edilməsi səbəbilə ünvan 1 ünvanında yerləşən 25b saylı mənzilin cavabdeh tərəfindən boşaldılması, onların cavabdehin qanunsuz sahibliyindən götürülməsi və həmin daşınmaz əmlaka mülkiyyət hüququndan irəli gələn sahiblik və istifadə hüququnun bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mübahisəli mənzil daha əvvəl bağışlama müqaviləsi əsasında oğlu X4 tərəfindən ona verilmişdir. O da həmin mənzili xəstə qızına və ona baxmaq şərtilə nəvəsi Cavabdeh bağışlamışdır. Lakin cavabdeh bağışlamanın şərtlərinə əməl etməyərək ailə hüquq münasi bətlərindən irəli gələn vəzifələri kobudcasına pozaraq ona - 91 yaşlı nənəsinə və onun xəstə qızına (bibisinə) qayğı göstərib saxlamaqdan imtina etmişdir. Fakt odur ki, daşınmaz əmlaklara olan hüquqları nəvəsinə versə də, sonuncu ailə hüquq münasibətlərindən irəli gələn vəzifələri yerinə yetirməmiş və nənəsinə, bibisinə heç bir maddi yardım belə göstərməmişdir. Aralarındakı bağışlama müqaviləsindən tərəfindən imtina edildiyindən hazırda cavabdehin mübahisəli mənzil üzərindəki sahibliyi artıq qanunsuzdur.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 2(006)449/2023 saylı qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia təmin edilməmişdir.

8. Məhkəmənin mövqeyi onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehin bağışlamanın şərtlərinə əməl etməyərək ailə hüquq münasibətlərindən i rəli gələn vəzifələri kobudcasına pozaraq iddiaçıya - 91 yaşlı nənəsinə və onun xəstə qızına (bibisinə) qayğı göstərib saxlamaqdan imtina etdiyini, onlara heç bir maddi yardım belə göstərmədiyini bildirsə də, xx.xx.2007-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, ona Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-674 maddələrinin məzmunu izah edilmiş, həmçinin müqavilədə cavabdehin üzərinə hər hansı vəzifələr qoyulmamış, müqavilə şərtsiz bağlanmışdır. Həmçinin, bağışlama müqaviləsindən imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud deyildir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Məzmunu iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində, iddiaçı əlavə olaraq eyd etmişdir ki, cavabdeh ailə münasibətlərindən irəli gələn öhdəlikləri kobud şəkildə pozmuş, sadəcə nənəsi İddiaçı qarşı deyil, həmçinin doğma atası X1 qarşı da ailə məhfumuna yaraşmayacaq hərəkətlər etmiş, sonuncuya qarşı söyüş və təhqiramiz ifadələr işlətmiş, böhtan xarakterli məktublar yazaraq bir sıra dövlət orqanlarına və dövlət aparatının yüksək vəzifəli şəxslərinə göndərmiş, hətta atası X2 məhkəməyə belə vermişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-279 8/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqovun sədrliyi və məruzəsi ilə, A.İsgəndərov və M.Rüstəmli) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında daşınmaz əmlakın bağışlama müqaviləsi bağlanarkən pozuntuya yol verilməmişdir. Həmçinin, hədiyyə verənlə hədiyyə alan arasında hər hansı bir öhdəliyin, şərtlərin yerinə yetirilməsi ilə bağlı razılaşma olmamış və ya bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, müqavilədə cavabdehin üzərinə hər hansı vəzifələr qoyulmamış, müqavilə şərtsiz bağlanmışdır. Həmçinin, bağışlama müqaviləsindən imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsas lardan hər hansı biri mövcud deyildir.

14. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 668.1.1, 670.1, 673.1, 673.3-cü, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı kassasiya şikayəti verərək (Vəkil2) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassator şikayətini iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırmışdır.

17. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinə, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 218.3cü maddələrinə istinad edərək əsaslandırmışdır. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

20. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalarla hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdi qləndikdə etibarlıdır.

21. Maddə 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər.

22. Maddə 673.1. Hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə (673.1.1); hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda (673.1.2); o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə (673.1.3) və s. hallarda hədiyyə verən bağışlamaqdan imtina edə bilər.

23. Maddə 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün on un vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. 24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2012-ci il tarixli qərarında izah olunmuşdur ki, MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. M addə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Qeyd olunmalıdır ki, hazırki iddianın hüquqi əsasını təşkil edən Azərbaycan Re spublikası MM-in 673.1-ci maddəsi hədiyyə verənin bağışlamaqdan imtinasının 3 əsasını müəyyən edir:

1. Hədiyyə alanın hədiyyə verənə (onun yaxın qohumuna) qarşı ağır cinayət törətməsi,

2. Hədiyyə alan tərəfindən ailə hüquq münasibətlərinə uyğun vəzifələrini kobud pozması və ya

3. Bağışlama ilə bağlı öhdəliklərin icra olunmaması.

38. İddiaçı məhz ikinci əsasa istinad edərək bağışlama müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh bağışlanmış əmlakın müqabilində nənəsi olan iddiaçıya və bibisinə qayğı göstərməsinə dair öhdəliklərini yerinə yetirməmiş, yaşlı olan iddiaçını və köməyə ehtiyacı olan bibisini köməksiz qoymuşdur.

39. Lakin işin faktiki hallarını araşdıran apellyasiya instansiyası məhkəməsi hədiyyə alan olan cavabdehin hədiyyə verən iddia çıya münasibətdə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrinin kobud pozulması hallarını müəyyən etməmişdir.

40. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 aprel 2023-cü il tarixli, 2(103)-2798/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar