Məhkəmə qərarları › İş №2(102)-3216/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3216/2022

18.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3216/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənəvi zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı mənəvi zərər tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 yanvar 2022-ci il tarixli, 2(103)1052/2 022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 18 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) 20 avqust 1987-ci il tarixdə anadan olmuş və vətəndaş vəziyyəti aktlarının qeydiyyatı kitabında “X2” kimi qeydə alınmışdır.

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 oktyabr 2017-ci il tarixli, 2(007)3481/2017 saylı qətnaməsi ilə iddiaçının kişi cinsindən olması faktı müəyyən edilmiş və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında müvafiq düzəliş edilməsi qət edilmişdir.

3. Həmin iş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 08 avqust 2 017-ci il tarixli, 345 saylı ekspertiza rəyinə əsasən iddiaçının kişi cinsinə mənsub olması müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin səhlənkarlığı nəticəsində vurulmuş zərərə görə onlardan 1.000.000 manat məbləğində kompensasiya tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, anadan olan zaman həkimlər və valideynləri onun cinsini qız kimi müəyyən etmiş, bu səbəbdən doğum akt qeydlərində “X2” kimi qeydə alınmışdır. 1987198 9-cu illər arasında hazırkı 1 saylı Kliniki xəstəxanada əməliyyat olunmuş, əməliyyat zamanı yumurtalıqlarından biri götürülmüş, uzun illər qadın kimi böyüdülmüş, lakin böyüdükcə onda kişi orqanizminə aid hormonlar inkişaf etmişdir. Bu isə ona ailəsi, ətrafı ilə münasibətlərində ciddi problemlər yaşatmış, hətta Bakıya köçmək məcburiyyətində qalmış hermofrodit olduğunu düşünmüşdür. Hazırda həyatını kişi kimi davam etdirməklə, yeni cinsiyyətini təsdiq etmək üçün məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən təyin edilmiş tibbi ekspertiza nəticəsində əvvəldən qadın deyil, kişi olduğu müəyyən olunmuşdur. Lakin səhiyyənin əməkdaşları nə doğuş zamanı, nə də körpəlikdə onu əməliyyat edərkən cinsini müəyyən edə bilmədiklərindən ömrünün 30 ilini cinsi haqqında yalnış təsəvvürlərlə yaşamış, sənədlər i ilə görünüşü arasındakı fərqlər onu daim pis vəziyyətdə qoymuş, dəfələrlə ciddi sarsıntılar keçirib, intihar barədə düşünmüşdür.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 11 oktyabr 2021-ci il tarixli, 2(006)-5993/2021 nömrəli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia rədd olunmuşdur.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunun cavabdehlərin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri kimi hallar barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 23.1, 23.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2002-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 80, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə iddianı rədd edərkən tələbin əsasında duran halların sübut oldunmadığına istinad etsə də, iddiaçı bununla bağlı Səhiyyə Nazirliyinin tabeçiliyində olan müəssisələr tə rəfindən verilmiş xeyli sübutlar təqdim etmişdir. İddiaçı 1987-ci ildə SSRİ dövründə anadan olsa da, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan SSR Səhiyyə Nazirliyinin institusional varisidir. İddiaçının doğulduğu Cəlilabad rayon, Prişib qəsəbə xəstəxanası (hazırda Göytəpə şəhər Xəstəxanası) indi də Səhiyyə Nazirliyinin tabeliyində qalmaqda, əməliyyat olunduğu Semaşko xəstəxanası isə dövlət xəstəxanası kimi fəaliyyət göstərməkdə davam edir. Bu yanlış nəticəsində dəfələrlə tibbi əməliyyata məruz qalmışdır. Hesab edir ki, psixoloji sarsıntılar keçirməsi faktını müəyyən etmək üçün məhkəmə tərəfindən ekspertiza təyin edilə bilərdi.

11. Apellyasiya baxışında təqdim olunmuş X3 tərəfindən verilmiş 11 noyabr 2021-ci il tarixli rəyə əsasən, iddiaçının travmaları və narahatlıqları hələ də qalmaqdadır, yaşadıqları onu davamlı qeyri-müəyyənlik, özünə-inamsızlıq və prekariatlıqla əhatə edir. Keçmişini qəbul edə bilməməsi yaşadığı ölkədəki heteronormativ baxışdan, interseksfobiya və ona əsaslanan sosial qısnamadan qaynaqlanır.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 14 yanvar 2022-ci il tarixli, 2(103)-1052/2022 nömrəli qətnaməsi ilə (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, şikayətin dəlillərinə münasibətdə vurğulamışdır ki, cav abdehlər iddiaçının cinsinin düzgün müəyyən edilməməsinə görə məsuliyyət daşımamaqla hər iki nazirlik müvafiq sahələrdə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi haqqında” Əsasnamənin 1-ci bəndinə görə Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. O cümlədən, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 1-ci bəndinə görə Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

15. Kassasiya şika yəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

19. Maddə 1097.1. Mülki hüquq pozuntusu (d elikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

20. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

21. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəs ində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarı

22. Bənd

2. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zə rərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

23. Bənd

8. Plenum izah edir ki, Azərbaycan Res publikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkən in bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fakt lara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməs i tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərkən həmçinin qeyd etməyi zəruri hesab ed ir ki, iddiaçı iddia ərizəsində etiraf edərək bildirmişdir ki, doğulduqdan uzun illər sonra onda kişi orqanizminə aid hormonlar inkişaf etmişdir. Bu səbəbdən iddiaçının kassasiya şikayətində cinsiyyətinin düzgün olmadan qadın kimi müəyyən olunaraq bu haqda doğum haqqında şəhadətnamənin verilməsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təqsirinin olması barədə göstərdikləri əsassızdır.

35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya M əhkəməsinin Mülki kollegiyasının 14 yanvar 2022-ci il tarixli, 2(103)-1052/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar