Məhkəmə qərarları › İş №2(102)-3337/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3337/2020

05.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3337/2020 05.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(105)-236/2020 saylı qətnaməsindən iş üzrə İddiaçı1 hüquqi varisi İddiaçı2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə (hakim T.Ə.Qurbanov, iş № 2(031)-330/2013) İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran Rayon şöbəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xid mətinin Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsinə plan və ölçünün verilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası təmin edilərək Şabran (Dəvəçi) Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 1996-cı il tarixli, 10 saylı sərəncamı ilə mərhum X2 Şabran şəhərinin N küçəsində “Turan” kommersiya mağazasına yaxın ərazidə kommersiya köşkü qoymaq məqsədilə verilmiş 6 kv.m torpaq sahəsinə vərəsəlik üzrə İddiaçı1 mülkiyyət hüququnun tanınması və həmin torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran Rayon şöbəsi tərəfindən İddiaçı1 adına plan və ölçü sənədinin verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: T.Q.Məmmədov, Ş.R.Abasov və A.Ə.Abbasov) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin apelyasiya şikayəti təmin edilərək Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. İşin halları: Dəvəçi Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 1996-cı il tarixli 10 saylı sərəncamı ilə İİ qrup Qarabağ müharibəsi əlili X2 Dəvəçi (Şabran) şəhərinin N küçəsində “Turan” kommersiya mağazasına yaxın ərazidə kommersiya köşkü qoymaq üçün 6 kv.metr ölçüdə torpaq sahəsi ayrılmış və sonuncu tərəfindən orada köşk quraşdırılmaqla oradan bərbərxana kimi istifadə olunmuşdur. xx xxxx 2011-ci il tarixdə Namiq Babayev vəfat etmişdir. 2013-cü ilin aprel ayında Nin həyat yoldaşı İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum ərinin sağlığında köşkün quraşdırıldığı torpaq sahəsini öz adına sənədləşdirə bilmədiyini əsas göstərməklə həmin torpaq sahəsinə dair Namiq Məmmədovun adına mülkiyyət hüququnun tanınması və həmin torpaq sahəsinə dair plan və ölçünün verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı1 hüquqi varisi İddiaçı2 kasasiya şikayəti verərək mübahisəli torpaq sahəsinin Nin ölümündən sonra birinci növbə vərəsə kimi onun arvadı İddiaçı1, onun da xx xxxxxx 2015-ci il tarixdə baş vermiş ölümündən sonra sonuncunun qardaşı kimi mirası faktiki olaraq qəbul etməsini və mirasın qəbulu barədə notariat orqanına müraciət etməsini, Nin bacısıNın həmin əmlakı zəbt etməsini və bundan sonra Şabran Ray on Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə orada özbaşına inşa edilmiş tikilinin sökülməsi və torpaq sahəsinin Ndan alınaraq ona verilməsinin qət edilməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında iddiaçı və vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlərin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş mater iallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti qismən təmin olunaraq qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, hazırkı iddia tələbi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə qarşı yönəlmiş və həmin tələbdə torpaq sahəsinin plan və ölçüsünün verilməsi barədə müvafiq səlahiyyətli orqanın üzərinə vəzifə qoyulması xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul e dilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı tərəfindən irəli sürülmüş torpaq sahəsinə dair plan və ölçünün verilməsi barədə iddia inzibati orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (hazırda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) üzərinə öhdəlik qoyulması ilə bağlı olduğundan, kollegiya hesab edir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatında baxılmalı idi. Kollegiya hesab edir ki, hazırkı işə ümumi iddia icraatı qaydasında baxılmaqla məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Şərh olunanl ara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar