Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3529/2022 16.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh YYYMənzil İstehlak Kooperativinə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3529/2022 Açar sözlər: qeyri-yaşayış sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh YYYMənzil İstehlak Kooperativinə qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və qeyri-yaşayış sahəsinə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1151/2022 nömrəli, 23 fevral 2022-ci il tarixli qətnaməsindən ca vabdeh YYYMənzil İstehlak Kooperativi tərəfindən verilmiş kassasiya şikayətinə 16 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanda yerləşən bina YYYMənzil İstehlak Kooperativi (bundan sonra YYYMİK) tərəfindən inşa olunmuşdur. Həmin binanın 1-ci mərtəbəsində yerləşən 90 kv.m. qeyri-yaşayış sahəsinin İddiaçı satılması barədə YYYMİK ilə alıcı İddiaçı arasında xx.xx.2015-ci il tarixli müqavilə bağlanmışdır. YYYMİK, müqavilə əsasında satılmış qeyriyaşayış sahəsinin dəyərini təşkil edən 40.000 manatın İddiaçı tərəfindən ödənilməsi barədə xx.xx.2016-cı il tarixli, 122 nömrəli maliyyə arayışı vermişdir.
2. YYYMİK cavabdehlər İddiaçı və X2 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 3180 0 manat pulun X1 tutularaq İddiaçı ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin iddia Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-9173/2016 saylı qətnaməsi ilə təmin olunmamışdır. İş üzrə iddiaçı YYYMİK-nin apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi ilə, kassasiya şikayəti isə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(102)-4776/2017 saylı qərarı ilə təmin olunmamışdır. Həmin işə baxılarkən apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, YYYMİK ilə İddiaçı arasında bağlanmış 02 fevral 2016-cı il tarixli qeyriyaşayış sahəsinin alğı-satqı müqaviləsi və həmin müqaviləyə əsasən verilmiş maliyyə arayışından göründüyü kimi ün van 2 ünvanında tikilmiş binanın birinci mərtəbəsində yerləşən 90 kv.metr qeyri-yaşayış sahəsi YYYMİK tərəfindən İddiaçı 40000 manat satılmışdır. Belə olan halda iddiaçının qeyd etdiyi dəlillər alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Bundan başqa iddiaçı ərizəsində göstərdiyi halları təsdiqləyən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. İddiaçı YYYMİK ilə X3 arasında bağlanmış 02 fevral 2016-cı il tarixli alğı-satqı müqaviləsinin də etibarsız sayılması tələbi irəli sürsə də, qeyd olunan müqavilənin əslini məhkəməyə təqdim etməmiş və yalnız müqavilənin kserosurətini təqdim etməklə kifayətlənmişdir. Belə olan halda, tələbin bu hissəsini də əsassızdır.
3. Bundan sonra YYYMİK, İddiaçı ilə bağlanmış xx.xx.2015-ci il tarixli müqavilədə satılan qeyri -yaşayış sahəsinin qiymətinin qeyd olunmadığını, həmin mənzilə dair X3 ilə bağlanmış müqavilədə qiymətin 9000 manat müəyyən edilməsini, lakin bu məbləğin ödənilmədiyini əsas gətirməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu. Dairəvi yol küçəsi 11 saylı binanın 1-ci mərtəbəsində yerləşən 90 kv.metr ərazisi olan qeyri-yaşayış sahəsi ilə bağlı YYYMİK-lə cavabdeh X3 arasında bağlanmış xx.xx.2016-cı il tarixli alğı-satqı müqaviləsinin və İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8709/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə YYYMİK-nin cavabdehlər İddiaçı, X2 qarşı alqı-satqı müqavilələrinin ləğv edilməsinə dair iddia tələbi rədd edilmiş, bu qətnamədən id diaçının verdiyi apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)5374/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamədən kassasiya şiklayəti verilməsi üçün müddətin bərpa olunması barədə iddiaçının vəsatəti təmin olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh YYYMİK-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yol küçəsi 11 saylı binanın 1ci mərtəbəsində yerləşən 90 kv.metr ərazisi olan qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yol küçəsi 11 saylı binanın 1-ci mərtəbəsində yerləşən 90 kv.metr ərazisi olan qeyri-yaşayış sahəsi ilə bağlı YYYMİK ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin ləğv edilməsi barədə iddia təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir. Lakin YYYMİK İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin şərtlərini icra etməkdən boyun qaçırdır və bununla da İddiaçı mülkiyyətinə sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarının icrasına qəsdən maneə törədir.
6. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh YYYMənzil İstehlak Kooperativinin ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yol küçəsi 11 saylı bina nın 1-ci mərtəbəsində yerləşən 90 kv.metr ərazisi olan qeyriyaşayış sahəsindən çıxarılması və onun qeyri-yaşayış sahəsinə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək bildirmişdir ki, tərəflər arasında mübahisəli sahəyə dair xx.xx.2016-cı il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndində deyilir ki, müqavilə ilə qeyri-yaşayış sahəsinin “Alıcıya” verilməsi barədə şərtlər rəsmiləşdirilir. Mərtəbə 1, qeyri-yaşayış sahəsi 90 kv.m, bir kv.m bir min manat. Bu barədə YYYMİK tərəfindən İddiaçı 122 saylı xx.xx.2016-cı il tarixli maliyyə arayışı verilmişdir. Maliyyə arayışında göstərilir ki, bu binanın 1-ci mərtəbəsində 1-ci giriş, 90 kv.m olan qeyri-yaşayış sahəsi üçün 40000 manat ödənilmişdir. Sonrada n maliyyə arayışına alıcı tərəfindən əllə tam sözü əlavə edilmişdir. Qeyri-yaşayış sahəsinin razılaşdırılmış qiyməti 90000 manat təşkil edir. Alıcı tərəfindən isə göründüyü kimi cəmi 40000 manat ödənilmişdir. Qalıq borc 50000 manat təşkil edir. Göründüyü kimi alıcı tərəfindən müqavilədə göstərilən məbləğ tam ödənilmədiyi üçün İddiaçı həmin sahəyə heç bir hüququ yaranmamışdır. İddiaçının həmin qeyri-yaşayış sahəsinə heç bir hüququ yaranmadığı üçün onun ümumiyyətlə belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur. Ümumiyyətlə qeyri-yaşayış sahəsinə köçürülmə barədə qərar çıxarılması tələbi anlaşılan deyildir. Hazırda həmin sahə cavabdeh MİK-in ofisi kimi istifadə olunur.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(004)4767/2021 nömrəli qətnaməsi ilə (hakim T.A xundov) iddia tələbi qismən təmin edilərək, cavabdeh YYYMİK-nin İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yol küçəsi 11 saylı binanın 1-ci mərtəbəsində yerləşən 90 kv.m. ərazisi olan qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi qət edilmişdir.
9. Məhkəmə işin araşdırılmış hallarına və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən müəyyən etmişdir ki, YYYMİK ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən YYYMİK alıcı İddiaçı ünvan 1 ünvanda tikilmiş binanın 1-ci mərtəbəsində yerləşən 90 kv.m qeyri-yaşayış sahəsini satmış və İddiaçı tərəfindən YYYMİK-nə həmin qeyri-yaşayış sahəsinin dəyərini təşkil edən 40000 manat tam olaraq ödənilmişdir. Mübahisəli qeyri-yaşayış sahəsində hal-hazırda cavabdeh məskunla şaraq oradan ofis kimi istifadə edir.
10. Məhkəmə ilk növbədə cavabdeh tərəfin iddiaya etirazının əsası kimi istinad olunan hala - iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənilməməsi və müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi dəlilinə qiymət verərək qeyd etmişdir ki, cavabdeh həmin əsaslarla bundan əvvəl iddiaçıya qarşı müqavilənin etibarsız hesab edilməsi və müqavilənin ləğv edilməsi barədə iddialar qaldırmış, lakin həmin iddialar qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə rədd edilmişdir.
11. Məhkəmə bildirmişdir ki, belə olan vəziyyətdə cavabdehin mübahisəli qeyri-yaşayış sahəsində qanunsuz məskunlaşması iddiaçının bir mülkiyyətçi kimi hüquqlarını pozur və bu baxımdan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlıdır.
12. Məhkəmə hesab e tmişdir ki, Mülki Məcəllənin 385 və 386-cı maddələrinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının, cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir.
13. Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Qanunvericiliyin mənasına görə müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirməyi ehtiva edən bir anlayışdır. Bütün bunlara əsasən müqavilə bağlayıbbağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan bu iradəsinin formalaşması və ifadəsi onun özünə mənsub dur.
14. Məhkəmə eyni zamanda iddia tələbini iddiaçının sözü gedən qeyri-yaşayış sahəsinə köçürülməsi hissəsində də əsaslı saymış və qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində qeyri-yaşayış sahəsinə köçürülmə tələbini irəli sürsə də, iddianın əsasından da göründüyü kimi onun niyyəti, əslində Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yol küçəsi 11 saylı binanın 1-ci mərtəbəsində yerləşən 90 kv.m ərazisi olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi barədə tələb irəli sürmək olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» 25 oktyabr 2010-cu il tarixli qərarında hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Azərbay can Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.
15. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələbindən də göründüyü kimi, iddiaçının daşınmaz əmlak üzərində sərəncam hüququ daşınmaz əmlak dövlət reyestrində qeydə alındıqdan sonra yaranır. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıd a göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddiaçının pay haqqını tam verdiyi qeyri-yaşayış sahəsinə sahiblik və istifadə etmək hüququ yarandığından, cavabdehin qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməkdən yayınması və hər hansı maneələr yaratması qanunsuz olmuşdur. Odur ki, Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yol küçəsi 11 saylı binanın 1-ci mərtəbəsində yerləşən 90 kv.m ərazisi olan qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilməlidir.
16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 14.2.1, 152.1, 152.5, 157.4, 385, 386, 399, 405.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» 25 oktyabr 2010-cu il tarixli qərarında ifadə edilmiş hü quqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 82.3, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh YYYMİK-nin nümayəndəsi qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilədə göstərilən məbləğ tam ödənilmədiyinə görə İddiaçı mübahisəli qeyri-yaşayış sahəsinə heç bir hüququ yaranmadığı və bu baxımdan hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmadığı halda birinci instansiya məhkəməsi əsassız olaraq iddianı təmin etmiş və qətnamə çıxararkən MPM-nin 218.3-cü maddəsini tələbini pozaraq iddia tələbindən kənara çıxmışdır.
19. Bakı Ap ellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1151/2022 nömrəli, 23 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Ə.Kərimli və E.C.Kazımov) cavabdeh YYYMİK-nin apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmı şdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi, yaxud ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
21. Məhkəmə kollegiyası müqavilədə göstərilən məbləğin iddiaçı tərəfindən tam ödənilməməsi, onun mübahisəli qeyri-yaşayış sahəsinə heç bir hüququ yaranmadığı və bu baxımdan hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmaması barədə dəlillə bağlı qeyd etmişdir ki, həmin dəlil əsassızdır. Müqavilədə göstərilən məbləğin iddiaçı tərəfindən tam ödənilməməsi barədə dəlil YYYMİK-in bundan əvvəl İddiaçı qarşı qaldırdığı müqavilənin etibarsızlığı və ləğvi tələblərinə dair işlərdə iddia tələbinin əsası kimi istinad olunan hallardan biri olmuş və idd ia əsassız sayılarkən həmin hallara da qiymət verilmişdir. Yəni, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bu hallara qiymət verildiyindən məhkəmə kollegiyası həmin dəlil üzrə ətraflı araşdırma aparmağa lüzum görmür. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşdən göründüyü kimi, hazırkı işin tərəfləri olan İddiaçı və YYYMİK həmin işlərdə də işdə iştirak edən şəxs olmuşlar.
22. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən MPM-nin 218.3-cü maddəsinin tələbinin pozulması və iddia tələbindən kənara çıxılması barədə dəlili də məhkəmə kollegiyası əsassız saymış və qeyd et mişdir ki, iddia tələbinin mahiyyət və məzmunundan göründüyü kimi, iddiaçının qeyri-yaşayış sahəsindən çıxarılma tələbini irəli sürməkdə məqsədi əslində həmin sahənin ona təhvil verilməsinə nail olmaq, pozulmuş sahiblik və istifadə hüququnu bərpa etməkdən ibarətdir. Bu baxımdan birinci instansiya məhkəməsi mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarmaqda haqlı olmuşdur və məhkəmə kollegiyasının qənaətinə görə bu zaman MPM-nin 218.3-cü maddəsinin tələbi pozulmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh YYYMənzil İstehlak Kooperativi kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
24. Kassasi ya şikayəti onunla əsaslandırılmışdır ki, alıcı tərəfindən müqavilədə göstərilən məbləğ tam ödənilmədiyi üçün İddiaçı həmin sahəyə heç bir hüququ yaranmamışdır, bu səbəbdən onun ümumiyyətlə hazırki iddianı verməyə subyektiv hüququ yoxdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 oktyabr 2010-cu il tarixli qərarı düzgün tövsif edilməmiş, qüvvəyə minmiş məhkəmə qərarlarına istinad edilsə də, əsl həqiqət gizlədilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 03 iyul 2017-ci il tarixli qərarında göstərilir ki, müqavilə ləğv olunmasa da, 40.000 manat məbləğin ödənilməsi qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənilməsi demək deyildir. Həmçinin məhkəmə iddia tələbindən kənara çıxmış, lakin bunu əsaslandırm amışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, məhkəmələr tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamələr maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Kassasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi yaxud ləğv edilməsi üçün əsas ola bilməz. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəf indən tanınan və qorunan hüququdur.
27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
28. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmas ını məhkəmə vasitəsilə tələb edə bilər.
29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
31. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
32. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayı lır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
33. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
34. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəl iyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut ed ilmir.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməm əlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Belə ki, kassatorun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 03 iyul 2017-ci il tarixli qərarında göstərilir ki, müqavilə ləğv olunmasa da, 40.000 manat məbləğin ödənilməsi qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənilməsi demək deyildir” dəlili əsassızdır. Çünki YYYMİK-nin cavabdehlər İddiaçı və Mehralı Yusifova qarşı müqavilələrin etibarsız sayılması tələbinə dair mülki iş üzrə Ali Məhkəməsinin Mülki kollegiyasının 03 iyul 2017-ci il tarixli, 2(102)-4776/2017 saylı qərarında bu cür cümlə yazılmamışdır və ya həmin mənanı verən hüquqi mövqe ifadə olunmamışdır.
47. Kassatorun “məhkəmə iddia tələbindən kənara çıxmış, lakin bunu əsaslandırmamışdır” dəlili də əsassızdır. Çünki əvvəla iddiaçının qeyri-yaşayış sahəsinə köçürülməsi tələbinin anlaşılmazlığı barədə dəlili birinci instansiya məhkəməsində cavabdeh tərəf özü irəli sürmüşdür. Birinci instansiya məhkəməsi də iddia ərizəsində “qeyriyaşayış sahəsinə köçürülmə si” kimi ifadə olunmuş tələbi işin halları və tərəflər arasında yaranmış mübahisəni tənzimləyən maddi hüquq normalarının tələbləri baxımından təhlil edərək bildirmişdir ki, iddianın əsasından da göründüyü kimi iddiaçının niyyəti, əslində Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yol küçəsi 11 saylı binanın 1-ci mərtəbəsində yerləşən 90 kv.m ərazisi olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi barədə tələb irəli sürmək olmuşdur. Buna görə də məhkəmə iddianı bu hissədə “həmin qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi” məzmunda təmin etmişdir. İddianın bu cür təmin olunması fərqli səslənmiş olsa da, hüquqi mahiyyəti (hüquqi əsasları və nəticələri) baxımından “qeyriyaşayış sahəsinə köçürülmə” tələbi ilə eynilik təşkil edir.
48. Kassatorun “alıcı tərəfindən müqavilədə göstərilən məbləğ tam ödənilmədiyi üçün İddiaçı həmin sahəyə heç bir hüququ yaranmamışdır, bu səbəbdən onun ümumiyyətlə hazırki iddianı verməyə subyektiv hüququ yoxdur” dəlili də əsassızdır. Cavabdehin bu dəlili apelyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış və məhkəmə kollegiyası qeyd etmişdir ki, müqavilədə göstərilən məbləğin iddiaçı tərəfindən tam ödənilməməsi barədə dəlil YYYMİK-in bundan əvvəl İddiaçı qarşı qaldırdığı müqavilənin etibarsızlığı və ləğvi tələblərinə dair işlərdə iddia tələbinin əsası kimi istinad olunan hallardan biri olmuş və iddia əsassız sayılarkən həmin hallara da qiymət verilmişdir. Yəni, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bu hallara qiymət verildiyindən məhkəmə kollegiyası həmin dəlil üzrə ətraflı araşdırma aparmağa lüzum görmür. Mülki Prosessual Məcəllənin 82. 3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşdən göründüyü kimi, hazırkı işin tərəfləri olan İddiaçı və YYYMİK həmin işlərdə də işdə iştirak edən şəxs olmuşlar.
49. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu əsaslandırması ilə razılaşır.
50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
51. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1151/2022 nömrəli, 23 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.