Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3572/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 (üçüncü şəxs X9) qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3572/2022 Açar sözlər: maneələrin aradan qaldırılması, işdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 (üçüncü şəxs X9) qarşı maneələrin aradan qaldırılması tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2098/2022 nömrəli iş üzrə 11 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) yaşadığı Bakı şəhəri, Səbail rayonu, 7-ci Buxta (indiki Elşən İsmayılov) küçəsi, 2 nömrəli fərdi yaşayış evinin (bundan sonra – fərdi yaşayış evi) qarşısında özbaşına inşa edilmiş 2 qaraj yerləşir və həmin qarajlardan biri hazırda Cavabdeh1 (bundan sonra – cavabdeh) istifadəsindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə (üçüncü şəxs X9 (bundan sonra – üçüncü şəxs) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünə məxsus fərdi yaşayış evinin qarajlarından istifadə etməsinin tanınması və qarajlardan özbaşına istifadə etmənin cav abdehə qadağan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, fərdi yaşayış evində 1989-cu ildən 7 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə yaşayır. Onların qonşuluğunda yerləşən X1 ailəsinin qeydiyyatsız yaşadığı özbaşına tikili olan fərdi yaşayış evi xx.xx.1995-ci il tarixdə yanaraq sıradan çıxmışdır. X1 arvadı – hazırkı iş üzrə üçüncü şəxs yanmış boş mənzili və mənzilə məxsus olan 2 qarajı 1998-ci ildə ona satmış və bununla bağlı mənzilin hüquq müəyyənedici sənədləri olmadığından alqı-satqını rəsmiləşdirə bilməmişlər. Sonra onun atası yanmış mənzili üçüncü şəxsin razılığı ilə bərpa edərək tikintinin öz adlarına sənədləşdirilməsi üçün ərizə ilə Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısına müraciət etmişlər. RİH başçı sının mənzil məsələlərinə dair Komissiyasının rəyi ilə onu mənzil növbəsinə götürmüşlər. Sonra mənzil RİH-in yaşayış fonduna daxil edilmiş və ona sığınacaq kimi verilmişdir. Mənzilin və mənzilə məxsus olan 2 qarajın da onlara mənzillə birlikdə satılması mənzilin ilkin sahibi X2 həyat yoldaşı – üçüncü şəxsin yazdığı ərizədə öz əksini tapmışdır. Belə ki, üçüncü şəxs mənzilin onlara satılması ilə bağlı ərizəsində göstərmişdir ki, o, fərdi yaşayış evini qarşısında olan 2 qaraj ilə birlikdə ona satıb pulunu da almışdır. Buna baxmayaraq, mənzilə və qaraja heç bir aidiyyəti olmayan cavabdeh qaraja qanunsuz daxil olaraq ondan istifadə edir. Dəfələrlə cavabdehə irad bildirsələr də, heç bir nəticə verməmişdir. Fərdi yaşayış evinin RİH başçısının xx.xx.1998-ci il tarixli, 557 nömrəli sərəncamı ilə on a verilməsinə baxmayaraq, evə məxsus qarajın verilməsi sərəncamda göstərilməmişdir. Lakin üçüncü şəxs tərəfindən yazılmış ərizədə mənzillə birlikdə 2 qarajın da onlara satıldığı göstərilmişdir. Onlar 1998-ci ildən bu günədək, 23 ildir ki, qeyd olunan mənzildən və qarajdan fasiləsiz və etirazsız istifadə edirlər, lakin son 5-6 ay müddətdə cavabdeh əsassız və qanunsuz olaraq onların qarajdan istifadə etməsinə maneə yaradır. Aldıqları mənzillə birlikdə mənzilə məxsus qarajlardan fasiləsiz, etirazsız istifadə etdiklərinə görə, habelə qarajlar mənzilin əsl sahibi tərəfindən ona satıldığı üçün onun istifadə etməsi tanınmalı və cavabdeh tərəfindən qarajlardan özbaşına istifadə etməsi qadağan olunmalıdır.
4. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində göstərmişdir ki, anadan oldu ğu 1966-cı ildən İradəgilin qonşuluğunda yaşayır, ağılı kəsdiyi vaxtdan qarajın İradənin atasına məxsus olduğunu görmüş, qarajda İradənin atası ölən günədək öz avtomaşınını saxlamışdır. Arzu evi Mayagülə satmışdır, orada evin altında bir qaraj, evdən kənarda isə iki qaraj var, biri Arzunun atasının, biri isə Taqib kişinindir.
5. Şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki, İradəgilin qonşuluğunda yaşayır, oraya 2001-ci ildən gəlmişdir, gəldiyi vaxtdan qarajdan İradənin atası Taqib kişinin istifadə etdiyini və avtomaşını saxladığını görmüşdür, rəhmətə getdikdən sonra qarajın açarı İradədə olmuş, İradə fiziki qüsurlu olduğu üçün avtomaşını ilə birlikdə onu müvafiq yerlərə aparıb gətirir, bir il olar ki, İradə həmin qarajda ona məxsus avtomaşını heç bir təmənna olmadan saxlama ğa icazə vermişdir.
6. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-2678/2021 nömrəli iş üzrə 07 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev) iddia təmin olunmamışdır.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı qarajları üçüncü şəxsə pul ödəməklə aldığını iddia etsə də, həmin qarajın alındığı vaxtdan cavabdehin atasının istifadəsində olması iddiaçının nümayəndəsinin izahatı ilə etiraf edilmişdir. Əvəzli surətdə alınan əmlak üzərində uzun müddət ərzində iddiaçının sahiblik hüququnun həyata keçirilməməsi onun həmin əmlak üzərində sahiblik hüquqlarına malik olmaması kimi qiymətləndirilməli və əmlakın əvəzli surətdə əldə olunması barədə iddiaçının dəlilləri ağlabatan və məntiqli hesab olunma malıdır. Eyni zamanda, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər də mübahisəli qarajın məhz cavabdehin atasına məxsus olduğunu və həmin qarajdan yalnız onun istifadə etdiyini bildirmişlər.
8. Məhkəmə qeyd etmişdir ki, mübahisəli qarajlar fiziki obyekt kimi daşınmaz əşyadır və onların özbaşına tikili statusuna malik olması, onlardan istifadə ilə əlaqədar məhkəmədə iddia qaldırmağı məhdudlaşdıran hal kimi qəbul edilə bilməz. Lakin, iddiaçı həmin qarajların cavabdehin qanunsuz sahibliyində olmasını iddia etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 4.1, 135.1, 135.2, 135.4, 152.2, 152.7, 158.1, 180-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin qismən təmin olunaraq, mübahisəli qarajdan özbaşına istifadənin cavabdehə qadağadan edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2098/2022 nömrəli iş üzrə 11 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi i şin müəyyən edilmiş halları və tətbiq edilən hüquqla bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin olunaraq, mübahisəli qarajdan özbaşına istifadənin cavabdehə qadağan edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, mənzilin ilkin sahibi X2 həyat yoldaşı X5 iddia ərizəsində üçüncü şəxs kimi göstərməsinə baxmayaraq, məhkəmələr qəbul etdikləri qətnamələrdə iddia ərizəsinin üçüncü şəxs X6 aid hissəsinə qiymət verməmişlər.
15. İddia ərizəsində üçüncü şəxs kimi göstərilən X9 məhkəmə iclasından 2 gün əvvəl mə hkəməyə teleqram ünvanlayaraq, iddia ərizəsini qəbul etdiyini, cavabdehin onun əmisi qızı olduğunu, cavabdehin atasının maşını saxlamaq üçün şəraiti olmadığından mənzili iddiaçıya satanadək əmisinə qarajdan istifadəyə icazə verdiyini, mənzili isə qarajla birgə iddiaçıya satdığını, cavabdehin qanunsuz olaraq oradan istifadə etdiyini bildirmişdir. Buna baxmayaraq, qeyd olunan teleqram xx.xx.2021-ci il tarixdə məhkəmə iclası keçirilən zaman dəftərxanaya təqdim edilmişdir.
16. Şikayətin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə, MPM-in 8, 9, 14, 77, 88, 217, 218-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəl illəri
17. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
18. Mülki Məcəllə Maddə 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır Maddə 135.2. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 152.1. Mül kiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslər in istifadəsinə vermək vəzifəsi qoyula bilər. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
19. Mülki Prosessual Məcəllə Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
20. Qanunun tələbinə görə ka ssasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayəti əsasında qarajdan özbaşına istifadənin cavabdehə qadağan edilməsi hissəsində yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanı lır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasının və yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını əsaslandırmamışdır.
24. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
25. Nəzərə alınmalıdır ki, işə cəlb edilmiş üçüncü şəxslərin izahatları da MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən digər şəxslərin izahatları kimi iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan digər sübutlarla təsdiq olunmayan belə izahatlar özü-özlüyündə işin hallarını müəyyən edən mötəbər sübut kimi qəbul oluna bilməz.
26. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2098/2022 nömrəli iş üzrə 11 mart 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.