Məhkəmə qərarları › İş №2(102)-3652/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3652/2022

16.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3652/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Firmasına qarşı iş üzrə QƏRARİ 2(102)-3652/22 (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı şəhəri, 16 avqust 2022-ci il 16.08.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Firmasına qarşı maddi və mənəvi zərərin tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10419/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 16 avqust 2022-c i il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3467/18 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh firmasının cavabdeh İddiaçı qarşı cavabdehdən 1600 ABŞ dolları məbləğində pul vəsaitinin məcburi şəkildə tutularaq iddiaçıya ödənilməsi barədə iddiası təmin edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)12820/2019 saylı qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3467/18 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın təmin olunmaması qət edilmişdir. Həmin işə apellyasiya qaydasında baxarkən kollegiya qeyd etmişdir ki, işin mübahisəsiz halları aşağıdakılardır: 1) Tərəflər arasında stomatoloji avadanlıqların sifariş edilməsi barədə müqavilə olub; 2) Həmin müqavilə əsasında cavabdeh (hazırki iş üzrə iddiaçı) 13100 ABŞ dolları ödəniş etmişdir; 3) Ödənilməmiş qalan məbləğ 1600 ABŞ dollarıdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-2671/2020 saylı qərarı ilə iddiaçı Cavabdeh firması tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-12820/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları tədqiq edib haqlı olaraq qeyd etmişdir ki, cavabdehin stomatoloji kabinet üçün 15.000 ABŞ dolları dəyərində stomatoloji avadanlıq sifariş edərək üç ay onun təhvil verilməsini gözləməsi, bu müddət ərzində işləməməsi və yalnız iddiaçı təşkilat tərəfindən həmin avadanlıqların gətirilib quraşdırıldıqdan sonra çatışmayan həmin ağız suyu soran və elektrik motorunu başqa firmaya sifariş edərək, həm də baha qiymətə alması işin mübahisəsiz halıdır və bu hal da iddianın rədd edilməsi qənaətinə gəlməyə əsas verir. Çünki ən sadə məntiq də həmin hissələrin məhz iddiaçı təşkilata sifariş olunmasını diqtə edir. Bu isə öz növbəsində cavabdehin iddia tələbinə etirazının, iddiaçı təşkilatın müqavilə öhdəliyini həmin iki əşyaya münasibətdə yerinə yetirməməsi barədə dəlillərinin əsaslı oldu ğunu göstərir. Bundan başqa, iddiaçı təşkilat kassasiya şikayətində “Gnatus-8” firmasının məktubuna istinad edərək, stomatoloji avadanlığın qiymətinə nasosun daxil edilmədiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi iddiaçı təşkilatın bu dəlili ilə də razılaşmamışdır. Belə ki, tərəflər arasında öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Belə bir müqavilə isə işdə yoxdur. Bu səbəbdən də sözügedən məktub tərəflər arasında yaranmış razılaşmanı özündə ehtiva etmədiyi üçün, stomatoloji avadanlığın qiymətinə nasosun daxil edilməməsi qənaətinə gəlməyə əsas vermir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, stomatoloji qurğu komplekt formada gətirilmədiyinə görə dəym iş zərər kimi 2.000 ABŞ dollarının, 2 ay ərzində əldən çıxmış fayda qismində 6.000 manatın və mənəvi zərərə görə 5.000 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Yasamal Rayon Məhkəməsinin 2(004)-81/2021 saylı, 09 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-12820/2019 saylı qanuni qüvvəsini almış qətnaməsi ilə İddiaçı Cavabdeh Firmasına 15.000 ABŞ dolları dəyərində stomatoloji avadanlıq sifariş etməsi, sonradan 300 ABŞ dolları endirim etməsi, bu məbləğdən 13100 ABŞ dolları ödəniş etməsi və 1600 ABŞ dolları borcunun qalması, eyni zamanda, cavabdeh tərəfin dən avadanlığın natamam gətirilməsi, bu səbəbdən iddiaçının xx.xx.2016-cı il tarixli qaimə fakturaya əsasən elektrik motorunu başqa firmaya sifariş edərək, 1500 Avro qiymətə alması müəyyən olunmuşdur. Digər tərəfdən, iddiaçının əlavə olaraq 1000 ABŞ dolları ödəniş edərək digər hissələri də alması, beləliklə cavabdehin hərəkəti nəticəsində 2000 ABŞ dolları maddi zərərə, 6000 manat əldən çıxmış fayda qismində zərərə və 5000 manat mənəvi zərərə məruz qalması barədə gətirdiyi dəlillər əsaslı hesab edilməmişdir. O, müdafiə etdiyi tələbi yetərincə əsaslandıra bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə hesab etmişdir ki, tərəflər arasında mövcud olmuş qarşılıqlı tələblər bir birini tam ödədiyinə görə, həmin tələblərə qanuvericiliyin göstərişinə əsasən xitam verildiyindən, iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir.

7. Məhkəmə öz mövqeyini əsaslandırarkən Mülki Prosessual Məcəllənin 82.3, Mülki Məcəllənin 540.1, 543-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

9. Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə oxşar əsaslandırılmışdır.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10419/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov və Vahid Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi maddi zərərlə bağlı gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, maddi zərər hissəsində məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab edir. Mənəvi zərərlə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehdən 5.000 manat mənəvi ziyanın alınaraq ona ödənilməsini tələb etsə də, bununla bağlı mötəbər sübutları nə birinci instansiya məhkəməsinə nə də ki, apellyasiya inistansiya məhkəməsinə təqdim etməmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən “İnsan hüquqlarının və əsas azadlıqların mü dafiəsi haqqında” Konvensiyanın 41-ci, Mülki Prosessual Məcəllənin 82.3, Mülki Məcəllənin 21.1, 21.2, 540.1, 543-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarı və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li qərarına istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasi ya şikayətlərinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Maddə 540.1. Əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələbl ərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər.

18. Maddə

543. Əgər əvəzləşdirilən tələblər bir-birini tam ödəmirsə, yalnız digər tələbin həcmindən az olan həcm əvəzləşdirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı 19. mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüq uqu, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

20. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Ali Məhkə məsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li qərarı

21. Bənd 1. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər.

22. Bənd

2. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mə nəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədlə ri

30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Qətnamədən kassasiya şikayəti verən iddiaçı tərəfindən məhkəmə qətnaməsi tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya istansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, hazırki iddia ilə bağlı məhkəmə lərin gəldiyi nəticə qanuni və əsaslıdır.

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik ola n apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiy a Məhkəməsi Mülki kollegiyasının 2(103)-10419/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar