Məhkəmə qərarları › İş №2(102)-3658/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3658/2023

04.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3658/2023 04.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Zaqatala rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X1 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın ümumi birgə mülkiyyət hesab edilməsi və daşınmaz əmlaklarda payların müəyyən edilməsi” tələbinə iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X3 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 may 2023-cü il tarixli, 2( 107)510/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Cavabdeh2 və İddiaçı 01 iyun 2006-cı il tarixdə nikaha daxil olmuş, nikahları Zaqatala Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. 2. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 08 dekabr 2014-cü il tarixli Daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında Cavabdeh1 tərəfindən Cavabdeh2 mülkiyyətinə verilmiş və sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Zaqatala ra yon 2 saylı notariat ofisinin xüsusi notariusu X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bağışlanması barədə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış yalan (əhəmiyyətsiz) əqd olan 08 dekabr 2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** qeydiyyat nömrəsi ilə 13 mart 2015-ci il tarixdə qeydiyyata alınmış mübahisəli fərdi yaşayış evinin ümumi birgə mülkiyyət hesab edilməsi, həmin fərdi yaşayış evinin Cavabdeh2 ilə aralarında bölünməsi və həmin fərdi yaşayış evinin üzərində iddiaçının ikidə bir hissədə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırmışdır ki, mübahisəli fərdi yaşayış evi Cavabdeh1 45000 manata alınmış, ev alındıqdan sonra təmir edilməsinə 100000 manata yaxın pul xərclənmişdir. Təmir tikinti işləri yekunlaşdıqdan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** qeydiyyat nömrəsi ilə 13 mart 2015-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evinin bağışlanma müqaviləsi ilə rəsmiləşdirildiyini nikahın pozulması və əmlak bölgüsü ilə bağlı qəbul edilən məhkəmə qətnaməsindən və həmin iş materiallarından əldə etdiyi 08 dekabr 2014-cü il tarixli bağışlama müqaviləsindən öyrənmişdir. Cavabdeh1 vergi ödəməməsi üçün və daha az məbləğdə dövlət rüsumu ödəməsi üçün Cavabdeh2 ilə razılaşıb alqı-satqı müqaviləsini bağışlama müqaviləsi kimi rəsmiləşdirmişlər. Zaqatala rayonu 2 saylı dövlət notariat kontorunun dövlət notariusu X4 bu yalan əqdi təsdiq etmişdir. Cavab deh1 qohumu olmayan Cavabdeh2 dəyəri 45000 manat olan 3 otaqlı fərdi yaşayış evini bağışlaması absurddur. 08 dekabr 2014-cü il tarixli bağışlama müqaviləsi tərəflər arasında alqı-satqı müqaviləsini pərdələmək məqsədilə bağlanan yalan əqddir. Həmin ev tərəflərin birgə vəsaiti hesabına alınmışdır.

5. Zaqatala Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(033)-46/2023 nömrəli qətnaməsi ilə (hakim T.H.Həsənov) iddia rədd olunmuşdur.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisələndirilən bağışlama müqaviləsi bağlanarkən hüquq normalarının pozuntusu halları olmamış, əksinə Cavabdeh1 fərdi yaşayış evinin bağışlanılması üçün öz iradəsi ilə notariat kontoruna getmiş və bağışlanma müqaviləsi bağlanmışdır. Həmçinin məhkəmə iclasında da Cavabdeh1 öz əmlakını Cavabdeh2 bağışlaması nı öz iradəsi ilə etdiyini bildirmişdir. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilmiş, bağışlanma müqaviləsi Məcəllədə göstərilmiş qaydada notariat qaydasında təsdiqlənmişdir.

7. Daha sonra, məhkəmə müəyyən etmişdir ki, bağışlamanın etibarlı olduğu hallar qanunverici tərəfindən müəyyən edilmişdir və qeyd edilən hallara 08 dekabr 2014-cü il tarixli bağışlama müqaviləsi bağlanarkən riayət edilmişdir.

8. Məhkəmə eyni zamanda işin tədqiq olunan faktiki hallarına əsaslanaraq hesab etmişdir ki, mübahisələndirilən müqavilə iddia edildiyi kimi yalan əqd və ya Mülki Məcəllənin tələblərinin pozulması nəticəsində bağlanmış əqd hesab edilə bilməz. İşdə əqdin başqa əqdi pərdələmək məqsədi ilə bağlanmasına əsas verən hallar mövcud deyildir.

9. İddiaçı iddia tə ləbi ilə məhkəməyə müraciət edərkən onu da əsas götürmüşdür ki, bağışlama zamanında Cavabdeh1 ilə Cavabdeh2 arasında mənəvi dəyərlərə əsaslanan münasibət olmayıb və Cavabdeh2 həmin evi 45000 manat ödəməklə almışdır. O öz mövqeyinin sübutu kimi onu qeyd etmişdir ki, Cavabdeh1 banklara olan borcunu ödəməsi üçün o Cavabdeh2 etibarnamə vermiş, bağışlama müqaviləsinin predmeti olan fərdi yaşayış evinin Cavabdeh2 bağışlanması müqabilində sonuncu Cavabdeh1 banka olan borclarını ödəmişdir. Məhkəmə qeyd olunanlarla razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən 2008-2014-cü illər ərzində Cavabdeh1 banklar qarşısında olan öhdəlikləri və həmin öhdəliklərin kim tərəfindən icra edilməsi araşdırılmış, Cavabdeh1 "xxxx" QSC və ASC “Xalq” Bankı qarşısında kredit müqavilələri üzrə öhdəliklərinin olduğu müəyyən edilmiş, lakin həmin öhdəliklərin icrasının məhz Cavabdeh2 tərəfindən təmin edilməsi müəyyən edilməmiş və buna dair hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, məhkəmə tərəfindən Cavabdeh1 Zaqatala şəhəri M.Nəzirova küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evini özgəninkiləşdirməsi nəticəsində maddi nemət əldə etməsi və Cavabdeh2 tərəfindən hədiyyə verən Cavabdeh1 heç bir cavab xidmətin göstərilməsi müəyyən edilməmişdir.

10. İddiaçı tərəf daha sonra qeyd etmişdir ki, X5 tərəfindən Notariat kontoruna 02 avqust 2014-cü il tarixli ərizə ünvanlayaraq mübahisəli evin satılmasına etirazı olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, X6 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini 09 noyabr 2006-cı il tarixli m üqaviləyə əsasən Cavabdeh1 bağışlamış, həmin müqavilə əsasında fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına qeydiyyata alınmışdır. Cavabdeh1 mülkiyyətində olan həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini Zaqatala rayon 2 saylı dövlət notariat kontorunun dövlət notariusu X4 tərəfindən təsdiq edilmiş 08 dekabr 2014cü il tarixli Daşınmaz əmlakın bağışlanılması müqaviləsinə əsasən Cavabdeh2 bağışlamışdır. Məhkəmənin qənaətinə görə Cavabdeh1 həmin fərdi yaşayış evi bağışlanıldığından, ümumiyyətlə onun arvadı olan X2 həmin fərdi yaşayış evi barəsində Cavabdeh1 hər hansı əqdi bağlamasına razılıq verməsinə ehtiyac olmamışdır.

11. Məhkəmə iddia tələbinin “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi birgə mülkiyyət hesab edilməsinə, həmin fərdi yaşayış evinin Cavabdeh2 ilə aralarında bölünməsinə və həmin fərdi yaşayış evinin üzərində ikidə bir hissədə mülkiyyət hüququnun tanınması” hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbi qeyd edilən hissədə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ər-arvaddan birinin nikah dövründə hədiyyə kimi aldığı əmlak onun mülkiyyətidir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 13 mart 2015-ci il tarixdə qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh2 tərəfindən hədiyyə kimi alındığından həmin əmlak cavabdehin mülkiyyətidir və qeyd edilən əmlak ərlə arvadın nikah dövründə qazandıqları əmlak hesab edilmir.

12. Məhkəmə, daha sonra iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş DVD diskin dinlənilməsi zamanı səsləndirilən ifadələrə də öz münasibətini bildirməyi zəruri hesab etmişdir. Belə ki, həmin disk dinlənilən zaman müəyyən olunmuşdur ki, iki şəxs, yəni Cavabdeh1 və İddiaçı telefon vasitəsi ilə bir-biri ilə danışır. İddiaçı həmin fərdi yaşayış evinin onlara satıldığını dəfələrlə Cavabdeh1 bildirir. Cavabdeh1 isə konkret olaraq həmin fərdi yaşayış evinin bağışlanılmadığını və ya satıldığını ifadə etmir. Ancaq İddiaçı ona evin satılması ilə bağlı suallar verdikdə Cavabdeh1 bunu da hər hansı şəkildə inkar etmir. Məhkəmə qeyd etmişdir ki, diskdə qeydə alınmış səs yazıları həmin bağışlama müqaviləsinin etibarsız hesab olunması üçün əsas ola bilməz.

13. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının bağışla ma müqaviləsinin etibarsız hesab olunmasına dair iddiası təmin olunarsa, ünvan 3 ünvanda yerləşən daşınmaz əmlak Cavabdeh1 mülkiyyətinə qayıtmış olur. Bu zaman isə İddiaçı həmin fərdi yaşayış evi ilə bağlı hansı hüquqi nəticələrə sahib olacağı da sual altında qalır. Belə ki, Cavabdeh1 öz mülkiyyətində olan daşınmaz əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərə kətləri edə bilər.

14. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 6.1.5, 8.2, 139.1, 140, 146.2, 148.2, 152, 225.1, 225.2, 324.1, 324.2, 324.4, 324.5, 337.1, 337.2, 337.3, 337.4, 339.1, 340.1, 340.2, 339.3, 390.3, 405.1, 421.2, 567, 666.1, 667.1, 668-ci, “Notariat haqqında” Qanunun 27, 45, 46-cı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 217.4, 218.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, Zaqatala Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(033)-46/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 may 2023-cü il tarixli, 2(107)-510/2023 nömrəli qətnaməsi ilə (hakim Ə.T.Məcidovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Əsədlidən və E.M.Mehdiyevdən ibarət tərkibə) apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(033)-46/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə qeyd etmişdir ki, hazırki iş üzrə evə çəkilmiş xərclərin yarısının tələb olunması ilə bağlı iddia mövcud deyildir. İddiaçının həmin dəlilləri başqa məhkəm ə icraatının predmeti ola və mahiyyəti üzrə baxılaraq araşdırıla bilər, lakin hazırki iş üzrə iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın ümumi birgə mülkiyyət hesab edilməsi və daşınmaz əmlaklarda payların müəyyən edilməsi barədə olduğundan həmin daşınmaz əmlaka çəkilmiş xərclər və edilmiş yaxşılaşdırmalarla bağlı məsələ hazırki iddia tələbinin predmeti deyildir.

18. Bağışlanılmış evin notariat işinə ehtiyacı olmayan razılıq ərizəsinin Cavabdeh2 tərəfindən təkidlə əlavə edilməsinin səbəbinin hazırki iş üzrə iddia tələbinin təmin edilməsinə hansı səbəbdən və hansı şəkildə təsirinin ola biləcəyi əsaslandırılmamışdır. İşin hallarından həmin faktın araşdırılmasının hazırki iddia tələbinin təmin və ya rədd edilməsinə hər hansı təsiri aşkar edilmir.

19. Cavab deh1 və Cavabdeh2 arasında hər hansı maddi tranzaksiyanın (mübadilənin) həyata keçirilməsi halı aşkar edilmir. Eyni zamanda, Cavabdeh1 kredit müqavilələri üzrə öhdəliklərinin olduğu müəyyən edilmiş, lakin həmin öhdəliklərin icrasının məhz Cavabdeh2 tərəfindən təmin edilməsi halı da müəyyən edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

20. İddiaçı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 may 2023-cü il tarixli, 2(107)-510/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun tərtib edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 225.4-ci maddəsi düzgün tətbiq olunmamış, Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələri pozulmuşdur.

22. Belə ki, mübahisəli ev 3 otaqlı olaraq alındıqdan sonra, orada yenidənqurma və əsaslı təmir işləri aparılmış və 5 otaqlı ev kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu hal evə dair verilmiş texniki pasportla müəyyən olunur. Evin dəyəri, nikah dövründə əldə olunan vəsait hesabına əhəmiyyətli dərəcədə artırılması məhkəmə tərəfindən müəyyən olunsa da, məhkəmə qətnamədə işin bu faktına heç bir hüquqi qiymət verməmişdir. Məhkəmə əvvəlki evin dəyəri ilə yenidənqurmadan sonrakı evin dəyərini arasındakı fərqi müəyyən etmək üçün, eyni zamanda aparılmış yenidənqurma işlərinin dəyərini müəyyən etmək üçün xüsusi biliyə malik olan ekspertlər cəlb edilməli, iş üzrə ekspertiza təyin etməli idi. Həmçinin müqavilə bağlanan zaman Cavabdeh1 arvadının evin satılmasına razılıq barədə yazdığı ərizəsinin notariat işinə əlavə etdirmişdir. Belə ki, Cavabdeh2 evi əvəzli olaraq əldə etdiyindən, gələcəkdə evi satan Cavabdeh1 arvadının evin özgəninkiləşdirilməsinə dair müqaviləni mübahisələndirməməsinə zəmanət almışdır. Bu hala məhkəmə tərəfindən qiymət verilməmişdir.

23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

24. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

25. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apell yasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

26. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instans iyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq:

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində müb ahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217. 4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.3-cü maddəsinə əsasən tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya d əyişdirilməsi üçün əsas yoxdur.

30. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən əsaslı olaraq hesab etmişdir ki, iddiaçının mübahisələndirdiyi müqavilənin yalan əqd kimi qiymətləndirilməsi üçün əsaslar mövcud deyildir.

31. Konstitusiya Məhkəməsi Plenumunun bir neçə qərarında yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəf lərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).

32. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli Qərar)

33. Qeyd olunmalıdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə pre dmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

34. Hazırki işdə iddiaçı cavabdehlər arasında bağlanmış bağışlama müqaviləsinin yalan əqd olmasını, əslində müqavilənin alqı-satqı olmasını iddia etsə də, bu tələbini təsdiq edən mötəbər və təkzibolunması sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim edə bilməmişdir. Qeyd olunmalıdır ki, müqavilənin tərəflərin hər ikisi məhkəmə iclas ında verdikləri ifadələrində fərdi yaşayış evinin bağışlanmasının onların iradə ifadəsinə uyğun olduğunu bildirmişlər.

35. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən fərdi yaşayış evinin dəyərinin birgə nikah dövründə birgə vəsait hesabına əhəmiyyətli dərəcədə artırılması hazırki iddianın təmini üçün əsas ola bilməz. Belə ki, hazırki iddia tələbinin faktiki əsasını cavabdehlər arasında bağlanmış müqavilənin yalan əqd olması təşkil etmişdir. Cavabdeh qeyd olunan dəlillə iddianın faktiki əsasını dəyişdirmişdir ki, Mülki Prosessual Məcəllənin 372.3 və 372.4-cü maddələrinə uyğun olaraq buna apellyasiya icraatında yol verilmir. Apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, iddiaçının qeyd olunan dəlili müstəqil iddianın predme tini təşkil edə bilər.

36. İşin hallarının düzgün müəyyən edilməməsi, sübutların qiymətləndirilməməsi, o cümlədən müqavilənin bağlanması ərəfəsində Cavabdeh1 arvadının razılıq ərizəsinin alınmasına hüquqi qiymət verilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərinə dair məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 may 2023-cü il tarixli, 2(107)-510/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar