Məhkəmə qərarları › İş №2(102)-3659/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3659/2019

31.05.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3659/2019 31.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh vəkili xxx oğlunun iştirakları ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2019-cu il tarixli, 2(107)-185/2019 saylı qətnaməsindən Cavabdeh və vəkili xxx oğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İsmayıllı rayon məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli, 2(037)-678/2018 saylı qətnaməsi ilə (sədrlik e dən, hakim R.S.Şirinov) İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” ilk iddia ərizəsi təmin, Cavabdeh İddiaçı qarşı “4.967 manat pul tələbinə dair” qarşılıqlı iddia ərizəsi rədd edilərək, Cavabdeh 6.700 manat, ödəniş günü milli manata məzənnədə 2.500 ABŞ dolları məbləğində pulun tutulub iddiaçıya verilməsi qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2019-cu il tarixli, 2(107)-185/2019 saylı qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov sədrlik edən, məruzəçi, İ.F.Quliyev və M.A.Əsədli) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə İsmayıllı rayon məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili xxx qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı “pul tələbinə dair” ilk iddia qaldırmış və tələbini onunla əsaslandırmışdır ki, 2016-ci ilin oktyabr ayından 2017-ci ilin aprel ayınadək müxtəlif vaxtlarda kürəkəni iş üzrə cavabdehə 2500 manat və 2500 ABŞ dolları pul vəsaitini qısa müddət ərzində qaytarmaq şərti ilə borc vermişdir. Eyni zamanda cavabdehə təsərrüfatla məşğul olub fayda əldə etmək məqsədi ilə qoyun alması üçün 1.700 manat pul vermiş və cavabdeh həmin pulun 1.585 manatına 25 baş qoyun almışdır. Cavabdehin verdiyi hesabata görə qoyun alması üçün verdiyi 1.700 manat pulun 1.585 manatına 25 baş qoyun almış, qoyunların alınmasına görə 80 manat nəqliyyat xərci, 5 manat danışıq kartı, 10 manat yanacaq xərci, 12 manat qurd dərmanı, 6 manat süpürgə, 2 manat taksi pulu xə rcləmiş, aldığı qoyunların hər birini 105 manata olmaqla cəmi 2.100 manata satmış və əvəzində isə hər biri 80 manat olmaqla cəmi 2.000 manata 25 baş qoyun almış, qoyunların alınmasına görə nəqliyyat xərci olaraq 40 manat, arpa alınmasına görə 35 manat xərc çəkmiş, aldığı heyvanları bəslədikdən sonra onların hər birini 120 manat olmaqla cəmi 3.000 manata satmış, yenidən hər biri 85 manat olmaqla 2.975 manata 35 baş qoyun almış və qurd dərmanına görə 11 manat, dabağ dərmanına görə isə 83 manat xərc çəkmişdir. Cavabdeh onun verdiyi 1.700 manat hesabına bir neçə dəfə qoyun alaraq satmış və nəticədə aldığı 35 baş qoyunun hər birini 120 manat olmaqla sataraq 4.200 manat gəlir əldə etmişdir. O, cavabdehin Babil adlı qonşuya 1.000 ABŞ dolları + 700 manat, bir nəfər məcburi köçkündən aldığı heyva nların pulunu ödəmədiyinə görə 1.400 manat, maqazindən aldığı ərzağın pulunu ödəmədiyinə görə 500 manat, Fərhad adlı şəxsə 1.000 manat, Nailə adlı şəxsdən aldığı sələmə görə 1.500 manat, Dilşad adlı şəxsə 500 ABŞ dolları+500 manat pul borcları olduğunu bildikdə qohum olduğuna görə bankdan kredit almaması üçün həmin pulları özü ödəmişdir. Cavabdeh bu günədək borc məqsədi ilə aldığı pul vəsaitini və qoyun alınması üçün verdiyi 1.700 manat hesabına fayda əldə etdiyi cəmi 4.200 manat pul vəsaitini ona qaytarmamışdır. O, həmin vəsaitləri cavabdehdən tələb etsə də, sonuncu müxtəlif bəhanələrlə borcu qaytarmaqdan imtina etmişdir. Hazırda cavabdehin ona ümumilikdə 6.700 manat və 2500 ABŞ dolları borcu vardır. Ona görə də ilk iddia ərizəsinin təmin edilməsini xahiş edir. Cavabdeh isə iddiaçıya qarş ı “4.967 manat pul tələbinə dair” qarşılıqlı iddia qaldırmış və tələbini onunla əsaslandırmışdır ki, iddiaçı onun keçmiş qaynatasıdır. Münasibətləri normal olduğu zaman iddiaçı ona ailəsini dolandırmaq və quzu alıb saxlayaraq fayda əldə etmək üçün 1.700 manat pul vermişdir. O, həmin pulun 1.585 manatına 20 baş quzu almış, qalan 115 manatı isə iddiaçının iddia ərizəsində məsrəflər siyahısının 2-6-cı bəndində qeyd edilmiş işlərə xərcləmiş, aldığı quzuları təqribən 25-28 gün bəslədikdən sonra saxlanması çətin olduğundan cəmi 1.250 manata satmış və çəkdiyi əziyyətlər nəzərə alınmadan 450 manat zərər etmişdir. Bundan əlavə onun pula ehtiyacı olduğu üçün bankdan kredit götürmək istəyəndə iddiaçı ona ayrı-ayrı vaxtlarda 1.000 manat və 500 ABŞ dolları borc pul vermişdir. Onun iddiaçıya 1.700+1.000 = 2.700 manat və 500 ABŞ dolları borcu yaranmışdır. O, iddiaçıya olan borcunu tam ödəmişdir. Belə ki, atası usta olduğu üçün iddiaçıya məxsus fərdi yaşayış evində tələb olunan 2.412 manat dəyərində təmir-tikinti işləri aparmış və iddiaçı həmin işlərin müqabilində zəhmət haqqı olaraq atasına 745 manat ödəmiş, qalan 1.667 manatı isə ödəməmişdir. İddiaçı tərəfindən atasına verilməli olduğu 1.667 manat pulu o, atasına vermişdir. Bundan əlavə iddiaçıya qalan borcun əvəzində valideynlərinə məxsus 55 qram çəkidə, 585 əyyarlı, rus istehsalı olan qızıl zəncir iddiaçının qızına vermişdir ki, həmin qızıl zəncirin dəyəri 55 qr x 60 metr = 3.300 manat təşkil edir. İddiaçıya 1.667+3.300=4.967 manat pul vermişdir və iddiaçının ona 4.967 manat borcu yaranmışdır. Ona görə də qarşılıqlı iddia ərizəsinin tə min edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddia ərizəsinin rədd, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Cavabdeh vəkili xxx məhkəmə iclasında kassasiya şikayətində göstərilə nlərə uyğun olaraq izahat vermişdir. İddiaçı məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, Cavabdeh vəkili xxxun izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, ilk iddia ərizəsinin təmin, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi üçün əsasların olmasına, ilk iddia ərizəsini təmin, qarşılıqlı iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqey ini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1, 777.2, 778.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə verilmiş 1.700 manat pulun 1.585 manat ına qoyun alınmış, qoyun alınmasına görə 80 manat nəqliyyat xərci, 5 manat danışıq kartı, 10 manat yanacaq, 12 manat qurd dərmanı, 6 manat süpürgə, 2 manat taksi xərci çəkilmiş, alınmış qoyunların hər biri 105 manata cəmi 2.100 manata satılmışdır. Bundan sonra hər birinin qiyməti 80 manat olmaqla, cəmi qiyməti 2.000 manata 25 baş qoyun alınmış, 40 manat nəqliyyat xərci, 35 manat arpa alınması üçün xərclənmiş, alınmış 25 baş qoyunun hər biri 120 manat olmaqla cəmi 3.000 manata satılmış, əvəzində yenidən hər birinin qiyməti 85 manat olmaqla, cəmi 2.975 manata 35 baş qoyun alınmış, qurd dərmanına görə 11 manat və dabağ dərmanına görə 83 manat pul xərclənmişdir. Daha sonra cavabdeh tərəfindən təqdim edilmiş zəhmət haqqının siyahısından görünür ki, suvaq işlərinin görülməsi üçün 351 kv.metr x 3 metr =1.053 manat, çöl suvaq işləri üçün 18 kv.metr x 40 metr =720 manat, tək daşın hörülməsinə görə 69 kv.metr x 3 metr=207 manat, daşın sökülüb vurulmasına görə 100 manat, atma və taxtanın düzülməsinə görə 300 manat, mətbəxə styaşka etmək üçün 16 kv.metr x 2 metr=32 manat cəmi 2.412 manat zəhmət haqqı hesablanmış və həmin məbləğdən 745 manat pulun verildiyi və 1.667 manat pulun qaldığı, həmçinin 55 qram çəkidə 1 ədəd rus istehsalı olan tros boyunbağının 55 x 60 metr = 3.300 manat dəyərində olduğu qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları, o cümlədən işdə iştirak edən şəxslərin izahatlarını, birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələrini işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə təhlil edib haqlı olaraq qeyd etmişdir ki, iddiaçının cavabdehə verdiyi 1.700 manat pul vəsaiti tərəflər arasında olan razılaşmaya əsasən tapşırığın icrası üçün verilmişdir. Ona görə də iddia tələbinin 4.200 manat hissəsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tapşırıq müqaviləsinə dair müddəaları tətbiq edilməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə əsasən, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Hə min Məcəllənin 778.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 778.3-cü maddəsinə əsasən, əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 782.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların ham ısını vəkalət verənə verməyə borcludur. Həmin Məcəllənin 783.1-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları tədqiq edib, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşd ırıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ilk iddia ərizəsini qeyd olunan hissədə təmin etməklə düzgün nəticəyə gəlmiş və sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda işin faktiki hallarını nəzərə alıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, düzgün olaraq qeyd etmişdir ki, iddiaçının cavabdehə verdiyi 2.500 manat və 2.500 ABŞ dolları məbləğində pul vəsaiti tərəflər arasında olan razılaşmaya əsasən borc kimi verilmişdir. Ona görə də ilk iddia tələbinin bu hissəsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc müqaviləsinə dair müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib qeyd etmişdir ki, cavabdehin iddiaçıdan qısa müddət ərzində qaytarmaq şərti ilə borc şəklində 2.500 manat və 2.500 ABŞ dolları məbləğində pul vəsaitini, həmçinin iddiaçının cavabdehə verdiyi 1.700 manat pul vəsaiti hesabına satın alınmış hər birinin qiyməti 120 manat olan 35 baş quzunun satışından əldə edilmiş cəmi 4.200 manat fayda məbləğini indiyədək iddiaçıya qaytarmaması faktı, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən, ilk iddia ərizəsini təmin edib, cavabdehdən cəmi 6.700 manat və 2.500 ABŞ dolları məbləğində pulun tutulub iddiaçıya qaytarılmasını qət etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qarşılıqlı iddia ərizəsinin rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb düzgün olaraq qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsində göstərilmiş 1.667 manat zəhmət haqqı məbləği iddiaçı ilə cavabdehin atası arasında olan münasibətlərə aid olduğundan cavabdehin iddiaçıya qarşı həmin tələblə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Eyni zamanda 55 qram çəkidə 585 əyyarlı dəyəri 3.300 manat olan 1 ədəd qızıl boyunbağı iddiaçının qızı olan keçmiş arvadına verildiyindən, həmin tələb iddiaçının qızına qarşı irəli sürülə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin mənasına görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları özləri sübut etməlidirlər. Bu baxımdan kassasiya instansiyası məhkəm əsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmaqla hüquqi qiymət verildiyindən, həmin dəlilləri təkrar müzakirə etməyə lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh və vək ili xxx oğlunun kassasiya şikayətitəmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2019-cu il tarixli, 2(107)-185/2019 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar