Məhkəmə qərarları › İş №2(102)-3663/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3663/2020

21.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3663/2020 21.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1498/2020 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizə ilə məh kəməyə müraciət edərək, Cavabdeh tərəfindən mənzilə su axıdılması nəticəsində dəymiş 8000 manat maddi, 5000 manat mənəvi zərərin, ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 13030 manat məbləğində pulun cavabdehdən tutulub ona verilməsi, eləcə də bu cür hərəkətlərə son qoyulmasının cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1219/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Nərimanov Rayonu, A.M.Cümə küçəsində yerləşən 9a nömrəli evin 3 saylı mənzilinə su sızması nəticəsində dəymiş zərərin əvəzi olaraq - 3090 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində puunl Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.(hakim Solmaz Ədilova) Cavabdeh qətnamədən apelyaisya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1498/2019 saylı, xx xxxxxx 2019-cu iltarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1219/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Talışınski (sədrlik edən və məruzəçi) Rafael Eyvazov, Zaur Əliyev) Cavabdeh nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. Belə ki, Bakı şəhəri, A.M.Cuma küç., ev 9a, mənzil 6 cavabdehin anasının mülkiyyətində olmuş, mənzildə cavabdehin anası tək yaşamışdır. xx.xx.2018-ci ildə cavabdehin anası vəfat etmiş, anasının ölümündən sonra cavabdeh mənzili vərəsəlik qaydasında mülkiyyətiə keçirmişdir. İddiaçının mənzilinə 2017-ci ilin mart ayında su axıdılmışdır. Həmin vaxt cavabdeh mənzildə yaşamamışdır. İddiaçı iddianı cavabdehin anasının sağlığında deyil, vəfatından iki il sonra orada yaşamayan şəxsə qarşı vermişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə kollegiyasında vəkils iz iştirak etdiyi üçün MülkiProsessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, Cavabdeh, onun vəkili və nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qismən təmin edilmiş, iddianın təmin edilm əyən hissəsini iddiaçı mübahisələndirməmişdir. İddianın təmin edilən hissəsindən həm apelyasiya, həm də kassasiya şikayətini cavabdeh vermişdir. Buna görə hazırki kassasiya baxışının predmetini də iddianın təmin edilən hissəsi təşkil edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasənkassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı tələbinin faktiki əsası kimi ona istinad edib, ki, Bakı şəhəri, A.M.Cuma küçəsi, ev 9a, mənzil 3 onun mülkiyyətində olmaqla binanın 1-ci mərtəbəsində yerləşir. Yuxarı mərtəbədə yerləşən 6 saylı mənzilin mülkiyyətçisi isə cavabdehdir. 2017-ci ilin mart ayında cavabdehin mənzilindən 2 həftə ərzində fasiləsiz olaraq su axıdılıb, bunun nəticəsində maddi zərərə uğrayıb, həmçinin mənəvi zərər də çəkib. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.4 və 1097.1-ci maddələrinə istinad edib. Cavabdeh iddiaya etiraz olaraq göstərmişdir ki, A.M.Cümə küçəsi, ev 9A ünvanda yerləşən 6 saylı mənzilin mülkiyyətçisi onun anası X1 olub. Evə su axması zamanı həmin mənzildə anası tək yaşamışdır. O, özü həmin mənzildə qeydiyyatda olsa da, su axıdılan vaxt orada yaşamamışdır. xx.xx.2018-ci il tarixdə anasının vəfatından sonra mənzili vərəsəlik hüququ əsasında mülkiyyətinə keçirmişdir. İddiaçının mənzilinə su anası tərəfindən 2017-ci ilin mart ayında axıdılıb, iddiaçı bu barədə anasına qarşı iddia verməyib. Birinci instansiya məhkəməsi iş materiallarına, o cümlədən ekspert rəyinə əsasən cavabdehin mənzilindən iddiaçının mən zilinə su sızması, bunun nəticəsində iddiaçıya 3090 manat zərər dəyməsini müəyyən edərək, iddianı qismən təmin etmiş, zərərin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə 3090 manat pul tutmuşdur. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 21, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1111.2, 1151.1, 1243.1, 1243.2, 1243.3 və 1246-cı maddələrinə istinad etmişdir. Cavabdeh apelyasiya şikayətini iddiaya etirazının dəlilləri ilə əsaslandırmışdır. Qətnamədən görünür ki, apelyasiya instansiyası işin müəyyən edilmiş hallarına əsasən apelyasiya şikayətinin dəlillərini əsassız saymış, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya ins tansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iddia tələbi delikt öhdəliyindən yaranan tələbdir. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, A.M.Cuma küç., ev 9a, mənzil 3-ə həmin evin 6 saylı mənzilindən su axıb, 6 saylı mənzil əvvəllər cavabdehin anasının müllkiyyətində, anasının vəfatından sonra isə vərəsəlik qaydasında cavabdehin mülkiyyətinə keçib. İddiaçının mənzilinə su axmasını cavabdeh də inkar etmir. Cavabdeh yalnız etiraz olaraq su axan vaxt mənzildə yalnız anasının yaşamasını və bu səbəbdən dəymiş zərərdə təqsirinin olmamasını bildirir. İşin mübahisəsiz başqa bir halına görə iddiaçının mənzilinə su axıdan mənzil sonradan vərəsəlik qayda sında cavabdehin mülkiyyətinə keçib. Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 1111.2- ci maddəsinə əsasən, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına, yəni cavabdehin obyektiv surətdə hüquqa zidd əməli nəticəsində iddiaçıya zərər yetirilməsi halının mövcudluğuna əsasən mübahisəyə Mülki Məcəllənin qeyd edilən maddələrini düzgün tətbiq etmişdir. İşin müəyyən edilmiş halları qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtlərinə uyğun gəlir. Zərər vurulmasında cavabdehin təqsirinin olmamasına gəldikdə, su axıdan mənzilin mülkiyyətçisi sonradan cavabdeh olmuşdur, Mülki Məcəllənin 1097.3-cü madd əsi isə zərərvuranın təqsiri olmadığı halda da, yəni obyektiv surətdə hüquqa zidd əməl üçün zərərin əvəzinin ödənilməsi nəzərdə tutmuşdur. Həmçinin apelyasiya məhkəməsi sübutları, o cümlədən ekspert rəyini də Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Kassasiya şikayətində istinad edilən dəlil – mənzilə su axıdılan vaxt cavabdehin mənzildə yaşamaması, mənzilin anasının vəfatından sonra vərəsəlik qaydasında onun mülkiyyətinə keçməsi – apelyasiya şikayətinin dəili ilə eynidir. Apelyasiya məhkəməsi bu dəlilə qiymət verərək qeyd edib ki, vərəsələr miras qoyanın kreditorlarının m ənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. (MM, 1306.1-ci maddə) Məhkəmə kollegiyası da apelyasiya məhkəməsinin bu dəlillə bağlı dəyərləndirməsini qeyd edilən maddi hüquq normaları (Mülki Məcəllənin 1097.3 və 1306.1-ci maddələri) baxımından əsaslı hesab edir. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassa siya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)1498/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar