Məhkəmə qərarları › İş №2(102)-3664/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3664/2024

19.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3664/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətin müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan, Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-13/2024 nömrəli, 24 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tovuz Rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 saylı qərarına əsasən, X10, İddiaçı, X11, X12 və X2 mülkiyyətinə Tovuz rayonu Xatınlı kəndi ərazisində yerləşən 1.09 ha torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi üzərində hüquqları torpağa mülkiyyət hüququna dair JN0041 Kod 50300188 saylı dövlət aktı ilə rəsmiləşdirilmişdir. Dövlət aktının plan hissəsində həmin torpaq sahəsinin beş müxtəlif yerdə olması (2748.03 kv.m, 525 kv.m, 3231,26 kv.m, 2083,28 kv.m və 2295,17 kv.m olmaqla) əksini tapmışdır.

2. İddiaçı torpaq sahəsinin bir hissəsindən istifadə etməsinə cavabdehin maneçilik yaratdığını bildirərək aşağıdakı tələbi irəli sürmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu, Xatınlı kəndinin Kür çayı yaxınlığında yerləşən, Tovuz R ayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 nömrəli qərarı ilə ona ayrılmış 41 № torpaq sahəsindən istifadə etməsinə maneə yaradan cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 nömrəli qərarına əsasən ona və ailə üzvlərinə Tovuz rayonu Xatınlı kəndi ərazisindən ayrılmış, JN-0041 saylı dövlət aktı ilə onların adına qeydiyyata alınmış 1.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində bağ salmışlar və Bakı şəhərində yaşadıqlarından bağa qulluq göstərməsini torpaq qonşusu mərhum X6 xahiş etmişlər. Şükür Həsənov vəfat etdikdən sonra isə sonuncunun arvadı Cavabdeh müxtəlif yollarla on lara məxsus torpaq sahəsinə qanunsuz müdaxilələr edir.

5. Cavabdeh iddiaya qarşı yazılı etirazında bildirmişdir ki, qeyd olunan torpaq sahəsi onun istifadəsində olan torpaq sahəsi ilə həmsərhəd deyildir. Mərhum əri X14 ilə “Kür qırağı” deyilən, özlərinə məxsus meyvə bağından işləyib istifadə etmişlər. Onun əri və ya özü iddiaçının ərazisinə girməmişdir.

6. Tovuz Rayon Məhkəməsinin 2(062)-1364/2018 nömrəli, 02 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Tovuz Rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 saylı qərarına əsasən, X8 və ailə üzvlərinə Tovuz rayonu Xatınlı kəndi ərazisindən verilmiş 1.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə cavabdehin qanunsuz müdaxiləsinə son qoyulması qət edilmişdir (hakim Nofəl Mustafayev)

7. Məhkəmə gəldiyi nəticə ni onunla əsaslandırmışdır ki, Cavabdeh X10, İddiaçı, X11, X12 və X3 məxsus torpaq sahəsinə qanunsuz müdaxilə etməklə torpaq sahəsi üzərində mülkiyyətçilərin mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə yaratmış, ona görə cavabdehin qanunsuz müdaxiləsinə son qoyulmalıdır.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəlləsinin 152.1, 152.5, 170.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək Tovuz Rayon Məhkəməsinin 2(062)1364/2018 nömrəli, 02 iyul 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əri zəsində qeyd etdiyi torpaq sahəsi cavabdehin istifadəsində olan torpaq sahəsi ilə həmsərhəd deyil. Ayrıca cavabdeh və onun mərhum əri X14 “Kür qırağı” adlanan ərazidə yerləşən və onlara məxsus olan meyvə bağında illərlə birlikdə işləmiş və istifadə etmişlər. İddiaçının dediyi kimi nə cavabdeh, nə də ki, mərhum əri iddiaçının sahəsinə girməmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspertiza təyin olunmuş və ekspert qarşısında Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 nömrəli qərarı ilə X10 və ailə üzvlərinə verilmiş 1,09 ha torpaq sahəsinin hansı hissəsinin cavabdeh tərəfindən tutulduğu barədə sual qoyulmuşdur. Ekspertizanın aparılması Əmlak Məsələləri Dövlət Komitəsinin mütəxəssisləri cəlb edilməklə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərk əzinə həvalə edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin mütəxəssisləri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəydə qeyd olunmuşdur ki, Tovuz rayonu Xatınlı kəndinin yerquruluşu planında natura ilə kəskin uyğunsuzluq və konfiqurasiya fərqləri mövcud olduğundan həmin yaşayış məntəqəsinin ərazisində vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahələrinin sənədləri ilə faktiki vəziyyəti arasında kəskin fərqlər var. Bu səbəbdən mübahisəli torpaq sahələrinin naturada üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır.

12. Bundan sonra məhkəmə tərəfindən ekspertizanın keçirilməsi X1 həvalə edilmişdir. X4 tədqiqatın nəticələri üzrə 21 may 2021-ci il tarixli, 90 nömrəli rəy vermişdir. Rəylə müəyyən olunmuşdur ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 nö mrəli qərarı ilə X10 və ailə üzvlərinə Tovuz rayonu Xatınlı kəndində 1,09 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş torpaq sahəsinin 45 kv.m (mülk nömrəsi 0041 sahəsi 2295,17 kv.m) ərazisi, Cavabdeh faktiki istifadəsi kimi təqdim etdiyi 0,67 ha torpaq sahəsi ilə üst-üstə düşür. Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 nömrəli qərarı ilə X10 və ailə üzvlərinə Tovuz rayonu Xatınlı kəndində 1,09 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş torpaq sahəsinin 45 kv.m (mülk nömrəsi 0041 sahəsi 2295,17 kv.m) ərazisinin sərhədə alınaraq həmin ərazidən istifadə olunmasına maneə törədildiyi müəyyən edilir.

13. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-83/2021 nömrəli, 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Muradov - sədrlik edən və məruzəçi, F.Mehtiyev və A.Hüseynzadə) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli, 2(062)-1364/2018 nömrəli qətnaməsi ləğv edilərək iddia qismən təmin edilmiş və Tovuz Rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 nömrəli qərarı ilə iddiaçı və ailə üzvlərinə Tovuz rayonu Xatınlı kəndi ərazisində 1.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 45 kv.m hissəsindən istifadələrinə cavabdeh tərəfindən yaradılmış qanunsuz müdaxilənin aradan qaldırılması qət edilmişdir.

14. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, apellyasiya icraatı zamanı məhkəmə tikinti-texniki və torpaqşünaslıq-yerquruluşu ekspertizaları təyin edilmiş və 21 may 2021-ci il tarixli 90 nö mrəli rəylə, Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 nömrəli qərarı ilə X10 və ailə üzvlərinə Tovuz rayonu Xatınlı kəndində 1,09 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş torpaq sahəsinin 45 kv.m (mülk nömrəsi 0041 sahəsi 2295,17 kv.m) hissəsinin cavabdeh Həsənova Cavabdeh faktiki istifadəsi kimi təqdim etdiyi 0,67 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü, eləcədə X10 və ailə üzvlərinə məxsus 1,09 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş torpaq sahəsinin 45 kv.m (mülk nömrəsi 0041 sahəsi 2295,17 kv.m) ərazisinin sərhədə alınaraq həmin ərazidən istifadə olunmasına maneə törədildiyi müəyyən edilmişdir. Göründüyü kimi Cavabdeh heç bir hüquqi əsas olmadan özgəsinin mülkiyyətində olan torpaq sahəsinin 45 kv.m hissəsini istifadə edir. Ona görə də kollegiya hesab edir ki, iddia tələbi qismən təmin edilməli və iddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan 1,09 ha torpaq sahəsinin 45 kv.m hissəsindən istifadəyə cavabdeh tərəfindən yaradılmış maneə aradan qaldırılmalıdır.

15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublıkasının Konstitusiyasının 13-cü maddəsi və 29-cu maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci, 157.4, 238.1-ci maddələrinə, Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci və 2-ci hissəsinə istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Cavabdeh (vəkil X15) kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-83/2021 nömrəli, 25 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv e dilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

17. Şikayət onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi iş materiallarında olan və apellyasiya icraatı zamanı təqdim edilmiş Gəncə İnzibati Məhkəməsinin qərarı ilə iddiaçının qeyd etdiyi torpaq sahəsinin ona məxsusluğu barədə düzgün nəticəyə gəlməmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3455/2022 nömrəli, 16 avqust 2022-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-83/2021 nömrəli, 25 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. (Hakimlər: İ.Şəfiyev (məruzəçi), Əhməd Əhmədov, Vüqar Həsənov)

19. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi nəticəyə gələrkən "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 90 saylı ekspert rəyinə istinad etmiş, lakin iş üzrə rəy vermiş "xxxx" MMC-nin ekspertiza fəaliyyəti ilə məşğul olması, habelə rəyi imzalamış ekspertin xüsusi bilik tələb olunan rəy vermə səlahiyyətləri iş materialları ilə müəyyən edilmir.

20. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3, 152.1, 152.5, 157.2, 157.4-cü; Mülki Prosessual Məcəlləsinin 14.2, 76.2, 77.1, 81, 88, 97.1, 103.1-ci maddələrinə, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanununun 1, 11-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

21. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq hazırkı iş üzrə obyektiv qərarın qəbul edilməsi üçün ekspertizanın keçirilməsini zəruri hesab etmiş və xx.xx.2022-ci il tarixli qərardadı ilə tikinti-texniki ekspertizası təyin edərək Ekspertizanın aparılmasını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspertiza qarşısında cavablandırılması üçün beş sual qoyulmuşdur.

22. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5122 saylı ekspert rəyində göstərilir ki, mütəxəssis tərəfindən qərardadda təqdim olunmuş birinci-dördüncü suallar cavablandırılmadığından, mübahisəli torpaq sahəsinin yerində hüdudlarının müəyyən edilməsi və torpaq sahəsinin üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. Beşinci sual üzrə X5 X9 əsasən X8 verilmiş pay torpaq sahəsinin, Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.

23. Bundan sonra yenidən ekspertiza təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyində göstərilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi Saləddin Tağıyevin tərtib etdiyi xx.xx.2024-cü il tarixli, 3-21-3-37/2-1762/2024 saylı mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsinin bir hissəsi Xatınlı kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən X8 və ailə üzvlərinə verilmiş JN- 0041 saylı Dövlət Aktında olan 41Q hissəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsinə baxmayaraq Xatınlı kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsi ilə faktiki istifadə vəziyyəti arasında konfiqurasiya uyğunsuzluğu vardır. Bu uyğunsuzluqların aradan qaldırılması məqsədi ilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azə rbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli fərmanı vardır. Həmin fərmana əsasən torpaq sahələrinin faktiki istifadə vəziyyətinə uyğun hazırlanmış X7 X9 (TEKUİS) əsasən X8 və ailə üzvlərinə verilmiş pay torpaq sahəsi ilə Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsi ilə üst- üstə düşmə halı yoxdur. Belə ki, faktiki istifadə vəziyyətinə uyğun hazırlanmış TEKUİS məlumat bazasında JN-41 saylı Dövlət Aktında göstərilmiş torpaq sahəsi öz əksini tapmışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanın 2.5-ci bəndinə uyğun olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsi və həmin düzəlişlərə uyğun yeni sənədin verilməsi təmin ediləcəkdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.

24. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-13/2024 nömrəli, 24 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Ş.Rzaquliyev - sədrlik edən və məruzəçi, L.Süleymanov və İ.Həsənov) apellyasiya şikayəti təmin edilərək, Tovuz Rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli 2(062)-1364/2018 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin rədd edilməsi qət edilmişdir.

25. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş materialları və təyin edilmiş məhkəmə ekspertizalarının rəyi ilə Cavabdeh tərəfindən İddiaçı məxsus torpaq sahəsinə hər hansı müdaxilənin edilməsi təsdiqini tapmamışdır.

26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəlləsinin 152.1, 157.2, 171.1; Torpaq Məcəlləsinin 111.1; İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-13/2024 nömrəli, 24 iyun 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hazırki mülki iş üzrə qətnamə qəbul edərkən, işi tam, hərtərəfli və obyektiv şəkildə araşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsindən əlavə ekspertizanın (görüntülü ekspertizanın) təyin edilməsi xahiş edilmiş, ancaq məhkəmə iddiaçının vəsatətini təmin etməyərək, səthi aparılmış ekspertiza rəyini mötəbər sübut kimi qiymətləndirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

31. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq e dilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə q əbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını, o cümlədən iş üzrə keçirilmiş ekspertizaların rəylərini araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçı, tələbində göstərdiyi torpaq sahəsinə cavabdehin müdaxilə etdiyini sübuta yetirə bilməmişdir. Belə olan halda iddianın təmin olunması üçün əsaslar aşkar edilməmişdir.

41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüqu qi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

42. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

44. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-13/2024 nömrəli, 24 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar