Məhkəmə qərarları › İş №2(102)-370/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-370/2025

30.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-370/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 qarşı iş üzrə QƏRARDADI (Açar sözlər: kassasiya şikayəti icraata qəbul edildikdən sonra digər şəxsin apellyasiya şikayəti vermə əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər İspəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və Vüqar Təvəkgül oğlu Həsənovdan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabde h2 qarşı “əmlak kompleksinə daxil olmağına mane olmaqla müşayiət olunan hərəkətlərə son qoyulması və cavabdehlərin həmin əmlakdan çıxarılması” tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyul 2024-cü il tarixli 2(107)99/2024 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olan Zaqatala rayonu, İmam Şamil küçəsində yerləşən əmlak kompleksinə daxil olmağına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulması və cavabdehlərin zəbt etdiyi həmin əmlakdan çıxarılması, o cümlədən, iddi anın qaldırılması üçün ödənilmiş 100 manat və iddianın təmin tədbirinin tətbiqi ilə bağlı ərizənin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun cavabehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(033)-115/2023 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) iddia təmin edilmiş, cavabdehlərin iddiaçının mülkiyyətində olan Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompleksindən çıxarılmaları, iddiaçının mülkiyyətində olan Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompleksindən iddiaçının istifadə və sahiblik etməsinə qarşı yönəlmiş əmlaka daxil olmasına maneə olmaqla müşayiət olunan cav abdehlərin qərəzli hərəkətlərinə son qoyulması, cavabdehlərdən müştərək qaydada 100 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.

3. Cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 (Vəkil) qətnamədən kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdirlər.

4. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyul 2024-cü il tarixli 2(107)-99/2024 nömrəli qətnaməsi ilə (hakimlər – Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Əyyub Kərimov) cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(033)-115/ 2023 saylı qətnaməsi cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

5. Cavabdeh4 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

6. Kassasiya şikayəti iddia tələbinə qarşı etirazın dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, mülki işə baxan Zaqatala Rayon Məhkəməsi və Şəki Apelyasiya Məhkəməsi prosessual hüquq normalarını pozmaqla qərar qəbul etmişdir. Şəki Apelyasiya Məhkəməsi qətnamə qəbul edərkən cavabdehin ərizəsinə ümumiyyətlə qiymət verməmişdir Şəki Apellyasiya məhkəməsi tərəfindən əgər mülki iş materialları obyektiv, hərtərəfli araşdırılsa idi, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehlərdən Cavabdeh2 təqdim olunmadığı müəyyən olunmalı idi. Belə olan təqdirdə apellyasiya instansiyası məhkəməsi mülki işin icraatını dayandırmalı, Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsi təqdim olunduqdan sonra apelyasiya şikayətinin verilməsi müddəti gözlənilməli idi. Cavabdeh2 cavabdehin ailə üzvü olduğundan onunda hazırki mülki icraatda hüquqları qorunmalı və məhkəmə tərəfindən təmin edilməli idi.

7. İddiaçı kassasiya şikayətinə yazılı etiraz ərizəsində kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

8. Kasasiya instansiyası məhkəməsi mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakılara görə mülki işin icraata qəbul edilməsinə dair A zərbaycan Respublikası Ali Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli qərardadı ləğv edilməli və mülki iş baxışdan çıxarılaraq, Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(033)115/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi məqsədi ilə birinci instansiya məhkəməsinə göndərilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.

9. Belə ki, iş materiallarından göründüyü kimi Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyul 2024-cü il tarixli 2(107)-99/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə qeyri- mümkün hesab edilmiş, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə qaytarılmışdır.

10. Həmçinin Cavabdeh2 vəkili Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(033)-115/2023 nömrəli qətnaməsindən elektron qaydada xx.xx.2024-cü il tarixdə apelyasiya şikayəti vermiş, bununla balı Zaqatala Rayon Məhkəməsinin hakimi xx.xx.2024-cü il tarixli məktubla Ali Məhkəməyə müraciət edərək, apelyasiya şikayətinin mümkünlüyünü araşdırmaq üçün mülki işin Zaqatala Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. xx.xx.2024-cü ildə daxil olmuş həmin məktuba cavab verilərək, mülki işin Şəki Apelyasiya Məhkəməsinə göndərildiyi bildirilmişdir.

11. Bundan sonra Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardada ilə cavabdehlər Cavabdeh4, Cavabd eh3 və Cavabdeh5 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

12. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh4 kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatəti təmin edilmiş və kassasiya şikayəti baxılması üçün Ali Məhkəməyə göndərilmişdir. Ali Məhkəmənin 20 dekabr 2024-cü il tarixli qərardadı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 25 iyul tarixli 2(107)-99/2024 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kasasiya şikayəti icraata qəbul edilmişdir.

13. Lakin Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(033)-115/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə hər hansı qərar çıxarılmamışdır.

14. Məhkə mə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinin icraata qəbul edilməsi məsələsi həll edilmədən hazırkı iş üzrə kassasiya şikayətinə baxılması prosessual qənaət prinsipi baxımından məqsədəuyğun deyildir.

15. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsi ilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını da əhatə edir. Bu hüquq məhkəmə prosesinin bütün mərhələlərinə aid olmaqla, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral və “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 12 aprel tarixli Qərarları).

16. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Məcəllə mülki məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması, işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla son nəticədə məhkəmə aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını tənzimləyir.

17. Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin a parılması və onların mümkünlüyünü müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun İ.Şabanovanın şikayəti ilə əlaqədar 2012-ci il 27 avqust tarixli Qərarı).

18. Məhkəmə icraatının sonrakı instansiyada davam etməsinin mümkünlüyü, əvvəlki instansiyada prosesin tamamlanmasını tələb edir. Başqa sözlə, bir instansiyada icraat tamamlanıb yekun məhkəmə aktı çıxarıldıqdan sonra həmin mərhələdə işə yenidən baxılması yolverilməz olmaqla, hüquqi müəyyənlik prinsipinə ziddir.

19. Azərbaycan Respublikası MPM-nin 406-cı maddəsinə görə kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Əgər kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə bilavasitə verilərsə, onda bu məhkəmə tərəfindən həmin şikayət bu Məcəllənin 407-409-cu maddələri ilə nəzərdə tutulmuş tələb lərin yerinə yetirilməsi üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərilir.

20. MPM-nin 408-ci maddəsində kassasiya şikayətinin geri qaytarılması üçün nəzərdə tutulmuş əsaslar müəyyən edildikdə, apelyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayəti geri qaytarılır.

21. Həmin Məcəllənin 409-cu maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

22. Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsində göstərilir ki, kassasiya şikayətinin bu Məc əllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apelyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.

23. İşin hazırki prosessual vəziyyəti – Cavabdeh2 apelyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi – MPM-in 417.1.7-ci maddəsində birbaşa nəzərdə tutulmasa da, 18-ci paraqrafda qeyd olunduğu kimi icraatın ardıcıllığı və hüquqi müəyyənliyi məqsədləri baxımından kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunmasına bərabər tutulmalıdır və icraata qəbul qərardadı ləğv edilərək iş kassasiya baxışından çıxarılmaqla apelyasiya inst ansiyası məhkəməsinə qaytarılmalıdır. Apellyasiya instansiyası mülki işi apelyasiya şikayəti üzrə MPM-in 357-363-cü maddələrində nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi məqsədi ilə birinci instansiya məhkəməsinə göndərilməli, birinci instansiya məhkəməsi apelyasiya şikayəti üzrə apelyasiya şikayətinin geri qaytarılması üçün əsasların olub-olmamasını araşdırıb müvafiq qərar qəbul etməli, bununla bağlı prosessual hərəkətlər edildikdən sonra Cavabdeh4 kassasiya şikayətinə baxılması üçün iş materiallarını Ali Məhkəməyə göndərməlidir.

24. Məhkəmə kollegiyası xatırladır ki, apelyasiya şikayətinin yoxlanılması zamanı “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli qərardadında ifadə olunmuş hüquqi mövqeləri rəhbər tutulmalı, xüsusilə qərarın 41-45-ci bəndləri nəzərə alınmalıdır.

25. Həmçinin məhkəmə diqqətə çatdırır ki, mülki işin xx.xx.2022-ci il tarixdən icraatda olması nəzərə alınmaqla, sonrakı prosessual hərəkətlərin qanunla müəyyən edilmiş ən qısa müddətlərdə həyata keçirilməsi təmin olunmalıdır.

26. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 408, 409 və 417.1.7-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 25 iyul tarixli 2(107)99/2024 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kasasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 dekabr 2024cü il tarixli qərardadı ləğv edilsin. Mülki iş kasasiya baxışından çıxarılsın və Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(033)-115/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi məqsədi ilə birinci instansiya məhkəməsinə göndərilməsi üçün Şəki Apelyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar