Məhkəmə qərarları › İş №2(102)-3731/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3731/2024

29.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3731/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü 29.10.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 sentyabr 2024-cü il tarixli, 2(106)-1288/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

1. Sabirabad Rayon Məhkəməsinin 14 iyul 2023 -cü il tarixli, 2(056)-708/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehdən 70.000 manat borcun və dövlət rüsumu kimi ödədiyi 300 manatın, cəmi 70.300 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

2. Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 yanvar 2024-cü il tarixli, 2(106)-129/2024 nömrəli qətnaməsi ilə apelyasiya şikayətləri qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilməklə, cavabdehdən 29.000 manat pulun, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş 186,42 manat pul vəsaitinin, cəmi 29.186,42 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə tə min edilməməsi qət edilmişdir.

3. İddiaçı kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianı tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

4. Ali Məhkəmənin Mülki Kollegiyasının 23 may 2024-cü il tarixli 2(102)-1743/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində ləğv edilərək işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

5. Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1288/2024 nömrəli, 15 iyul 2024-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayətlərinin qismən təmin edilməsi, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üz rə yeni qətnamə qəbul edilməsi, cavabdehdən 29.000 manat pul, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq iddia ərizəsinin və apelyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş 186.42 manat pul vəsaitinin, cəmi 29.186,42 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

6. Qətnamədən iddiaçının vəkili Vəkil3 tərəfindən kassasiya şikayəti verilmişdir.

7. Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1288/2024 nömrəli, 19 sentyabr 2024-cü il tarixli qərardadı ilə (hakimlər T.Heydərov - sədrlik edən və məruzəçi, H.Bəhmənov və S.Mayılov) iddiaçının kassasiya şikayəti geri qaytarılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı vəkili olan Vəkil3 xx.xx.2023-cü il tarixdə bir il müddətinə (xx.xx.2024-cü il saat 23:59-dək) etibarnamə vermişdir. xx.xx.2024-cü il tarixdə elektron sistemə yerləşdirilmiş, kassasiya şikayətini Vəkil3 həm vəkil həm də İddiaçı nümayəndəsi qismində imzalamışdır. Göründüyü kimi, xx.xx.2024-cü il tarixdə Vəkil3 nümayəndə kimi kassasiya şikayətini imzalamaq səlahiyyəti olmamışdır.

9. Belə ki, iş materiallarında olan İddiaçı onu təmsil edən Vəkil3 xx.xx.2024-cü il tarixdə verdiyi etibarnamə (1 il müddətinə) 03 may 2024-cü ilədək qüvvədədir. İddiaçının kassasiya şikayəti 7.09.2024-cü il tarixdə elektron sistemə yerləşdirilmiş şikayəti Vəkil3 İddiaçı vəkili və nümayəndəsi qismində imzalamışdır. Odur ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.1-ci maddəsinin tələbinə cavab vermədi yindən geri qaytarılmalıdır.

10. Apellyasiya məhkəməsi qərardadını Mülki-Prosessual Məcəlləsinin 68.3, 74.1, 74.2, 400, 402.2-402.3, 407.3, 408.1.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş materiallarında olan əvvəlki etibarnamənin iddiaçı tərərindən xx.xx.2023-cü il tarixdə bir il müddətinə (xx.xx.2024-cü il saat 23:59-dək) verilməsini əsas gətirib, kassasiya şikayətinin birinci səhifəsində seriya nömrəsini (7E-7935, verilmə tarixini xx.xx.2024-cü il) verilmə tarixini yazdığı yeni etibarnamənin olmasını yoxlamadan, həmin etibarnaməni görməzdən gəlib kassasiya şikayətinin geri qaytarılması haqqında əsassız qərardad qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

14. Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir.

15. Maddə 73.2. Fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.3-cü maddəsində müəyyən edilən hallarda həmin maddədə nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən təsdiq edilir.

16. Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia t ələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.

17. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

18. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə geri qaytarılır. Kassasiya baxışının hədləri

19. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməl idir.

20. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Belə ki, apellyasiya məhkəməsi iş materiallarını nəzərdən keçirərək müəyyən etmişdir ki, kassasiya şikayəti iddiaçının nümayəndəsi kimi Vəkil3 tərəfindən imzalanarkən ona verilmiş (işdə olan) etibarnamənin müddəti keçmişdi. Başqa sözlə, Vəkil3 xx.xx.2024cü il tarixdə kassasiya şikayətini nümayəndə kimi imzalamaq sə lahiyyəti olmamışdır.

23. İddiaçının vəkili hazırkı şikayətində xx.xx.2024-cü il tarixli etibarnamənin mövcudluğuna istinad edərək, tərəfi təmsil etmək səlahiyyətinə malik olduğunu, lakin apelyasiya məhkəməsinin bu halı nəzərə almadığını bildirsə də, iş materiallarından və “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, həmin etibarnamə kassasiya şikayətinə əlavə edilməmiş, adı çəkilən sistemə isə mübahisəli qərardad qəbul edildikdən sonra - xx.xx.2024-cü ildə yerləşdirilmişdir.

24. Belə olan halda, qətnamədən verilən kassasiya şikayətinin qeyri-mümkün sayılması barədə apellyasiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur, hazırkı şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.

25. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

26. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 sentyabr 2024-cü il tarixli, 2(106)-1288/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar