Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3987/2021 12.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: ekspert rəyinin qiymətləndirilməsi, ekspert rəyinin natamamlığı, məhkəmə aktının əsaslandırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8417/2020 nömrəli iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 12 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 30.12.2000-ci il tarixli, 2091 saylı Sərəncamı ilə 0,12 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün İddiaçı (bundan sonra – iddiaçı) verilmiş və bu barədə adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib olunmuşdur. Bakı Şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının 15.03.2005-ci il tarixli, 196 nömrəli sərəncamı ilə iddiaçı 2001-ci ildə tikilmiş 1237 kvadrat metr torpaq sahəsinə yerləşmiş, sahəsi 121,20 kvadrat metr olan 7 yaşayış otağından, sahəsi 99,80 kvadrat metr olan köməkçi otaqdan və həyətyanı təsərrüfat tikililərindən ibarət olan Bülbülə qəsəbəsi, İ.Məm mədov küçəsi 59 saylı yaşayış evinin mülkiyyətçisi müəyyən edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əliyev Samir küçəsində sahəsi 0,055 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququ 27.10.2006-cı il tarixdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 01.06.2003-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin mülkiyyətçisi X1 həmin sahəni Cavabdeh (bundan sonra – cavabdeh) satmış, torpaq sahəsinə mülkiyyət hüququ 06.06.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən zəbt edilmi ş torpaq sahəsinin boşaldılması və torpaq sərhədlərinin əvvəlki vəziyyətə qaytarılması, cavabdeh tərəfindən 2610 manat məbləğində vurulmuş maddi zərərin tam həcmdə ona ödənilməsi, cavabdehin hərəkətlərinin nəticəsi olaraq vurulmuş 5000 manat mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaxın qohumumun dəfni ilə bağlı Gürcüstan Respublikasından qayıdan zaman məlum olmuşdur ki, ona məxsus olan torpaq sahəsinin mişar daşı ilə hasarlandığı divar iş üzrə cavabdeh tərəfindən sökülüb. Eyni zamanda həyətin giriş hissəsinin sağ tərəfdəki daş hasarın daşları daşınaraq istifadə edilib. Baxmayaraq ki, cavabdehin öz həyətinə girişi üçün nəzərdə tutulmuş girişin eni 2,80 metrdir, sonradan cavabdehin giriş ü çün zəbt etdiyi torpağın eni 4,10 metrə çatdırılmışdır. Ona məxsus olan mişar daşlarının geri qaytarılmasını tələb etdikdə isə cavabdeh buna aqressiv cavab vermiş, ona məxsus olan və sökülmüş daşların pulun verməkdən imtina etmişdir. Hətta bu azmış kimi 02.06.2019-cu il tarixində təxminən saat 13:00-14:00 radələrində tanımadığı 2 nəfər şəxslə üstünə hücum da çəkmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi zərər dəymişdir, ona məxsus torpaq sahəsinin hasarlandığı daş divar sökülmüşdür və daşlar aparılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ekspertiza təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. İddiaçı istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən 0.055 ha torpaq sahəsi və Cavabdeh istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən 0.03 ha torpaq sahələrinin sxematik planına uyğun olaraq künc koordinatları müəyyən edilməklə sərhədlərin müəyyən edilməsi mümkündürmu?
2. Sərhədlər müəyyən edilərsə hər bağ sahəsinin ölçüləri nə qədərdir?
3. Bağ sahəsinin yerləşdiyi ərazidə hüdudlarına hər hansı bir müdaxilə olmuşdurmu?
4. Əgər müdaxilə olunubsa, sərhədləri və təmas xətti göstərilməklə, hansı tərəfdən və hansı ölçülərdə? Qərardad əsasında verilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 17 dekabr 2019-cu il, 25384 nömrəli ekspert rəyində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məsləhətçisi Salman Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyinə istinadla gös tərilmişdir ki, İddiaçı istifadəsində olan torpaq sahəsi faktiki olaraq 406,0 kvadrat metr təşkil edir (hüquqmüəyyənedici sənədlərdə 550 kvadrat metr), Cavabdeh istifadəsində olan torpaq sahəsi faktiki olaraq 316,0 kvadrat metr təşkil edir (hüquqmüəyyənedici sənədlərdə 300,0 kvadrat metr). Hər iki torpaq sahələri dörd tərəfdən mişar daşla hasarlanmışdır. Torpaq sahələrinin üzərində fərdi yaşayış evləri mövcuddur. 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən "xxxx" MMC-nin Bakı Layigə-Tədqiqat İdarəsinin təyin etdiyi koordinatlar verilmiş ərazidən ********** iş nömrəsi ilə 300,0 kvadrat metr torpaq sahəsi cavabdehin adına qeydiyyatdan keçmişdir. Artıq 16,0 kvadrat metr torpaq sahəsi yol kimi istifadə edilir, yola tək çıxışdır. Hasarlanma sənəd üzrə ölçülərə uyğun aparılmamışdır. Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-471/2020 nömrəli iş üzrə 18 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Səmədov) iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən zəbt edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsindəki bağ sahəsinin boşaldılması, torpaq sərhədlərinin əvvəlki vəziyyətə qaytarılması, ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsinin cavabehdən tutularaq, iddiaçıya ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsinin iddiaçıya aid olunması qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 17 d ekabr 2019-cu il tarixli məktubla verilmiş mütəxəssis rəyinə əsasən mübahisələndirilən ərazinin bir hissəsinə iddiaçının adına reyestr nömrəsi **********02, sahəsi 0,055 hektar olan və cavabdehin adına reyestr nömrəsi **********89, sahəsi 0,03 hektar olan çıxarış və plan ölçü sənədləri verilmişdir. İddiaçıya məxsus reyestr nömrəsi ərazinin 16 kvadrat metr ərazisi mübahisələndirilən, iddia edilən ölçülmüş ərazi ilə üst-üstə düşür və cavabdeh tərəfindən istifadə edilir. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsindəki bağ sahəsi boşaldılmalı, torpaq sərhədləri əvvəlki vəziyyətə qaytarılmalıdır. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ bə ndinə, 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.2, 152.3 152.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-8417/2020 nömrəli iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı qey d etmişdir ki, cavabdeh ekspert rəyi ilə razı olmadığını və təkrar ekspertizanın keçirilməli olduğunu qeyd etsə də, iş üzrə keçirilmiş ekspert rəyini şübhə altına alacaq hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Apellyasiya şikayətlərində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Məhkəmə kollegiyası öz mövqeyini birinci instansiya məhkəməsinin istinad etdiyi norma və qərarlara, əlavə olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1, 14.2, əsaslandırmışdır. 217.4, 119, 384, 385.2-ci maddələrinə istinadla Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şik ayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, ona məxsus torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri lazımi qaydada təhlil etməmiş və ekspertə təqdim etməmiş, ekspertlər qarşısında düzgün suallar qoyulmamışdır. Buna görə də ekspertlər tərəfindən hazırkı vəziyyət tam araşdırılmamışdır. Təkrar daha dəqiq və düzgün ekspertiza tədqiqatının keçirilməsi məhkəmə tərəfindən təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinə baxılması zamanı kassatorun vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyindən, MPM-in 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı işdə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddiaçı tələbin rədd edilən hissəsini mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız cavabdehin apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsini yoxlamışdır. Kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq MPM Maddə 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bi r neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzif əsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. Maddə 175.2. Zəruri hallarda iş üzrə sübutların tədqiqi zamanı məhkəmə mütəxəssisin məsləhəti və şərhini dinləyir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmal ıdır. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Maddə 392.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar göstərilməlidir:... 392.1.5. məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnam ənin dəyişdirildiyini göstərməyə borcludur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə iddiaçı daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınmış torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt olunduğunu iddia etdiyi hissəsinin boşaldılmasına, torpağın sərhədlərinin əvvəlki vəziyyətə qaytarılmasını və dəymiş ziyanın ödənilməsini tələb edir. İş üzrə cavabdeh iddiaya etiraz edərək, iddiaçının hasarını sökmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi mübahisəyə aydınlıq gətirilməsi üçün xüsusi biliklər tələb olunduğunu hesab edərək, iş üzrə mühəndis-texniki ekspertizası təyin etmiş, ekspert qarşısında iddiaçı və cavabdehin torpaq sahələrinin sxematik planına uyğun olaraq künc koordinatlarının, hər bir bağ sahəsinin ölçülərinin müəyyən edilməsi, bağ sahə sinə hər hansı bir müdaxilə olunubsa, sərhədləri və təmas xətti göstərilməklə, hansı tərəfdən və hansı ölçülərdə müdaxilə edildiyi barədə suallar qoyulmuşdur. Lakin verilmiş ekspert rəyində sualların bir qismi cavablandırılmaqla, iddiaçının torpaq sahəsinin faktiki olaraq 406 kvadrat metr, cavabdehin istifadəsində olan torpaq sahəsinin faktiki olaraq 316,0 kvadrat metr təşkil etdiyi, artıq 16,0 kvadrat metr torpaq sahəsinin yol kimi istifadə edildiyi və yola tək çıxış olduğu, hasarlanmanın sənəd üzrə ölçülərə uyğun aparılmadığı barədə rəy verilmişdir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (MPM-in 64.1, 79.1 və 97.1-ci maddələri). İş üzrə ekspert rəyləri mülki iş üzrə əldə edilən sübutlar sırasında olmaqla, MPM-in 88-ci maddəsinə əsasən onların da məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bununla yanaşı, işin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə və ya müvafiq dövlət orqanlarından rəylər almışsa, hər bir halda alınmış rəyi məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzaki rə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. Əgər verilmiş rəylərdə anlaşılmazlıqlar, ziddiyyətlər, natamamlıq və qeyrimüəyyənliklər varsa, MPM-in 175-ci maddəsində ifadə edilmiş məhkəmə baxışının bilavasitəliyi və şifahiliyi prinsipinə görə hakim bu məsələni aydınlaşdırmaq üçün ekspertin rəyini, mütəxəssisin məsləhət və şərhini dinləməyə borcludur. Eyni zamanda zərurət olarsa MPM-in 206-cı maddəsinə müvafiq olaraq məhkəmə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. Məhkəmənin sübutlardan biri kimi ekspert rəyi və ya onun müəyyən hissələri ilə razılaşmamaq hüququ olduğu kimi, MPM-in 103.2-ci maddəsinə əsasən, bu halı qəbul etdiyi qətnamədə və ya qərardadda əsaslandırmaq vəzifəsi də vardır. Baxılan iş üzrə birinci instansiyası məhkəməsi iş üzrə verilmiş rəydə olan natamamlığ ı aradan qaldırmadan, prosessual qanunvericiliyin ona verdiyi ekspertin rəyini, mütəxəssisin məsləhət və şərhini dinləmək, zərurət olduğu halda əlavə və ya təkrar ekspertiza təyin etmək, yaxud sübutları yerdə müayinə və tədqiq etmək imkanlarından istifadə etmədən xüsusi bilik tələb etməsi səbəbindən rəy vermək üçün müvafiq dövlət orqanlarına ünvanladığı suallar üzrə yekun qənaətə gəlmişdir. Məhkəmə iddianı qismən təmin edərək cavabdeh tərəfindən zəbt edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsindəki bağ sahəsinin boşaldılması, torpaq sərhədlərinin əvvəlki vəziyyətə qaytarılmasını qət etsə də, iş üzrə cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinin hansı hissədə zəbt olunduğu, hansı hissənin boşaldılmalı olduğu, torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılmasın ın nəyi ehtiva etdiyi barədə məsələlər həll edilmədən saxlanılmış və ekspert rəyi ilə müəyyən edilən – artıq 16,0 kvadrat metr torpaq sahəsinin yol kimi istifadə edildiyi və yola tək çıxış olduğu barədə hala ümumiyyətlə qiymət verilməmişdir. Halbuki MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzr ə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Məhkəmə qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir (Kuznetsov və digərlərinin Rusiya Feder asiyasına qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli qərar). İşə baxmış apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş birinci instansiyası məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş səhvləri təkrarlamış, apellyasiya şikayətinin ekspert rəyinin natamamlığı və yeni ekspertiza keçirilməsinin zəruriliyi barədə dəlilərini formal hesab edərək onlara qiymət verməmişdir. Halbuki MPM-in 392.2-ci maddəsinə əsasən əgər birinci instansiya məhkəməsinin qətnaməsini yoxlayan apellyasiya instansiyası məhkəməsi məhkəmə aktını qanuni və əsaslı hesab edərək, dəyişdirilmədən saxlayarsa mütləq şəkildə apellyasiya şikayətinin hüquqi qiymət verilməsi tələb edən dəlillərinə münasibət bildirməli və həmin dəlilləri n rədd olunması barədə mövqeyini əsaslandırmalıdır. Qeyd edilənləri nəzərə alaraq Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, təkrar apelyasiya baxışı zamanı prosessual qanunvericiliyin verdiyi bütün imkanlardan istifadə edilərək sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli və əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki koll egiyasının 2(103)-8417/2020 nömrəli iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.