Məhkəmə qərarları › İş №2(102)-399/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-399/2021

10.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-399/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh firmasına qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək haqqının ödənilməsi tələbi, barışıq sazişinin hüquqi nəticəsi, əmək haqqı tələbi üçün iddia müddəti) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh firmasının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-224/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh firması tərəfindən v erilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarına əsasən, X3 0106.2012-ci il tarixdə Cavabdeh firması ilə əmək müqaviləsi bağlayaraq administrator vəzifəsində işləmişdir. xx.xx.2016-cı ildə isə həmin müqavilə ləğv edilmişdir.

2. İddiaçı, 2006-2016-cı illərdə həmin müəssisədə işlədiyini bildirərək aşağıdakı tələbi irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı X3, xx.xx.2017-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh firmasınndan 2006-cı ildən 2016-cı ilin dekabr ayına kimi əmək haqqının hesablanıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, Cavab deh fırmasında 2006-cı ildən nəzarətçi vəzifəsində işləmiş, 2016-cı ilin dekabr ayından işdən çıxarılmışdır. İşlədiyi müddət ərzində cavabdeh ona heç vaxt əmək haqqı ödəməmiş, o, Təbrik restoranında müxtəlif firmalara məxsus şirələrin və digər içkilərin qəbulu ilə məşğul olmuş, həmın işinə görə firmalar ona vəsait ödəmiş və o, bu vəsaitlə öz tələbatını ödəmiş və bu şərtlərlə 2016-cı ilədək fırmada işləmişdir. Cavabdeh firmada işlədiyi müddət ərzində o, əmək haqqı almaması barədə heç bir orqana şikayət etməmiş, firmanın rəhbərliyinə yazılı qaydada müraciət etməmişdir. Bundan başqa o, restoranda işləyən inzibatçılara kömək etmiş, bu işinə görə də ona pul vəsaiti ödənilmişdir. Bununla da aylıq qazancı 300-400 manat olmuşdur. O, işlədiyi dövrlər üçün əmək haqqını tələb etdikdə ona artıq həmin firmada işləmədiyini, hara istəyirsə şikayət etməsini bildirmişlər. O, Cavabdeh firmasının əməkdaşlarına həmin firmada işləməsi barədə ona arayış verildiyini və həmin rəsmi arayışa əsasən bankdan kredit də götürdüyünü bildirmişdir. Cavab olaraq ona həmin arayışın saxta olduğu və onu özünün düzəltdiyini bildirmişlər. O, məcbur olub əmək müfəttişliyinə müraciət etmiş, onun qanunsuz olaraq işdən çıxarılmasına görə cavabdehin cərimələndiyi bildirilmişdir. Lakin ona əmək haqqı barədə heç bir sənəd təqdim edilməmişdir. Məhkəməyə əmək haqqı barədə təqdim etdiyi arayışın əsli bankda olduğundan həmin sənədin əslini məhkəməyə təqdim edə bilmir.

5. Cavabdeh isə iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı Cavabdeh firmasında zallardan birinin administratoru işləyib, işəmuzd olaraq hər toy olanda on a 26 manat məbləğində pul verilib. İddiaçının Banka təqdim etdiyi arayışlarda imza direktorun deyildir. Həmin arayışların məzmunları da fərqlidir. Arayışlardan birində iddiaçının xx.xx.2006-cı ildən, digərində 2012-ci ildən işləməsi qeyd olunur. İddiaçı işlədiyi dövrdə mal qəbulu ilə məşğul olan şəxslərin əlində olan həmin blaklardan istifadə edilməklə, arayışlar tərtib etdirmişdir. Əsas isə əmək müqaviləsinin sistemdə olan məlumatlarıdır. Bundan əlavə iddiaçıya bütün əmək haqqı ödənilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qərardadı ilə tərəflər arasında barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinin 3.2-ci bəndinə əsasən, iddiaçı öz üzərinə öhdəlik götürmüşdür ki, Cavabdeh firmasına qarşı hər hansı pretenziya və ya iddia tələbi olmayacaqdır. Əgər həmin şərti pozarsa, 5000 manat cərimə olunacaqdır. Lakin iddiaçı öz üzərinə götürdüyü öhdəliyi pozduğu üçün, yəni hazırkı iddia tələbi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət etdiyi üçün, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə 5000 manat cərimə edilmiş, qərardad qüvvəyə minmiş və icraya yönəldilmişdir.

6. Cavabdeh birinci instansiya məhkəməsində iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı ilə firma arasında xx.xx.2012-ci il tarixdə əmək müqaviləsi bağlanmış və elektron informasiya sistemində də əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin tarixi xx.xx.2012-ci il göstərilmişdir. Həmin müqavilə xx.xx.2016-cı il tarixdə birtərəfli qaydada firma tərəfindən ləğv edilməklə xitam verilmişdir. İd diaçıya işəmuzd olaraq hər toy olanda ona 26 manat məbləğində pul verilmişdir. İddiaçı firmada işləyərkən neqativ hərəkətlərinə yol verdiyinə görə aralarında mübahisə yaranmış, Cavabdeh firması ilə İddiaçı arasında yaranmış mübahisəni hüquqi müstəvidə həlli baxımından iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək, İddiaçı və qeyrisindən malların qaimə fakturasız, keyfiyyət sertifikatı olmadan, eləcə də yararlıq müddətini təsdiq edən sənədlər vermədən qəbul edilməsi hərəkətləri qanunsuz hesab edilməsi; İddiaçı tərəfindən- sərinləşdirici içkiləri - qaimə fakturasız, keyfiyyət sertifikatı olmadan, eləcə də yararlıq müddətini təsdiq edən sənədlər vermədən-təqdim edilməsi; Cavabdeh firmasından əsassız olaraq 3 600 manat pul tələbi kimi hərəkətlərinin qanunsuz hesab edil məsi; İddiaçı qanunsuz hərəkətləri nəticəsində Cavabdeh firmasına dəymiş 3 000 manat maddi və 3 000 manat qeyri-əmlak zərərin ödənilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qərardadı ilə tərəflər arasında barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinin 3.2-ci bəndinə əsasən iddiaçı öz üzərinə öhdəlik götürmüşdür ki, Cavabdeh firmasına qarşı hər hansı pretenziya və ya iddia tələbi olmayacaqdır. Əgər həmin şərti pozarsa, 5000 manat cərimə olunacaqdır. İddiaçı qeyd edilən qərardaddan şikayət versə də, Bakı Apellyasiya Məhkəməsi həmin qərardadı dəyişdirilmədən saxlamışdır. Bundan əlavə, tələb üzrə iddia müddətinin tətbiq olunmasını xahiş edir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim S.Səlimova) xx xxxxx 201 8-ci il tarixli, 2(011)426/2018 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı 10 ildən çox Cavabdeh firmasında işləməsini, lakin əmək haqqı almadığını bildirsə də, bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı cavabdeh tərəfindən inzibatçı vəzifəsinə, hər işlənmiş toy günü üçün 26 manat məbləğində əmək haqqı ödəmək şərti ilə işə qəbul edilmiş, işlədiyi müddət ərzində işçi işəgötürənə maddi ziyan vurduğundan sonuncu məhkəməyə müraciət etmiş, həmin məhkəmə baxışı zamanı tərəflər aralarında olan mübahisələri barışıq sazişi ilə həll etmiş və bu barədə məhkəmə aktı qanuni qüvvəsini almışdır. Həmin vaxt İddiaçı işə götürənə qarşı heç bir tələbinin olmadığını bild irmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Talışinski (sədrlik edən və məruzəçi), S.Hacıyev və R.Eyvazov) xx xxxxxxx 2018-ci il tarixli, 2(103)-7621/20 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı əmək qanunvericiliyində müəyyən edilmiş müddətləri ötürməklə iddia vermişdir. Belə ki, özünün izahatına görə xx.xx.2015-ci il tarixdə əmək haqqı barədə arayış aldığı zaman artıq hüquqlarının pozulduğu ona məlum olan iddiaçı əriz əsini xx.xx.2017-ci il məhkəməyə təqdim etmiş və bununla da (cavabdehin birinci instansiya məhkəməsinə ünvanladığı yazılı etirazında qeyd edilən) hazırkı tələb üzrə iddia müddətini ötürmüşdür. Bundan əlavə, qanuni qüvvəsini almış məhkəmə aktı ilə məcburi hüquqi qüvvəyə malik olan (icraya yönəldilən) tərəflər arasında başqa mülki mübahisə üzrə barışıq razılaşması olmuş, iddiaçı bu razılaşmaya zidd və hüquqlardan sui-isifadə edərək yenidən iddia qaldırmışdır. Nəzərə alınmalıdır ki, qanunvericilikdən (dispozitiv imkandan) suiistifadəyə şərait yaradan hüquqtətbiqetmə yolverilməzdir. c) Kassasiya instansiyası məhkəməsindəki icraat

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), M.Əhmədova və ƏRüstəmov) 2(102)-1192/2019 nömrəl i iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

12. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı barışıq sazişinə əsasən həmin məhkəmə işi üzrə aralarında yaranmış mübahisə ilə bağlı cavabdeh firmaya qarşı hazırda və gələcəkdə 1-ci tərəfə və onun istənilən vəzifəli şəxslərinə (əməkdaşlarına) qarşı hər hansı bir pretenziya və ya iddia tələbinin olmayacağına dair öhdəlik götürmüşdür. Həmin iş üzrə tərəflər arasında olan iddia tələbi Cavabdeh Firmasının İddiaçı və digərlərinə qarşı “cavabdehin hərəkətlərinin qnaunsuz hesab edilməsi, q anunsuz həsəkətlərə son qoyulması, öhdəliyin lazımi qaydada yerinə yetirilməməsi nəticəsində dəymiş maddi və qeyri-əmlak zərərinin ödənilməsi” barədə olmuşdur. Həmin işdən idddiaçının cavabdeh firmaya qarşı əmək haqqının ödənilməsi barədə tələb irəli sürməsi və bu tələblə bağlı tərəflər arasında razılıq əldə edilməsi, əmək haqqı tələbi ilə bağlı iddiaçının gələcəkdə cavabdeh təşkilata qarşı iddia qaldırmaması öhdəliyini götürməsi müəyyən edilmir. Ona görə də, istinad edilən qərardad iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıran və iddia tələbini rədd edilməsinə əsas olan hal sayıla bilməz. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, iddiaçının hansı müddət ərzində Firmada işləməsini müəyyən etməli, bunun üçün işə əlavə edilmiş arayışların həqiqiliyini müəyyən etmək zərurəti yaranarsa məhkəmə xəttşünaslıq ekspertizasını keçirilməsini təmin etməli, iddiaçının firmada işlədiyi dövrü müəyyən etmək üçün müvafiq qurumlara sorğular verməli, iddiaçının firmada işlədiyi dövr müəyyən edildiyi halda həmin dövr üçün əmək haqqının hesablanması üçün zərurət yaranarsa məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini təmin edilməli, iddia müddətinin tədbiqi ilə bağlı məsələyə qiymət verən za man qərarın əsaslandırıcı hissəsində qeyd edilən maddi hüquq normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə istinad etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Mehdiyev və Ş.Məmmədova) xx xxxx 2020-ci il tarixli, 2(103)-224/20 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(011)426/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, Cavabdeh fir masından İddiaçı xeyrinə 3123,24 (üç min yüz iyirmi üç manat iyirmi dörd qəpik) manat pul məbləğinin tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 427,65 (dörd yüz iyirmi yeddi manat altmış beş qəpik) manatın 43 (qırx üç) manatının Cavabdeh firmasından, 384,65 (üç yüz səksən dörd manat altmış beş qəpik) manatının İddiaçı alınaraq X1 hesabına keçirilməsi qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 1677 saylı rəyinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, hər toy günü üçün 26 manat əmək haqqı ödənilməsi və toy günlərinin saylı ilə bağlı işdə olan arayış məlumatları nəzərə alınmaqla, İddiaçı xx.xx.2015-ci ildən xx.xx.2016-cı il tarixədək olan dövr üç ün ödənilməli olan son haqq-hesabın məbləği 3123,24 manat (əmək haqqı 2938,0 manat, istifadə etmədiyi məzuniyyətə görə ödənilməli olan məbləğ 185,24 manat) təşkil edir. Kassasiya instansiyası məhkəməsi xx.xx.2019-cu il tarixli qərarında Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə bağlı hesab etmişdir ki, iş üzrə tərəflər arasında olan iddia tələbi Cavabdeh Firmasının İddiaçı və digərlərinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, qanunsuz hərəkətlərə son qoyulması, öhdəliyin lazımi qaydada yerinə yetirilməməsi nəticəsində dəymiş maddi və qeyri-əmlak zərərinin ödənilməsi” barədə olmuşdur. Həmin işdən iddiaçının cavabdeh firmaya qarşı əmək haqqının ödənilməsi barədə tələb irəli sürməsi və bu tələblə bağlı tərəflər arasında razılıq əldə edilmə si, əmək haqqı tələbi ilə bağlı iddiaçının gələcəkdə cavabdeh təşkilata qarşı iddia qaldırmaması öhdəliyinin götürməsi müəyyən edilmir. Ona görə də, istinad olunan qərardad iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıran və iddia tələbini rədd edilməsinə əsas olan hal sayıla bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh firması kassasiya şikayəti verərək qətnamənin qismən, iddia tələbinin təmin olunması hissəsində ləğv, iddianın tam rədd olunması ilə yanaşı, həm də xx.xx.2006-cı ildən 2016-cı ilin iyul ayının 11-dək iddia müddəti keçdiyi üçün həmin hissədə iddianın imtina barədə yeni qərarın çıxarılması və ya işin yenidən baxılması üçün apellyasiya instansiya sı məhkəməsinə göndərilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı və məhkəmədə iştirak edən nümayəndəsinin xahişi nəzərə alınaraq, tərəflər arasında xx.xx.2017-ci il tarixi barışıq sazişi imzalanmış və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1925/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə həmin saziş təsdiq olunmuşdur və işin icraatına xitam verilmişdir. Barışıq sazişinin şərtlərinə görə, İddiaçı Firmaya və onun istənilən vəzifəli şəxslərinə (əməkdaşlarına) qarsı hər hansı bir pretenziya və ya iddia tələbinin olmayacağına dair öhdəlik götürmüşdür. Məhz qanuni qüvvəyə minmiş məhkəmə qərardadı ilə təsdiqlənmiş barışıq sazişi ilə firmaya qarsı hər hansı bir pretenziya və ya iddia tələbinin olmayacağına dair götürmüş öhdəliyini pozduğuna gö rə, Nəsimi rayon Məhkəməsinin 2(006)-1925/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə - sazişin İddiaçı aid hissədə məcburi qaydada icra olunması üçün icraya yönəldilmiş və 5000 manat cərimə edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)1925/2017 saylı iş üzrə qəbul olunmuş xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli qərardadları ilə Firma və İddiaçı arasında müəyyən olunmuş hüquqi mövqe ümumiyyətlə qətnamədə nəzərə alınmamış və bununla da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci və 881.2-ci maddələrinin tələbləri pozulmuşdur. Tərəflər arasında bağlanmış əmək müqaviləsi əsasında yaranmış məhkəmə mübahisəsi üzrə tərəflər arasında barışıq sazişi bağlandığından və aralarında yaranmış mübahisəyə son qoyulduğundan, hazırda İddiaçı iddiasının əsaslı və qanuni hesab etməklə apellyasiya instansiyası məhkəməsi kobud qanun pozuntusuna yol vermişdir. İsin həqiqi hallarından, eləcə də iddiaçının əsassız olaraq tərtib etdiyi iddia ərizəsindən və məhkəmə iclasında verdiyi formal mülahizələrindən görünür ki, iddiaçıya quya 10 il 2 ay ərzində əmək haqqı məbləği verilməmişdir. Deməli, iddia ərizəsinin xx.xx.2017-ci il tarixdə məhkəməyə daxil olduğunu nəzərə alınsa, müəyyən olunur ki, bir illik iddia müddətinin başlanğıcı xx.xx.2016-cı il tarixdən hesablanmalıdır. Yəni, ehtimal edilsə ki, iddiaçı 01.10. 2006cı ildən 2016-cı ilin iyun ayı üzrə əmək haqqısını almadığı üçün (özü etiraf edir) hüquqlarının mütəmadi pozulduğunu bilmişdi və həmin müddət ərzində məhkəməyə müraciət etməmişdir. Sonuncu ay isə 2016-cı ilin iyul ayı qalır ki, (əmək müqaviləsinə görə ödəniş gündəlik həyata keçirildiyi üçün) həmin müddət üzrə 2 günlük əmək haqqının ödənilməsini tələb edə bilər. Odur ki, 01.10. 2006-cı ildən 2016-cı ilin iyul ayının 11-nədək iddia müddəti keçdiyi üçün həmin hissədə iddiadan imtina barədə qətnamə çıxarılmamaqla qanun pozuntusuna yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

20. Maddə

372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

21. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.

22. Maddə 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyrimüəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq r azılaşmasında təsbit edilənlər etibarlı olur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

23. Maddə 9, bənd d) Qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir.

24. Maddə 83, hissə

2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

25. Maddə 154, hissə

1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüy ü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

26. Maddə 156, hissə

1. Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir.

27. Maddə 296, hissə 3 və

4. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər ə mlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 3

1. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

33. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş material larında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haq lı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

36. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında əmək hüquq münasibətləri olmuşdur. İddiaçı 2006-2016-cı illərdə cavabdeh firmada işlədiyini, lakin məvacib almadığını bildirərək həmin dövr üzrə əmək haqqının hesablanaraq ona ödənilməsini tələb edir.

37. İddia tələbinin hüquqi əsası nəzərdən keçirilərkən məlum olur ki, iddiaçının işlədiyi müddətdə əmək funksiyasının icrası üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək haqqını cavabdehdən tələb etmək hüququ Əmək Məcəlləsinin 156-cı maddəsinin 1-ci hissəsində nəzərd ə tutulmuşdur (§ 26).

38. Cavabdeh isə iddiaçının 2012-2016-cı illərdə firmada işlədiyini, əmək müqaviləsinin bağlanması və onun ləğv edilməsi haqqında bildirişlərin müvafiq elektron informasiya sisteminə daxil edildiyini, işlədiyi müddətdə müqavilə üzrə əmək haqqının işçiyə tam ödənildiyini bildirmişdir. Cavabdeh, eyni zamanda iddiaya iki əsasla etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir: birincisi, iddiaçı ilə olan əmək haqqı mübahisəsi üzrə bağladıqları və məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişi; ikincisi, tələb üzrə iddia müddətinin keçməsi.

39. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, cavabdehin etirazları iddianın təmin edilməsi imkanını tam və ya qismən aradan qaldıra biləcəyi üçün onlara düzgün hüquqi qiymət verilməsi mübahisənin qanuni və əsaslı h əlli baxımından mühüm əhəmiyyət kəsb edir.

40. Məlum olduğu kimi, tərəflər arasında bağlanan barışıq sazişi əvvəlki mübahisəli münasibətlərin həmin razılaşmada göstərilən formada həll edilməsidir. Başqa sözlə, tərəflər qabaqkı qeyrimüəyyən və mübahisəli münasibətləri bir kənara qoymaqla yeni razılaşmanı əsas götürürlər. Bu səbəbdən barışıq sazişi bağlandıqdan və hüquqi qüvvəyə mindikdən sonra əvvəlki mübahisəli hallara istinad edilməsi və tələb irəli sürülməsi yolverilməz sayılır. Bu qayda qanunda açıqca təsbit edilmişdir (§ 22).

41. İşdən olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)1925/2017 saylı qərardadından görünür ki, ididaçı Cavabdeh Firmasının direktoru X4, cavabdehlər X5 və İddiaçı arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir. Həmin sazişin şə rtinə görə Cavabdeh Firması ilə X5 və İddiaçı arasında yaranmış mübahisələrə son qoymaq, eyni zamanda, hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəşt yolu ilə həll etmək, həmin müqavilədə göstərilən hüquqlarla bağlı razılaşma əldə edildikdən sonra götürülmüş öhdəliyi vicdanla yerinə yetirmək məqsədi ilə X5 və İddiaçı, Cavabdeh Firması ilə aralarında yaranmış mübahisə ilə bağlı gələcəkdə firmaya və onun istənilən vəzifəli şəxslərinə (əməkdaşlarına) qarşı hər hansı bir pretenziya və iddia tələbinin olmayacağına dair öhdəlik götürmüşlər.

42. Birinci instansiya məhkəməsində və ilk apellyasiya baxışında həmin saziş əsas götürülərək iddia rədd edilsə də, birinci kassasiya baxışında sazişin təsdiqləndiyi mülki işdə İddiaçı Cavabdeh Firmasına qarşı əmək haqq ının ödənilməsi barədə tələb irəli sürməsi və bu tələblə bağlı tərəflər arasında razılıq əldə edilməsi və iddiaçının gələcəkdə cavabdeh təşkilata qarşı iddia qaldırmaması öhdəliyini götürməsinin müəyyən edilmədiyi göstərilmişdir. İkinci apellyasiya baxışında isə bu xüsusat, yəni sözügedən barışıq sazişinin hazırkı işdə tərəflər arasında olan mübahisəni də əhatə edib-etməməsi araşdırılmamış və ona lazımi qaydada hüquqi qiymət verilməmişdir.

43. Kollegiya vurğulayır ki, hazırkı işin düzgün hüquqi həlli baxımından barışıq sazişi əsasında icraatına xitam verilən işdə İddiaçı iddia tələbi irəli sürməsi deyil, sazişdə tərəflərin üzərində razılaşdıqları mübahisənin predmeti mühüm əhəmiyyət kəsb edir. Başqa sözlə, tərəflərin hansının məhkəməyə müraciət etməsindən asılı olmayaraq, Cavabdeh Firmasın da işlədiyi dövrdə İddiaçı əmək haqqının ödənilməsi ilə bağlı mübahisənin barışıq sazişi ilə həll edilibedilməməsi aydınlaşdırılmalıdır.

44. Bu iş üzrə birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixdə keçirilmiş iclasında Cavabdeh Firmasının vəkili bildirmişdir ki, 2016-cı ildə əmək müqaviləsinə xitam verilməsindən sonra İddiaçıla aralarında mübahisə yaranmış, sonuncu, əmək müqaviləsinə görə eləcə də son haqq hesabın aparılması üçün firmadan 3.600 manat pul tələb etmiş, bu məbləğin ona verilməyəcəyi təqdirdə daha böyük məbləğ alacağını bildirmişdir. Cavabdeh Firması, İddiaçıla yaranmış mübahisəni hüquqi müstəvidə həll etmək üçün iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, başqa tələblərlə yanaşı İddiaçı Cavabdeh Firmasından əsassız olaraq 3.600 manat p ul tələbi kimi hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

45. Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı əsasında həmin iddia tələblərinə dair mübahisənin həlli üçün Cavabdeh Firması ilə İddiaçı və Ramin Quliyev arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir.

46. Göründüyü kimi iş materiallarında sazişlə həll edilən tələblərdən biri ilə hazırkı iddia tələbinin söykəndiyi mübahisənin eyni olmasına işarə edən məlumat vardır. Mövcud iş materialları əsasında bu məsələyə dair yekun qənaətə gəlinməsi mümkün olmadığından, Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi əhəmiyyət kəsb edən bu xüsusatın tam və hərtərəfli araşdırılmasını təmin etməmişdir.

47. Bundan əlavə, işdə olan Bakı şəhəri Nəs imi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadından görünür ki, İddiaçı bu iddianı qaldırdıqdan sonra Cavabdeh Firması həmin məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən barışıq sazişinin şərtinin pozulduğunu bildirmiş, öhdəliyin yerinə yetirilməməsinə görə razılaşmada nəzərdə tutulan 5.000 manatın sonuncudan tutulması üçün icra vərəqəsinin verilməsini xahiş etmişdir. Həmin qərardadla ərizə təmin edilərək, barışıq sazişinin cərimə ödənilməsinə dair hissəsi İddiaçı münasibətdə icraya yönəldilmişdir.

48. Bu hal İddiaçı hazırkı iddianı qaldırmaqla əslində sazişdən irəli gələn öhdəliyini pozmasına, dolayısı ilə barışıq sazişi ilə həll edilən tələblə hazırkı tələbin eyni mübahisəyə söykənməsinə dəlalət edən mühüm dəlillərdən biridir.

49. Buna baxmayaraq apellyasiya instansiyası məhkə məsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadının mübahisənin eyni olması hissəsində preyudisial əhəmiyyət kəsb edib-etməməsinə hüquqi qiymət verməmişdir.

50. Qeyd edilənlər ona dəlalət edir ki, apellyasiya məhkəməsi tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl olunmamışdır (§ 28, 30-31).

51. Odur ki, yuxarıda göstərilən halların müəyyən edilməsi üçün saziş əsasında icraatına xitam verilmiş mülki iş materialları öyrənilməli, Cavabdeh Firmasının İddiaçı qarşı “3.600 manat pul tələbi kimi hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinin faktiki əsas ları iddia ərizəsindən aydınlaşdırılmalı, bu xüsusatla bağlı tərəflərin izahatları dinlənilməli, habelə İddiaçı barəsində icra vərəqəsinin verilməsinə səbəb olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadının qüvvədə olub-olmaması, zəruri olan digər hallar da yoxlanılmaqla, cavabdehin sözügedən sazişə əsaslanan etirazının hazırkı iddianı aradan qaldırıb-qaldırmamasına hüquqi qiymət verilməlidir.

52. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin barışıq sazişinə dair etirazı əsaslı sayılmadığı halda, iddia müddətinin tətbiqi barədə ərizəsinə düzgün hüquqi qiymət verilməlidir. Buna baxmayaraq, apellyasiya məhkəməsi iş üzrə iddia müddətinin tətbiqinə dair maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

53. Hazırkı iş üzrə iddia, fərdi əmək mübahisəsindən irəli gələn pul tələb i ilə bağlı olduğu üçün ona Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulan bir illik iddia müddəti tətbiq edilir (§ 27).

54. Əmək mübahisələrindən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. İşçinin əmək haqqına dair iddia müddətinin axımı hüququnun pozulmasının aşkar edildiyi gündən başlanır (§ 27).

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Viktor Ozerovun şikayəti üzrə xx xxxxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur.

56. Hazırkı mübahisəyə də məhz Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılmalı və iddia müddətinin axımının başlanmasını iddiaçının hüququnun pozulduğu, eləcə də onun bu pozuntunu bildiyi (obyektiv və subyektiv) andan hesablanmalıdır.

57. Nəzərə alınmalıdır ki, əmək haqqı işçinin gördüyü işə görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğdir (§ 25). Belə olan halda, işçi bilir və ya bilməlidir ki, onun əmək haqqı işin xarakterinə görə xidmətin göstərildiyi gün, yaxud ən geci ayın sonunda işəgötürən tərəfindən hesablanıb verilməlidir.

58. Bu baxımdan, hazırkı iş üzrə iddiaçının əmək haqqı tələbinə şamil edilə n iddia müddəti, əmək müqaviləsinə (bənd 4.1.1. və 4.1.2.) uyğun olaraq hər toy günü, yaxud hər ayın sonu başlanmış sayılır. İddiaçının da bu qaydanı bilməsi qəbul edilir. Nəzərə aldıqda ki, iddia müddəti tələb hüququnun həyata keçirilməsinə şamil edilən müddətdir (§ 20), əmək haqqı tələbinə dair bir illik iddia müddəti üçün bu tələbin irəli sürüldüyü tarixdən əvvəlki on iki ay hesablana bilər. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi iş üzrə iddia müddətini iddianın qaldırıldığı tarixdən deyil, iddiaçının işdən azad edildiyi tarixdən əvvəlki bir il üçün hesablamışdır. Belə yanaşma yuxarıda göstərilən qaydaya zidd olmaqla yanaşı, iddia müddəti institutunun mahiyyətinə uyğun gəlmir. Çünki, işçinin işdən azad edildiyi gündən əvvəlki bir il əsas götürüləcəyi halda, tələb hüququnun həyata keçirilməsi üçün qanunla müəyyən edilmiş müddət heç bir məna və əhəmiyyət kəsb etməz.

59. Nəzərdən qaçırılmamalıdır ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını daha da intizamlı etmək, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu hüquqi müdafiə vasitəsi həmçinin, məhkəmələri aradan uzun müddət keçmiş olan köhnə məsələlərlə bağlı hüquqi ixtilaflarla məşğul olmaqdan, borcluları öhdəliklərin icrasına dair sübutları əbədi olaraq saxlamaq məcburiyyətindən azad etmək məqsədinə xidmət edir. Yəni, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Bundan əlavə, iddia müddəti, tələbin aradan uzun bir müddət keçməsinə baxmayaraq istifadə edilməməsi, öhdəliyin ya daha əvvəl icra edilməsini, ya da ümumiyyətlə belə öhdəliyin meydana gəlmədiyini ehtimal verməyə haqlı bir əsas yaradır, habelə öz tələb hüququna qarşı uzun müddət laqeyd qalan kreditorun hüquqən qorunmağa daha az layiq olduğu mülahizəsinə əsaslanır.

60. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx xxxx 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Bu institut, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

61. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri birlikdə qiymətləndirərək bu qənaətə gəlir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları səhv tətbiq edilmiş, bu da iş üzrə düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iş yuxarıda göstərilənlər nəzərə alınmaqla yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır.

62. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-224/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar