Məhkəmə qərarları › İş №2(102)-4074/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4074/2019

30.05.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4074/2019 30.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsindən Cavabdeh3 ASC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(009)-1952/2018, hakim E.E.Rəhimov) İddiaçı cavabdeh “xxxx” MMC-yə, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayonu İcra Probasiya şöbəsinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nə, X4, Cavabdeh3 ASC-yə, X2 qarşı iddiası təmin edilmiş, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 528 saylı bağ evinin satılması ilə əlaqədar 30.10.2015ci il tarixli protokolun etibarsız hesab edilməsi, X3 adına verilmiş 21.11.2015-ci il tarixli çıxarış və buna dair aparılan reyestr qeydinin ləğv edilməsi, iş üzrə tərəflərin hər birinin əqd üzrə aldıqlarını digər tərəfə qaytarılmasının təmin etməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-574/2019, hakimlər N.Ş.Cəfərov, Ş.A.Məmmədova, V.T.Həsənov) X5, X7 və Cavabdeh3 ASC-nin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayəti təmin edilməmiş,Səbail Rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh3 ASC-nin nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: “xxxx” MMC-nin hərracın nəticələri haqqında 30 oktyabr 2015-ci il tarixli protokoluna əsasən Abşeron rayon İcra Şöbəsinin sifarişi əsasında İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi ərazisindəki bağ evi 20.000 manata hərracda satılmış, X7 əmlakı əldə etmişdir. 01 may 2018-ci il tarixdə X6 hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Novxanı bağları ərazisindəki 528 saylı bağ sahəsində inşa edilmiş üç otaqlı bağ evinin hərracının keçirilməsi haqqında “xxxx” MMC-nin 30.10.2015-ci il tarixli protokolunun etibarsız hesab edilərək, həmin əmlaka dair verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki,apellyasiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, onun “ipoteka saxlayan” kimi hüquqlarının qorunmasını təmin etməmişdir. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassatorun nümayəndəsi məhkəmə kollegiyasını n iclasına gəlməmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını hərracın nəticələrinin etibarsız hesab edilməsi təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, bağ evi iddiaçının mülkiyyətində olmuş, iddiaçının aliment borcunun (üçüncü şəxs Dürdanə Abulova ilə onun ümumi uşağının saxlanması üçün aliment borcunun) ödənilməsinin təmin edilməsi üçün məcburi icra tədbiri kimi hərracda satılmış, hərracda bağ evi qalib alıcı (üçüncü şəxs Aydın Babayev) tərəfindən 20.000 manata alınmış(o bildirir ki, bağ evinə görə hərrac təşkilatına 20.000 manat ödəyib, bağ evinin torpaq sahəsinə görə əlavə olaraq 20.000 manat Dürdanə Abulovaya ödəyib),alıcının mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb, bundan sonra alıcı bağ evini kreditin təminatı kimi bankın (üçüncü şəxs “Cavabdeh3 ” ASC- nin) xeyrinə ipoteka ilə yüklü edib. Bağ evinə məcburi icra tədbiri kimi tələbin yönəldilməsi qanunsuz olub. Belə ki, bu barədə məhkəmə qərardadı olsa da, sonradan həmin qərardad ləğv edilib. Bağ evinə tələbin yönəldilməsi barədə qərardad 07.09.2015-ci il tarixdə Abşeron Rayon Məhkəməsi tərəfindən qəbul olunub. Həmin qərardad icra məmurunun təqdimatı əsasında qəbul olunub, qərara alınıb ki, bağ evinin üzərinə həbs qoyulsun və aliment borcu (4.247 manat) üzrə tələb bağ evinə yönəldilsin. Bu qərardad Abşeron Rayon Məhkəməsinin 25.06.2018-ci il tarixli qərardadı ilə ləğv edilib. Lakin ötən 3 il ərzində bağ evi satılıb və ipoteka ilə yüklü edilib. Bağ evinin satılmasına yönələn məhkəmə icraatı, icra sənədi üzrə icraat və hərrac mülkiyyətçinin xəbəri və iştirakı olmadan həyata keçirilib. Belə ki, mülkiyyətçi miqrasiya qanunvericiliyinin tələbini pozduğuna görə Azərbaycan Respublikasının ərazisindən inzibati qaydada çıxarılmaqla ölkəyə girişi nə 5 il müddətinə məhdudiyyət qoyulub, bu barədə Dövlət Miqrasiya Xidmətinin 03.02.2012-ci il tarixli, 464 nömrəli qərarı mövcuddur. Azərbaycan Respublikası Hökuməti ilə İran-İslam Respublikası Hökuməti arasında hüquqi yardım haqqında müqavilə var, bu müqavilə Azərbaycan Respublikasının 01.12.1998-ci il tarixli Qanunu ilə təsdiq olub. Aliment borcunun (4.247 manatın) ödənilməsinin təmin edilməsi üçün həmin müqaviləyə uyğun olaraq mülkiyyətçinin vətəndaşı olduğu ölkənin aidiyyəti qurumlarına müraciət oluna bilərdi. Lakin belə müraciət edilmədən, mülkiyyətçinin xəbəri və iştirakı olmadan onun əmlakının satılması həyata keçirilib, əmlakından qanunsuz olaraq məhrum edilib. Bu isə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin göstərişinə ziddir. Həmin müddəaya görə Azərbaycan Res publikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Apellyasiya məhkəməsi hesab etmişdir ki, bu məsələyə münasibətdə vicdanlı əldə edən yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Həmin maddə daşınar əşyalara aid olsa da, daşınmaz əşyalara münasibətdə bu qaydanı istisna edən müddəa qanunda müəyyən edilməmişdir. Bağ evi mülkiyyətçinin iradəsinə zidd olaraq onun sahibliyindən çıxıb, çünki o, ölkədən deportasiya olunub. Odur ki, üçüncü şəxs Aydın Babayevin (mülkiyyətçinin) və Cavabdeh3 ASC-nin (ipoteka saxlayanı n) vicdanlı əldə edən sayılması, onların mülkiyyət və ipoteka hüququnun qorunması mümkün deyil. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə tərəflərin hər birinin əqd üzrə aldıqlarını digər tərəfə qaytarılması barədə gəldiyi nəticə ilə razılışaraq qeyd etmişdir ki, bu qanunun etibarsız əqdin tərəflərinə aid etdiyi vəzifədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsaəsn qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticə iş üzrə müəyyən edilmiş həqiqi hallara və qanunvericiliyin t ələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar