Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4092/2024 25.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı “icarə müqaviləsi üzrə pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏRARDADİ Açar sözlər: dövlət rüsumunun az ödənilməsi əsası ilə kassasiya şikayətinin qeyrimümkün hesab edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər İspəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi hakim), Əhməd Abbas oğlu Əhmədov və Vüqar Təvəkkül oğlu Həsənovdan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 avqust 2024-cü il tarixli 2(103)-3269/2024 nömrəli qətnaməsindən cavabdeh (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 28.757,49 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun avabdehdən (bundan sonra cavabdeh) onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDiLMiŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 22 fevral 2024-cü il tarixli e-2(006)-699/2024 nömrəli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddia təmin olunaraq xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə 21.350 manat, ödənilmiş dövlət rüsumuna görə 154,05 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
3. Cava bdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 7 avqust 2024-cü il tarixli 2(103)-3269/2024 nömrəli qətnaməsi ilə (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Xəyal Sarıyev) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iş üzrə yeni qətnamə çıxarılması və 21.350 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
5. Cavabdeh (Vəkil1) həmin qətnamədən kassasiya şikayəti ver ərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, mülki işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
6. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
7. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
8. Maddə 408.1.3. Kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
9. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
10. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü a raşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, cavabdeh (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
12. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini, qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün kassasiya instansiyasına göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
13. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə tam əməl etməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunsa da, ödənilmiş məbləğ qanunvericiliyin tələblərinə uyğun şəkildə ödənilməmiş, yəni qanunla müəyyən olunan məbləğdən az ödənilmişdir.
14. Çünki “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi, həmin qanunun 8.6-cı maddə sinə əsasən isə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu qanunun müvafiq olaraq 8.1 və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi həcmində rüsum ödənilməlidir.
15. İş materiallarından isə müəyyən edilir ki, iddiaçı tərəfindən verilmiş “icarə müqaviləsi üzrə pulun ödənilməsi” tələbi ilə bağlı iddianın ümumi qiyməti 28.757,49 manat təşkil edir. İddiaçı iddia ərizəsinin verilməsinə görə 177 manat məbləğində dövlət rüsumu ödəmiş, daha sonra cavabdeh apellyasiya şikayəti vermək üçün qanunvericiliyə uyğun olaraq 88,14 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda, 78,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Həmçinin, cavabdeh kassasiya şikayəti vermək üçün də 88,14 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda, cəmi 50 manat məbləğində dövlət rüsumu ödəmişdir.
16. Buna görə də apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti verilməsi üçün Mülki Prossesual Məcəllənin (bundan sonra MPM) 407-ci maddəsinə riayət olunmasını araşdırmaqla, kassasiya şikayətini geri qaytarmalı idi.
17. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmaması (o cümlədən müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə), apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
18. Beləliklə, cavabdeh tərəfindən kassasiya şikayəti verilərkən MPM-nin 407-ci maddəsinə riayət olunmadığından kassasiya şikayəti icraata qəbul edilə bilməz.
19. MPM-in 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
20. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
21. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin (Vəkil1) kassasiya şikayəti qeyr i-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
22. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 407-409-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 avqust 2024-cü il tarixli 2(103)-3269/2024 nömrəli qətnaməsindən cavabdeh (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.