Məhkəmə qərarları › İş №2(102)-4110/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4110/2021

17.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4110/2021 17.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: preyudisiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, cavabdehin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2091/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 17 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq mə hkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Füzuli Rayon Məhkəməsinin 25.04.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı 49500 manat miqdarında pulun alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 19.09.2019-cu il tarixli qətnaməsi ilə təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 25.02.2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək ona vurulan maddi zərərə görə 530 00 manat, dövlət rüsumuna görə 30 manat və mənəvi zərərə görə 30000 manat olmaqla, cəmi 83030 manatın cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ona qarşı müxtəlif instansiyalara şikayət edərək 152000 manat məbləğində pul tələb etmişdir. Cavabdeh birgə fəaliyyət (ortaq heyvandarlıq təsərrüfatı) üçün verdiyi pul vəsaitlərini iddiaçıya vermədiyini, onun kürəkəni Natiq adlı şəxsə verdiyini ifadə etsə də, şikayətə və iddialara baxan hüquqmühafizə orqanları buna əhəmiyyət verməmişdir. Nəticə etibarilə cavabdeh iddia etdiyi 152000 manat vəsaiti ondan almaq üçün polisin iştirakı ilə Füzuli rayonuna gəlmiş və 310 baş xırda buynuzlu (yanında balası olan) heyvanları aktlaşdıraraq borcun tamamına qarşılıq alıb gö türmüşdür. Cavabdeh iddia etdiyi 152000 manata qarşılıq aldığı bütün heyvanları (310 baş) heç kimin iştirakı olmadan özbaşına aparıb öz qohumuna aid olan "xxxx" MMC-yə təhvil vermiş və həmin heyvanları ümumilikdə 40000 manata satdığı barədə 30.01.2015-ci il tarixli saxta arayış gətirib təqdim etmişdir. Bundan başqa, dəfələrlə onun tərəfindən "xxxx" MMC-nin verdiyi 30.01.2015-ci il tarixli arayış mübahisələndirilsə də, 152000 manat pulun cavabdehə ödənilməsini qət edən həmin məhkəmələrdə obyektivliyi şübhə altında olan hardan gəldiyi bilinməyən bu arayış (əlavə təqdim olunan elektron çıxarışda "xxxx" MMC-nin qanuni təmsilçisi X2 olduğu qeyd olunur lakin arayış fərqli şəxs tərəfindən imzalanmışdır) araşdırılmamış, eləcə də buna qiymət verilməmişdir. Halbuki, lazımı sorğular göndərilərək həm arayışın mötəbərliyi, həm də iş üzrə 310 baş xırda buynuzlu (yanı balalı) heyvanların dəyəri barədə ekspertiza qurumlarında qiymətləndirmə keçirilsəydi arayışın etibarsızlığı, eləcə də heyvanların dəyərinin ifadə olunan məbləğdən iki qat artıq olduğu müəyyənləşdirilə bilərdi. 310 baş xırda buynuzlu və yanında balası olan heyvanın həmin tarixə satış dəyəri minimum 300-350 manat olub və bu da ümumi hesabla 300 manat, 310 ədəd 93000 manat təşkil edib. Lakin cavabdeh həmin heyvanları ümumilikdə 40000 manat qiymətləndirməklə, heyvanlardan hər birini 129 manata (40000 manat 310, 129 manat) satdığını bildirmiş və borc məbləğindən həmin miqdarda azaltdığını ifadə etmişdir. Həmçinin Füzuli rayonunda heyvan satışının təşkil olunduğu ticarət mərkəzi (“Tam ortaqlı Şamil Firması” bazarı) tərəfindən ver ilmiş 14.11.2019-cu il tarixli rəsmi arayışda 2015-2016-cı illərdə 1 baş ana qoyunun bazar qiyməti 300-350 manat olduğu bildirilir. Belə olan halda cavabdeh ona aid olan 310 baş ana qoyunu (yanında balası ilə) 93000 manat əvəzinə 40000 manata qiymətləndirib satmaqla, onu 53000 manat məbləğində zərərə məruz qoymuşdur. Halbuki, həmin dövrdə o, özünə məxsus olan 310 baş yanı balalı qoyunu özü satmış olsaydı azı 93000 manat vəsait əldə edəcəkdi. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəf ona borclu olduğu 102500 manatı ödəmişdir. İddiaçıya məxsus olan 310 baş heyvanın məbləği 40000 manat qiymətləndirilib və iddiaçı özü onun bu qədər qiymətləndirilməsini qəbul edib. Sonradan həmin puldan qalan 49500 manat hissəsi ödənil mədiyindən cavabdeh Füzuli Rayon Məhkəməsində iddia qaldırmış və iddiaçı və onun vəkili həmin məhkəmə proseslərində iştirak etmiş və orada 310 baş qoyunun qiymətləndirilməsini mübahisələndirməmişdir. Füzuli Rayon Məhkəməsi tərəfindən iddiaçıdan 49500 manat pulun tutularaq cavabdehə verilməsi təmin olunmuşdur. Bundan sonra iddiaçı yenidən iddia qaldıraraq qoyunların qiymətini mübahisələndirmişdir. İddiaçı tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmiş və şikayət təmin edilməmişdir. İddiaçının həmin iş üzrə verdiyi kassasiya şikayəti də təmin olunmayıb. Lakin iddiaçı tərəf verdiyi bütün apellyasiya və kassasiya şikayətlərində həmin arayışı mübahisələndirdiyindən eyni predmet, eyni əsas olduğundan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş 04. 06.2020-ci il tarixli “Müstəqil Məhkəmə Ekspertizası”-nın rəyində qeyd edilmişdir ki, 310 baş xırdabuynuzlu heyvanın (sortuna, cinsinə və diri çəkisinə) görə 2015-ci ildə mövcud olmuş orta bazar qiymətlərinə əsasən ümumi dəyəri nəzəri hesablama yolu ilə 84300,00 manat, hazırkı orta bazar qiymətinə əsasən ümumi dəyəri isə 116780,00 manat müəyyən edilir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-1180/2020 nömrəli iş üzrə 02 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim L.Talıbova) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər ferma yaratmaq məqsədilə razılığa gəlmişlər və bununla bağlı olaraq müxtəlif vaxtlarda cavabdeh iddiaçıya ümumilikdə 152000 manat məbləğində pul vermişdir. S onradan aralarında yaranmış narazılıqlar üzündən borcun bir hissəsi fermada olan qoyunların natura şəklində verilməsi ilə birlikdə cəmisi 102500 manat pul qaytarılmış və nəticədə iddiaçının cavabdehə 49500 manat borcu qalmışdır. Füzuli Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 25.04.2019-cu il tarixli qətnaməsi ilə iddiaçıdan 49500 manat miqdarında pulun tutulub cavabdehə verilməsi qət edilmişdir. Həmin qətnamə ilə artıq hazırkı mübahisə ilə bağlı fermada olan qoyunlar naturada verilməklə, onun dəyəri hazırkı iddiaçı tərəfindən mübahisələndirilməmiş, dolayı yolla həmin qoyunların dəyəri ilə tərəf razılaşmışdır. Həmin iş üzrə apellyasiya və kassasiya şikayətlərində iddiaçı heyvanların dəyərini və bununla bağlı arayışı, aktı mübahisələndirsə də, yuxarı məhkəmələr tərəfindən şikayət əsassız sa yılmışdır. Birinci instansiya məhkəməsinin qənaətinə görə həmin işdə 30.01.2015-ci il tarixli akt məhkəmə tərəfindən sübut kimi qiymətləndirilmiş, bu akta və digər sübutlara istinad olunaraq qalan məbləğ 49500 manat müəyyən edilməklə pulun tutulması barədə qətnamə çıxarılmışdır. Ona görə də, həmin halın hazırkı işdə yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə həmçinin hesab etmişdir ki, qanunvericiliyin tələbinə əsasən iddiaçı istər əmlak, istərsə də qeyri-əmlak xarakterli zərərə məruz qalmasını, iztirab və sarsıntı keçirməsini sübuta yetirməlidir. Lakin işdən göründüyü kimi, iddiaçı bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, maddi və mənəvi zərərə məruz qalmasını sübuta yetirə bilməmişdir Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 26-cı maddəsinin İ hissəsinə, 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 82.3, 107-ci maddələrinə, Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarında, Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında ifadə edilmiş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan son ra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2091/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsin in qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası öz mövqeyini MPM-in 14.2, 77.1, 78.1-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, obyektivliyi şübhə altında olan arayış araşdırılsa, bu sənədin saxta yollarla, cavabdeh tərəfindən bilərəkdən hazırlandığı və məqsədinin də iddiaçıdan daha çox pul vəsaiti əldə etmək, ona zərər yetirmək olduğu aşkar olar. Bundan başqa, məhkəmə özü də lazımi sorğular göndərməklə həm arayışın mötəbərliyini, həm də iş üzrə 310 baş xırda buynuzlu heyvanların dəyəri barədə ekspertiza qurumlarında qiymətləndirilməsini həyata keçirə, heyvanların dəyərinin arayışda ifadə olunan məbləğdən iki qat artıq olduğunu müəyyən edə bilər. Hakim öz qətnaməsində sübutlara hər hansı münasibət bildirməmişdir. Eyni zamanda cavabdeh uzun illər haqsız və qanunsuz əsaslarla iddiaçını məhkəmə və hüquq-mühafizə orqanlarında süründürmüş, iddiaçını dələduzluqla ittiham edib, işgüzar nüfuzunu zədələyərək ciddi mənəvi zərər və sarsıntılar keçirməsinə səbəb olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili mə hkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun o lmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində qətnamə iş üzrə yeganə iddiaçı olan kassator tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq MPM Maddə 82.3 Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. “MPM-in 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 23.02.2016-cı il tarixli qərarı: “MPM-in 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilm əzdir”. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri iddianın və apellyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası həmin hallar üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlillər i məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2091/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar