Məhkəmə qərarları › İş №2(102)-4267/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4267/2022

17.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4267/2022 17.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nin “Liman Klinikası”na və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: tibb müəssisəsində müalicə zamanı sağlamlığa vurulmuş zərərin ödənilməsi, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 yanvar 2022-ci il tarixli, 2(105)-294/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı 22 sentyabr 2014-cü il tarixində X4 adına Milli Oftalmologiya Mərkəzinə müraciət etmiş, ona “OU - Hipermetriya orta dərəcəli” diaqnozu qoyularaq, müvafiq müalicə təyin edilmişdir. 2. 23 aprel 2017-ci ildə “Liman Klinikası”nda çalışan həkim-oftalmoloq Cavabdeh2 tərəfindən İddiaçı üzərində “OD - kataraktanın FAKO emulsifikasiya üsulu ilə ekstraksiyası + İOL implantasiyası” əməliyyatı aparılmışdır. 3. 2018-ci ilin fevral ayında İddiaçı Azərbaycan Respublikası Hərbi Hospitalında çalışan həkim-oftalmoloq Anar Rəhimova müraciət etmiş, sonuncunun göndərişinə əsasən “MedEra” hospitalında 10 mart 2018-ci il tarixdə aparılmış müvafiq (MRT) müayinələrlə onun beynində türk yəhəri nahiyəsində meningioma olması və bu xoşxassəli törəmənin ölçülərinin artıq 40x40x30 mm-ə çatması, meningiomanın görmə sinirlərini və digər ətraf sinirləri sıxması müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nin “Liman Klinikası” və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin “Liman Klinikası”ndan vurulmuş maddi və mənəvi zərərə görə 79136 manat məbləğin, həmçinin cavabdeh həkim Cavabdeh2 həkim səhvi nəticəsində vurulmuş maddi və mənəvi zərərə görə 79136 manat məbləğin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlərin düzgün müayinə aparmaması və düzgün diaqnoz qoymaması nəticəsində iddiaçı gözdən əlil olmuş, ona birinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin təyin olunması üçün müayinə olunduğu Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimi tibb üzrə fəlsəfə doktoru Ruhəngiz Balayeva da əməliyyatdan öncə zəruri olan müayinələrin keçirilməməsi səbəbindən onkoloji yeni törəmənin aşkar edilməməsi, uzun sürən təsir nəticəsində “OU - görmə sinirlərinin atrofiyası” diaqnozu qoymuşdur.

6. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə-tibbi ekspertizasının 17 mart 2021-ci il tarixli rəyinə əsasən İddiaçı 11 aprel 2017-ci il tarixdə “Liman Klinikası”na hər iki gözünün zəif görməsi şikayətləri ilə müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra ona “OU komplikat katarakta” diaqnozu düzgün təyin edilmişdir. İddiaçı 10 mart 2018-ci il tarixdə “MedEra Hospital”da baş beynin MRT müayinəsində “Sellar nahiyədə və sol frontoparietal zirvədə qeyd olunan törəmə meningioma” müəyyən edilmişdir. Göz müayinəsi zamanı baş beyində olan hər hansı bir patologiyanı aşkar etmək mümkün deyil. İddiaçı təsdiq olunmuş “Sellar nahiyədə meningioma” diaqnozu və istər əməliyyat öncəsi, istərsə də əməliyyatdan sonrakı dövr üçün törəmənin fəsadı kimi olan görmə qabiliyyətinin pozulması ilə “Liman Klinikası”nda təyin edilmiş “OU komplikat katarakta” və müalicə məqsədi ilə aparılmış cərrahi müdaxilə ilə səbəbli əlaqəsi olmamışdır. Tibbi manipulyasiyalar zamanı sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmamışdır.

7. Sumqayıt Şəhər Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(060)-671/2021 nömrəli qətnaməsi ilə (hakim E.A.Abdullayev) iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1097, 1112-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, hazırkı iddianın təmin edilməsi üçün iddiaçıya “Liman” Klinikasında təyin edilmiş “OU komplikat katarakta” diaqnozunun düzgün təyin edilməməsi, “Liman” Klinikasında aparılmış müayinə nəticəsində Cavabdeh2 iddiaçının beynində patologiyanın olmasını aşkar etməli olduğu halda, bunu etməməsi, iddiaçıda sonradan aşkar edilmiş “Sellar nahiyədə və sol fronto-parietal zirvədə qeyd olunan törəmə - meningioma”nın Cavabdeh2 tərəfindən iddiaçı üzərində aparılmış cərrahiyyə əməliyyatı və müalicələrin səhv aparılması nəticəsində yaranması və ya daha da irəliləməsi sübut edilməlidir. İş üzrə təyin edilmiş kompleks məhkəmə-tibbi ekspertizasına dair ekspert rəyində isə iddiaçıya “Liman” Klinikasında təyin edilmiş “OU komplikat katarakta” diaqnozunun düzgün təyin edildiyi, göz müayinəsi zamanı baş beyində hər hansı patologiyasını aşkar etməyin mümkün olmadığı, “Sellar nahiyədə və sol fronto-parietal zirvədə qeyd olunan törəmə-meningioma”nın “Liman” Klinikasında təyin edilmiş “OU komplikat katarakta” diaqnozu və aparılmış cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsi olmadığı qeyd edilmişdir. Göründüyü kimi, iddiaçıya maddi və mənəvi ziyanın məhz cavabdehlərin təqsirli hərəkətləri nəticəsində vurulması iş materialları ilə sübut edilmir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. İddiaçı X3 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 1 7 sentyabr 2021-ci il tarixli, 2(060)-671/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 yanvar 2022-ci il tarixli, 2(105)-294/2022 nömrəli qətnaməsi ilə (hakim T.Q.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.R.Abasovdan və S.A.Qafaridən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(060)-671/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehlər tərəfindən iddiaçıya yanlış diaqnoz qoyulması və düzgün müalicə aparılmamasına dair iş materiallarında hər han sı bir sübut yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

12. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 yanvar 2022-ci il tarixli, 2(105)-294/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 1112, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 51, 57, 59-cu, Mülki Prosessual Məcəllənin 63.2, 81, 88, 101.6, 101.7, 103, 204.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, məhkəmə tərəfindən sübutetmə yükü düzgün bölüşdürülməmiş, mülki qanunvericilikdə müəyyən edilən “təqsirlik prezumpsiyasına ” görə göstərdiyi tibbi xidmətin düzgün, tam və keyfiyyətli olduğunu sübut etmək vəzifəsini cavabdeh Klinikanın üzərinə qoymamışdır. Cavabdeh tibbi vəzifələrini lazımi səviyyədə yerinə yetirməyərək “göz dibinin müayinəsi”ni keçirməmiş, səhv diaqnoz qoyaraq bir il müddətində səhv müalicə aparmışdır. Nəticədə beyinin sellar nahiyəsindəki görmə sinirlərini sıxan yenitörəmə (meningioma) kəskin böyüdüyündən iddiaçının sağlamlıq vəziyyəti nəinki yaxşılaşmamış, görmə qabiliyyəti əhəmiyyətli dərəcədə pozulmuş, hətta həyatına təhlükəli vəziyyət yaranmışdır. Həmçinin iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi əsassız olmuş, məhkəmə isə həmin rəyi əsas götürərək qətnamə qəbul etmişdir.

14. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazıl ı icraat qaydasında baxılmışdır.

15. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

16. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılma hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

17. Apellyasiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirdiyindən hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki h üquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin on un təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 101.7-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiya sı məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 20. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassas iya instansiyası məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

22. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddianı rədd edən məhkəmələr mövqeyini onunla əsaslandırmışlar ki, iddiaçı cavabdehlərin göstərdikləri tibbi xidmət nəticəsində ona zərər vurulmasını sübut edə bilməmişdir. Bu zaman iş üzrə keçirilmiş kompleks məhkəmətibbi ekspertizasının rəyinə istinad olunmuşdur.

23. Lakin apellyasiya məhkəməsi ekspert rəyini MPM-in 88, 101.7 və 103.1-ci maddələrinə uyğun qiymətləndirməmiş, o cümlədən nəzərə almamışdır ki, ekspert rəyində işin həlli üçün zəruri olan bütün suallara cavab verilməmişdir.

24. Belə ki, iddiaçının mübahisələndirdiyi məsələlərdən biri ondan ibarət olmuşdur ki, ona cavabdehlər tərəfdən düzgün diaqnoz qoyulmamış, müalicə düzgün aparılmamış və bunun üçün zəruri müayinələr keçirilməmişdir. O cümlədən, iddiaçı apellyasiya şikayətində və məhkəmələrə verdiyi vəsatətlərdə cavabdehlər tərəfindən keçirilmiş müayinənin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş Kliniki protokollara, X1 qəbul etdiyi “X2” uyğun olmadığını, onun “göz dibinin” müayinəsinin keçirilmədiyini göstərmişdir.

25. Qeyd olunmalıdır ki, keçirilmiş məhkəmə tibbi ekspertizasının 17 mart 2021-ci il tarixli rəyinə əsasən iddiaçı komissiyanın müayinəsində olduğu zaman 2017-ci ildə görmə qabiliyyə tinin zəiflənməsi və kəskin baş ağrıları şikayəti ilə “Liman Klinikası”na müraciət etdiyini göstərmişdir. Lakin iş materiallarında olan ambulator xəstənin tibbi kartasının surətində xəstənin şikayətləri öz əksini tapmamışdır.

26. Bundan əlavə, iddiaçı şikayət və vəsatətlərində cavabdehlər tərəfindən edilmiş əməliyyatdan sonrakı dövrdə dəfələrlə təkrar şikayətlərlə müayinə olunduğunu, lakin ona yenə də zəruri müayinə və müalicələrin edilmədiyini göstərmişdir. Bu hallarla bağlı da, iddiaçının tibbi kartasında hər hansı qeydiyyat aparılmamışdır.

27. Məhkəmələr əməliyyatdan öncə və sonradan müayinələrin tam və lazımi qaydada aparılmasını, tibbi sənədlərin düzgün tərtib edilməsini, iddiaçının etdiyi şikayətlər əsasında onun göstərdiyi kimi “göz dibinin” yoxlanılmasının və ya MRT müayinəsinin (h əm əməliyyatdan əvvəl, həm də sonra) zəruri olduğunu, bu müayinələr ediləcəyi halda iddiaçının beynində olan meningioma xəstəliyinin 2017-ci ilin aprel ayında və sonrakı dövrlərdə müəyyən edilməsinin, həmin zaman bu xəstəlik müəyyən ediləcəyi halda, zəruri müalicələr aparılmaqla onun fəsadlarının aradan qaldırılması mümkünlüyünü araşdırmamış, həmin suallara cavab alınması zəruri tibbi sənədlərin məhkəməyə təqdim edilməsini tərəflərə təklif etməmiş, əlavə məhkəmə-tibbi ekspertizasının təyin edilməsi məsələsini müzakirə etməmişdir.

28. Həmçinin iş materiallarında olan iddiaçının şikayəti əsasında Sumqayıt şəhər prokurorluğu tərəfindən qəbul edilmiş Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28 may 2020-ci il tarixli qərarından və məhkəmə-tibbi ekspertizasının 03 sentyabr 2019-cu il tarixli rəyinin surətindən müəyyən olunur ki, iddiaçı əvvəllər də, oxşar iddia ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və iddiası əsasında araşdırma aparılmışdır. Lakin həmin iddianın tələbinin dəqiq nədən ibarət olması müəyyən deyil, onun nəticəsində qəbul edilmiş məhkəmə aktı iş materiallarına əlavə olunmamışdır. Halbuki, həmin iş üzrə hər hansı qətnamə qəbul edildiyi halda, həmin qətnamənin hazırki iş üzrə preyudisial əhəmiyyətə malik edilməsi istisna edilmir.

29. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar arada n qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınma dığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

31. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

32. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

33. İşə yenidən baxan məhkəmə tərəfindən işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli, o cümlədən əlavə məhkəmə-tibbi ekspertizasının təyin edilməsi məsələsi tərəflərlə müzakirə edilməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutla ra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməklə, iddiaçının müalicəsi (düzgün müalicə edilməməsi) nəticəsində onun səhhətinə ziyanın vurulub-vurulmaması müəyyən olunmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması təmin edilməlidir.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 yanvar 2022-ci il tarixli, 2(105)-294/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar