Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-448/2022 28.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinə çəkilən xərclərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: çəkilən xərclərin əvəzinin ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5616/2021 nömrəli iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 28 fevral 2022-ci il tarixdə Ali Məhkə mənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Quba rayon 1-ci Nügədi kəndində 0,23 ha torpaq sahəsi Quba rayon Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli, 7 saylı qərarına əsasən Cavabdeh1 xüsusi mülkiyyətindədir. Quba rayon Məhkəməsinin 05 sentyabr 2006-cı il tarixli, 2-478/2006 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, digər torpaq sahələri ilə yanaşı Cavabdeh1 JN 1669, kod 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 0,23 ha torpaq sahəsinin 26 noyabr 2001-ci il tarixdə İddiaçı satmalarına dair aralarında bağlanmış alqı-satqı əqdinin etibarlı hesab edilməsi, həmin torpaq sahələrinin İddiaçı mülkiyyətinə verilməsi, JN 1672, kod 30319018 saylı torpağa mülkiyyət hüququna dair mərhum Musayev Minac Cəma ləddin oğluna məxsus və ondan miras qalmış 0,46 ha torpaq sahəsinə vərəsəlik üzrə İddiaçı mülkiyyət hüququnun müəyyən olunması, göstərilən həmin torpaq sahələrinin alqı- satqı və vərəsəlik üzrə İddiaçı adına dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarışın verilməsi DƏDRX-nin Xaşmaz Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2019-cu il tarixli, 2(105)258/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 və qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Quba Rayon Məhkəməsinin 05 sentyabr 2006-cı il tarixli, 2-478/2006 saylı qətnaməsi qismən - Cavabdeh1 dair hissədə ləğv olunmuş, İddiaçı Cavabdeh1 qarşı torpaq alqı-satqı əqdinin etibar lı hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 11.07.2019-cu il tarixli, 2(102)- 4797/2019 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Quba X1 Mərkəzinin mütəxəssisi tərəfindən 20.05.2019-cu il tarixdə verilmiş rəydən görünür ki,İddiaçı məxsus Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 5,18ha meyvə bağındakı hər alma ağacının dəyəri 396 manat, hər gilas ağacının dəyəri 1440 manat kimi müyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəmə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara qaytarılmalı olan Quba rayon Aqrar İslahat Komissi yasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə JN 1669, kod 30319018 saylı mülkiyyət hüququna dair dövlət aktı ilə mülkiyyətə verilmiş Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,23 ha torpaq sahəsinin üzərində mövcud olan və faktiki İddiaçı məxsus ümumi dəyəri 55440 manat 140 ədəd alma ağacının və ümumi dəyəri 17280 manat olan 12 ədəd gilas ağacının əvəzinə 72720 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2001- 2002-ci illərdə Quba rayonu ərazisində özünə torpaq sahəsi almaq istəyərkən yaxın qohumları olan cavabdehlərin özlərinə aid torpaq sahələrini satmaq istədiklərini öyrənmiş, torpaq sahələrini onlardan alaraq pullarını ödəmiş, bu barədə aralarında həmin tarixdə müqavilə imzalanm ışdır. Cavabdehlərdən əksəriyyətinin şəxsiyyət vəsiqəsi olmadığından 25 və 26 noyabr 2001-ci il tarixlərdə bağlanmış alqı-satqı müqavilələrini notarial qaydada rəsmiləşdirmək mümkün olmamış, cavabdehlər tez bir zamanda şəxsiyyət vəsiqələri əldə edib alqı-satqı müqavilələrini notarial qaydada rəsmiləşdirəcəklərinə söz vermişlər. İddiaçı yaxın qohumluq münasibətlərində olduğu cavabdehlərin sözlərinə inanaraq həmin vaxtdan torpaqlara özü baxaraq becərmiş, bütün torpaq rüsumlarını və vergiləri şəxsən özü ödəmişdir. Bunlarla yanaşı, JN 1672, kod 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə mərhum atası Musayev Minac Cəmaləddin oğluna məxsus 0,46 ha torpaq sahəsini atasının ölümündən sonra, yəni 05 noyabr 1999-cu il tarixdən özü baxaraq əkib becərmiş, atasının ölümündən sonra h aqqında danışılan miras qalmış torpaq sahəsini şəxsən özü qəbul etmiş və buna digər bacı-qardaşları etiraz etməmişlər. Quba rayon Məhkəməsinin 05 sentyabr 2006-cı il tarixli, 2-478/2006 saylı qətnaməsi ilə həmin trpaq sahələrinə dair əqdlər bağlanmış hesab edilmiş və onun mülkiyyət hüququ tanınmışdır. Quba rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli, 2(027)478 saylı qərardadı ilə (hakim Zamin Tahirovun sədrliyi ilə) Cavabdeh2 və Cavabdeh1 Quba rayon Məhkəməsinin 05 sentyabr 2006-cı il tarixli, 2- 478/2006 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizələri təmin edilərək, iş materialları onların apellyasiya şikayətləri ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə Cavabdeh1 həmin qətnamədən apell yasiya şikayəti verərək, Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə JN 1669, kod 30319018 saylı mülkiyyət hüququna dair dövlət aktı ilə onun mülkiyyətinə verilmiş Quba rayonu, 1- ci Nügədi kəndində yerləşən 0,23 ha torpaq sahəsini İddiaçı satmadığını, bununla bağlı aralarında heç bir müqavilə bağlanmadığını, mülkiyyətində olan qeyd edilən torpaq sahəsinin satılmasına razılıq vermədiyini, buna görə də işmateriallarında olan alqı-satqı müqaviləsinin saxta olduğunu, birinci instansiya məhkəməsinin işin bütün faktiki hallarını araşdırmadığını, zəruri olan halların sübut olunmadığına göz yumduğunu, həmçinin qətnamədə göstərilən nəticələrin işin hallarına uyğun gəlmədiyini əsas gətirərək Quba rayon Məhkəməsinin 05 sentyabr 2006-cı il tarixli, 2478/2 006 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Qəbul edilmiş həmin qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs, Cavabdeh1 arvadı Cavabdeh2 həyat yoldaşı ilə eyni məzmunlu apellyasiya şikayəti verib, əlavə olaraq birgə nikahda olduqları zaman Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə JN 1669, kod 30319018 saylı mülkiyyət hüququna dair dövlət aktı ilə onun ərinin mülkiyyətinə verilmiş Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,23 ha torpaq sahəsinin İddiaçı satılmasından məlumatsız olduğunu, bu alqı-satqı aparılarkən onun notarial qaydada razılığının alınmadığını əsas gətirməklə Quba rayon Məhkəməsinin 05 sentyabr 2006-cı il tarixli, 2-478/2006 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş e tmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2019-cu il tarixli, 2(105)-258/2019 saylı qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Fuad Məmmədov) Cavabdeh1 və qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Quba rayon Məhkəməsinin 05 sentyabr 2006-cı il tarixli, 2-478/2006 saylı qətnaməsi qismən - Cavabdeh1 dair hissədə ləğv olunmuş, İddiaçı Cavabdeh1 qarşı torpaq alqı-satqı əqdinin etibarlıhesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin 11.07.2019-cu il tarixli, 2( 102)-4797/2019 saylı qərarı ilə tərəfimizdən verilən kassasiya şikayət i təmin edilməyərək, Sumqayit Apellyasiya Məhkəməsinin 11 fevral 2019-cu il tarixli, 2(105)- 258/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin bu qətnaməsinin icrası qaydasında 25 noyabr 2001- ci il tarixdən faktiki iddiaçının sahibliyində və istifadəsində olan Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə JN 1669, kod 30319018 saylı mülkiyyət hüququna dair dövlət aktı ilə Cavabdeh1 mülkiyyətinə verilmiş Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,23 ha torpaq sahəsi iddiaçıdan alınaraq cavabdehə qaytarılmalıdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, 25 noyabr 2001-ci il tarixdən başlayaraq barəsində söz açılan Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,23 ha torpaq sahəsi İddiaçı faktiki sahi bliyində olmaqla 2007-ci ildən onun tərəfindən becərilib qulluq edilərək alma və gilas ağacları əkilmiş, son 12 il ərzində həmin ağaclara mövcud tələblərə uyğun şəkildə yüksək səviyyədə aqrotexniki xidmət göstərilmiş, eyni zamanda torpağın bütün vergi və rüsumları onun tərəfindən ödənilmişdir. Hazırda 0,23 ha ölçüsü olan bu torpaq sahəsinin üzərində hər birinin dəyəri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Quba X1 Mərkəzinin mütəxəssisləri tərəfindən verilən rəyə əsasən 396 manat qiymətləndirilən çox illik 140 ədəd alma ağacı və həmin rəyə əsasən hər birinin dəyəri 1440 manat qiymətləndirilən 12 ədəd gilas ağacı mövcuddur. Lakin haqqında danışılan torpaq sahəsi İddiaçı ötürülərkən tam şəkildə boş olmuş, onun üzərində heç bir ağac və ya digər bitki olmamışdır. Göründüyü kimi iddiaçının sərf etdiyi vaxt, maliyyə vəsaiti və fiziki əmək nəticəsində üzərində əkilən və aqrotexniki xidmət göstərilən alma və gilas ağaclarının hesabına bu sahənin qiyməti dəfələrlə artmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Quba X1 Mərkəzinin 20 may 2019-cu il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, aqrotexniki xidmət işlərinin yüksək səviyyədə aparıldığı və mövcud məhsul görünüşünü nəzərə almaqla orta məhsuldarlıq alma ağacları üçün 400 sentner olmaqla bundan sonra 20-24 il meyvəvermə qabiliyyətinə malik olacaq və gilas ağacları üçün - 160 sentner olmaqla bundan sonra 18-20 il meyvəvermə qabiliyyətinə malik olacaq. İddiaçı qeyd edilən ağacları əkməkdə məqsədi uzun illər ərzində bu ağacların bəhrəsini əldə etmək və həmin bəhrədən yararlanmaq olmuşdur. Bunu bilən cavabdehlər isə torpağı iddiaçıya ötürdükdən 17 il sonra, yəni ağaclar tam şəkildə bəhər verməyə başladıqdan sonra iddia qaldıraraq bağı geri tələb etməyə başlamışlar. Yuxarıda sadalanan məhkəmə aktlarından da görünür ki, Cavabdeh1 Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,23 ha torpaq sahəsi 2001-ci ildə olan vəziyyətdə geri qaytarılmalıdır. Amma onun üzərində iddiaçıya məxsus 140 ədəd alma və 12 ədəd gilas ağacı mövcuddur. Ağacların isə torpaq sahəsindən ayrılması bioloji baxımdan mümkün olan deyil. Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən mübahisə predmeti olan 0,23 ha torpaq sahəsinin üzərində mövcud 140 ədəd alma ağacının ümumi dəyəri 55440 manat (140 ədəd x 396 manat), 12 ədəd gilas ağacının isə ümumi dəyəri 17280 manat (12 ədəd x 1440 manat) təşkil edir. Hazırda id diaçıya məxsus cəmi bazar qiyməti 72720 manat təşkil edən 152 ədəd meyvə ağacı cavabdehə qaytarılmalı olan torpaq sahəsinin üzərində yerləşir. "xxxx" MMC-nin qiymətləndirici eksperti tərəfindən tərtib edilmiş 26.10.2020-ci il tarixli hesabatından görünür ki, gilas ağaclarının qiyməti: 1 (bir) ədədinin qiyməti 1430 (bir min dörd yüz otuz) manat, 12 (on iki) ədədinin qiyməti 17160 (on yeddi min yüz altmış) manat; alma ağaclarının qiyməti: 1 (bir) ədədinin qiyməti 380 (üç yüz səksən) manat, 140 (bir yüz qırx) ədədinin qiyməti 53200 (əlli üç min iki yüz) manat, cəmi: 70360 (yetmis min üç yüz altmış) manat təşkil edir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim Cəmilə Musayeva) 18 fevral 2021-ci il tarixli 2(006)-236/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki Quba rayon Aqrar İslahat Komissiyasının 1999cu il tarixli, 7 saylı qərarı ilə Cavabdeh1 Quba rayon 1-ci Nügədi kəndində 0,23 ha torpaq sahəsinə dair mülkiyyət hüququ HN 1669 kod 30319018 saylı dövlət aktına əsasən təsdiq edilmiş, daha sonra sözügedən torpaq sahəsi 25 noyabr 2001-ci il tarixdə İddiaçı özgəninkiləşdirilmişdir. Qeyd edilən torpaq sahəsi barəsində tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi hazırkı iş üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh1 iddiasına əsasən müqavilədəki imzanın ona məxsus olmadığı səbəbi ilə məhkəmə qaydasında mübahisələndirilmiş, 25 noyabr 2001-ci il tarixli həmin müqavilə etibarsız hesab edilmişdir. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1 və onun arvadı Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,23 ha torpaq sahəsinin üzərində mövcud olan və faktiki İddiaçı məxsus ümumi dəyəri 55440 manat 140 ədəd alma ağacının və ümumi dəyəri 17280 manat olan 12 ədəd gilas ağacının əvəzinə 72720 manat pulun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd etmişdir ki, yuxarı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş və bu iş üçün preyudisiya əhəmiyyətinə malik olan faktlardan görünür ki, predmeti mübahisəli torpaq sahəsi olan alqı-satqı müqaviləsi hazırkı iş üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh1 iddiasına əsasən müqvilədəki imzanın ona məxsus olmaması səbəbi ilə etibarsız hesab edilmişdir. Bu faktın hazırkı məhkəmə baxışı çərçivəsində mübahisələndirilməsi, y enidən sübut edilməsi yolverilməzdir və artıq müəyyən edilmiş hesab edilməlidir. Məhkəmənin gəldiyi qənaətə görə, tərəflər arasında bağlanmış müqavilə etibarsız hesab edildiyindən, hazırkı mübahisəninhəlli etibarsız hesab edilmiş müqavilədən irəli gələn öhdəliklərlə bağlı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlısahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1091-ci maddəsinin tələblərinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanı n) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa vəya sonralar aradan qalxmış əsasa söykənir. Bu Məcəllənin 1094-cü maddəsinə uyğun olaraq əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6 və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Belə ki, yuxarıda sadalanan mülki qanunvericilik normalarının tələblərindən göründüyü kimi vicdanlı sahib olmuş məhrum olan əmlaka zərər yetirmədən ondan ayrıla bilən yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadı qda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Beləliklə, hazırkı mübahisənin düzgün həlli üçün iddiaçının etibarsız hesab edilmiş müqaviləni bağlayarkən vicdanlı davranıb-davranmadığı məsələsi müəyyən edilməlidir. Məhkəmə müqavilənin qeyd edilən səbəbdən etibarsız hesab edilməsi, müqavilə tərəflərinin qohum olmasını və bununla da müqavilənin bağlanmasında və imzalanmasında iştirak edən şəxsin qardaşı oğlunun Cavabdeh1 olmamasını müəyyən etmək üçün İddiaçı bütün imkanlara malik olduğunu nəzərə alaraq hesab etmişdir ki, o, torpağın alqı-satqı müqaviləsi bağlanan zaman vicdanlı davranmamışdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6, 157.7, 1091, 1094 və MPM-nin 82.3, 233.3-cü maddələrinə istinadla əsaslandırmışdır. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Namiq Cəfərov - sədrlik edən və məruzəçi, İlham Kərimli və Elşən Kazımov) 2(103)-5616/2021 nömrəli iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin 18.02.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, torpaq sahəsi cavabdeh tərəfə məxsusdur, ağacları isə ora iddiaçı əkib, bu barədə mübahisə yoxdur. İddiaçı ağacları cavabdehlərin razılığı olmadan əkib. Cavabdeh tərəf bildirir ki, ağaclar onlara lazım deyil, ağacların dəyərini ödəmək istəmirlər, bundan başqa, ağacların bir hissəsi artıq öz ömrünü (məhsuldarlıq dövrünü) başa vurub, iddiaçının ağacları çıxarıb aparmasına (başqa yerə köçürməsinə) heç bir etirazları yoxdur. Mülki Məcəllənin 157.7-ci maddəsinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Ağacların başqa yerə köçürülməsi mümkündür, bu, torpaq sahəsinə zərər vurmur. 157.7-ci maddənin göstərişi əşyalara aid olsa da ağaclara da şamil oluna bilər. Belə ki, Mülki Məcəllənin 135.3-cü maddəsinə görə bitkilər əşya deyildir, onların hüquqi vəziyyəti xüsusi qanunlarla müəyyənləşdirilir, əgər qa nunvericilikdə ayrı qayda müəyyənləşdirilməyibsə, əşyaların hüquqi vəziyyəti bitkilərə də şamil edilir. Ona görə də, hazırkı mübahisədə ağaclar “ayrıla bilən yaxşılaşdırma” sayılır. Məhkəmə kollegiyası hesab etmişdir ki, ağacların torpaq sahəsindən çıxarılaraq başqa yerə köçürülməsi mümkün olduğuna görə iddiaçı ağacların dəyərinin ödənilməsini tələb edə bilməz. İddiaçı İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 2(103)-5616/2021 nömrəli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üüçn apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən ağacları "ayrıla bilən yaxşılaşdırma" kimi qiymətləndirmişdir. Ancaq buna dair hər hansı bir mütəxəssis rəyi olmadan ağacların ayrıla biləcəyi qənaətinə gəlmişdir. Halbuki, Azərbaycanda mövcud olan bağçılıq təcrübəsinə əsasən 10 illik ağacların başqa yerə köçürülməsi təcrübəsi yoxdur. Çünki, həmin ağaclar köçürüldükdə quruma ehtimalı çoxdur. Bu baxımdan məhkəmə mütəxəssis rəyinə əsasən həmin köçürməni həyata keçirilib keçirilməməsi barədə qətnamə qəbul edə bilərdi. Ancaq məhkəmə yalnız cavabdehin izahatını əsas götürüb qətnamə qəbul etmişdir. Ancaq burada əslində mütəxəssis rəyi alınmalı idi. Bu baxımdan iş üzrə obyektiv qərar qəbul etmək üçün işə yenidən baxılmalı və mütəxəssis rəyi alınmalıdır. Cavabdehin Quba Rayon Məhkəməsinin 2-478/2006 saylı 05 sentyabr 2006-cı i l tarixli qətnaməsi ilə cavabdehə məxsus 0.23 ha torpaq sahəsi mənə verildikdən sonra həmin torpaq sahəsinə sahibliyindən xəbəri olmuşdur. Belə ki, cavabdeh hətta 2006-cı ildə Quba Rayon məhkəməsində məhkəmə baxışı keçirilən zaman belə Azərbaycanda olmuşdur. Yəni nəticə etibari ilə onun torpaq sahəsinin mübahisələndirildiyindən məlumatlı olmuşdur. Bundan başqa, onun qeyd edilən torpaq sahəsinə sahibliyi və 2007-ci ildən qeyd edilən torpaq sahəsində əkinçilik fəaliyyəti ilə məşğul olmağından xəbəri olmuş və buna dair heç bir etiraz etməmişlər. Quba Rayon Məhkəməsinin 2(027)-889/2020 saylı 20.05.2020 tarixli qətnaməsində cavabdeh özünün torpaq sahəsinin yerləşdiyi kənddə yaşadığını qeyd etmişdir. Bu baxımdan onlar torpaq sahəsində əkin işləri apardığı vaxtdan ona etiraz edə bilərdilər. Quba Rayon Məhkəməsinin 2-478/2006 saylı 05 sentyabr 2006-cı il tarixli qətnaməsini mübahisləndirə bilər və nəticə əldə edə bilərdilər. Məhkəmə 157.7-ci maddəsini tətbiq etsə də, torpağa zərər dəyməsini qiymətləndirib, ancaq iddia çəkilmiş xərclərin əvəzinin ödənilməsidir. Ağaclar çıxarılarkən onlara dəyəcək zərər nəzərə alınmayıb. Azərbaycan Respublikası MM-nin135.3-cü maddəsinin mübahisəyə tətbiq edilməsi isə onun hüquqlarını pozub. Cavabdehlərin kassasiya şikayətinə dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şər ti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməs inə kömək göstərir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
377. İşdə iştirak edən şəxslərin işə apellyasiya instansiyası məhkəməsində baxılması ilə bağlı olan bütün məsələlər barəsində müraciətləri və vəsatətləri, işdə iştirak edən digər şəxslərin fikri dinlənildikdən sonra məhkəmə tərəfindən həll edilir. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq edilməsini yoxlayır. Maddə 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə İddiaçı kassasiya şikayəti verərək apelyasiya ins tansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən prossesual hüquq normalarının tələbləri pozulduğuna görə qətnamə ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsindəki imzanın Cavabdeh1 məxsus olmamasına görə etibarsız hesab edilməsinə, müqavilə tərəflərinin qohum olmasına və bununla da müqavilənin bağlanmasında və imzalanmasında iştirak edən şəxsin qardaşı oğlunun Cavabdeh1 olmamasını müəyyən etmək üçün İddiaçı bütün imkanlara malik olduğunu nəzərə alaraq hesab etmişdir ki, o, vicdansız sahibdir və çəkdiyi xərclərin əvəzini tələb edə bilməz. Birinci instansiya məhkəməsinin qə naəti ilə razılaşmayan apellyasiya məhkəməsi iddiaçının vicdanlı sahib hesab etmiş və mübahisəyə Mülki Məcəllənin 157.7-ci maddəsini tətbiq etmişdir. Lakin bu zaman birinci instansiya məhkəməsinin mövqeyi ilə nəyə görə razılaşmamasını, iddiaçını hansı əsaslara görə vicdanlı sahib hesab etməsini əsaslandırmamışdır. Eyni zamanda, Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən çoxillik ağacları əmlaka zərər yetirmədən ondan ayrıla bilən yaxşılaşdırma hesab edərək, ağacların başqa yerə köçürülməsinin mümkünlüyü qənaətinə gəlməsini də qətnamədə əsaslandırmamış, bu məsələ xüsusi bilik tələb edən məsələ olduğu halda, bunun üçün müvafiq ekspert rəyi və ya mütəxəssis rəyi alınmasının zərurətini nəzərə almamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Azərbaycan Respublikasının MPM-nin 14.2, eləcə də 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tər əflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutları n qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müd afiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya insta nsiyası məhkəməsi işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun əsaslandırmamışdır. Ona görə də, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, iddiaçının vicdan lı yoxsa vicdansız sahib olmasını barədə gələcəyi qənaət əsaslandırmalı, bundan asılı olaraq mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətlərinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5616/2021 nömrəli iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.