Məhkəmə qərarları › İş №2(102)-4681/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4681/2022

13.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4681/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4681/2022 (Açar sözlər: əmək münasibətləri prosesində işçiyə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)608/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 01 iyul 2014-cü il tarixdə “X4” MMC-də sanitar-təlimatçı vəzifəsinə işə qəbul olunmuş, sonradan həmin MMC-nin adı dəyişdirilərək "xxxx" MMC adlandırılmışdır.

2. MMC-nin 20 dekabr 2017-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddənin 3-cü hissəsinə əsasən (öz xahişi ilə) xitam verilmişdir.

3. Bundan sonra, iddiaçı cavabdehə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş burax mağa görə əmək haqqı və əmək haqqının 1 %-i həcmində ödənc” tələblərinə dair iddia qaldırmış, həmin iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-6211/2018 nömrəli, 25 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuş və qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ştatdan kənar işlədiyi gecə növbəsinin zərərli sahənin maaşlarının bərpa olunması, cavabdehin qanunsuz hərəkətləri nəticəsində 3 ilə yaxın işsiz qaldığı müddətin kompensasiyasının, ona dəymiş 40.000 manat maddi və 10.000 manat mənəvi zərərin ödənilməsi və kompensasiyanın 1 faizi həcmində dövlətə ödənilməsi barədə qətnamə çıxarılması nı xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-cü il tarixdə cavabdeh MMC-də sanitar-təlimatçı vəzifəsinə qəbul edilmiş, iş qrafikinin saat 9:00-18:00-dək olduğu halda, onu saat 00:00-dan səhər saat 03-04 radələrinə kimi qeyri-qanuni işlətmişlər. Gecələr sanitar-epidemiologiyaya nəzarət etmişdir. xx.xx.2017-ci il tarixdə dezinfeksiya zamanı kimyəvi dərmanların təsirindən zəhərlənmiş və həmin gün 23:40 radələrində Abşeron rayon X6 Stansiyasının müşayiəti ilə X3 Toksikologiya şöbəsinə aparılmış, 2 gün ərzində 19-xx.xx.2017-ci tarixlərdə ona müvafiq tibbi yardım göstərilmiş, müayinə zamanı kəskin infeksion fosfor üzvi birləşmələr ilə zəhərlənmə diaqnozu qoyulmuşdur. Xəstə vəziyyətdə olarkən xx.xx.2017-ci il tarixdə MMC-nin əməkdaşı xəstəxanada ona yaxınlaşaraq, i ş yerindən maddi yardımın gətirilməsi ilə bağlı göstərilən yerə imza atmağını xahiş etmiş, o da, vərəqdə yazılanları oxumaq iqtidarında olmadığından imza atmışdır. Sonradan məlum olmuşdur ki, həmin sənəddə onun işdən azad edilməsini xahiş etməsi göstərilmiş və son haqq-hesab, əmrin surəti, əmək kitabçasının təhvil verildiyi qeyd edilmişdir. xx.xx.2017-ci il tarixdə MMC-nin rəhbərliyi onu qeyri-qanuni olaraq işdən azad etmişdir. "xxxx" MMC-nin direktoru tərəfindən xx.xx.2020-ci il tarixli tövsiyə məktubundan görünür ki, iddiaçı təqdim etdikləri xidmətlərə nəzarət etmiş və xidmətin qəbulunda məsul şəxs olmuş, həmin müəssisədə xidmət göstərdiyi müddət ərzində hər zaman qüsursuz xidməti olmuşdur. Yoldaşı həbsxanada, xəstə vəziyyətində dava-dərmana ehtiyacı olduğu bir vaxtda öz xahişi ilə işdən çıxması absurd olmaqla, həmçinin nəzərə alınmalıdır ki, o, bir ay əvvəl işdən çıxmağı üçün şirkətə müraciət etməmiş, başqa bir işə getmək üçün saziş imzalamamış, təqaüdə çıxmamış, yaşadığı ünvanı tərk etməmişdir. Beləliklə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində davamlı xəstəxana və ev şəraitində müalicələr alması, 3 il ərzində işsiz qalması ilə əlaqədar ona maddi ziyan dəymiş, eyni zamanda qeyd olunanlarla bağlı fiziki iztirablar və mənəvi sarsıntılar keçirmişdir.

6. İddia ərizəsinə əlavə olunmuş X5 tərəfindən verilmiş məsləhət vərəqindən görünür ki, iddiaçı xx.xx.2017-ci il tarixdə ümumi zəiflik, baş gicəllənməsi, ürək bulanması ilə bağlı müraciət etmiş, ona kəskin inhalyasion FUB-lə zəhərlənmə yüngül dərəcə diaqnozu qoyulmuşdur.

7. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bil dirmişdir ki, iddia tələbində istinad olunan halların heç bir sübutu yoxdur. Belə ki, iddia ərizəsinə əlavə edilmiş X5 tərəfindən verilmiş məsləhət vərəqəsi, ultrasəs ilə müayinə, psixi sağlamlıq mərkəzi tərəfindən verilmiş müayinə arayışında iddiaçının MMC-də işlədiyi müddətdə xidməti işi ilə əlaqədar zəhərlənməsinə dair hər hansı bir rəy və ya tibbi qeyd göstərilməmişdir. Zəhərlənmə faktının olub-olmaması xüsusatı ilə yanaşı, həmin zəhərlənmə olsaydı belə, bunun məhz MMC-də işlədiyi xidməti vəzifəsi ilə əlaqədar olması sual doğurmaqla buna dair hər hansı sübut yoxdur. “Verşa" MMC tərəfindən xx.xx.2020-ci il tarixli tövsiyyə məktubunda iddiaçının xidməti xasiyyətnaməsinə dair qeydləri isə ümumiyyətlə düzgün olmamışdır. Çünki bu MMC tərəfindən hansı səlahiyyət çərçivəsində başqa bir MMC-də işləyən işçinin xidməti fəaliyyətini qiymətləndirməsi anlaşılan deyil. Bundan başqa, iddiaçı cavabdehə qarşı əmrin ləğv edilməsi, işə bərpa, maddi və mənəvi ziyan tələbinə dair iddia qaldırmış və həmin iddiası qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə rədd olunmuşdur. Belə olan halda isə, məhkəmə iddianın yolverilməzliyinə görə, iddia ərizəsini qəbul etməkdən imtina etməli idi.

8. Cavabdeh, eyni zamanda, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərədə tutulmuş müddətin ötürüldüyünü bildirmişdir.

9. Abşeron Rayon Məhkəməsinin 2(012)-4662/2021 nömrəli, 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia rədd olunmuşdur.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının hazırkı iddiasının hüquqi əsası kimi istinad etdiyi sənəd - X3 Toksikolgiya şöbəsi tərəfindən verilmiş məsləhət vərəqi kseresurət olmaqla, həmin sənəddə zəhərlənmənin harada, hansı şəraitdə baş verməsi barədə hər hansı qeyd yoxdur. Bundan başqa, ötən müddət ərzində iddiaçı bu barədə cavabdehə məlumat verməmişdir. Onun sağlamlığında baş verən patoloji dəyişikliklərin cavabdehin təqsirli hərəkəti nəticəsində yetirilməsi barədə işdə hər hansı sübut olmadığından iddia tələbi maddi və ona bağlı mənəvi zərər hissəsində əsassızdır və təmin edilməməlidir.

11. Məhkəmə iddia tələbinin ştatdan kənar işlədiyi gecə növbəsinin zərərli sahənin maaşlarının bərpa olunması, cavabdehin qanunsuz hərəkətləri nəticəsində 3 ilə yaxın işsiz qaldığı müddətlərin kompensasiyasının ödənilməsi, kompensa siyanın 1 faizi həcmində dövlətə ödənilməsi hissəsinə münasibətdə isə qeyd etmişdir ki, işdə olan birinci instansiya məhkəməsinin 25 dekabr 2018-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, iddiaçının cavabdehə qarşı onun barəsində verilmiş 20 dekabr 2017-ci il tarixli əmrin ləğv edilməsi, çalışdığı xadimə vəzifəsinə bərpa edilməsi, məcburi işdən çıxarıldığı 20 dekabr 2017-ci il tarixindən başlayaraq əmək haqqı və həmin əmək haqqının 1 faizi həcmində ödənc hesablanması tələbinə dair iddiası təmin edilməmiş, həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.

12. Bundan başqa, iddiaçı həmin hissədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdeh isə iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə ilə müraciət etmişdir. Qeyd edilənlərə əsasə n məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir.

13. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096, 1097.1, 1108.1-ci, Əmək Məcəlləsinin 296-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 89.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnanmə çıxarılmasını xahiş etmişdir.

15. Şikayət onunla əsaslandırılmışdır ki, zəhərlənmənin hansı şəraitdə baş verməsi iddiaçının əmək vəzifəsinə əsasən yerinə yetirdiyi işlə bağlı olduğundan məhkəmənin sadəcə tibbi sənəddə hadisənin harada və hansı şəraitdə baş verdiyinin göstərilməməsinə istinad etməsi qa nunsuz və əsassız olmuşdur. Belə ki, ümumiyyətlə tibbi sənəddə tibbi problemin yarandığı yer və şərait deyil, sağlamlığın pozulması halının nədən ibarət olduğu göstərilir. Bu halda məhkəmə məhz hadisə baş verən gün işçinin tələsik işdən azad olunmasına istinad edərək, işi hərtərəfli araşdırmalı idi. Eyni zamanda, məhkəmə yanlış olaraq Əmək Məcəlləsinin 296-ci maddəsini hazırkı mübahisəyə tətbiq etmişdir. Belə ki, həmin Məcəllənin 296.4-cü maddəsinə əsasən, işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Lakin məhkəmə iddianın təmin edilməməsini əsasladırarkən 1 illik iddia müddətini tətbiq edərək qanunsuz və əsassız nəticəyə gəlmişdir.

16. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, iddia ərizəsinə qarşı etirazı ilə eyni dəlillərdən çıxış etmişdir.

17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-608/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının gecə növbəsində ştatdan kənar işlədiyi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində 3 ilə yaxın işsiz qaldığı, bunun nəticəsində ona ziyan dəyməsi, eyni zamanda iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunlarla cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi arasında səbəbli əlaqənin olması, habelə cavabdehin təqsiri müəyyən edilmədiyindən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdır.

20. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, iddia ərizəsinə və apellyasiya şikayətinə qarşı etirazı ilə eyni dəlillərdən çıxış etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

22. Maddə

191. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yet irərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar (1-ci hissə).

23. Maddə

191. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda (2-ci hissə).

24. Maddə

192. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar (1-ci və 2-ci hissələr).

25. Maddə

195. İşəgötürən əmək münasibətləri prosesində işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə. işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır (“c” bəndi).

26. Maddə

239. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müa licə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir (1-ci hissə).

27. Maddə 290 (2-ci hissə). İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir.

28. Maddə 290 (3-cü hissə). İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir.

29. Maddə 296 (3-cü hissə). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

30. Maddə 296 (4-cü hissə). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.

1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. İddiaçının cavabdeh təşkilatla əmək müqaviləsinə 20 dekabr 2017-ci il tarixli əmrlə (öz arzusu ilə) xitam verilmişdir. Bundan sonra iddiaçı həmin əmri mübahisələndirmiş və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə onun iddiası rədd edilmişdir.

41. İddiaçı hazırkı işdə işdən azad olunmasının əsası olan ərizəni öz ira dəsi ilə yazmadığına və həmin vaxt xəstə olduğu üçün cavabdeh təşkilatın əməkdaşları tərəfindən işdən öz arzusu ilə azad olunması barədə ərizəyə imza atdırıldığını bildirir.

42. Əvvəla, kollegiya qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə işdən azad olunma əmri qanuni və əsaslı hesab olunmuşdur. Hazırkı iddiada irəli sürülən həmin dəlil, işə barpa tələbi zamanı yoxlanılmalı olan sübutlardan biridir. Çünki işə bərpa tələbinin əsaslarından biri, məhz öz iradəsi ilə ərizə yazmaması ilə bağlı olmuşdur. İddiaçı hazırkı icraatda, sanki 1-ci iş üzrə tədqiq edilmiş sübutun mötəbərliliyini gücdən salmaq istəyir ki, buda yolverilən deyil, hüquqi müəyyənlik prinspinə ziddir.

43. Hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipə görə məhkəmələr tərəfindən tama milə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Bu prinsip hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni, bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilm əz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır (Avropa İnsan Hüquqları Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” iş üzrə 28 oktyabr 1999-cu il tarixli, «Ryabıx Rusiyaya qarşı» 24 iyul 2003-cü il tarixli və “X1 Partiyası və başqaları Rusiyaya qarşı” işi üzrə 11 yanvar 2007-ci il tarixli qərarları).

44. Avropa İnsan Hüquqları Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır.

45. İddiaçının cavabdehin qanunsuz hərəkətləri nəticəsində 3 il ə yaxın işsiz qaldığı müddətlərin kompensasiyasının ödənilməsi, kompensasiyanın 1 faizi həcmində dövlətə ödənilməsi hissəsinə münasibətdə qeyd olunmalıdır ki, həmin tələb də, işçinin işə bərpa tələbinə baxılmasının hüquqi nəticələrindən asılı olaraq həll edilən məsələdir. Nə qədər ki, iddiaçının işə bərpa tələbi rədd edilmişdir, iddiaçının cavabdehin günahı ucbatından işsiz qalması və ona zərər dəyəməsi tələbi də təmin oluna bilməz.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

48. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

49. Odur ki, qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)608/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar