Məhkəmə qərarları › İş №2(102)-4759/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4759/2022

05.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4759/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh LPO "xxxx" QSC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin naturada ayrılması) 05.10.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh LPO "xxxx" QSC-yə qarşı torpaq sahəsinin naturada ayrılması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)10599/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qay dasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 oktyabr 2012-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" KB QSC-nin İddiaçı qarşı iddiası təmin edilməklə ondan əsas borc olaraq 116495 manat, faiz borcu olaraq 43238.04 manat, cərimə borcu olaraq 10000 manat, iddia ərizəsinə məhkəmədə baxılmasından ötrü dövlət rüsumu olaraq 20 manat, ümumilikdə 169753,04 manat məbləğində kredit borcunun tutularaq iddiaçıya ödənilməsi, tələbin İddiaçı məxsus ipoteka ilə yüklü olan Bakı şəhəri Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində istifadədə olan 0,05443 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, bir otaqlı, 10.4 kv.metr yaşayış, 29.09 kv.metr köməkçi sahədən ibarət olan 613A nömrəli bağ evinə və Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində istifa dədə olan 0.1162 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, bir otaqlı, 14.41 kv.m yaşayış, 39,74 kv.m köməkçi sahədən ibarət 613 nömrəli bağ evinə yönəldilməsi, ipoteka predmetlərinin hərracdan satılması, borcun satışdan əldə ediləcək vəsait hesabına ödənilməsi və İddiaçı həmin bağ evlərindən çıxarılması qət edilmişdir.

2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2972/2022 nömrəli, xx.xx.2016-ci il tarixli qətnaməsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsindən ibarət 616 saylı bağ sahəsi üzərində İddiaçı icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdeh LPO "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ba kı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 616 saylı bağın 0,05 hektarının naturada ayrılaraq ona təhvil verilməsi, ayrıca yolunun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qeyd edilən 613 və 613A bağ sahələri ona atasından və dayısından miras qalmış, 616 saylı bağ sahəsinə bitişik istifadə edilmişdir. 616 saylı bağ sahəsinə onun icarə hüququ Bakı şəhəri Xəzər rayon məhkəməsinin 04 iyul 2016-ci il tarixli qətnaməsi ilə tanınmış və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Seriya RX ******* saylı çıxarış verilmişdir. Hər üç bağ sahəsi bu günə kimi vahid bağ sahəsi kimi onun tərəfindən istifadə edilmiş, sərhədləri müəyyən edilməmişdir. Belə bir halda, bağın bir hissəsinin hərracdan satılması onun qanun la qorunan hüquqlarının kobud surətdə pozulmasına səbəb olacaqdır. Odur ki, hesab edir ki, onun üzərində icarə hüququ tanınmış və mübahisə predmeti olmayan ümumi ölçüsü 0,10 ha olan 616 saylı bağın 0,05 ha hissəsi naturada ayrılaraq ona təhvil verilməli, ayrıca çıxış yolu müəyyən edilməlidir.

5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1372/2020 nömrəli, xx.xx.2020ci il tarixli qərardadı ilə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-torpaqşünaslıq ekspertizasının 10/3042 saylı xx.xx.2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 616 saylı bağ sahəsi bir tərəfdən qonşu torpaq sahəsi ilə, digər tərəfdən isə iddiaçının faktik i istifadəsində olan torpaq sahələri ilə əhatə olunduğuna, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin daxilində 616 saylı bağ sahəsinin yerləşdiyi hissənin faktiki olaraq birbaşa giriş-çıxışı olmadığına, həmçinin mülki iş materiallarında və təqdim olunmuş mütəxəssis rəyində sənəd üzrə 616 saylı bağ sahəsinə hər hansı tərəfdən giriş-çıxışın olmasına dair məlumat mövcud olmadığına görə, həmin bağ sahəsinin naturada ayrılması texniki baxımdan mümkün deyildir.

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-89/2021 nömrəli, 12 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Bəhramzadə) iddia rədd edilmişdir.

7. Məhkəmə iş üzrə keçirilmiş ekspertiza tədqiqatına dair ekspertin rəyini sübut kimi qəbul edərək hesab etmişdir ki, mübahisəli Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsind ə yerləşən 616 saylı bağın 0,05 hektarının naturada ayrılaraq iddiaçıya təhvil verilməsi texniki cəhətdən mümkün olmadığından, mövcud iddia tələbi təmin edilməməlidir.

8. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 224.1, 224.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qanuni əsaslarla istifadəsində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 616 saylı bağ sahəsi, "xxxx" KB QSC qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində istifadədə olan 0.05443 ha torpaq sahəsində yerləşən 61За nömrəli bağ evi və 0.01162 ha torpaq sahəsi olan 613 nömrəli bağ evi bir-birilərinə birləşikdir və naturada ayrılmamışlar. Həmin ipoteka predmetləri satılacağı halda 616 saylı bağ sahəsinin özgəninkiləşdirilməsi təhlükəsi yaranacaqdır. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsi mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və iş üzrə səhv nəticəyə gəlmişdir.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10599/2021, 07 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. İdd iaçı kassasiya şikayəti verərək qətnamənin ləğv olunaraq, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, kassasiya şikayətini iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Cavabdeh LPO "xxxx" QSC kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, qeyd etmişdir ki, kassasiya şikayəti qanunsuz və əsassız olduğundan təmin olunmamalıdır. İddiaçı tərəfindən verilən kassasiya şikayətində “sərhədləri müəyyən edilməmiş bağın bir hissəsinin (ipoteka predmetinə yönəlmiş hissə) hərracdan satılması İddiaçı hüquqlarının pozulmasına səbəb olması" kimi qeyd edilmişdir. Bununla bağlı bildirilir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01 oktyabr 20 12-ci il tarixli qətnaməsi ilə cavabdeh QSC “Bank Standart” KB-nin İddiaçı qarşı iddia tələbi təmin edilməklə İddiaçı əsas borc olaraq 116495 manat, faiz borcu olaraq 3604 manat, cərimə borcu olaraq 10000 manat, iddia ərizəsinə məhkəmədə baxılmasından ötrü dövlət rüsumu olaraq 20 manat, ümumilikdə 169753.04 manat məbləğində kredit borcunun tutularaq QSC “Bank Standart" KB-yə ödənilməsi, tələbin İddiaçı məxsus ipoteka yüklü olan Bakı şəhəri Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində istifadədə olan 0.05443 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, bir otaqlı, 10.4 kv metr yaşayış, 29.09 kv metr köməkçi sahədən ibarət olan 613A nömrəli bağ evinə və Bakı şəhəri, Əzizbəyov rayonu Mərdəkan qəsəbəsində istifadədə olan 0.1162 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, bir otaqlı, 14.41 kv metr y aşayış, 39.74 kv metr köməkçi sahədən ibarət 613 nömrəli bağ sahəsinə yönəldilməsinə, ipoteka predmetlərinin hərracdan satılması, borcun satışdan əldə ediləcək vəsait hesabına ödənilməsi və İddiaçı həmin bağ evlərindən çıxarılması qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə dəyişdirilmədən saxlanılmış, xx.xx.2012-ci il tarixli icra vərəqəsinə əsasən icraya yönəlmişdir. Qeyd olunanlarla bağlı məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 224.1 və 224.2-ci maddələrini rəhbər tutaraq iddiaçının tələbini təmin etməmişdir.

14. Həmçinin iddiaçı kassasiya şikayətində istinad olunan 10/3042 saylı xx.xx.2021ci il tarixli ekspert rəyi ilə razılaşmayaraq bildirir ki, ekspert qarşısına əlavə suallar qoyulmalı və iddiaçıya məxsus olan üç bağ sahəsindən ikisinin satılması satılmayan 616 saylı bağ sahəsində iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırmamalıdır. Bununla bağlı isə bildirilir ki, iş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı əsasında təyin edilməklə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-torpaqşünaslıq ekspertizasının 10/3042 saylı xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 616 saylı bağ sahəsi bir tərəfdən qonşu torpaq sahəsi ilə, digər tərəfdən isə iddiaçının faktiki istifadəsində olan torpaq sahələri əhatə olunduğuna, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin daxilində 616 saylı bağ sahəsinin yerləşdiyi hissənin faktiki olaraq bir başa girişi-çıxışı olmadığına görə həmin bağ sahəsinin naturada ayr ılmasının texniki baxımdan mümkün olmadığı bildirilmişdir. Texniki baxımdan natura şəklində bölünmə mümkün olmadığını ekspert öz rəyində aydın izahını vermişdir və bu bölgü Torpaq Məcəlləsinin müvafiq maddələri ilə göstərilən qaydada aparılması qeyd olunmuşdur.

15. İş materiallarında olan sübutlardan və qanunvericiliyindən tələbindən aydın görünür ki, iddiaçının kassasiya şikayətində vurğuladığı məsələlər tamamilə əsassızdır. Belə ki, hazırki halda yuxarıda qeyd edilən edilən halların pozulmasını sübut edən hər hansı bir sübut yoxdur və belə bir sübut və ya dəlil nə birinci instansiya, nə də apellyasiya instansiyasında işə baxılarkən təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 224.1. Paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər.

17. Maddə 224.2. Əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Borclunun ümumi mülkiyyət hüququndakı payı ipoteka predmeti olduqda, həmin paya tutmanın yönəldilməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasi bətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

26. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

27. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

28. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

29. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, a şağıda qeyd edilənlərə əsasən, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

33. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

34. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şər tləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

35. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 224-cü maddəsini nəzərdən keçirsə də, həmin normanın dispozisiya şərtlərini işin halları baxımından düzgün qiymətləndirməmişdir.

36. Belə ki, məhkəmələr tərəfindən qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra olunub-olunmaması, tutma yönəldilmiş əmlakların hərracdan satılıb-satılmaması, həmin bağ sahələrinin mülkiyyətçilər inin (və ya mülkiyyətçisinin) kim olması araşdırılmadığından, iş materiallarından 613 və 613A bağ sahələrinin hazırkı mülkiyyətçilərinin kim olması müəyyən edilmir. Halbuki, torpaq sahəsinin naturada ayrılması tələbinə dair işlər üzrə qiymətləndirmədə ilk addım mülkiyyətçilərin müəyyən edilməsi olmalıdır. Bu hal iddia tələbinin kimə qarşı yönəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

37. Nəzərə alınmalıdır ki, həmin bağ sahələrinin "xxxx" KB QSC qarşısında ipoteka ilə yüklü edilməsi hazırkı iddia tələbinin Banka qarşı irəli sürülməsi üçün əsas ola bilməz. Çünki, əmlakın Bank qarşısında ipoteka ilə yüklü edilməsi hələ Bankın həmin əmlakların mülkiyyətçisi olması demək deyildir.

38. Digər tərəfdən, Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

39. Hazırkı iş üzrə iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı tələbini qabaqlayıcı tədbir qismində irəli sürmüşdür ki, bağın bir hissəsinin hərracdan satılması onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmasın.

40. İddiaçının hansı pozulmuş hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud hansı hüququnun təsdiqi üçün məhkəməyə müraciət etməsi iddia ərizəsindən müəyyən olunmur. Gələcəkdə baş verməsi ehtimal edilən hüquq pozuntusu ilə bağlı məhkəməyə müraciət edilməsi isə yolverilməzdir.

41. MPM-nin 261.0 və 261.0.1-ci maddələrinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

42. Kassasiya kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi hazırkı qərarda şərh edilən göstərişlərə uyğun olaraq işin məhkəmədə baxılmalı olmasına hüquqi qiymət verməklə, mübahisəni həll etməlidir. 43. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin i ş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdikləri sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli g ələn həqiqəti müəyyən etməlidir.

45. Ona görə də, kassasiya kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10599/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv olunsun, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar