Məhkəmə qərarları › İş №2(102)-481/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-481/2020

23.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-481/2020 23.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator İddiaçı və vəkili X3 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(006)-2068/2019, hakim S.R.Mustafayeva) İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarə sinə qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-9563/2019, hakimlər M.A.Məmmədov, Ş.Ə.Məhərrəmova, E.Y.Şamayev)İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. İşin halları: xx xxxx 2019-cu il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsindən həmin tarixədək olan 20 ay müddəti üçün 16437 manat və əlavə olaraq qətnamə icra olunanadək olan müddət üçün hər ay 821 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2017-ci il tarixdən həmin məbləğin ödənildiyi günə qədər hər gecikmə gününə görə 1%-i miqdarında pulun Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, qətnamə qanunsuz və əsassız olmaqla məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi cavabdeh tərəfindən vaxtında icra edilməmişdir, halbuki cavabdehin həmin məbləği ödəməyə imkanı olmuşdur. Cavabdeh həmin qanunsuz hərəkəti ilə onun hüquqlarını və qanuni mənafelərini pozmuşdur. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, iddiaçının nümayəndəsi isə vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, iddiaçı Bakı şəhər Təhsil İdarəsinin xx xxxxxx 2016-cı il tarixli 11/1025 saylı “əmək müqaviləsinin ləğv edilməsi barədə” əmri ilə Bakı şəhəri T.Bayramov adına 22 saylı tam orta məktəbin direktorunun təlim-tərbiyə işləri üzrə müavini vəzifəsindən əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin tarixdən hesablanmaqla onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı “əmrin etibarsız sayılması, işə bərpa və boş dayanmaya görə ödəncin öd ənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, xx xxx 2017-ci il tarixli məhkəmə qətnaməsi ilə Bakı şəhəri, F.Bayramov adına 22 saylı orta məktəbin Həmkarlar Təşkilatının xx xxxxxx 2016-cı il tarixli 28 saylı qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri Təhsil İdarəsindən 1.217 manat məbləğində əmək haqqının və 10.015 manat məbləğində ödəncin, cəmi 11.233 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmiş və həmin qətnamə xx xxxxxxx 2018-ci il tarixdə qanuni qüvvəsini almış, bunda sonra qətnamə icraya yönəldilmişdir. Bakı şəhəri Təhsil İdarəsi xx.xx.2019-cu il tarixdə 11.047 manat məbləğində pulu iddiaçının bank hesabına köçürmüşdür. İddiaçı hazırda həmin qətnamə qəbul edildiyi tarixdən, yəni xx xxx 2017-ci il tarixdən hazırkı m übahisə üzrə qəbul ediləcək məhkəmə aktının qanuni qüvvəyə minənədək olan dövr üçün qət olunan məbləğin hər gününə görə 1 % miqdarında pulun onun xeyrinə tutulmasını tələb edir. İddiaçı Azərbaycan tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.5-ci maddəsinə istinad etmişdir. Əmək haqqının verilməsi müddətlərini müəyyən edən həmin maddənin tələblərinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Yuxarıda qeyd edildiyi kimi, əvvəlki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsində məhkəmə belə nəticəyə gəlmişdir ki, ödənilməmiş 1.217 manat əmək haqqı və həmin əmək haqqını n işəgötürənin təqsiri üzündən gecikdirilməsinə görə 10.015 manat məbləğində ödənc sonuncudan iddiaçının xeyrinə tutulmalıdır. Deməli, iddiaçının işəgötürənin təqsiri üzündən əmək haqqının gecikdirilməsinə görə ödəncin ödənilməsi barədə iddia tələbi təmin edilməklə yekun məhkəmə aktı qəbul edilmiş və icraya yönəlmişdir. Bu halda iddiaçının yekun məhkəmə aktı qəbul edildikdən sonra məhz həmin əmək haqqının gecikdirilməsinə görə yenidən ödəncin tutulması barədə hazırkı iddia tələbinin maddi hüquqi əsası yoxdur. Qanunverici həll olunmuş mübahisə üzrə qəbul edilmiş məhkəmə aktının müstəsnalığını müəyyən etməklə, həmin məhkəmə aktının vaxtında icra edilməməsi nəticəsində vurulmuş zərərin ödənilməsi əsaslarını müəyyən etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar