Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4847/2022 25.10.2022 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh qarşılıqlı tələblərinə dair iş üzrə QƏRARİ iş № 2(102)-4847/2022 (Açar sözlər: icarəçinin etdiyi yaxşılaşdırmaların dəyərinin qaytarılması, sübutetmə yükü, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış binasından çıxarılma barədə ilk, Cavabdeh pul tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-57/20 22 nömrəli, 12 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 25 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası (hamam binası, yeməkxana, məişət binası və qazanxana binası, bundan sonra – mübahisəli qeyri-yaşayış binası) 08 iyul 2005-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı (bundan sonra – iddiaçı) adına qeydiyyatdan keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus mübahisəli qeyri-yaşayış binasından çı xarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İlk iddia onunla əsaslandırılmışdır ki, mübahisəli qeyri-yaşayış binasını 10 ildən çoxdur ki, aralarındakı şifahi icarə müqaviləsinə əsasən cavabdehə vermiş, bir müddət sonra cavabdeh icarə haqqını ödəməməyə başlasa da, hal-hazıradək həmin obyektdən istifadə edir. Dəfələrlə icarə haqqını ödəməyi, əks halda obyektləri boşaltması barədə xəbərdarlıq etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək, icarə haqqını ödəməkdən və obyektləri boşaltmaqdan boyun qaçırır. Mövcud şəraitdə iddiaçı nə pulunu ala, nə əmlakdan özü istifadə edə, nə də obyekti başqasına icarəyə verə bilir. Qeyd olunanlar isə onun mülkiyyət hüquqlarını pozur.
4. Cavabdeh də, öz növbəsində qarşılıqlı iddia verərək, mübahisəli əmlakın təyinatının dəyişdirilməsi üçün binanın daxilində və xaricində aparılmış təmir-bərpa və yenidən qurma işləri üçün xərclədiyi 34688,50 manatın, hamam binasının istifadəsində olan torpaq sahəsinin alınmasına çəkdiyi 1106 manatın, cəmi 35794,50 manatın iddiaçıdan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, mübahisəli ünvanda yerləşən faydalı sahəsi 465 m2 olan hamam binasını şifahi razılaşmaya əsasən Nazim adlı şəxslə birlikdə almışlar, lakin Nazim Rusiya vətəndaşı olduğuna görə əmlak iddiaçının adına rəsmiləşdirilmişdir. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının 29 may 2004-cü il tarixli sərəncamına əsasən həmin ünvanda yerləşən özəlləşdirilmiş hamam binasının funksional təyinatının dəyişdirilməsinə razılıq verilmiş və tərəfindən bunun üçün bina nın daxilində və xaricində bir çox təmir-bərpa və yenidən qurma işləri aparılmışdır. Belə ki, hamam binasının funksional təyinatını dəyişərək, orada yeməkxana, məişət xidməti və pullu ayaqyolu sahələri inşa etdirmiş, bu məqsədlə 34.688,50 manat xərcləmişdir. Bundan əlavə, 2004-cü ildə hamam binasının istifadəsində olan 1844 m2 torpaq sahəsini X1 Komitəsinin Zaqatala rayon şöbəsində torpaqların alıq-satqısına dair akt tərtib etməklə həmin dövrün məzənnəsi ilə ******* manata (hazırkı pula indeksasiya edilməklə 1106 manat) almış, lakin bu sahə də iddiaçının adına rəsmiləşdirmişdir. Hamam binasını, onun istifadəsində olan torpaq sahəsini alarkən bütün sənədləşmələr iddiaçının adına aparılsa da, müvafiq inzibati orqanlara təqdim etdiyi ərizələr, həmin orqanlarla iddiaçı arasında bağlanmış müqav ilələr, alqı-satqı aktları və pul ödəniş sənədlərindəki iddiaçının adının qarşısındakı imzaları iddiaçı yox, o icra etmişdir. 2004-cü ildən bugünədək Nazim adlı şəxslə aralarında olan şifahi razılaşmaya əsasən, hamam binasının bir hissəsindən o istifadə etmiş, digər hissələrindən isə icarə haqqı iddiaçı tərəfindən yığılaraq Nazimə göndərilmişdir. Hazırda Nazim, iddiaçı vasitəsilə onu qurub yaratdığı daşınmaz əmlakdan çıxarmaq istəyir. Belə olan halda, həmin əmlaka qoyduğu vəsait iddiaçıdan alınaraq ona qaytarılmalıdır.
6. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(033)-12/2021 nömrəli, 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim Tural Həsənov) ilk iddia təmin, qarşılıqlı iddia rədd olunmuşdur.
7. Məhkəmə mövqeyini, Mülki Məcəllənin 21.1, 21.2, 560.1, 1090.1, 1090.2, 1091.2, 1092, 1096.1, 1096.2, 1097.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. Cavabdeh apellyаsiyа şikаyəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmaqla, əlavə olaraq, məhkəmə tərəfindən iddiaçının qarşılıqlı iddiaya münasibətinin öyrənilmədiyi, şahid ifadələrinin nəzərə alınmadığı göstərilmişdir.
10. Apellyasiya baxışında təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkə zinin 18 mart 2022-ci il tarixli, 10/4657 nömrəli rəyinə əsasən xx.xx.2005-ci il tarixli, 72 nömrəli qeydiyyat vəsiqəsinə əsasən iddiaçının mülkiyyətində olan faydalı sahəsi 465 m2 olan hamam binası, yeməkxana, məişət binası, qazanxana binası üzrə yerinə yetirilmiş tikintiquraşdırma işlərinin dəyəri təqribən 41.382,70 manat məbləğində müəyyən edilmişdir.
11. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-57/2022 nömrəli, 12 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər- V.Məlikov (sədrlik edən və məruzəçi), R.Rəfiyev və E.Hüseynov) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddiaya aid hissədə ləğv edilmiş, qarşılıqlı iddiaqismən təmin edilərək, mübahisəli qeyri-yaşayış binası nın təmir-bərpa işlərinə görə xərclənmiş 34688,50 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıdan tutularaq cavabdehə verilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd olunması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iddiaçıdan cavabdehin xeyrinə pul tutulmasının və cavabdehin mübahisəli qeyri-yaşayış binasından çıxarılmasının eyni vaxtda icra edilməsi qət edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi ilk iddiaya aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşsa da, hesab etmişdir ki, qarşılıqlı iddia üzrə məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir.
13. Belə ki, apellyasiya araşdırması nəticəsində müəyyən edilmişdir ki, tərə flər arasında mübahisəli qeyri-yaşayış binasının icarəyə verilməsinə dair razılaşma olmaqla, iddiaçı cavabdeh tərəfindən təmir-bərpa işlərinin aparılmasına razılıq vermiş, cavabdeh həmin qeyri-yaşayış binasında təmir-bərpa işləri apararaq tam istifadəyə yararlı vəziyyətə gətirmişdir. Bu fakt, tərəflərin izahatları, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışında dindirilmiş şahidlərin ifadələri ilə təsdiq edilmiş, eyni zamanda, iş üzrə alınmış ekspert rəyində mübahisəli qeyri-yaşayış binası üzrə yerinə yetirilmiş tikintiquraşdırma işlərinin dəyəri təqribən 41382,70 manat məbləğində müəyyən edilmişdir.
14. Göründüyü kimi, cavabdeh tərəfindən sözügedən qeyri-yaşayış binasında təmir-bərpa işlərinin aparılması öz təsdiqini tapsa da, torpaq sahəsinin alınması üçün 1106 manat p ul xərclənməsinə dair heç bir sübut təqdim edilməmişdir. Odur ki, qarşılıqlı iddia cavabdehin qeyri-yaşayış binasına çəkdiyi 34688,50 manat xərc həcmində təmin edilməlidir.
15. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 390.1, 404, 425, 442, 680.1, 700, 1091 və 1092-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilməsini, qarşılıqlı iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi yalnız iki şahidin ifadəsi əsasında cavabdehin iddia etdiyi təmir işlərinin onun tərəfindən icra edilməsi qənaətinə gəlmiş, lakin cavabdehlə şahidlər arasında podrat müqaviləsinin bağlanıbbağlanmadığı, təmir işlərinin görülməsi üçün zəruri materialların alınması ilə bağlı qaiməfakturaların olub-olmadığı, eyni zamanda ekspert rəyinə dair etirazının dəlilləri barədə heç bir araşdırma aparmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
20. Maddə 680.1. Kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur.
21. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçiicarəyəverənəmüəyyənləşdirilmişicarəhaqqıödəməyəborcludur.
22. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
27. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətində qətnamə qarşılıqlı iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən təqdim edilən sübutlar tam və hərtərəfli araşdırılmış, hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbə r olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-57/2022 nömrəli, 12 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdiri lmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.