Məhkəmə qərarları › İş №2(102)-493/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-493/2024

12.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-493/2024 12.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-493/2024 (Açar sözlər: təhqiqat, istintaq və ya məhkəmə orqanının səhvi, qanunsuz məhkum olunma ilə bağlı vurulmuş ziyanın ödənilməsi, zərərçəkənin davranışının zərərin yaranmasına şərait yaratması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyan” tələbi nə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5894/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil1) və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (Vəkil2) tərəfindən ayrı-ayrılıqda verilmiş verilmiş kassasiya şikayətlərinə 12 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-170/2021 nömrəli, 10 fevral 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 3 il nəqliyyat vasitələrini idarə etmək hüququnda n məhrum edilməklə 6 il 6 ay, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 1 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzanı əsas, əlavə cəzanı əlavə cəza ilə tam toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə ona qəti olaraq 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 06 noyabr 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir.

2. Bakı Apellyasiya Məhkəmə sinin Cinayət kollegiyasının 1(103)-25/2022 nömrəli, 25 aprel 2022-ci il tarixli hökmünə əsasən, İddiaçı müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli hökmünün ləğv edilməsi, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən İddiaçı təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyindən ona Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə bəraət verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və məhkəmə iclas zalından dərhal həbsdən azad olunması hökm edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)1880/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat.

4. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək, 06 noyabr 2019-cu il tarixdən 25 aprel 2022-ci il tarixə kimi qanunsuz həbsdə saxlanılması nəticəsində dəymiş maddi ziyanın - məhrum olduğu gəlirlərin, həbsdə saxlanıldığı müddətdə çəkilmiş xərclərin, o cümlədən müdafiəçiyə göstərdiyi xidmətlərin əvəzi olaraq ödədiyi 80 000 manatın, mənəvi ziyanın əvəzi olaraq 200.000 manatın, yəni cəmi 280.000 manat kompensasiya məbləğinin cavabdehdən xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş edilmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 3 (üç) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 1 (bir) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzanı əsas cəza ilə, əlavə cəzanı əlavə cəza ilə tam toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin başlanğıcının 06 noyabr 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli hökmü ilə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli hökmü ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyindən ona Cinayət Məcəlləsinin 2631.3 və 264-cü maddələri ilə bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmuş və məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Həmin hökmdən verilən kassasiya protesti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Hesab edir ki, ibtidai istintaqı aparan Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinin, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 06 noyabr 2019-cu il tarixdən 25 aprel 2022-ci il tarixə kimi (cəmi 2 il 5 ay 19 gün) qanunsuz azadlıqdan məhrum olunmuş, bütün ətrafında, yaşayış yerində və dost-tanışlar içərisində cinayətkar şəxs kimi tanınmağa başlamışdır, ölmüş zərərçəkmiş şəxsin hüquqi v arisləri onu cinayətkar hesab etmiş, ona durmadan qarğışlar tökmüşdür. Haqqında qanunsuz cinayət təqibi aparılması nəticəsində ona maddi və mənəvi ziyan dəymiş, sağlamlığını itirmiş, lakin pulsuzluğuna görə müalicə belə ala bilməmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(006)-2716/2023 nömrəli, 20 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia tələbinin qismən təmin edilməsi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 30.000 (otuz min) manatın iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 06 noyabr 2019-cu il tarixdən 25 aprel 2022-ci il tarixədək (2 (iki) il 5 (beş) ay 19 (on doqquz) gün müddətində) həbsdə qanunsuz olaraq saxlanılmışdır. Odur ki, iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır. İddiaçının əsassız olaraq cinayət təqibinə məruz qalması və cinayət cəzasına məhkum edilməsi nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 30.000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir.

8. Maddi ziyanın ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı maddi zərər kimi gəlirlərdən məhrum olduğunu, həbsdə saxlanıldığı müddətdə xərc çəkdiyini, müdaf iəçiyə göstərdiyi xidmətlərə görə pul vəsaiti ödədiyini bildirsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” 29 dekabr 1998-ci il tarixli Qanunun 1-ci, 5-ci, 6-cı və 7-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 1101.1-ci maddələrinə, Avropa Məhkəməsinin qərarlarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmış dır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

10. Qətnamədən narazı qalan iddiaçı və cavabdeh apellyasiya şikayətləri vermişlər.

11. Apellyasiya şikayətində iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.

12. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, maddi zərər tələbini təmin etməməklə ədalətsizliyə yol verdiyini, mənəvi zərərin məbləğini isə düzgün müəyyənləşdirmədiyini irəli sürmüşdür.

13. Apellyasiya şikayətində cavabadeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəb ul olunmasını xahiş etmişdir.

14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçının heç bir sübut təqdim etmədiyini nəzərə almadan ümumi ifadələrə əsaslanaraq ona mənəvi ziyanın ödənilməli olması nəticəsinə gəlmiş, ziyanın məbləğini müəyyənləşdirərkən Cinayət Prosessual Məcəllənin 190-cı maddəsinin tələbinə əhəmiyyət verməmiş, iddiaçının xeyrinə ödənilməsinə qərar verdiyi məbləğin Dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirkar vəzifəli şəxsi müəyyən etməmiş, qanunsuz məhkum edilən şəxslərə kompensasiya ödənişi ilə bağlı məhz Maliyyə Nazirliyinin məsuliyyət daşımalı olduğunun heç bir qanunvericilik aktında göstərilmədiyini nəzərə almamışdır. Apellyasiya şikayətində həmçinin göstərilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin 2009- cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Həmçinin Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Sözügedən maddənin məzmun undan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Həmin Məcəllənin 1101-ci maddəsinə görə isə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Lakin yuxarıda göstərilən 2 maddənin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddələrin məzmunundan da göründüyü kimi “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin “Büdcə sistemi haqqında” Azərbaycan Respub likası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublik ası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münas ibətdə təmin edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.” İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin mövcudluğu ilə heç bir sübut göstərməmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-5894/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qətna məsi ilə (hakim Elnur Həsənov (sədrlik edən və məruzəçi) Xumar Mərdanova və Sabit Bəhrəmzadə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi “mənəvi zərərin əvəzi olaraq 30.000 (otuz min) manatın iddiaçının xeyrinə ödənilməsi” hissəsində dəyişdirilmiş, mənəvi zərərin əvəzi olaraq 25.000 (iyirmi beş min) manatın Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur.

16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iddiaçıya mənəvi ziyan dəydiyi və bu ziyanın əvəzinin ödənilməli olması barədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, qanunsuz məhkum edilməsi nəticəsində iddiaçı, fəal ictimai həyat tərzindən məhrum olmuş, işgüzar nüfuzuna xələl gəlmiş, azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına zərər dəymişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında da izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər k i, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etmiş olduğu mənəvi ziyan məbləği ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, mə hkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının maddi ziyan tələbi üzrə gəldiyi nəticəni də əsaslı hesab edərək göstərmişdir ki, o, əks nəticəyə gəlinməsini mümkün edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmiş, apellyasiya baxışı zamanı da bu cür sübutların olması müəyyən olunmamışdır. Hə mçinin müəyyən edilmişdir ki, o, iş yerini qanunsuz məhkum edilmə ilə bağlı olaraq itirməmiş, əmlakı müsadirə edilməmiş, götürülməmiş və ya üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməmişdir.

19. Apellyasiya instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətini qismən əsaslı hesab edərək göstərmişdir ki, iddia ərizəsində iddiaçının özünün bildirdiklərindən, onun həbsə alınmasına məhz özünün davranışlarının (tutularkən əmisinə kömək etmək məqsədilə istintaqı aparan orqana hadisəni əmisinin deyil, özünün törətdiyi barədə ifadə verdiyi, lakin ailəsinin müdaxiləsindən sonra peşman olaraq həqiqəti dediyi) səbəb olduğu aydın olur. Bu hal isə zərərin məbləği müəyyənləşdirilərkən nəzərə alınmalıdır.

20. Apel lyasiya baxışı zamanı iddiaçının nümayəndəsi (vəkili) bu halla bağlı bildirmişdir ki, iddiaçı 2 ay həbsdə qaldıqdan sonra peşman olaraq həqiqəti istintaq orqanına demiş, lakin obyektiv həqiqəti tapmalı olan istintaq orqanı bunu nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından obyektiv həqiqəti ortaya çıxarmaq cinayət təqibi orqanının vəzifəsi olsa da, iddiaçının həmin davranışı ibtidai istintaqın normal gedişinə mane olmaqla iddiaçının daha uzun müddət həbsdə qalmasına səbəbiyyət vermiş, bu isə ona dəymiş zərərin artması ilə nəticələnmişdir. Buna görə də məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, qətnamə cavabdehin mübahisələndirdiyi hissədə dəyişdirilməli, iddiaçının xeyrinə tutulan mənəvi ziyan 25.000 manat məbləğində müəyyənləşdirilməlidir.

21. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin digər dəlilləri üzrə əsaslandırma aparılmasına zərurət görməmiş və bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İ hissəsinə, 68-ci maddəsinin İİİ hissəsinə, Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 1101.1 və 1101.2-ci maddələrinə, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 4, 5 və 12-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 81, 88, 385-ci maddəsinə istinad etməklə əsasla ndırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

23. Qətnamədən iddiaçı (Vəkil1) və cavabdeh (Vəkil2) kassasiya şikayətləri vermişlər.

24. İddiaçı Vəkil1) kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.

25. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi hüquqi mövqe yanlışdır, buna görə də qətnamə ləğv edilməlidir. İş üzrə ədalətli və əsaslı qərar qəbul olunmalıdır. Məhkəmə iddia tələbinin maddi ziyanla bağlı hissəsində hərtərəfli araşdırma aparmayaraq və işin faktiki hallarını, iddiaçının ağır vəziyyətini, 06 noyabr 2019cu il tarixdən 25 aprel 2022-ci il tarixə kimi (cəmi 2 il 5 ay 19 gün) qanunsuz azadlıqdan məhrum olunmazsa, əldə edəcəyi gəlirləri və pozulmuş hüququnu bərpa etmək üçün hüquqi yardımla bağlı çəkdiyi xərcləri nəzərə almamışdır.

26. Məhkəmə “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və 5-ci maddələrinin tələblərini təmin etməməklə, iddiaçının ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin səhvi ucbatından qanunsuz azadlıqdan məhrum edilməsi nəticəsində iddiaçıya vurulmuş ziyanın, habelə hüquqi yardımın göstərilməsi ilə əlaqədar çəkilmiş xərclərin əvəzinin iddiaçıya ödənilməsini təmin etməmişdir.

27. Məhkəmə təqdim edilmiş sübutlardan yalnız cavabdehin dəlillərini araşdıraraq onlardan istifadə etmişdir. (halbuki həmin dəlillər özlüyündə iddianın əsaslı olduğunu bir daha sübut edir.) Cavabdeh məhkəməyə təqdim etdiyi əsassız ittihamlarını sübut etməsə də (guya iddiaçı bilərəkdən hadisəni üzərinə götürmüşdü və s.) məhkəmədə iddiaçıya qarşı düzgün olmayan fikir formalaşdırmışdır. Bu səbəbdən də cavabdehin apellyasiya şikayətini təmin edən məhkəmə bu qərarını kifayət qədər əsaslandıra bilməmişdir. İddiaçının hadisəni öz üzərinə götürməklə gələcəkdə mənəvi ziyan dəyəcəyini güman etməli olduğunda günahlandırmışdır. Halbuki iddiaçının bu məqsədi əmisinin azyaşlı uşaqlarına yazığı gəldiyi üçün həyata keçirilmiş humanist addım idi. əmi ona söz vermişdi ki, az müddətə zərərçəkənlə barışıb onu azadlığa çıxaracaqdı. O da əmisinə bu şəraiti yaratmaqla onun uşaqlarının başsız qalmamasına görə hadisəni öz üzərinə götürmüşdü. Deyilən arqumentlər həm hökmlə, iş materialları, həm də məhkəmə iclas zamanı sübuta yetirilmişdir.

28. Cavabdeh (Vəkil2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır.

30. Məhkəmə tərəfindən dövlət büdcəsinin mənafeyi nəzərə alınmamış, əsassız və şişirdilmiş şəkildə iddiaçının xeyrinə 25.000 (iyirmi beş min) manat müəyyən edilmişdir. Məhkəmə bu halla bağlı analoji işlər üzrə təcrübəyə əsaslansa da mövcud məhkəmə təcrübəsində presedent hüququnun tətbiq olunmadığını nəzərə almamış, eyni zamanda işin xarakterinə uyğun mütləq qaydada daha az məbləğ müəyyən etməli idi. Qeyd olunmalıdır ki, məhkəmənin mövqeyi – “mənəvi ziyanın hər ay üçün 1.000 manat dəyərində” müəyyən edilməsi düzgün yanaşma hesab oluna bilməz. Mənəvi ziyanın dəyərinin aylara bölünməsi yanaşması ümumiyyətlə əsassızdır. Mənəvi ziyanın zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri, onun təqsirlilik dərəcəsi və həmçinin dövlət büdcəsindən bu vəsait tutulduğu halda dövlət büdcəsinin mənafeyi (büdcənin əsassız və şişirdilmiş öhdəliklərdən qorunması) nəzərə alınmaqla dəyərləndirilməlidir.

31. Ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltmə si və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi.

32. Məhkəmə tərəfindən iş üçün mühüm əhəmiyyətə malik olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sübut etmə vəzifəsi adlanan 77.1-ci maddəsinin tələblərini nəzərə almamışdır. Göründüyü kimi məhkəmə işə mahiyyəti üzrə baxarkən məsələni hərtərəfli araşdırmamış, kifayət qədər əsaslar olmadan iddiaçının xeyrinə qətnamə çıxarmış və əsassız olaraq Maliyyə Nazirliyini iş üzrə cavabdeh qismində tanımışdır. Məhkəmə tərəfindən yalnız mülahizələrə əsaslanmaqla, heç bir sübut olmadığı halda və qanunsuz olaraq iddia tələbi üzrə öhdəlik Maliyyə Nazirliyinin üzərinə qoyulmuşdur. Tətbiq edilən hüquq: A zərbaycan Respublikasının Konstitusiyası.

33. Maddə 28, İ hissə. Hər kəsin azadlıq hüququ vardır.

34. Maddə 68, İİİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

35. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

36. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

37. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmə k üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

38. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

39. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 4

0. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

41. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

42. Maddə 1101.3. Ədalət məhkəməsinin həyata keçir ilməsi zamanı vurulmuş zərərin əvəzi o halda ödənilir ki, hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilsin. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu.

43. Maddə

1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən a rtıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində islah işləri, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.

44. Maddə

4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətv erici hökm çıxarıldıqda; 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır.

45. Maddə

5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.

46. Maddə 6 (1-ci bəndi). Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirili r.

47. Maddə

12. Bu Qanunun 5-ci maddəsinin 1-ci, 2-ci və 4-cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin çıxarılmış qərarla razılaşmadığı hallarda, o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin qərardan yuxarı məhkəməyə şikayət verə bilər. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqan larının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə ziyan çəkmiş tərəf məhkəmə məsrəflərinin ödənilməsindən azad olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi.

48. Maddə 56.0.1 və 56.0.5. Bəraət almış təqsirləndirilən şəxs, qanunsuz həbs olunmuş və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilmiş, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılmış şəxs - cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər.

49. Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir.

40. Maddə 58.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. 50.

41. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi i stinad etdiyi halları sübut etməlidir.

53. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

54. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

55. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Mad də 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

57. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

60. Maddə 416.2. Apellyasiya instans iyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

61. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

62. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

63. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

64. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən iddianın təmin olunmadığı hissədə, cavabdeh tərəfindən isə iddianın təmin olunması hissəsində mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instan siyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

66. Məhkəmə kollegiyası iddiaçı tərəfindən apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə üzrə verilmiş kassasiya şikayətini nəzərə alaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. 67. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi aza dlığına əsaslanan müqavilədən irəli gəlsin) 68. b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

69. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun m üddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. 70. “M.Baxşıyevin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qan unları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

71. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).

72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının cavabdehə qarşı olan maddi və mənəvi ziyan tələbi ilə bağlı iddiası ü zrə, bu xarakterli işlərə baxılarkən ortaya çıxan suallara, (yəni, iddiaçıya maddi və mənəvi ziyan dəymişdirmi? dəymişdirsə bu nədə ifadə olunmuş və hansı məbləğdə ziyan dəymişdir?) əsaslandırılmış cavab vermişdir.

73. Belə ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iddiaçının maddi ziyan tələbi üzrə gəldiyi nəticəni əsaslı, bununla bağlı apellyasiya şikayətinin dəlillərini isə əsassız hesab edərək göstərmişdir ki, iddiaçı əks nəticəyə gəlinməsini mümkün edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmiş, apellyasiya baxışı zamanı da bu cür sübutların olması müəyyən olunmamışdır. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı iş yerini qanunsuz məhkum edilmə ilə bağlı olaraq itirməmiş, əmlakı müsadirə edilməmiş, götürülməmiş və ya üzərinə həbs qoyulmamışdır. Apellyasiya instansiya mə hkəməsi həmçinin cavabdehin apellyasiya şikayətini qismən əsaslı hesab edərək göstərmişdir ki, iddia ərizəsində iddiaçının özünün bildirdiklərindən, onun həbsə alınmasına məhz özünün davranışlarının (tutularkən əmisinə kömək etmək məqsədilə istintaqı aparan orqana hadisəni əmisinin deyil, özünün törətdiyi barədə ifadə verdiyi, lakin ailəsinin müdaxiləsindən sonra peşiman olaraq həqiqəti dediyi) səbəb olduğu aydın olur. Bu hal isə zərərin məbləği müəyyənləşdirilərkən nəzərə alınmalıdır. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından obyektiv həqiqəti ortaya çıxarmaq cinayət təqibi orqanının vəzifəsi olsa da, iddiaçının həmin davranışı ibtidai istintaqın normal gedişinə mane olmaqla iddiaçının daha uzun müddət həbsdə qalmasına səbəbiyyət vermiş, bu isə ona dəymiş zərərin artması il ə nəticələnmişdir. Buna görə də məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, qətnamə cavabdehin mübahisələndirdiyi hissədə dəyişdirilməli, iddiaçının xeyrinə tutulan mənəvi ziyan 25.000 manat məbləğində müəyyənləşdirilməlidir.

74. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqs iri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

75. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb qeyd edir ki, məhz iddiaçının əmisi tərəfindən törədilmiş cinatəti öz üzərinə götürərək, bununla bağlı istintaq orqanına düzgün olmayan ifadələr verməsi və həqiqəti gizlətməyə yönəlmiş davranış nümayiş etdirməsi, istintaqın yanlış istiqamətə çevrilməsinə xidmət etdiyindən, eyni zamanda özünün də hə bsə alınmasına səbəb olduğundan, iddiaçıya dəymiş mənəvi ziyanın məbləği ümumi məhkəmə təcrübəsinə uyğun olaraq ödənilə bilməz və bu halda fərqli yanaşma tətbiq olunmalıdır. Bu səbəbdən apellyasiya instansiya məhkəməsi qeyd olunanları nəzərə alaraq iddiaçının xeyrinə tutulan mənəvi ziyan məbləğini 25.000 manat həddinə qədər azaltmaqda haqlı olmuşdur. Odur ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur. İddiaçının kassasiya şikayətində qeyd olunan dəlillər əsassızdır.

76. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçının və cavabdehin kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

77. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

78. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 a prel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

79. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və t ərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

80. Bu səbəbdən, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

81. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5894/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar