Məhkəmə qərarları › İş №2(102)-4941/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4941/2022

11.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4941/2022 11.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlakın qiymətləndirilməsi barədə rəyin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmlakın qiymətləndirilməsi barədə rəyin ləğv edilməsi” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8006/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 11 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Daşınmaz əmlakın qiymətləndirilməsi barədə 91/dF saylı, xx.xx.2013-cü il traixli ekspert rəyindən görünür ki, Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,50 hektar torpaq sahəsi və 1 mərtəbəli binanın satış qiyməti 60000 manat məbləğində qiymətləndirilmişdir.

2. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 264/R-11-19/BK-05 saylı Ekspert rəyindən görünür ki, Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,50 hektar torpaq sahəsi və 1 mərtəbəli binanın ümumi bazar qiyməti 310000 manat məbləğində qiymətləndirilmişdir.

3. Gəncə Şəhər Məhkəməsinin 2(044)-11/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı “Unibank ASC-nin cavab dehlər İddiaçı, X1 qarşı iddia tələbinin qismən təmin edilməsi, cavabdehlərdən 12032,64 ABŞ dolları məbləğində pulun tutulması, Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,50 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli binanın satış qiymətinin 62000 manat məbləğində qiymətləndirilərək, açıq hərracda satılması qət edilmişdir.

4. Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-393/2019 saylı 15 mart 2019-cu il tarixli qətnaməsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(044)11/2018 saylı, xx.xx.2018ci il tarixli qətnaməsi pulun tutulması hissəsində qismən dəyşdirilmiş, qalan hissədə təmin edilməmişdir.

5. Azərbaycan Respublikasının 2(102)-6549/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-393/2019 saylı 15 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, ona qanuni əsaslarla məxsus olan Daşkəsən rayonu, Xoşbulaq kəndində mülkiyyətində olan 0,50 hektar torpaq sahəsi və 1 mərtəbəli binanın qiymətləndirilməsi barədə ekspert rəyinin ləğv edilməsi və yenidən real qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan Daşkəsən rayonu, Xoşbulaq kəndində mülkiyyətində olan 0,50 hektar torpaq sahəsi və 1 mərtəbəli bina dövlət qeydiyyatına keçmiş və dövlət qeydiyyat nömrəsi MN №0017709 olmaqla 30 may 2008-ci il tarixindən mülkiyyət hüququ ilə onun istifadəsindədir. O, maddi çətinlikləri ilə bağlı bankdan kredit götürmüş və krediti vaxtında tam qaytara bilmədiyi üçün ona məxsus olan əmlaka onun iştirakı təmin olunmadan, mülkiyyətinə rəy verilmişdir. Həmin rəy reallıqdan uzaq olmuş və onun həmin dövrdə iştirakı olmadan əmlakı 62000 manat qiymətləndirilmişdir. Sonradan o, bunu bildikdə həmin Cavabdeh MMC-yə müraciət edərək ona məxsus əmlakının yenidən qiymətləndirilməsini tələb etmişdir. Əmlakın yenidən qiymətləndirilməsi ilə bağlı müraciətindən sonra, əmlakın ümumi bazar dəyəri 310000 manat müəyyən olunmuşdur. Cavabdeh MMC əvvəlki rəyi reallığı əks etdirmədiyindən, 2016-cı ilin avqust tarixində məhkəmə sorğusu əsasında əmlakının qiymətləndirilməsi və sonradan ikinci dəfə 12 noyabr 2019-cu il tarixli rəyləri ziddiyyət təşkil etdiyindən, rəy araşdırılmalıdır və qanunda nəzərd ə tutulmuş qaydada təcili təxirəsalınmaz ünvandakı əmlak yenidən qiymətləndirilməlidir. Qiymətləndirmə düzgün aparılmadığından və ona məxsus olan əmlak yenidən qiymətləndirilməlidir.

8. Bakı şəhər Yasamal rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(004)-1854/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən O.Məmmədli) iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mübahisələndirdiyi Daşkəsən rayonu, Xoşbulaq kəndində mülkiyyətində olan 0,50 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli binaya dair qiymətləndirmə rəyi əsas götürülməklə qanuni qüvvəsini almış qətnamələr mövcuddur. Həmin qiymətləndirmə rəyinə dair qanuni qüvvəyə minmiş qətnamələr o lduğundan, artıq başqa məhkəmədə sözügedən rəy mübahisə predmeti ola bilməz.

10. Beləliklə, iş materiallarına əsasən Gəncə Şəhər Məhkəməsinin qətnaməsinin Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,50 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli binanın satış qiymətinin 62000 manat məbləğində qiymətləndirilməsi hissəsi dəyişdirilmədən saxlanmış və qətnamələr həmin hissədə artıq qanuni qüvvəsini almışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassızdır.

11. Məhkəmə gəldiyi nəticəni “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1, 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsind əki icraat

12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarında olan qiymətləndirmə reallıqdan tam uzaqdır. İddiaçının əmlak hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə işə iddiaçının iştirakı olmadan birtərəfli qaydada baxmışdır.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-8006/21 nömrəli iş üzrə 08 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər –A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov, İ.Şirinov) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmə dən saxlanılması qət edilmişdir.

15. Məhkəmə kоllegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsaslar оlmadığından, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

16. Həmçinin, iddiaçı şikayətində onun iştirakı olmadan işə baxılmasını desə də, iş materiallarından görünür ki, İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində Bakı şəhər Yasamal rayon məhkəməsinə teleqram daxil olmuşdur. Teleqramda bildirmişdi r ki, səhhəti ilə əlaqədar olaraq iclasda iştirak edə bilmir və onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir (i.v.101).

17. Məhkəmə gəldiyi nəticəni “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1, 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını nəzərə almamışdır. Qiymətləndirilmə aparılarkən iddiaçını n əmlakının real bazar dəyəri nəzərə alınmamış və bununla onun maraqlarına toxunan qərar qəbul edilmişdir.

20. İş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar nəzərə alınmamışdır.

21. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 217.4, 220.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3

20. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka s axlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanun

21. Maddə

8. Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəy yən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 416.2. Apellyasiya instansiy ası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

30. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfi ndən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməs i üçün əsas yoxdur.

34. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişd ir.

35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8006/2021 nömrəli iş üzrə 08 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar