Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5023/2020 12.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı “əmlakın həbsdən azad olunması və icra icraatının dayandırılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmlakın həbsdən azad edilməsi və icra icraatının dayandırılması tələbləri, iddiaya mülki mühakimə icraatı qaydasında baxılmalı olmaması, iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)1057/2020 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhəri üzrə İcra idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(060)-2872/2018 nömrəli icra sənədi üzrə icra tədbirləri görülməsinin qanunsuz hesab edilməsi, həmin icra sənədi üzrə icraatın dayandırılması vəzifəsinin Sumqayıt şəhəri üzrə İcra İdarəsinin üzərinə qoyulması və ünvan 1 nömrəli evin həbsdən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019 -cu il tarixli, 2(060)-6601/2019 nömrəli qətnaməsi ilə (hakim A.İ.İsmayılov) iddia tələbi rədd edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(105)-1057/2020 nömrəli qətnaməsi ilə (hakimlər G.F.Tağızadə - sədrlik edən və məruzəçi, L.M.Məmmədova və T.O.Quliyev) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-6601/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Vəkil kasasiya şikayəti verərək, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(105)-1057/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya instansiyası məhkəməsi baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİR AKİ VƏ İZAHATLARİ: Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, işin faktiki halları tam araşdırılmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı, cavabdehin nümayəndəsi, habelə vəkilləri gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(060)-2872/2018 nömrəli qətnaməsi ilə iddiaçı X2 iddiası təmin edilmiş, cavabdehlər İddiaçı, X1 və onların uşaqları xx xxxxxx 2002-ci ildə anadan olmuş X3 və xx xxxx 2007-ci il tarixdə anadan olmuş X5 ünvan 1 fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin evdən çıxarılması qət edilmişdir. Həmçinin iş materiallarından müəyyən olunur ki, İddiaçı şikayəti əsasında Sumqayıt şəhər Polis İdarəsində Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ibtidai araşdırması aparılan cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə Sumqayıt şəhər prokurorunun təqdimatı təmin edilərək, İddiaçı adına olmuş, xx xxxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsi ilə X4, xx xxxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə X2 adına keçirilmiş ünvan 1 yerləşən evin üzərinə həbs qoyulmuşdur. İddia ərizəsindən görünür ki, iddiaçının hazırki tələbləri iki hissədən ibarətdir: 1. iddiaçının X6 tərəfindən aldadılması əsas gətirilərək, Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(060)-2872/2018 nömrəli icra sənədi üzrə icra tədbirləri görülməsinin qanunsuz hesab edilməsi və həmin icra sənədi üzrə icraatın dayandırılması vəzifəsinin Sumqayıt şəhəri üzrə İcra İdarəsinin üzərinə qoyulması; 2. ünvan 1 nömrəli evin həbsdən azad olunması (bu tələbin faktiki əsasları iddiada qeyd olunmamışdır). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü tələblər iddia icraatı qaydasında baxıla bilməz, birinci instansiya məhkəməsi iddianı icraata qəbul edərək, mahiyyəti üzrə baxmaqla, apelyasiya instansiyası məhkəməsi isə qətnaməni dəyişdirilmədən saxlamaqla prosessual hüquq normalarını pozmuşlar. Belə ki, icra sənədi üzrə icraatın dayandırılmasının məcburi və mümkün olduğu hallar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq 17 və 18-ci maddəsində təsbit olunmuşdur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən isə bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Qanunun 21.2-ci maddəsinə əsasən bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. “İcra haqqında” Qanunun 21.3-21.4-cü maddələrinə əsasən məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. İcraatın dayandırılması haqqında qərardaddan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş müddətlərdə və qaydada şikayət verilə bilər. Həmin Qanunun 21.5-21.6-cı maddələrinə əsasən icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırıldığı hallarda bu barədə qərar qəbul olunur və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Qəbul edilmiş qərarın surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmçinin icra sənədi üzrə icraata başlanması “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində təsbit olunmuşdur. Həmin Qanunun 8.2-ci maddəsinin birinci cümləsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Qanunun 8.3 və 8.5-ci maddələrinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddə tində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Göründüyü kimi icra sənədi üzrə icraatın başlanması və başlanmış icraatın dayandırılması ilə bağlı icra hərəkətlərindən şikayətin verilməsi icra haqqında qanunvericiliklə tənzimlənir və belə şikayətlər iddia qaldırılması ilə deyil, icra məmurun müvafiq qərarından və ya hərəkətindən 10 gün müddətində şikayət verilməsi qaydasında həyata keçirilir. Odur ki, ki, icra məmurunun icra hərəkətlərinin görülməsinin qanunsuz hesab edilməsi və icra icraatının dayandırılması barədə tələbə iddia icraatında baxılması mümkün deyil, belə iddia, iddia icraatı qay dasında baxılmalı olmayan tələblərə aiddir. İddianın ikinci hissəsi üzrə müəyyən olunur ki, iddia olunan əmlakın üzərində həbs cinayət mühakimə icraatı qaydasında qoyulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 177.3.3-cü maddəsinə əsasən əmlak üzərinə həbs qoyulması üçün bir qayda olaraq məhkəmə qərarının alınması tələb olunur. Həmin Məcəllənin 249.2-ci maddəsinin birinci cümləsinə əsasən əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Məcəllənin 254.1 və 254.2-ci maddələrinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı mülki iddiadan imtina edildikdə və ya cinayət təqibi üzrə icraata xitam verildikdə əmlak üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs müstəntiqin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla razılaşdır ılmış qərarına əsasən ləğv edilir. Məhkəmə icraatı zamanı və bu maddədə göstərilməyən digər hallarda əmlak üzərinə qoyulmuş həbs yalnız məhkəmənin qərarı əsasında ləğv edilə bilər. Məhkəmə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz səlahiyyətləri daxilində cinayət təqibi orqanı tərəfindən qanunsuz üzərinə həbs qoyulmuş əmlakı həbsdən azad edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası izah edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Göründüyü kimi iddiaçının irəli sürdüyü tələblərin hər ikisinə mülki mühakimə icraatı qaydasında baxıla bilməzdi. Lakin aşağı instansiyası məhkəmələri iddiaya mahiyyəti üzrə baxaraq müvafiq qətnamələr qəbul etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iş üzrə zəruri olan araşdırma aparılmadan qəbul edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsini dəyişiklik etmədən saxlayarkən haqlı olmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməklə, iş üzrə səhv nəticəyə gəlmişdir. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının kasasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, bununla belə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilməli və iddiaçıya icra məmurunun hərəkətlərindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununa uyğun şikayətlə aidiyyəti məhkəməyə, əmlakın həbsdən azad olunması ilə bağlı müraciətlə isə Azərbaycan Respublikası CPM-in tələblərinə müvafiq olaraq ibtidai istintaqı aparan müstəntiqə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəmə nəzarətini həyata keçirən m əhkəməyə, cinayət işi məhkəmənin icraatında olduğu halda - müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.5-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 202 0-ci il tarixli, 2(105)-1057/2020 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı “əmlakın həbsdən azad olunması və icra icraatının dayandırılması” tələbinə dair mülki işi üzrə icraata işə məhkəmədə baxılmalı olmaması ilə əlaqədar xitam verilsin. İddiaçıya izah olunsun ki, onun icra məmurunun hərəkətlərindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununa uyğun şikayətlə aidiyyəti məhkəməyə, əmlakın həbsdən azad olunması ilə bağlı müraciətlə isə Azərbaycan Respublikası CPM-in tələblərinə müvafiq olaraq ibtidai istintaqı aparan müstəntiqə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə, cinayət işi məhkəmənin icraatında olduğu halda - müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. T ərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5023/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5023/2020
12.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver