Məhkəmə qərarları › İş №2(102)-5110/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5110/2021

22.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5110/2021 22.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3466/2021 nömrəli iş üzrə 15 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 22 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı 14 mart 2019-cu il tarixdə bel-oma nahiyəsində olan və sağ ayağa irradiasiya edən ağrılar, keylik, zəiflik şikayəti ilə “N”a müraciət etmiş və 15 mart 2019-cu il tarixdə onun üzərində “L5 fəqərəarası soldan hemilaminektomiyası, L4 və S1 fəqərəarası soldan hissəvi hemilaminektomiyası. Sinir kökçüklərin sərbəstləşdirilməsi” cərrahi əməliyyatı aparılmışdır. Cavabdeh tərəfindən əməliyyatın aparılması üçün İddiaçı tərəfindən Hospitala 6650 manat məbləğində ödəniş edilmişdir. 19 mart 2019-cu il tarixdə xəstə İddiaçı evə yazılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin avqust ayında İddiaçı “N”a qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hospitalın həkimi N tərəfindən üzərində əməliyyat aparıldıqdan sonra ağrılarının daha da kəskinləşməsini, başqa klinikada MRT müayinəsindən keçdikdə ona sol tərəfdə cüzi əməliyyat aparılmasının, əslində isə sağ tərəfdən əməliyyat edilməli olmasının bildirilməsini, yenidən Bəhram Milaniyə müraciət etdikdə onun yenidən əməliyyat aparılmasına ehtiyac olmasını ona bildirməsini, ödədiyi pul məbləğinin ona qaytarılacağı vəd olunsa da, həmin məbləğin ona qaytarılmamasını və s. əsas göstərməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 1096-cı maddələrinin tələbinə müvafiq olaraq cavabdehdən onun xeyrinə maddi ziyana görə 15.000 manat, mənəvi ziyana görə isə 100.000 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-184/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim: S.İ.Adilova) iddia qismən təmin edilərək "xxxx" MMC-dən maddi zərərə görə 6650 manatın, mənəvi zərərə görə isə 3000 manatın İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ziddiyyətli ekspert rəyləri əsasında çıxarılmasını, həkim müayinələrinin nəticəsinə görə MMC-nin məsuliyyət daşımamasını və bununla əlaqədar "xxxx" MMC-nin cavabdeh kimi işə cəlb edilməsinin qanunsuz olmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda İddiaçı apellyasiya şikayəti verərək həkim tərəfindən onun sağlam nahiyəsind ə əməliyyatın aparılmasını, sağlamlığının pisləşməsi nəticəsində ona maddi və mənəvi zərər dəyməsini və s. əsas göstərməklə qətnamənin iddianın təmin olunmamış hissəsində ləğv edilib iddianın tam həcmdə təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3466/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və A.V.Tanrıverdiyev) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçı kassasiya şikayəti verərək əməliyyat n əticəsində yaranan qüsurların aradan qaldırılması üçün çəkdiyi xərclərin nəzərə alınmadan maddi ziyanın qismən təmin olunmasını, eləcə də keçirtdiyi mənəvi sarsıntı və iztirabların müqabilində cavabdehdən 3000 manat tutulmasının qanunsuz olmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda "xxxx" MMC-nin nümayəndəsi kassasiya şikayəti verərək qətnamənin ziddiyyətli sübutlar əsasında, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarını n izahatları Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili verdikləri kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Cavabdeh MMC-nin vəkili verdikləri kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. (21.1.) Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriy yə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.2.) Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1112 Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmu ş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmə dən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməs ini yoxlayır. Tərəflərin kassasiya şikayətləri qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, "xxxx"ın həkimi tərəfindən aparılmış qüsurlu cərrahiyyə əməliyyatı nəticəsində iddiaçının sağlamlığı pozulmuş, ona maddi və mənəvi zərər dəymişdir. İşdə olan mütəxəssis rəylərindən aydın olur ki, iddiaçının sağ ayağında əməliyyatın aparılmaması ilə əlaqədar həmin nahiyədə yen idən əməliyyat aparılmasına ehtiyac yaranmış, sağlamlığının bərpası təmin olunmamışdır. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya qarşı delikt törədilməsi nəticəsinə gələrək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097-ci maddələrinin qüvvəsini tətbiq etməklə iddianın qismən əsaslı olması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hü quqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə ziyanın "xxxx" MMC-dən tutulmalı olması barədə nəticəyə gələrkən Mülki Məcəllənin 1099-cu maddəsinə əsaslanmışdır. Qanunun həmin normasına görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. (1099.1) Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. (1099.2) İş materialları ilə iddiaçıya dəymiş ziyanın məbləği 6650 manat həcmində sübuta yetirildiyindən, kollegiya iddianın həmin həcmdə təmin olunmasını iş materiallarına uyğun sayır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 03 noyabr 2008-ci il tarixli qərarına görə mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iddiaçıya dəymiş mənəvi ziyanın məbləğini 3000 manat müəyyən etmişdir. Göstərilən vəziyyətdə mənəvi ziyanın məbləğinin keçirtdiyi sarsıntıya və mənəvi iztirablara uyğun olmaması barədə iddiaçının kassasiya şikayətinin dəlili əsaslı sayıla bilməz. Kollegiya hesab edir ki, maddi və mənəvi zərərin miqdarı məhkəmə tərəfindən düzgün müəyyən olunduğundan iddiaçının kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. İddiaçının üzərində cərrahiyyə əməliyyatının aparılması zamanı qüsurlara yol verilməsi və həmin hərəkətin delikt kimi qiymətləndirilməsi, eləcə də həmin hərəkətə görə iddiaçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması qanuni və əsaslı olduğundan, kollegiya cavabdehin kassasiya şikayətini də əsassız sayır. Kollegiya hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarılmış, qətnamənin ləğv edilməsi üçün əsas verən maddi və prosessual hüquq normalarının pozu lmasına yol verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3466/2021 nömrəli iş üzrə 15 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar