Məhkəmə qərarları › İş №2(102)-5202/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5202/2019

31.07.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5202/2019 31.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli 2(103)860/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon məhkəməsinin 18 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim S.R.Səlimova, iş № 2(011)-625/2018) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mirtahir oğluna qarşı maddi ziyana görə 11.400 mana t, mənəvi ziyana görə 10.000 manat tutulması tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.Q.Hüseynov, V.N.Sadıqov və A.N.İmanov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 18 iyul 2018ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 15 sentyabr 2016-cı il tarixdə İddiaçı qarın nahiyəsində kəskin ağrıların və bədən hərarətinin yüksək olması ilə əlaqədar “Nigar” Klinikasına müraciət etmiş, aparılmış müayinələr nəticəsində ona “kəskin daşlı xolesistit, yayılmış peritonit diaqnozu qoyulmaqla xəstəxananın həkimləri Cavabdeh1 və Cavabdeh2 tərəfindən onun üzərində əməliyyat aparılmışdır. Cərrahiyyə əməliyyatından sonra 22 sentyabr 2016-c ı il tarixdə aparılmış müayinələr zamanı öd kisəsi yatağında, sağ qalça çuxurunda sərbəst maye aşkar edilmiş və sonrakı müalicələrin davam etdirilməsi üçün iddiaçı “Medical Plaza” Klinikasına aparılmış, həmin klinikada onun üzərində təkrar cərrahiyyə əməliyyatı aparılmış, vəziyyətində stabilləşmə yarandıqdan sonra öz istəyi ilə “Azərsutikinti” xəstəxanasına köçürülmüşdür. 2017-ci ilin dekabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Nigar” Klinikasının həkimləri olan cavabdehlərin onun üzərində keçirdikləri əməliyyatı taktiki cəhətdən düzgün keçirməmələri səbəbindən başqa tibb müəssisəsində təkrar əməliyyatlara məruz qalıb müalicə qəbul etməsini və beləliklə də cavabdehlərin hərəkətləri nəticəsində 11.400 manat məbləğində maddi ziyan, 10.000 manat məbləğində isə mənəvi ziyan çəkməsini əsas göstərməklə ona dəymiş maddi və mənəvi ziyanın cavabdehlərdən müştərək qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kassasiya şikayəti verərək qətnamənin işdə olan sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehlərin vəkilləri kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, İddiaçı cavabdehlərin hərəkətindən əvvəlcə Bakı şəhərinin Nizami rayon prokurorluğuna müraciət etmiş və prokurorluq tərəfindən aparılmış araşdırmalar zamanı alınmış ekspert rəyində cavabdehlər tərəfindən əməliyyatın taktiki cəhətdən düzgün aparılmaması və bu səbəbdən təkrar cərrahi əməliyyatın aparılmasına göstəriş olması barədə rəy alınmışdır. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət e dərkən məhz həmin ekspert rəyinə əsaslanmaqla cavabdehlər tərəfindən əməliyyatın taktiki cəhətdən düzgün aparılmamasını və onların hərəkəti nəticəsində ona maddi və mənəvi zərər dəyməsini iddia etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən keçirilmiş ekspert rəyində də cavabdehlər tərəfindən əməliyyatın taktiki cəhətdən düzgün aparılmaması göstərilmiş və bununla əlaqədar rəyi vermiş ekspert məhkəməyə dəvət edilərək dindirilmiş və müəyyən olunmuşdur ki, ekspertiza tədqiqatına təqdim olunmuş xəstəlik tarixində əməliyyatın onikibarmaq bağırsağın dövriyyədən ayrılması barədə qeydiyyat aparılmadığından və xəstəlik tarixinin əlyazma şəklində olmaqla oxunmasının mümkün olmaması səbəbindən eləcə də ekspertiza tədqiqatı zamanı İddiaçı endoskopik müayinəsi keçirilmədiyindən əməliyyatın dü zgün aparılmaması barədə rəy verilmişdir. Cavabdehlər tərəfindən aparılmış əməliyyat barədə tam məlumat əldə etdikdən, o cümlədən əməliyyat zamanı onikibarmaq bağırsağın dövriyyədən ayrılmasını müəyyən etdikdən sonra ekspert X2 təkrar əməliyyatın aparılmasının həkimlərin səhvi ilə bağlı olmamasını bildirməklə ilkin əməliyyatın düzgün aparılmaması barədə verdiyi rəydə əməliyyatın taktiki cəhətdən düzgün aparılmamasına dair göstərdiklərini təkzib etmişdir. İşdən görünür ki, ilkin əməliyyatın cavabdehlər tərəfindən uğursuz aparılması barədə iddiaçının dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmış və iddiaçının maddi və mənəvi zərərə məruz qalmasının cavabdehlərin təqsiri üzündən baş verməsi təsdiq olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsini n 1112-ci maddəsinə görə tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsinin əsaslı olması barədə nəticəyə gəlmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara, maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarıldığından kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu m addələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 26 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar