Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5218/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pulun tutulması) 19.10.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X10 oğlunun katibliyi, İddiaçı1, vəkili İslamov Nicat Qurbanəli oğlunun, Cavabdeh və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1510/2021 saylı, 27 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçının qaynı olan İddiaçı2 Cavabdeh ilə iş birliyi olmuşdur. Birgə fəaliyyət çərçivəsində onlar parfümeriya mallarının ticarəti ilə məşğul olmuşlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6.500 ABŞ dolları məbləğdə pulun İddiaçı1, 500 ABŞ dolları pulun İddiaçı2, 500 ABŞ dolları pulun X3 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər.
3. Daha sonra İddiaçı1 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh 7.100 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-10754/2017 saylı, 10 oktyabr 2017-ci il tarixli qərardadı ilə mülki iş iddiaçılar İddiaçı2 və İddiaçı3 aid hissədə baxılmamış saxlanılmışdır.
5. İddiaçı1 iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehi şəxsən tanıyır, cavabdeh ona məxsus evdə də qonaq olmuşdur. Cavabdehin oğlu bir müddət Cəlilabad rayonunda Göytəpə” adlanan yerdə hərbi xidmətdə olmuş, bununla bağlı da cavabdeh onlara gəlib-getmişdir. Onun bir ayağı yoxdur, ikinci ayağı da kəsilmək üzrədir. Cavabdeh ona xarici ölkədən keyfiyyətli protez ayaq gətirəcəyini vəd vermiş və bu məqsədlə ondan ümumilikdə 8.000 ABŞ dolları məbləğində pul almışdır. Həmin pulun 5.000 ABŞ dolları hissəsini cavabdehə şəxsən vermiş, qalan 1.500 ABŞ dolları hissəsini qaynı İddiaçı2 va sitəsi ilə, 1.500 ABŞ dolları hissəsini isə qaynının qohumu X5 vasitəsi ilə ona çatdırmışdır. Lakin nəticədə nə protez ona gətirilmiş, nə də ki, pul qaytarılmışdır
6. Cavabdeh X5 iddia tələbini qəbul etməmiş və göstərmişdir ki, iddiaçını və onun həyat yoldaşını ümumiyyətlə tanımır. Ondan hər hansı məqsədlə hər hansı məbləğdə pulu şəxsən, habelə İddiaçı2 və ya X5 vasitəsi ilə almamışdır. Onun ticarətlə məşğul olmaq məqsədi ilə İddiaçı2 ilə iş birliyi olmuşdur. Belə ki, həm özünün, həm də İddiaçı2 vəsaiti hesabına parfümeriya və sair bu kimi malları gətirib, mağazada satmışdır. Lakin bu işləri alınmamış və nəticədə ziyana uğramışdır. Bununla bağlı onun İddiaçı1 deyil, məhz İddiaçı2 6.500 ABŞ dolları məbləğində borcu yaranmışdır. Həmin pulun da 1.500 manat hissəsini hər ay 300 manat ödəməklə X5 vasitəsi ilə İddiaçı2 qaytarmışdır. Belə ki, bu pul qaytarılan zaman 1.500 manat pul dəyər baxımından 1.500 ABŞ dolları təşkil edirdi. Qalan 5.000 ABŞ dolları pulun əvəzinə isə İddiaçı2 parfümeriya malları təhvil vermişdir. Bununla bağlı “Nizami” metro stansiyasının yaxınlığında onların arasında görüş olmuşdur. O da təhvil veriləcəyi malları qara rəngli avtomobilə yükləyərək, görüş yerinə gəlmiş və orada siyahı üzrə razılaşdırılmış şəkildə İddiaçı2 təhvil vermişdir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tarixli, 2(001)1289/2020 saylı qətnaməsi ilə (hakim F.Abdıyev) iddia qismən təmin edilərək, Cavabdeh 6.572 ABŞ dolları məbləğində pulun (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) alınaraq İddiaçı1 ve rilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh hər hansı hüquqi əsas olmadan İddiaçı1 məxsus pulu ondan alaraq özündə saxlamış və bu səbəbdən bu hal onun tərəfindən hər hansı hüquqi əsas olmadan İddiaçı1 hesabına əmlak əldə etmə və bununla da onun əsassız varlanması kimi qiymətləndirilməlidir. Belə olan halda, cavabdeh İddiaçı1 hər hansı hüquqi əsas olmadan əldə etdiyi və İddiaçı1 məxsus olan pulu ona qaytarmalıdır.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilk olaraq gəlir əldə etmək, sonradan isə protez ayaq alınması üçün cavabdehə 8.000 ABŞ dolları məbləğində pulun verildiyini bildirmişdir. Hər bir halda, onların arasında yaranmış münasibətlərə borc və ya əsassız varlanma kimi qiymət verilməsindən asılı olma yaraq, hüquqi nəticə etibarı ilə İddiaçı1 Cavabdeh ümumilikdə 8.000 ABŞ dolları məbləğində pul vermişdir və bu pul onun tərəfindən İddiaçı1 tam olaraq qaytarılmamışdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 740,1091-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 19 fevral 2020-ci il tarixli, 2(001)-1289/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1510/2021 saylı, 27.01.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və Ş.A.Mə mmədova) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh 6.572 ABŞ dolları məbləğində pulun (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) alınaraq İddiaçı1 verilməsi və iddianın qalan hissədə təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikay ətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməklə yanaşı, işin həqiqi hallarını və tərəflərin qarşılıqlı münasibətlərini hərtərəfli araşdırmamış, hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçının izahatına istinad etməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təsdiqləmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə pr insiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, guya Cavabdeh İddiaçı1 pul borcu vardır. Lakin, iş materiallarına nəzər saldıqda tərəflərin pul öhdəliyinin mövcud olmasını təsdiq edən heç bir maddi sübut mövcud deyil. Yalnız şahid ola bilməyən insanların birinci instansiya məhkəməsində verdiyi ziddiyyətli izahlara əsasən məhkəmə tərəflər arasında borcun olması qənaətinə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin tə min edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
19. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 və vəkili İslamov Nicat Qurbanəli oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Kassasiya baxışının hədləri
20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaq la apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
21. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fak tlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsass ız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə ba xarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən p rosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İşin faktiki hallarının sübut olunmaması barədə kassatorun dəlili işin faktik halları ilə bağlı olduğuna görə kassasiya instansiyasında baxılmalı dəlil deyildir. Lakin məhkəmə kollegiyası, kassatorun yalnız iddiaçının izahatına əsasən nəticəyə gəlməsi barədə dəlilini, işə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 14-cü maddəsinin tələbinə əsasən işin tam, hərtərəfli və obyektiv tədqiqinə şərait yaradılması vəzifəsinə əməl olunması baxımından araşdıraraq qeyd edir ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəs ində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Çünki mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
28. İşə baxmış məhkəmələr də iddiaçının izahatında göstərilən halların həqiqiliyini müəyyən etmək üçün şahidlərin ifadələrini almış, həmin ifadələri müqayisəli təhlil edərək nəticəyə gəlmişdir. İşin gedişində cavabdeh onun iddiaçıya deyil, İddiaçı2 6500 ABŞ dolları məbləğdə borcunun olduğunu bildirmiş, lakin İddiaçı2 cavabdehin ona yox, iddiaçıya borclu olduğunu bildirmişdir.
29. Məhkəmələr həmçinin cavabdehin İddiaçı2 borclu olduğu 6500 ABŞ dolları məbləğdə pulu ona qaytarması barədə dəlillərini də araşdırmış və şahidlərin ifadələrini dinləyərək, cavabdehin bu dəlillərinin əsassız olduğunu müəyyən etmişdir.
30. Məhkəmə həmin xüsusatla bağlı qeyd etmişdir ki, cavabdeh İddiaçı2 borcunun olduğunu və bu borcu qaytardığını sübuta yetirə bilməmişdir. Məhkəmə iclasında ifadəsi alınmış şahid X6 isə Cavabdeh İddiaçı2 “Nizami” metro stansiyası yanında borc əvəzi olaraq əşyalar verdiyini bildirsə də, Cavabdeh neçə nəfərlə görüşməsi, həmin şəxslərin hansı geyimdə olması, görkəmləri, hansı avtomobillə gəldikləri, avtomobilin baqajından götürülən əşyalar, onların çeşidi, növü, dəyəri, idarə etdiyi a vtomobilin dövlət nömrə nişanı, görüşün dəqiq olaraq hansı ildə, ayda və ya fəsildə baş tutması, habelə görüş zamanı malların siyahıya alınıb-alınmaması, hər hansı sənədin imzalanıb-imzalanmaması barədə məlumat verə bilməmişdir. Bunu hadisənin xeyli müddət əvvəl olması və həmin günü (hər hansı hüququ olmadan sadəcə olaraq cavabdehin xahişi ilə idarə etdiyi və cavabdehə məxsus olan) avtomobildən çıxmaması ilə əsaslandırır. Belə olan halda, onun ümumiyyətlə məhkəmə iclasına niyə və nə məqsədlə gəlməsinin özü bir sual doğurur və ən azı cavabdehin həmin tarixdə görüşü olmuşdursa da, onun məhz İddiaçı2 ilə görüşməsini sübutetmə baxımından şübhə altına alır. Digər tərəfdən cavabdeh həmin görüş günü özünü yaxşı hiss etmədiyini bildirir və bu səbəbdən X2 ona köməklik məqsədi ilə avtomobilini idar ə etməyi xahiş etdiyini qeyd edir. Belə olan halda, özünü pis hiss edən Cavabdeh avtomobili idarə etməklə köməklik edən şahid X1 görüş zamanı (əgər həqiqətdə görüş olmuşdursa) avtomobilin arxasında olan əşyaların boşaldılmasında köməklik etməməsi də sual doğurur. Hər bir halda, Cavabdeh İddiaçı2 ilə qeyri-qanuni iş görmürdülər, o cümlədən dövriyyəsi qadağan edilmiş, dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı əşya təhvil verilmirdi. Başqa sözlə, şahid X4 avtomobildən çıxması və malları görməsi, habelə daşıması üçün hər hansı maneə yox idi. Digər tərəfdən özünü görüş günü pis hiss edən Cavabdeh yaşadığı Yasamal rayonu ərazisindən “Nizami” metro stansiyası yanına getməyə də hər hansı ehtiyac yox idi. Belə ki, borcu qaytarmaq üçün Cavabdeh (əgər belə borc olmuşdursa) İddiaçı2 “Nizami” metro stansiyasından heç də uzaqda yerləşməyən və yaşadığı Yasamal rayonuna da dəvət edə bilərdi. Çətin ki, avtomobillə həmin görüşə gələn (əgər belə görüş olmuşdursa) və “Nizami” metrostansiyası yaxınlığında yaşamayan İddiaçı2 xüsusilə də borcunu almaq üçün Yasamal rayonuna getməkdən imtina edərdi. Bununla yanaşı, Cavabdeh 5.000 ABŞ dolları əvəzinə bu dəyərdə parfümeriya əşyalarını verdiyini bildirsə də, bu əşyaların siyahısını, İddiaçı2 təhvil verilməsini təsdiq edən hər hansı təhvil-təslim aktı təqdim edə bilmir (halbuki izahatında malların siyahı üzrə razılaşdırılmış şəkildə təhvil verildiyini göstərir). Bu səbəbdən məhkəmə cavabdehin mövqeyini və bu şahidin ifadəsini əsaslı hesab etmir və iddiaçı tərəfin şahidlərinin ifadəsini mötəbər sübut kimi qəbul edərək, belə q ənaətə gəlir ki, Cavabdeh qaytardığı 1.500 manat məbləğində pul onun İddiaçı2 olan borcunun əvəzi olaraq qaytarılmamış və o, 5.000 ABŞ dolları məbləğində dəyəri olan parfümeriya mallarını İddiaçı2 borc əvəzi verməmişdir. Onun tərəfindən qaytarılan 1.500 manat məbləğində pul və qaytarılmasını sübut etməyə çalışdığı 5.000 ABŞ dolları məbləğində pul məhz İddiaçı1 verməli olduğu pul məbləği idi və 1.500 manat məbləğində pul qaytarılsa da, 5.000 ABŞ dolları məbləğində pul bügunədək qaytarılmamışdır. 31.Göründüyü kimi, məhkəmələr təqdim olunmuş sübutları təhlil edib qiymətləndirməklə nəticəyə gəlmiş, gəldikləri nəticəni əsaslandırmışlar.
32. Kassasiya şikayətində sadalanan digər hallar işin faktik halları, həmin faktların araşdırılmaması barədədir ki, bu hallar kassasiya qaydasında araşdırmanın predmetini təşkil etmir. Kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır.
33. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1510/2021 saylı, 27 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.