Məhkəmə qərarları › İş №2(102)-5226/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5226/2021

25.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5226/2021 25.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8639/2020 nömrəli iş üzrə 02 dekabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 oktyab r 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli qətnaməsinə əsasən İddiaçı1 Cavabdeh qarşı miras payın müəyyən edilməsinə dair iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-395/2016 saylı 19 yanvar 2016-cı il tarixli qətnaməsi ilə Xəzər Rayon Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli qətnaməsi ləğv edilərək, yeni qətnamə çıxarılmış, X7dan miras qalmış Bakı şəhəri, Xəzər rayonu, ünvanndə yerləşən 43 nömrəli evin 1/2 hissəsi İddiaçı1 və Cavabdeh hər birinin hissədə payları müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2016-cı il tarixli qərarı ilə cavabdehin kassasiy a şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin iş üzrə 19 yanvar 2016-cı il qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlara əsasən, ünvan 1 ünvanı ½ hissədə X1, ¼ hissədə İddiaçı1 və Cavabdeh xüsusi mülkiyyətindədir. İddiaçılar İddiaçı1 və İddiaçı2 ər-arvaddırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən yaşayış evinin və həmin evin həyətyanı torpaq sahəsinin cavabdehlə onun arasında ¼ hissə payına uyğun olara q evə və həyətyanı sahəyə ayrıca giriş təmin olunmaqla bölünməsilə həmin sahənin İddiaçı1 istifadəsinə verilməsinə və iddiaçıların ayrılmış sahəyə köçürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışlar ki, mübahisəli evin 1/2 hissəsi X1 xüsusi mülkiyyətindədir. Yeganənin mülkiyyətində olan hissə hazırda natura qaydasında ayrılmışdır. Ona qarşı bölgüdə heç bir etiraz yoxdur. Lakin Cavabdeh ilə onun arasında paylar natura qaydasında bölünməmişdir. Bu səbəbdən də o, ailə üzvləri ilə birgə mülkiyyətində olan evdən istifadə edə bilmir və həmin payın natura qaydasında bölünərək, evə köçürülmələrini məhkəmə qaydasında tələb edir. Sözügedən paylı mülkiyyətdə olan ev iki mərtəbəli tikilidən ibarətdir. Evin həyətyanı sahəsi 1400 kv metr ərazini əhatə edir. Həyətyanı sahədə hovuz, tövlə və sanitar qovşaq vardır. Həyətyanı sahəyə ümumi giriş evin ortasında yerləşən dalandandır. Hazırda həmin evin və həyətyanı sahənin cavabdehlə onun arasında ayrıca giriş qapıları ayrılmaqla bölünməsi texniki cəhətdən tamamilə mümkündür. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyul 2020-ci il tarixli 26115 №-li ekspert rəyinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, ünvan ünvanında yerləşən 43 saylı fərdi yaşayış evinin iddiaçı və cavabdehin paylarına uyğun naturada bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89- un 1.1, 2.2, 2.4, 2.7 və 2.9-cu bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən müm kün deyildir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin (hakim Ramilə Xəzri) 2(003)-112/2020 saylı, 02 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə iş üzrə keçirilmiş ekspert rəyini sübut kimi qəbul edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı və cavabdehin paylarına uyğun şəklində iki hissəyə bölünməsi mümkün olmadığından, iş üzrə hazırki evə köçürmə və paylı mülkiyyətin natura qaydasında bölünməsi iddia tələbi də təmin oluna bilməz. İddiaçılar qətnamədən apellyasiya şikayəti vermişlər. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) 02 dekabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edil miş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilmiş və iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Xəzər rayonu, ünvanndə yerləşən 43 nömrəli evə köçürülmələri qət olunmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib etməmiş, iddia tələbi iki hissədən, yəni “evə köçürmə və paylı mülkiyyətin natura qaydasında bölünməsi” hissələrindən ibarət olsa da, birinci instansiya məhkəməsi yaşayış evinə köçürülmə tələbinə ümumiyyətlə münasibət bildirməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iddia tələbinin “yaşayış evinə köçürülmə” hissəsini əsaslı hesab edərək qeyd etmişdir ki, mübahisəli mənzilin pay hüququ üzrə həmçinin iddiaçılara məxsus olması, onların həmin mənzilə istifadə və sahiblik hüquqlarının olmasını ehtiva edir, iddiaçılar isə bu hüquqların onlara tanıdığı imkandan istifadə edərək həmin mənzilə köçürülmələrini tələb etməkdə haqlı olmuşlar. Ona görədə məhkəmə hesab etmişdir mənzilə köçürülmə hissəsində iddia tələbi təmin olunmalıdır. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verməmiş, onun iştirakı olmadan işə baxaraq prosessaul hüquq normalarının tələblərini pozmuşdur. İddiaçı X2 mübahisəli evə dair heç bir hüququ yoxdur. Belə ki, mülki mübahisənin həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi də ilk növbədə iddia qaldırmış şəxsin müvafıq subyektiv malik olub-olmamasını araşdırmalıdır. İddiaçı X3 hazırki iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki, o, mübahisəli ev üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir. b) Kas sasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçılar gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyə tli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüqu q normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfi ndən iddia tələbi qismən təmin edilmiş, iddiaçılar qətnamədən kassasiya şikayəti verməmişlər. Ona görə də, qətnamə cavabdehin kassasiya şikayətinə əsasən yalnız mübahisələndirilən hissədə, yəni iddia tələbinin təmin olunan hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: Maddə

13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 152.1-ci Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verm ək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə - mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlilə qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin bu dəlili əsassızdır, çünki işdən göründüyü kimi cavabdeh apel lyasiya instansiyası məhkəməsinin iclasında iştirak etmiş və izahat vermişdir. Kassasiya şikayətinin tələbin İddiaçı2 aid hissədə təmin edilməsinin əsasının olmaması, həmin iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququnun olmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisələndirilməyən hallarına əsasən iddiaçılar ər-arvaddırlar. İşin mübahisələndirilməyən digər halına əsasən isə İddiaçı1 mübahisəli evə dair ¼ hissədə payı vardır. Belə olan halda paylı mülkiyyətçi kimi İddiaçı1 arvadının da mənzilin mülkiyyət hüququ ilə ona məxsus olan hissəsinə köçürülməsini tələb etməkdə subyektiv hüquqa malik olmuşdur. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli ola n bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8639/2020 nömrəli iş üzrə 02 dekabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən sax lanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar