Məhkəmə qərarları › İş №2(102)-540/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-540/2025

11.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-540/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh5 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi, özbaşına tutulmuş daşınmaz əmlakın qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlu oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh6 qarşı «torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evinin qanunsuz sahiblikdən alınaraq ona qaytarılması» tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi M ülki kollegiyasının 2(105)-1496/2024 nömrəli, 17 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Abşeron rayonu, Novxanı kəndində yerləşən, sahəsi 0,3938 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 almışdır.

2. Həmin torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. Torpaq sahəsində qeydiyyata alınmamış fərdi yaşayış evi mövcuddur və hazırda cavabdehlərin sahibliyində və istifadəsindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh lərə qarşı iddia ərizəsi ilə müraciət edərək, mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən, sahəsi 0,3938 ha olan torpaq sahəsinin və orada tikilmiş fərdi yaşayış evinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 və orada yaşayan digər şəxslərin qanunsuz sahibliyindən geri alınması və fərdi yaşayış evinin əşyaları ilə birlikdə boşaldılaraq İddiaçı təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o xüsusi mülkiyyətində olan torpaq sahəsini satmaq məqsədilə həmin əraziyə müştəri aparan zaman orada tanımadığı şəxslərin olduğu və yaşadığı ona məlum olmuşdur. İddiaçı həmin şəxslərdən torpaq sahəsini və fərdi yaşayış evini tərk etmələri tələb etsə də, X4 adlı şəxs həmin torpaq sahəsini alacağ ını və bunun üçün vaxt verilməsini xahiş etmişdir. Lakin üzərindən xeyli müddət keçməsinə baxmayaraq X4 nə alqı-satqı etmiş, nə də ki heç bir əsas olmadan həmin sahəni zəbt edən tanımadığı şəxslər həmin ərazini tərk etmişdir. Əldə etdikləri məlumata görə sözü gedən fərdi yaşayış evində Cavabdeh5, onun arvadı digər Cavabdeh3, atası Cavabdeh2, anası Cavabdeh1, qardaşı Cavabdeh4, qardaşı Cavabdeh4 arvadı Cavabdeh6 və uşaqları X3, Cavabdeh2 yaşayırlar. Daha sonra məlum olmuşdur ki, iddiaçıya məxsus fərdi yaşayış evində yaşayan həmin şəxslərdən biri Cavabdeh2 vəfat etmişdir.

5. Abşeron Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, e-2(012)-2214/2024 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabde h6 İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsindən və onun üzərində tikilmiş fərdi yaşayış evindən çıxarılması, həmin evin boşaldılaraq İddiaçı təhvil verilməsi, iddia tələbinin digər şəxslərə aid hissədə rədd edilməsi qət edilmişdir.

6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, işdə olan mötəbər sübutlarla sübuta yetirilmişdir ki, boşaldılması tələb edilən evə iddiaçının hüququ heç bir şəkildə məhdudlaşdırılmamış, cavabdehlərin isə hər hansı bir hüququnun olması müəyyən edilməmişdir. İddiaçı mülkiyyət hüququna malik olmaqla hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malikdir. Cavabdehlərin isə mübahisə predmeti olan daşınmaz əmlaka müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüququnun məhdudlaşdırılması kimi qiymətləndir ilməlidir.

7. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsinin və onun üzərində tikilmiş fərdi yaşayış evinin orada yaşayan digər şəxslərin qanunsuz sahibliyindən geri alınması və fərdi yaşayış evinin onların əşyaları ilə birlikdə boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində konkret olmadığından iddia tələbi bu hissədə rədd edilməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2 və 157.4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddəsinin İ və İV bəndləri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh3 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 14 iyun 2024-cü il tarixli, e-2(012)-2214/2024 nömrəli qətnaməsini ləğv etməklə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olması doğru olsa da, həmin torpaq sahəsinin üzərində tikilmiş tikilinin iddiaçıya heç bir əlaqəsi olmamışdır. Həmin tikili ailə üzvləri olan Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh6, X3, Cavabdeh2 tərəfindən tikilmişdir. Məhkəmə işi hərtərəfli deyil, qeyri-obyektiv və qərəzli şəkildə araşdırmışdır. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. İddiaçı reyestr çıxarışına əsasən formal olaraq mülkiyyətçi hesab edilsə də, mübahisəli evə və torpaq sahəsinə sahibliyi və istifadəni həyata keçirmədiyi üçün mülkiyyət hüququ qazanmamışdır. Məhkəmənin həmin tikilidə yaşayan ailənin evdən və torpaq sahəsindən çıxarılması qanunsuz və əsassız olmuşdur. Hakim onun hüquq və vəzifələrini izah etməmiş, görüləcək və görülməyəcək hərəkətlərin nəticəsi barədə onu xəbərdar etməmişdir. O öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmişdir. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. Məhkəmə payını ayıraraq naturada bölgü üçün ekspertiza təyin etməlidir. Məhkəmə müəyyən edilmiş faktlar üzrə səhv nəticəyə gəlmiş, düzgün araşdırma aparmamışdır.

11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105) -1496/2024 nömrəli, 17 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Almaz Süleymanova - sədrlik edən və məruzəçi, Lalə Rəhimli və Fuad Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, e-2(012)2214/2024 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

12. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq hesab etmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evinə dair əmlak hüquqları qeydə alınmasa da, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur və həmin fərdi yaşayış evinə iddiaçının gözlənti mülkiyyət hüququnun olm ası aşkardır. Qeyd olunduğu kimi bunun əksi cavabdeh tərəfindən sübuta yetirilməmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 152.1, 152.2, 157.2 və 180.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh3 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsində evə dair rəsmi sənədlərin olmaması, torpaq sahəsinin hansı səbəblər ilə iddiaçının adına rəsimləşdirilməsinə dair ətraflı məlumat verilsə də məhkəmə bu arqumentlərə cavab verməmişdir. Şikayətdə maddi hüquq pozuntusu kimi MM-nin 152.1, 152.5, 157.2, 180.3-cü maddələri qeyd edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçının kassasiya şikayətinə qarşı etirazında kassasiya şikayətinin rədd edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2024-cü il tarixli 2(105)-1496/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması qeyd edilməmiş, şikayət əsaslandırılmamışdır. Cavabdeh3 məhkəmə qərarlarından şikayətlər verərək işin əsassız olaraq uzadılmasına çalışmışdır ki, bu da qanunveri ciliyin tələblərinə əsasən yolverilməzdir. Birinci və apellyasiya instansiyası məhkəməsində iş kifayət qədər araşdırılmış, tərəflərə sübutlar təqdim edilməsi üçün kifayət qədər zaman verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 135.4. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

18. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bil ər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər.

20. Maddə 152.9. Əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir.

21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

22. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Azərbaycan Respublikası Torpaq Məcəlləsi:

23. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

24. Maddə 111.2. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiy yəti üzrə geri qaytarılır.

25. Maddə 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun ol mamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zəru rətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırki kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil.

34. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.

35. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh3 və ailə üzvləri iddiaçının xüsusi mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən, 0,3938 ha sahəsi olan torpaq sahəsinə və üzərindəki fərdi yaşayış evinə qanunsuz sahiblik edirlər. MM-nin 157.2-ci maddəsinə əsasən iddiaçı mülkiyyətində olan əmlakın başqasının qanunsuz sahibliyindən alınmasını tələb etmək hüququna malik olduğundan iddia tələbini təmin etmiş məhkəmə tərəfindən maddi hüquq normasının pozuntusuna yol verilməmişdir.

36. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması MM-nin 152.9, 180.3-cü maddəsinin tələbləri baxımından daşınmaz əmlakın tərkib hissəsi sayılan tikilinin cavabdehlərin qanunsuz sahibliyindən alınması hüququnu istisna etmir.

37. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas olmadığından şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Su mqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2024-cü il tarixli, 2(105)-1496/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar