Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5509/2022 21.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı oğlunun Cavabdeh Əlağa oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətçi hüquqları, yaşayış sahəsindən çıxarma, iddianın və ya etirazın özü-özlüyündə əsassız olması, sübutetmə predmeti, preyudisiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı oğlunun Cavabdeh qarşı mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4049/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 21 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən 30 saylı mənzil (bundan sonra - mübahisəli mənzil) xx.xx.2015-ci ildən İddiaçı oğlunun (bundan sonra - iddiaçı) mülkiyyətindədir.
2. Cavabdeh (bundan sonra – cavabdeh) özünə məxsus əşyaları yerləşdirməklə həmin mənzilə köçmüş və hal-hazırda da orada yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzildən cavabdehin əmlakları ilə birlikdə çıxarılması və həmin mənzilin boşaldılaraq, ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaç ı tələbini belə əsaslandırmışdır ki, cavabdeh mübahisəli mənzili heç bir qanuni əsas olmadan ona təhvil vermir. Cavabdeh mübahisəli əmlakın yerləşdiyi binada mühafizəçi işləyir. O, qalmağa yeri olmadığı üçün həmin mənzili ona müvəqqəti yaşaması üçün vermişdir. Lakin sonradan ona həmin mənzili tərk etməsini bildirsə də, müxtəlif bəhanələr gətirməklə, mənzili tərk etməmişdir. Hesab edir ki, onun mənzil üzərindəki mülkiyyət hüququnun məhdudlaşdırılmasına son qoyulmalı, cavabdeh əmlakları ilə birlikdə həmin mənzildən çıxarılmalıdır.
5. Cavabdeh iddiaya qarşı yazılı etiraz verərək göstərmişdir ki, 2007-ci ildən Bakı şəhərinə usta kimi işləməyə gəlmiş və həmin vaxtdan Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsində "xxxx" MTK (bundan sonra - MTK) tərəfindən inşa edilən binalarda fəhlə işləmişdir. Bir müddət keçdikdən sonra MTK-da briqadir təyin olunmuş və iddiaçıya aid olan bütün təmir-tikinti işlərinə rəhbər təyin edilmişdir. 2011-ci ildən həmin MTK-nın bütün binalarında təmir işləri yekunlaşdıqdan sonra işdən çıxmaq istəmiş, lakin iddiaçı onu faktiki olaraq icraçı direktor vəzifəsinə təyin etmişdir. Bundan başqa o, MTK-da işlədiyi müddət ərzində bütün binalarda həm komendant, həm də binalarda baş verən bütün kommunal problemləri həll edən məsul şəxs olmuşdur. Hətta mənzillər satıldığı vaxt çıxarışların alınması üçün o, müdir ilə birlikdə sənədləri imzalamışdır. Qeyd olunan faktı təsdiq edən akt iddiaya qarşı etiraza əlavə olunmuşdur. 2014-cü ildə iddiaçı ilə öz aralarında şifahi razılığa gəlmişlər ki, iddiaçı dəyəri 83.000 manat olan mənzili ona MTK-da işlədiyi üçün əmək haqqı əv əzinə versin. Bu razılıqdan sonra o, ailəsi ilə birlikdə həmin evə köçmüş və həmin ildən 2021-ci ilin avqust ayına qədər istirahət etmədən ilin 12 ayını, günün 24 saatını işləyərək borcunu tam ödəmişdir. Görülmüş işlərdən başqa 2017-ci ildə o, iddiaçının hesabına 26.000 manat məbləğində pul ödəmişdir. Həmçinin o 2018-2019-cu illərdə təmir-tikinti mağazası işlətmiş və həmin mağazadan iddiaçı 10000 manat məbləğində təmir üçün mal götürmüş, borcunu ödəməmişdir. Covid-19 virusunun yayılması ilə bağlı bütün dünyada pandemiya şəraiti hökm sürdüyü vaxt iddiaçı Rusiya Federasiyasında olmuş və bu müddət ərzində o, MTK-nın bütün işləri ilə məşğul olmuş, evlərin kirayə haqlarını, obyektlərdən yığılan pulları iddiaçıya göndərmişdir. 2021-ci ilin fevral ayından iddiaçı Azərbaycan Respublikasına qayıtmı ş, o da iddiaçıya borcu qalmadığından evin öz adına rəsmiləşdirilməsini xahiş etmişdir. İddiaçı əvvəl razılığını bildirmiş olsa da, sonradan evi onun adına rəsmiləşdirməyəcəyini bildirmişdir. Bir neçə ay sonra, yəni 2021-ci ilin avqust ayında iddiaçı onun evdə olmadığından istifadə edərək, mübahisəli evə daxil olmuş və qapının kilidini dəyişmişdir. Bununla da faktiki olaraq onu evindən qovmuşdur. Qeyd etdiyi faktları MTK-nın sakinləri, mülkiyyətçilər, onların ailə üzvləri, obyektləri işlədənlər təsdiq edə bilərlər.
6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(002)-3158/2021 saylı, 29 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim X6) iddia təmin edilmiş, cavabdehin mübahisəli mənzildən çıxarılaraq, mənzilin boşaldılması və iddiaçıya təhvil ver ilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh mübahisəli əmlakın yerləşdiyi binada mühafizəçi işləmişdir. Onun qalmağa yeri olmadığı üçün iddiaçı həmin mənzili müvəqqəti yaşaması üçün onun istifadəsinə vermiş, cavabdeh özünə məxsus əşyaları həmin mənzilə yerləşdirmişdir. Hazırda mənzilin mülkiyyətçisi olan iddiaçı cavabdehin əşyaları ilə birlikdə mənzildən çıxarılması və mənzilin boşaldılmasını tələb edir. Cavabdehin mübahisəli mənzilə aidiyyəti müəyyən edilmədiyindən, onun həmin mənzilə sahibliyi qanunsuz hesab olunmalı və iddia əsaslı olduğundan təmin olunmalıdır.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1 52.1, 157ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 107, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti iddiaya etirazın dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh 2006-cı ildən iddiaçı ilə birlikdə işləmiş, bütün maliyyə məsələlərində yaxından iştirak etmişdir. Lakin 2012-ci ildən bu tərəfə əmək haqqı almamışdır. Belə ki iddiaçı ilə aralarında olan razılaşmaya əsasən iddiaçı mübahisəli mənzili cavabdehə verməli, bunun müqabilində isə cavabdeh əmək haqqı almamalı idi. Həmin vax tdan bu günə kimi hesablanmış 180000 manat əmək haqqı və 2017-ci il tarixdə “VANOORD” şirkətindən cavabdehə çatacaq 27000 manat iddiaçının hesabında qalmışdır. Beləliklə cəmi 83000 manat borclu olan cavabdeh 207000 manat məbləğində iddiaçıya pul ödəmiş hesab olunmuşdur. Bunlara baxmayaraq iddiaçı aralarında olan razılaşmanı pozaraq mübahisəli mənzili geri tələb etmişdir. Həmçinin mənzilin alqı-satqı müqaviləsi formal olaraq iddiaçının adına rəsmiləşdirilmişdir.
11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmçinin bildirmişdir ki, hazırki iş üzrə tərəflər arasında başqa məhkəmə mübahisəsi də mövcuddur, belə ki, cavabdeh iddiaçıya qarşı pul tələbi ilə məhkəməyə müraciət etmişdir.
12. Məhkəmə iclasında iddiaçının nümayənd əsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, izahatında əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəf iddiaçı ilə razılaşmanın olmasını qeyd etsə də, bu barədə sübutlar təqdim etməmişdir. Həmçinin iddiaçı ilə cavabdeh arasında hər hansı mənzilin əmək haqqı müqabilində cavabdehə verilməsi barədə razılaşmadan söhbət gedə bilməz. Digər tərəfdən cavabdehin iddiaçıya qarşı qaldırdığı iddia pul tələbindən ibarətdir və hazırkı mübahisəyə hər hansı aidiyyəti yoxdur.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-4049/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – X2 (sədrlik edən və məruzəçi), X1 və X7) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış dır.
14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq hesab etmişdir ki, məhkəmə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı mübahisəli mənzil üzərindəki mülkiyyət hüququnun ona tanıdığı imkandan istifadə edərək cavabdehin qeyd edilən yaşayış sahəsindən çıxarılmasını və boşaldılaraq ona təhvil verilməsini tələb etməkdə haqlı olmuşdur.
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. Belə ki, cavabdeh iddiaçı ilə aralarında olan razılaşma əsasında 2012-ci il tarixədək müəyyən qismini alsa da, həmin vaxtdan bu günə kimi bir man at da olsun əmək haqqı almamasını, əvəzində mübahisəli mənzilin dəyərinin tam ödənildikdən sonra Cavabdeh mülkiyyətinə keçirilməsinə dair İddiaçı oğlu ilə sövdələşmə olmasını qeyd etsə də, bu barədə hər hansı mötəbər sübut təqdim etməmiş, iş materiallarında isə iddiaçı ilə cavabdeh arasında belə bir razılaşmanın olması öz təsdiqini tapmamışdır.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 152, 157.2-ci, MPM-in 14.2, 77.1, 119.1, 217.3, 217.4, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti o nunla əsaslandırılmışdır ki, iddiaçı mübahisəli mənzildə bir gün də olsun yaşamamışdır, həmin mənzil əşyaları ilə birlikdə cavabdehin istifadəsində olmuş, mübahisəli evdə alınan gündən bu günə kimi cavabdeh yaşamışdır.
20. Bundan başqa X3 aparılmış araşdırma materiallarından da görünür ki, tərəflərin əmək münasibətlərində olduğu gündən bu günə kimi cavabdehə heç bir əmək haqqı ödənilməmişdir. Beləliklə müəyyən edilir ki, cavabdehlə iddiaçı arasında həmin mənzil əvəzləşdirilmişdir. Məhkəmə isə sırf mülkiyyət hüquqlarına istinad etmiş, tərəflərin arasındakı münasibətləri və təqdim edilmiş sübutları araşdırmamışdır.
21. Həmçinin qeyd edilmişdir ki, əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; əşya faktiki ola raq özgəsinin sahibliyində olmalıdır; özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərin sübuta yetirilməsi iddianın tam təmin olunmasına əsasdır. İşin hallarından məlum olmuşdur ki, iddiaçı həmin mənzilin hansı səbəbdən cavabdehin istifadəsinə verilməsini əsaslandıra bilməmişdir. Məhkəmə isə bu barədə ümumiyyətlə araşdırma aparmamışdır. Məhkəmə qətnaməsində cavabdehin izahatını yalnız iddianı qəbul etmədiyi barədə bir cümlə ilə ifadə etmişdir. Halbuki işin faktiki əsasları onu deməyə imkan verir ki, həmin əmlakın dəyərini artıqlaması ilə ödədiyini düşünən cavabdeh mənzili özününkü hesab etməkdə haqlı olmuşdur. İddiaçı iddia ərizəsində məhkəmə iclasında binanın mühafizəçisinə mənzilini yaşamaq üçün verməsi barədə izahatında səmimi olmamışdır. Lakin bütün bunlara baxmayara q məhkəmə ədalətli və tam məhkəmə araşdırmasını həyata keçirməmiş, cavabdehin verdiyi izahatlara əhəmiyyət verməmiş, bununla bağlı işə baxmağa səlahiyyətli olan məhkəmə olaraq məhkəmə araşdırmasının tamlığının, obyektivliyinin və ədalətliliyinin təmin edilməsi üçün tədbir görməmişdir. İş üzrə şahidlərin iştirak etməsinə şərait yaratmamış, iddiaçı ilə cavabdeh arasındakı münasibətləri aydınlaşdırmamışdır. Buradan da aydın olur ki, işə mahiyyəti üzrə baxmış məhkəmə cavabdehə məhkəməyə şahidlər təqdim edə bilməsi üçün imkan yaratmamış, özü isə cavabdehlərin vermiş olduğu izahatına əsaslanmadan iddianın təmin edilməsini qərara almışdır. Şahid qismində məhkəməyə dəvət edilib dindirilməsi üçün hər hansı tədbir görməmişdir ki, iddiaçının həmin mənzili pul əvəzinə cavabdehə verməsi sübuta yetirils in. Həmin halın müəyyən edilməsi iddia tələbinin bu hissəsi üzrə ədalətli və obyektiv qətnamə qəbul edilməsinə xüsusi təsir göstərəcəkdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllə
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
30. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və i şin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəmə si tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Cavabdehin iddiaya etirazı özü-özlüyündə əsassız olduğuna görə Məhkəmə kollegiyası prosessual qənaət prinsipinə əsasən kassasiya şikayətinin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasına zərurət görmür.
40. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə və cavabdehin etirazına uyğun gələn qanuni əsasların tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasların dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
41. İddianın özü-özlüyündə əsassız olması onu nəzərdə tutur ki, iddiaçının özünün bildirdiklərinə görə iddia əsassızdırsa, yəni hətta iddiaçının söylədiyi bütün faktlar (hallar) həqiqət kimi qəbul edilərsə belə, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasının və ya normala rının (iddianın qanuni əsasının) dispozisiya şərtləri ilə üst-üstə düşməzsə, əlavə araşdırma aparılmadan iddia rədd olunur. Çünki bu halda iddiaçının təqdim etdiyi sübutların tədqiqi və qiymətləndirilməsi heç bir əhəmiyyət kəsb etmir.
42. İddia özü-özlüyündə əsaslı olduğu halda isə məhkəmə cavabdehin iddiaya etirazının özü-özlüyündə əsaslı olub-olmadığına qiymət verməlidir. Etirazın özü-özlüyündə əsassız olması isə onu nəzərdə tutur ki, cavabdehin bildirdikləri nəzərə alınsa belə iddia əsaslıdırsa, yəni cavabdehin söylədiyi bütün faktlar (hallar) həqiqət kimi qəbul edilərsə belə, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasına əsasən iddia yenə də təmin edilməlidirsə, onda prosessual qənaət prinsipi baxımından əlavə araşdırma aparılmadan iddia təmin olunur. Çünki bu halda cavabdehin təqdim etdiyi sübutların tədqiqi və qiymətləndirilməsi heç bir əhəmiyyət kəsb etmir.
43. Baxılan iş üzrə iddiaçı cavabdehin mülkiyyətində olan daşınmaz əmlakdan çıxarılmasını tələb edir. İddiaçının mübahisəli yaşayış sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından iddia özü-özlüyündə əsaslıdır. Cavabdehin etirazı isə onunla əsaslandırılmışdır ki, iddiaçı aralarında bağlanmış şifahi razılaşmaya əsasən iddiaçıya məxsus hüquq şəxsdə çalışmaqla və özünə məxsus mağazadan ona mallar verməklə mübahisəli mənzilin dəyərini ödəmiş və ona mülkiyyət hüququ əldə etmişdir.
44. Mülki Məcəlləyə əsasən başqasının mülkiyyətində olan daşınmaz əmlaka mülkiyyət hüququ əvəzli qaydada yalnız notariat qaydada təsdiq edilmiş yazılı müqavilə əsasında əldə edilə bildiyindən (Mülki Mə cəllə 144, 178) cavabdehin etirazı özü-özlüyündə əsassızdır.
45. İş üzrə tərəflərin verdiyi məlumatlardan da göründüyü kimi cavabdeh artıq pul tələbi ilə bağlı ayrıca iddia ərizəsi ilə iddiaçıya qarşı məhkəmədə iddia qaldırmışdır.
46. Bu baxımdan cavabdehin etirazı özü-özlüyündə əsassız olduğundan iddiaçının cavabdeh qarşısında əmək haqqı və digər borcunun olub-olmadığı barədə hallar hazırkı işin sübutetmə predmetinə daxil olmamışdır.
47. MPM-in 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 23 fevral 2016-cı il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən həmin maddənin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predme tinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.
48. Ona görə də baxılan iş üzrə iddiaçı ilə cavabdeh arasında əmək (xidmət) münasibətlərindən pul öhdəliklərinin yaranıb-yaranmadığı barədə hazırkı iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş hallar MPM-in 82.3-cü maddəsinə əsasən eyni tərəflərin iştirak etdiyi başqa mülki işlər üçün preyudisial əhəmiyyət daşımır.
49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavab deh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4049/2022 nömrəli mülki iş üzrə 22 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.