Məhkəmə qərarları › İş №2(102)-5746/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5746/2021

15.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5746/2021 15.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 XXX oğluna və X1 qarşı (maraqlı şəxs Yevlax rayon Varvara Bələdiyyəsi) iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikintinin sökülməsi, qonşuluq hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Cavabdeh2 XXX oğlunun vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 XXX oğluna və X1 qarşı qanunsuz aparılmış tikililərin sökülməsi t ələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-104/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 XXX oğlu tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 15 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Yevlax rayonu Varvara kəndində yerləşən iki mərtəbəli, 8 mənzilli, 3 saylı evin 8 saylı mənzili İddiaçı (bundan sonra – iddiaçı) xüsusi mülkiyyətindədir (daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış).

2. Həmin evin 6 saylı mənzili Cavabdeh1 XXX qızının xüsusi mülkiyyətindədir (daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı,0365019 nömrəli çıxarış). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh1, Cavabdeh2 XXX oğluna və X1 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən Yevlax rayonu Varvara kənd qəsəbəsində yerləşən 8 mənzilli, 3 nömrəli binanın 2-ci girişində qanunsuz aparılmış tikililər - hamam, mal tövləsi və dəmir konstruksiyalı çardağın cavabdehlərin hesabına sökülməsi və mənzilinə giriş-çıxış yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mənzilində ailə üzvləri ilə birlikdə yaşayır. Binanın 1-ci mərtəbəsində yaşayan cavabdehlər yaşadıqları mənzilin giriş hissəsini tamamilə hasara almışlar. Hasarın içərisində qanunsuz olaraq mal tövləsi, hamam və onun evinin pəncərəsini tamamilə kəsən dəmir konstruksiyalı çardaq inşa etmişlər. Ona məxsus e və giriş, dolayı yolla gediş-gəliş çətin olduğu üçün hazırda həmin evdə yaşamır, müvəqqəti olaraq kirayədə qalır.

5. Məhkəmə iclasında iştirak edən cavabdehlər ayrı-ayrılıqda izahat verərək, iddia tələbini qəbul etmədiklərini bildirərək, iddianın rədd olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil1 inşa olunan tikililərin iddiaçının gediş-gəliş yoluna heç bir maneə törətmədiyini, həmin tikililərin iddiaçıya məxsus torpaq sahəsində tikilmədiyini, iddiaçının hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququnun olmamasını əsas gətirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Maraqlı şəxs Yevlax rayon Varvara Bələdiyyəsinin sədri X2 izahatında bildirmişdir ki, tərəflərin yaşadıqları mənzillər onların xüsusi mülkiyyətindədir, həmin mənzillərin yerl əşdiyi torpaq sahəsi isə bələdiyyə mülkiyyətinə aid deyil.

6. İş üzrə təyin edilmiş məhkəmə-tikinti ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 16 mart 2020-ci il tarixli, 23586 nömrəli rəyində qeyd olunmuşdur ki, Yevlax rayonu Varvara kəndində yerləşən 3 saylı binanın 2-ci girişində yaşayış binasına bitişik 7,0 m enində 11,0 m uzunluğunda və 3,6 enində 16,7 m uzunluğunda quraşdırılmış talvar, 2,2 m enində 3,55 m uzunluğunda hamam və 6,7 m enində, 8,0 m uzunluğunda inşa olunmuş tövləyə dair hər hansı icazə sənədləri olmadığı üçün, həmin tikililərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydalarının” 4.1 və 4.2. bəndlərinin tələblərinə, şəhərsalma və tikinti norma qaydalarına uyğun inşa olunmadığı müəyyən edilmişdir.

7. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(039)-108/2020 nömrəli iş üzrə 20 may 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Cavadova) iddia təmin edilmiş, cavabdehlər tərəfindən Yevlax rayonu Varvara kəndində yerləşən 3 saylı binanın 2-ci girişində inşa edilmiş hamam, mal tövləsi və dəmir konstruksiyalı çardağın onların vəsaiti hesabına sökülməsi və həmin ünvanda yerləşən 8 saylı mənzilə giriş-çıxış yolunun açılması, cаvаbdеhlərdən müştərək qayada 100 manat ekspertiza xərcinin tu tularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər yaşayış evinin ümumi istifadədə olan həyətyanı torpaq sahəsində heç bir icazə sənədi olmadan hamam, mal tövləsi və dəmir konstruksiyalı çardaq quraşdırmışlar. Qeyd olunan tikililər iddiaçının öz mənzilinə giriş-çıxışının məhdudlaşdırılmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.5, 157.4, 165-ci maddələrinin tələbləri baxımından, iddiaçı yaşayış evinin yerləşdiyi və ümumi istifadədə olan torpaq sahəsi üzərindəki hüquqlarından istifadə edərək orada tikilmiş özbaşına tikililərin sökülməsini tələb etməkdə haqlıdır. Belə ki, Mülki Məcəllənin 180.4-cü maddəsinə görə, tik inti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

9. Qətnamədən Cavabdeh2 XXX oğlu apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh şikаyətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prosessual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İş materiallarından da göründüyü kimi, iddiaçının mülkiyyətində yalnız mənzil vardır. Torpaq sahəsi isə iddiaçının dey il, dövlətin mülkiyyətindədir. İddiaçının sökülməsini tələb etdiyi hamam və tövlə məhz dövlət torpaq sahəsində tikilmişdir. Belə olan halda, iddiaçının həmin tikililərin sökülməsini tələb etmək üçün subyektiv hüququ yoxdur. Həmçinin, hamam və tövlə binada yaşayan bütün şəxslərin ümumi istifadəsi üçün tikilmişdir. Həmin tikililər iddiaçının öz mənzilindən sərbəst surətdə giriş-çıxış etməsinə heç bir maneə yaratmır. Binanın, xüsusilə də iddiaçının yaşadığı mənzilin aid olduğu blokun giriş-çıxışı tam açıqdır və iddiaçı sərbəst surətdə binaya daxil ola bilir. Çardağın da iddiaçıya heç bir maneçiliyi yoxdur. Belə ki, çardaq yerdən quraşdırılmış, çardağın yuxarı hissəsi iddiaçıya məxsus pəncərənin aşağı hissəsində bitir. Yəni, həmin çardaq iddiaçının ətrafı görməsinə heç bir mənfi təsir göstərmi r. Məhkəmə iddia tələbini təmin edərkən ekspert rəyinə istinad etmişdir. Əvvəla, ekspert qarşısında qoyulmuş sualların özü düzgün olmamışdır. Belə ki, ekspert qarşısında tikililərin məhz iddiaçının giriş-çıxışına mane olub-olmaması barədə sual qoyulmalı, həmin cavaba uyğun da qərar qəbul edilməli idi. Ekspert rəyində qeyd olunmuşdur ki, tikililər normaya uyğun inşa edilməmişdir. Lakin həmin tikililərin normalara uyğun inşa edilməməsi onların məhz iddiaçının giriş-çıxışına mane olması anlamına gəlmir. Əgər tikililər normalara uyğun deyilsə, bu halda onun sökülməsini həmin torpaq sahəsinin mülkiyyətçisi tələb edə bilər. Ona görə də, qətnamə ləğv edilərək, iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır.

11. İşin apellyasiya icraatı zamanı əldə olunmuş "xxxx" MMC-nin 21 d ekabr 2020-ci il tarixli rəyində qeyd olunmuşdur ki, cavabdehlərə məxsus tikililər Yevlax rayonu Varvara kəndində yerləşən 3 nömrəli binanın 2-ci girişində yerləşən 8 nömrəli evə məxsus girişçıxış yolunu 6.5 m enində, 4.5 m uzunluğunda və 1.8 m hündürlüyündə mişar daşından olan hasarla, ümumi istifadədə olan küçəyə giriş-çıxışı isə metal darvaza və metal konstruksiyalı çardaqla məhdudlaşdırmışdır.

12. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-104/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, cavabdehlər tərəfindən Yevlax rayonu Varvara kəndində yerləşən 3 saylı binanın 2-ci girişində inşa edilmiş hamam və mal tövləsinin onların hesabına sökülməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilmiş, iddia həmin hissədə rədd olunmuş, qətnamə qalan hissədə, yəni cavabdehlər tərəfindən 3 saylı binanın 2-ci girişində inşa edilmiş dəmir konstruksiyalı çardağın onların vəsaiti hesabına sökülməsi hissəsində dəyişdirilmədən saxlanılmış, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat pulun 50 manatının iddiaçıdan, 50 manatın isə cavabdehlərdən müştərək qaydada tutulması, apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 manat pulun 150 manatının iddiaçıdan, 150 manatın isə cavabdehlərdən müştə rək qaydada tutulması qət edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mülkiyyətində yalnız mənzil vardır. Torpaq sahəsi isə iddiaçının deyil, dövlətin mülkiyyətindədir. İddiaçının sökülməsini tələb etdiyi hamam və tövlə məhz dövlət torpaq sahəsində tikilmişdir. Hamam və tövlə həmin binada yaşayan bütün şəxslər üçün ümumi istifadə üçün tikilmişdir. Həmin tikililərin iddiaçının öz mənzilindən sərbəst surətdə giriş-çıxış etməsinə heç bir maneçiliyi yoxdur. Binanın, xüsusilə də iddiaçının yaşadığı mənzilin aid olduğu blokun giriş-çıxışı tam açıqdır və iddiaçı sərbəst surətdə binaya daxil ola bilir.

15. Ekspert rəyindən də göründüyü kimi, sözügedən binanın 2-ci girişində yerləşən 8 nömrəli evə məxsus giriş-çıxış yoluna və ümumi istifadədə olan küçəyə giriş-çıxışa hamam və tövlənin maneçilik yaratdığı müəyyən edilməmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilə bilməz. Lakin ekspert rəyinə əsasən metal konstruksiyalı çardağın ümumi istifadədə olan küçəyə giriş-çıxışı məhdudlaşdırdığı müəyyən olunduğundan, iddia tələbi həmin hissədə təmin edilməlidir.

16. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 17.1, 18, 170.2, 171.1, 171.2, 180.1, 180.2, 180.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

17. Qətnamədən Cavabdeh2 XXX oğlu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh (Vəkil1) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – inşa edilmiş dəmir çardağın cavabdehlərin hesabına sökülməsi hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə də rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

19. Kassator qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə istinad etməklə səhv nəticəyə gəlmişdir, rəy tamamilə əsassızdır, rəyin təsviri hissəsində maneənin nədən ibarət olması əsaslandırılm amışdır. Məhkəmə bu halda əlavə ekspertiza təyin edərək həmin sualları aydınlaşdırmalı olsa da, bunu etməmiş, mövcud rəyə istinad etmiş, MPM-in 88, 97.1, 101.6, 101.7, 102.1, 103.1-ci maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Kassatorun vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verməklə, qətnamənin qismən ləğv edilməsini, iddia tələbinin tam rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etdi.

22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı, digər cavabdehlər, habelə maraqlı şəxsin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiy ası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri

23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında iddianın təmin olunmuş hissəsi ndə yoxlanılır. Tətbiq edilən hüquq

25. Mülki Məcəllə Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyiş lərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiy arı yoxdur. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

26. MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydı nlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Kassasiya şikayətinin dəlili iş üzrə keçirilmiş ekspert rəyinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibə t bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı Cavabdeh2 XXX oğlunun apellyasiya şikayətinin dəlillərinə əsasən yeni rəy alınmış, cavabdeh məhkəmə iclasında həmin rəyə etirazını bildirməmiş, əlavə və ya təkrar ekspertiza keçirilməsi barədə vəsatət verməmişdir.

29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 XXX oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki A pellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-104/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar