Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5762/2021 29.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: zərərin ödənilməsi, sübut etmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, İddiaçı, Cavabdeh2 vəkili X2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1209/2021 nömrəli iş üzrə 02 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları ƏN-Vİİ seriyalı, 129903 saylı 22.12.2019-cu il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətinə əsasən Cavabdeh2 (mülkiyyətçi) ona məxsus “Nissan Sunny” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı minik avtomobili üzərində sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və digər hərəkətlərlə bağlı səlahiyyətlərini Cavabdeh1 (etibar edilən) etibar etmişdir. Etibarnamə 1 il müddətinə verilərək, 22.12.2020-ci il tarixədək etibarlı olmuşdur. ƏN-Vİİ seriyalı, 127537 saylı 12.01.2020-ci il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnaməyə əsasən Poladov X1 Könül Sovet qızının adından hərəkət edərək ikinciyə məxsus “Nissan Sunny” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı minik avtomobili üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və digər hərəkətlərlə bağlı səlahiyyətlərini İddiaçı (etibar edilən) etibar etmişdir. Etibarnamə 11 ay, 10 gün müddətinə verilərək, 22.12.2020-ci il tarixədək etibarlı olmuşdur. Bakı şəhəri, 6 saylı Notariat ofisində 8İ-2400 saylı reyestr nömrəsi ilə təsdiq olunmuş Cavabdeh2 tərəfindən verilmiş ərizəyə əsasən ərizəçi Cavabdeh2 müraciət edərək 22.12.2019-cu il tarixdə Cavabdeh1 adına verilmiş etibarnamənin qüvvəsinə xitam verilməsi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə, ərizənin d ərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsinin təmin olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8000 manat məbləğində pulun, Cavabdeh2 məxsus olan “Nissan Sunny" markalı, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobilə sərf etdiyi 1500 manat məbləğində pulun, cəmi 9500 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 8000 manat məbləğində pulun, 1500 manat çəkilmiş xərc olmaqla, ümumilikdə 9500 manat və cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 müştərək qaydada 4000 manat məbləğində əldən çıxmış faydanın, cəmi 13.500 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 12.01.2020-ci il tarixdə Cavabdeh1 8000 manat ödəyərək etibarnaməvermə yolu ilə ondan Cavabdeh2 məxsus olan 2001-ci il buraxılışlı “Nissan Sunny" markalı, ** KA *** qeydiyyat nişanlı minik avtomobilini almışdır. Əslində bu alqı-satqı müqaviləsi olub, sadəcə etibarnamə vermə yolu ilə həyata keçirilmişdir. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 8 saylı Notariat kontoru etibarnaməni versə də, ancaq faktiki olaraq o, pulunu ödəyib həmin avtomaşını almışdır. Etibarnamə ilə həmin avtomaşınla bağlı sərəncamvermə və istifadə hüquqları ona verilmişdir. O, avtomaşını inanaraq vicdanlı yolla almış və təmirinə 1500 manatdan artıq pul xərcləmişdir. Belə ki, köhnəlmiş təkərlərinin dördünü də dəyişmiş, 4 təkərə 500 manat pul vermişdir. Avtomaşını hərəkətə gətirən avtomobil hissələrini dəyişmiş və yeniləmişdir. Buna görə 1000 manata qədər pul xərcləmişdir. Avtomobili alandan 2 ay sonra, yəni 14.03.2020-ci il tarixdə onu idarə edərkən Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən saxlanılmış və avtomaşın cərimə meydançasına yerləşdirmişlər. Məlum olmuşdur ki, Cavabdeh1 tərəfindən ona satılmış avtomaşın faktiki olaraq digər Cavabdeh2 mülkiyyətidir. Sonucda vicdanlı yolla və dəyərini ödəyərək aldığı avtomaşın əlindən alınaraq cərimə meydançasına təhvil verilmişdir. Nəticədə avtomaşına ödədiyi 8000 manat pul və təmirinə xərclədiyi 1500 manat, cəmi 9500 manat ziyan çəkmişdir. Hesab edir ki, Cavabdeh 1 və digər Cavabdeh2 tamah zəminində əlaqəyə girərək onu aldatmış, avtomaşını 8000 manata ona etibarnaməvermə yolu ilə satmış, sonra isə Könülün Rəşada verdiyi etibarnaməni ləğv etməklə avtomaşını polisin əli ilə ondan geri almışlar. Cavabdeh1 izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir. Belə ki, 2019-cu ilin dekabr ayında Badamdar avtomaşın bazarında təsadüfən tanıdığı iki nəfər şəxsdən Cavabdeh2 məxsus olan 2001-ci il buraxılışlı “Nissan Sunny" markalı, ** KA *** qeydiyyat nişanlı minik avtomobili 6300 manata satın almışdır. Cavabdeh2 şəxsən gələrək ona avtomaşına dair etibarnamə vermişdir. Bir müddət avtomaşını idarə etdikdən sonra yanacaq çox sərf etdiyi üçün satmaq qərarına gəlmiş və avtomaşını etibarnamə vermək yolu ilə təsadüfən tanıdığı İddiaçı 8000 manata satmış, 2-3 a y sonra Sərvan onunla əlaqə saxlayaraq avtomaşına dair verilmiş etibarnamənin ləğv edildiyini bildirmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili izahatında göstərmişdir ki, Cavabdeh1 özü də aldadılmışdır, ölkədə etibarnamə əsasında avtomaşının alınıb satılması adət halını aldığından Rəşad da Cavabdeh2 inanaraq həmin avtomaşını satın almışdır. O, etibarnamənin ləğv ediləcəyəni düşünməmiş, iddiaçıya qarşı heç bir qərəzli hərəkət etməmişdir. Eləcə də avtomaşın hazırda Cavabdeh2 istifadəsindədir. Odur ki, avtomaşına çəkilmiş xərclərin əvəzinin ödənilməsinə cavab verməli şəxs Cavabdeh2 olmalıdır. Sumqayıt şəhər Məhkəməsinin (hakim A.Süleymanova) 30 noyabr 2020-ci il tarixli, 2(060)4233/2020 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh1 8000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olara q 17,70 manat pulun İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı avtomaşın almaq məqsədi ilə Cavabdeh1 8000 manat ödəmişdir. Lakin tərəflər arasında avtomaşının alqı-satqısına dair müqavilə bağlanılmamışdır. Cavabdeh avtomaşının satışı ilə bağlı iddiaçıdan 8000 manat almışdır və həmin məbləğdə pulu iddiaçıya qaytarmaqdan imtina etmir. Məhkəmə hesab etmişdir ki, iddia qismən, 8000 manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq İddiaçı ödənilməsi hissəsində təmin edilməli, qalan hissədə yəni çəkilmiş xərcin əvəzi olaraq 1500 manat və əldən çıxmış 4000 manat faydanın ödənilməsi hissəsində məhkəməyə heç bir sübut təqdim edilmədiyindən təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gə ldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 439.4, 1091.1, 11091.2, 1092.1-ci maddələrinə istinadən əsaslandırmışdır. Cavabdeh1 apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(060)-4233/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat İddianın rədd edilmiş hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən apelyasiya baxışının predmeti yalnız iddianın təmin edilmiş hissəsi təşkil etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ş.Abasov - sədrlik edən və məruzəçi, S.Qafari və T.Məmmədov) 02 aprel 2021-ci il tarixli, 2(105)-1209/2021 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəm əsinin 30 noyabr 2020-ci il tarixli, 2(060)-4233/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iş üzrə tərəflər arasında mübahisəli nəqliyyat vasitəsinə dair şifahi alqı-satqı olmuşdur. Yəni ilk olaraq Cavabdeh2 ilə Cavabdeh1 arasında, sonra isə Cavabdeh1la İddiaçı arasında şifahi də olsa müqavilə bağlanmış, satılan əşya təhvil verilmiş, həmin əşya qəbul edilərək razılaşdırılmış dəyəri ödənilmişdir. Bununla yanaşı, tərəflər həmin əqdi bağlayarkən aşağıda sadalanan qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərd ə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Yenə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 393-cü maddəsinə əsasən tərəflərdən birinin hazırda olan əmlakı bütünlüklə və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir, amma müqavilənin hazırda olan əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar istisna təşkil edir. Daha öncə qeyd olunduğu kimi, tərəflər arasındakı nəqliyyat vasitəsinin alqı-satqısına dair razılıq şifahi olmuş, yazılı müqavilə bağlanıb notarial qaydada təsdiq edilməmiş, rəsmi reyestrdə qeydə alınmamışdır. Halbuki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiy yət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli, 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması qaydaları”n 2 saylı Əlavəsinə əsasən hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələ rdən başqa) və mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları rəsmi reyestrdə qeydiyyatı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən aparılır. “Notariat haqqında” AR Qanununun 46-cı maddəsinin tələblərinə görə qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlər özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, avtonəqliyyat vasitələri üzrə, həmçinin onların Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müayinədən keçməsi barədə arayış təqdim olunduqdan sonra təsdiq edilir. Mülki Məcəllənin 650-ci maddəsinə görə rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 648.1-ci maddəsinin tələblərinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Qeyd edildiyi kimi tərəflər mübahisəli nəqliyyat vasitəsinə dair şifahi müqavilə bağlayarkən sadalanan maddi hüquq normalarının tələblərinə əməl etməsələr də, bu hal onlar arasında öhdəlik münasibətlərinin yaranmasını istisna etmir. Məhkəmə kollegiyası hesab etmişdir ki, nəqliyyat vasitələrinin etibarnamə vermə qaydasında özgəninkiləşdir ilməsi praktikası, bu sahədə yaranmış işgüzar adətlər nəzərə alınmaqla hazırki iş üzrə bağlanmış şifahi əqdlərin tərəflərin razılaşdırılmış iradə ifadəsi olmasını, başqa sözlə onlar arasında öhdəlik münasibətlərinin yaranmasını demək mümkündür. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, Cavabdeh1 tərəfindən iddiaçıya 8000 manat məbləğində zərər vurulmuşdur və o, həmin pulu iddiaçıya geri qaytarmalıdır. Məhkəmə iclasında cavabdeh tərəfindən verilmiş izahatdan da müəyyən edilmişdir ki, avtomobilin satışı ilə bağlı iddiaçıdan 8000 manat almışdır və həmin məbləğdə pulu iddiaçıya qaytarmaqdan imtina etmir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlmişdir ki, 8000 manat Cavabdeh1 alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın bu qaydada təmin edilməsi həm işin faktiki hallarına, həm də qüvvədə olan qanunvericiliyin tələblərinə tamamilə uyğundur. Avtomobilə görə Cavabdeh2 pul ödəməsi və bu halın nəzərə alınmaması barədə cavabdehin dəlili isə əsassızdır, çünki həmin məsələnin hazırkı mübahisəyə aidiyyəti yoxdur. Bununla belə, avtomobilə görə pul ödənilməsini təsdiq edən sübutları olduğu təqdirdə, Cavabdeh1 da İddiaçı kimi, həmin pulu Cavabdeh2 tələb etmək hüququ mövcuddur. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.2, 650, 648.1, 404.1, 404.2, 385, 442, 448.1, 448.2, 560.3.4, “Notariat haqqında” AR Qanununun 46-cı maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh1 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105) -1209/2021 nömrəli iş üzrə 02 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apelyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tətbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İddiaçı kassasiya şikayətinə dair məhkəməyə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, aşağı instansiya məhkəmələri işin faktiki hallarını tam və hərtərəfli araşdıraraq iş üzrə ma ddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və əsaslı nəticəyə gəlmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh2 vəkili Toğrul Babayev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, Cavabdeh1 Bakı şəhəri Qaradağ rayon Məhkəməsində Cavabdeh2 qarşı mübahisəli avtomobilə dair iddia qaldırmış qətnamə ilə iddia rədd edilmişdir. Hazırda Cavabdeh1 şikayəti əsasında iş apellyasiya instansiyası məhkəməsinin icraatındadır. İddiaçının şikayəti əsasında tərəflər 10-cu polis bölməsinə dəvət olunmuşlar. Orada Cavabdeh1 etiraf etdi ki, Cavabdeh2 tanımır. Bu səbəbdən kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Maddə 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Maddə
650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan b ütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələns in və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını y oxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki işdə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddiaçı tələbin rədd edilən hissəsini mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə qətnaməni tam yoxlamışdır. Buna görə də, Cavabdeh1 kassasiya şikayəti əsasında qətnamə iddianın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi yoxlanılan hissədə maddi və prosessual hüquq normal arını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları dü zgün tətbiq olunmuşdur. Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi dəlillərlə kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianı n təmin edilən hissəsində dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1209/2021 nömrəli iş üzrə 02 aprel 2021-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.