Məhkəmə qərarları › İş №2(102)-5872/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5872/2022

06.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5872/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun ödənilməsi) 06.12.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4114/2022 nömrəli, 31 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 06 dekabr 2022ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri 51 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 21 dekabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı (borc verən) Cavabdeh (borc alan) faizsiz 70.000 ABŞ dolları məbləğində pul vəsaitini borc vermiş, borc alan isə həmin məbləği 21 noyabr 2016-cı il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra – cavabdeh) 70.000 (yetmiş min) ABŞ dolları məbləğində pulun ödəniş gününün məzənnəsinə uyğun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı işin yuxarıda qey d edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, bu günədək dəfələrlə edilmiş xəbərdarlığa baxmayaraq, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-365/2018 nömrəli iş üzrə 31 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakim Şeyda Məhərrəmova) iddia təmin edilmişdir.

5. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, müqavilə üzrə öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.2.1, 448.1, 739-cu maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4114/2022 nömrəli mülki iş üzrə 31 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və İlham Kərimli) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh müqavilədə göstərilən məbləğdə vəsaitin ona təqdim edilməsinə dair heç bir sübutun mövcud olmadığını, təqdim edilmiş müqavilə tərəflər arasında mövcud olmuş həqiqi münasibətləri əks etdirmədiyini, müqavilədən irəli gələn öhdəliklərin tərəflər arasında bağlanılmış müqavilə ilə yaranmadığını bəyan etsə də, buna dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir.

10. Məhkəmə kollegiyası məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə heç bir bildiriş xəbərdarlıq gəlməməsi barədə dəlilləri ilə bağlı qeyd etmişdir ki, işdə olan sənədlərdən, o cümlədən poçt göndərişlərinin izlənilməsinə dair məlumatlardan görünmüşdür ki, məhkəmə bildirişləri cavabdehə çatdırılmışdır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.2.1, 448, 528, 529.1, 739-cu maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh (vəkil Nümayəndə) kass asiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehə pul vəsaitini verməsi heç bir sübutla öz əksini tapmamışdır. Notariat Kontoruna verilmiş sorğuya gələn cavab da bunu bir daha sübut etmişdir. Lakin işə baxan məhkəmə Mülki Məcəllənin 385.1-ci maddəsinin hazırkı münasibətlərə tətbiq edilməsində düzgün qənaətə gəlməmiş, mövcud olmayan münasibətlərə hüquqi don geyindirmişdir. Hazırkı iş üzrə işin halı ondan ibarət olmuşdur ki, faktiki olaraq tərəflər arasında müqavilə bağlansa da borc verən müqavilədə nəzərdə tutulan pul vəsaitini borc alana verməmiş və öz vəzifəsini yerinə yetirməmişdir. Borc verən öz vəzifəsini yerinə yetirmədiyi üçün tərəflər ar asında borc öhdəlikləri yaranmamışdır. Sonradan cavabdeh müqavilədə göstərilən məbləği iddiaçıdan tələb etsə də, sonuncu pulu cavabdehə verməmiş və müqaviləni ləğv etdirməmişdir. Cavabdeh ölkə xaricində olduğu üçün bunlardan xəbərsiz olmuşdur. Toplanmış və tədqiq edilmiş sübutlardan məlum olmuşdur ki, mübahisələndirilən müqavilə üzrə borc məbləğinin borcalana verilməsini təsdiq edən heç bir sübut olmamışdır. Məhkəmə iclaslarında araşdırılan zaman vəkil sorğusuna gəlmiş cavab isə bir daha məlum etmişdir ki, həqiqətən cavabdehə pul verilməmişdir (sorğuya cavab iş materiallarına əlavə edilib).

14. Kassator qeyd etmişdir ki, tərəflər arasında yazılmış qəbzlərə əsasən pulun qaytarılma vaxtı göstərilsə də, qaytarılmadığı halda nə üçün yenidən pulun verilməsi və yenidən pulun verilməsinin ağlabat an əsasları məhkəmə tərəfindən araşdırılmamış və araşdırılmış səbəblərinə düzgün qiymət verilməmişdir. Yoxlanılan mübahisə üzrə borc məbləği notariusun bankda açdığı depozit hesabı vasitəsilə köçürülmə olduğu halda həmin qaydada həyata keçirilməmişdir. Bununla bağlı notariat orqanı tərəfindən heç bir sənəd təqdim edilməmişdir. Cavabdeh pul məbləğinin iddiaçıya verilməsi, bununla da müqavilə öhdəliyinin onun tərəfindən icra edilməsini təsdiq edən heç bir sübuta malik olmamışdır. Bu isə iddiaçının pul məbləğinin ona verilməməsi, borcun verilməsi barədə borc verənin üzərinə götürdüyü öhdəliyin icra edilməməsi barədə dəlillərinin inandırıcı olması qənaətinə gəlməyə əsas vermişdir. Depozit hesaba məbləğin köçürülməməsinə dair yazılı sübutu məhkəməyə təqdim etməyinə baxmayaraq məhkəmə bu hala qi ymət verməmişdir.

15. Kassator həmçinin qeyd etmişdir ki, işə baxan məhkəmə işin hallarına düzgün qiymət verməmiş, iş materiallarında birinci instansiya məhkəməsi zamanı cavabdehin ölkədən kənarda olmasını, ümumiyyətlə məhkəmə qətnaməsindən xəbərsiz olmasını nəzərə almamış, tam əksinə olaraq guya məhkəmə bildirişini almasını qeyd etmişdir. Cavabdehin ölkədən çıxmasına qoyulmuş qadağa məhz onun ölkədən kənarda olması və icra sənədindən xəbərsiz olduğu üçün ləğv edilmişdir. Bu hal isə məhkəmə tərəfindən nəzərə alınmamışdır.

16. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 739.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayə tinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

20. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

21. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

22. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

23. Maddə

528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

24. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.

25. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

26. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pu l məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hal larının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edil mir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin iddiaçıdan borc alması yazılı sənədlə təsdiq edildiyi halda, həmin pulun qaytarılması sübut edilməmişdir. Kassator buna dair olan dəlilləri ilə bağlı hər hansı sübutu ümumiyyətlə apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir.

37. Hazırki kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir, formal xarakter daşıyır və qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, kassasiya şikayətində tərəflər arasında kredit müqaviləsindən irəli gələn hüquq münasibətlərinin yaranması və cavabdehin həmin müqavilə üzrə icra edilməyən öhdəliyinin olmamasını göstərsə də, bunları təsdiq edən hər hansı sübuta istinad etmir.

38. Cavabdeh işə baxılarkən iclasın vaxtı və yeri barədə məlumatlandırılmış, lakin hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir.

39. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 may 2022-ci il tarixli, 2(103)-4114/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar