Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5980/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh YYYna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh YYYna qarşı “mənzilin hərrac yolu ilə satılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4496/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsindən c avabdeh YYY tərəfindən verilmiş kassasiya şikayətinə 06 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən 14 saylı evin 17-ci mənzili hər birinin payı ½ olmaqla İddiaçı və YYYnın paylı mülkiyyətindədir.
2. Həmin mənzildən istifadə üzrə mülkiyyətçilərin arasında mübahisə yaranmış və İddiaçı cavabdeh YYYna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilin naturada bölünməsini tələb etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(001)- 297/2021 saylı qətnaməsi ilə mənzilin naturada bölünməsi mümkün sayılmadığına görə iddia təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məh kəməsində icraat
3. İddiaçı cavabdeh YYYna qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi 14, ev 37 saylı mənzilin qiymətləndirilməsi və hərrac yolu ilə satılması, satışdan əldə edilmiş vəsaitin cavabdehlə onun arasında bərabər bölünməsi barədə qətnamə çxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.1995-ci il tarixdə nikaha girərək ailə qurmuş, daha sonra nikahları pozulmuşdur. Bakı şəhəri, Binəqədi rayonu, Abad Kunanbayev küçəsi 14, ev 37 saylı mənzilin paylı mülkiyyət hüququ əsasında ½ hissəsinə xx.xx.2020-ci il tarixdə onun adına çıxarış verilmiş, əmlakın digər ½ hissəsi isə cavabdehin adına qeydiyyatdan keçmişdir. Cavabdehlə mənzilin idarə edilməsi barə də razılıq əldə edə bilməmişlər, həmçinin mənzilin satılaraq əldə olunmuş gəlirin bölünməsi barədə razılığa gələ bilməmişlər. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə əmlakın naturada bölünməsi barədə iddia tələbi təmin edilməmişdir. Ekspert rəyinə əsasən mənzilin naturada bölünməsi mümkün olmamışdır. Cavabdeh mənzilin satılması və əldə olunmuş məbləğin bərabər paylarda bölünməsinə razılıq verməmişdir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2(001)261/2022 saylı qətnaməsi ilə (hakim F.Hətəmzadə) iddia təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən 14 saylı evin 17 nömrəli mənzilin ilkin satış qiyməti 70.000 manat olmaqla açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin paylı mülkiyyəti n mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə - İddiaçı ½ hissə və cavabdeh YYYna ½ hissə olmaqla bölünməsi, cavabdehdən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, "xxxx" MMC tərəfindən keçirilmiş ekspertizanın dəyərinin 150 manatının iddiaçıdan, qalan 150 manatının cavabdehdən tutularaq MMC-nin hesabına köçürülməsi qət edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasındakı daha əvvəlki mübahisə üzrə qanuni qüvvəsini almış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(001)-297/2021 saylı qətnaməsi ilə mübahisəli mənzilin tərəflər arasında 1/2 paylarına uyğun olaraq təcrid hissəyə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.
7. Məhkəmə bildirmişdir ki, mübahisəsi ge dən mənzilə sahiblik və ondan istifadədə tərəflər arasında razılaşma olmadığı, mübahisəli əmlakdan iddiaçıların istifadə etməsinə maneələr yaradıldığı, tərəflərin ümumi əmlakın bölünməsi barədə razılığa gələ bilmədikləri, habelə mübahisəli mənzilin naturada bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir. Tərəflər arasında kompensasiyanın ödənilməsi və onun məbləği ilə bağlı da razılıq əldə edilməsi mümkün olmamışdır.
8. İddiaçının mübahisəsi gedən mənzilin hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin yarısının ona verilməsini istəməkdə haqlı olduğu qənaətinə gələn məhkəmə, mübahisəli mənzilin keçiriləcək hərracdakı ilkin satış qiyməti ilə bağlı qeyd etmişdir ki, "xxxx" MMC-nin iş materiallarına əlavə edilmiş bazar qiymətinin müəyyən edilməsi barədə 15 dekabr 2021-ci il tar ixli hesabatı ilə Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən 14 saylı evin 17 nömrəli mənzilin bazar dəyərinin 60.000 manat və likvid dəyərinin 54.000 manat olduğu müəyyən edilmişdir. Həmin rəylə razılaşmayan cavabdehin təqdim etdiyi "xxxx" MMC-nin 27 dekabr 2021-ci il tarixli rəyində mübahisəli mənzilin bazar qiymətinin 70.000 manat, likvid qiymətinin 64.000 manat məbləğdə olduğu göstərilmişdir. 9. "xxxx" MMC ilə "xxxx" MMC-nin müəyyən etdiyi qiymətlər arasında fərq olduğundan, eyni zamanda cavabdehin yeni qiymətləndirmə keçirilməsinə dair xahişi nəzərə alınaraq məhkəmənin 17 yanvar 2022-ci il tarixli qərardadı ilə təkrar qiymətləndirmə ekspertizası təyin edilmiş, əldə edilmiş "xxxx" MMC-nin 28 mart 2022-ci il tarixli, 0041 №-li hesabatı ilə mübahisəsi gedən mənzilin bazar qiymətinin 70.000 manat və likvid dəyərinin 62.000 manat təşkil etdiyi müəyyən olunmuşdur.
10. Məhkəmə "xxxx" MMC ilə "xxxx" MMC-nin verdiyi hesabatlardakı məbləğlərin eyni olduğunu və təkrar qiymətləndirmə ekspertizasının tamamlayıcı xarakterini nəzərə alaraq hesab etmişdir ki, mübahisəli mənzilin orta bazar qiyməti əsas götürülməklə, ilkin satış qiyməti 70.000 manat olaraq müəyyən olunmalıdır.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 215.1., 215.2, 215.4, 220-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 82.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində mənzilin satış qiyməti mübahisələndirilərək göstərilmişdir ki, mənzilin müəyyən olunmuş 70.000 manat qiyməti mübahisəli aşağı qiymətdir. İşə baxmış məhkəmə yenidən qiymətləndirmə təyin etmək hüququ olduğu halda, bu hüquq normasını tətbiq etməmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4496/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) cavabdehin apellyasiya şikayəti təmin edilməmi ş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşaraq göstərmişdir ki, iddiaçı əmlakın satılması üçün zəruri olan, qanunvericiliklə müəyyən edilmiş ardıcıllığa əməl etmişdir. Cavabdehin davranışı onu deməyə əsas verir ki, o, hər vəchlə mübahisənin həllinə mane olmağa çalışır və kompensasiya məsələsində maraqlı deyil. Cavabdeh nə birinci instansiya məhkəməsində kompensasiya ilə bağlı fikir söyləməmiş, nə apellyasiya şikayətində buna münasibət bildirməmiş, nə də apellyasiya baxışında iştirak etməmişdir. «Kompensasiya mərhələsi»nə dair qanunun tələbi formal baxımdan tətbiq olunmamalıdır, iddiaçının payının kom pensasiya edilməsi kimi cavabdehə verilmiş hüquq, hüquqdan sui-istifadəyə xidmət etməməlidir. Hazırki halda, aşkar şəkildə cavabdehin mübahisənin həllində maraqlı olmadığı müəyyən olunur, əks təqdirdə cavabdeh iddiaçının payının kompensasiya edilməsi məsələsinə ən azı münasibətini (həmin payı almağa imkanı olub-olmaması yaxud almaq istəyib-istəməməsi barədə) bildirərdi.
15. Cavabdehin apelyasiya şikayətinin dəlili mübahisəli mənzilin qiymətinin aşağı müəyyən edilməsi və yenidən qiymətləndirmə keçirilməməsi ilə bağlı olmuşdur. İş materiallarından görünür ki, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli hesabatı ilə mübahisəli mənzilin bazar dəyərinin 60000 manat, likvid dəyərinin 54000 manat olduğu müəyyən edilmişdir. Cavabdeh həmin rəy ilə razılaşmayaraq "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixl i rəyini təqdim etmiş, həmin rəy ilə mübahisəli mənzilin bazar qiyməti 70000 manat, likvid qiyməti 64000 manat müəyyən edilmişdir.
16. İki rəyə əsasən müəyyən edilmiş qiymətlər arasında fərq olduğu, həmçinin cavabdehin yeni qiymətləndirmənin keçirilməsini xahiş etdiyi üçün birinci instansiya məhkəməsi tərəfindən təkrar qiymətləndirmə təyin edilmiş və "xxxx" MMC-nin xx.xx.2022ci il tarixli 0041 nömrəli hesabatı ilə mübahisəsi gedən mənzilin bazar qiymətinin 70000 manat və likvid qiymətinin 62000 manat olduğu müəyyən edilmişdir.
17. Cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır, belə ki, birinci instansiya məhkəməsi tərəfindən təkrar qiymətləndirmə təyin edilmiş və müəyyən edilmiş məbləğ cavabdehin təqdim etdiyi rəylə müəyyən edilmiş məbləğlə eyni olmuşdur. Məhkəmə tərəfindən də mən zilin ilkin satış qiyməti həmin məbləğ müəyyən edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə tərəfindən müəyyən edilmiş məbləğ düzgün olmuşdur, həmin məbləği şübhə altına almağa əsas verən hal yoxdur. Əksinə, internet resurslarından əldə edilmiş məlumatlardan mübahisəli mənzilin bazar dəyərinin mütəxəssis tərəfindən düzgün müəyyən edildiyi görünür.
19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 220.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6-cı maddələrinə və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassa siya şikayətinin dəlilləri
20. Cavabdeh YYY kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Məhkəmə bu hüquq normasını tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Hesab edir ki, 70000 manat həmin mənzil üçün aşağı qiymətd ir. Apellyasiya instansiya məhkəməsi MPM-in 88-ci maddəsinin ziddinə olaraq işdə olan qiymətləndirmə rəylərinə sübut kimi düzgün hüquqi qiymət verməmiş, tətbiq edilməli olan qanunu tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
24. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
25. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhk əmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
26. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olma dıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
27. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.
28. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ol unub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi «Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən 14 saylı evin 17 nömrəli mənzilin ilkin satış qi ymətinin 70.000 manat olmaqla açıq hərracda satılması» hissəsində ləğv olunmalı, həmin hissədə yeni qərar çıxarılmaqla iddia tələbi mənzilin dəyərinin müəyyən edilməsi hissəsində rədd olunmalı, qətnamə «Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən 14 saylı evin 17 nömrəli mənzilin açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə - İddiaçı ½ hissə və cavabdeh YYYna ½ hissə olmaqla bölünməsi, cavabdehdən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, "xxxx" MMC tərəfindən keçirilmiş ekspertizanın dəyərinin 150 manatının iddiaçıdan, qalan 150 manatının cavabdehdən tutularaq MMC-nin hesabına köçürülməsi» hissəsində dəyişdirilmədə n saxlanmalıdır.
39. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
40. Məhkəmə kollegiyasının qənaətinə görə iddia tələbinə, paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın a yrılmasını tənzimləyən hüquq normaları əsasında qiymət verilməlidir.
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılmasından bəhs edən 220-ci maddəsinin təhlilindən görünür ki, ümumi mülkiyyətdə olan payın naturada ayrılması mümkün olmadığı halda ayrılan mülkiyyətçinin öz payına düşən hissəyə görə digər mülkiyyətçilərdən kompensasiya ödənilməsini tələb etmək hüququ vardır. Bu mümkün olmadığı halda ayrılmaq istəyən mülkiyyətçi əmlakın satılmasını tələb edə bilər. Əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarında da göstərilir ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
42. İşə baxmış apelyasiya instansiyası məhkəməsi mənzilin paylı mülkiyyət kimi naturada bölünməsinin mümkün olmadığı, açıq hərracdan satılması barədə iddia tələbinin təmin olunması barədə dispozisiya şərtlərinin olduğu qənaətinə gəlmişdir. Həmçinin mənzilin iddiaçıya düşən hissəsinin dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi barədə də tərəflər arasında razılaşma mümkün deyil. Cavabdeh tərəf də əmlakın yalnız satılmaqla bölünməsinin mümkün olduğunu bildirir (birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli məhkəmə iclas protokolu – səh. 32-33).
43. Göründüyü kimi Mülki Məcəllənin 220.6-cı maddəsinə uyğun olaraq, mübahisəli mənzilin açıq hərracdan satılması və satış pulunun tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar çıxarılması üçün əsaslar vardır.
44. Lakin məhkəmə tərəfindən eyni zamanda satış qiymətinin müəyyən edilməsinin hüquqi əsası yoxdur. Belə ki, Mülki Məcəllənin 220-ci maddəsində paylı əmlakın açıq hərracdan satılması və satış pulunun tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar çıxarılarkən əmlakın satış qiymətinin müəyyən edilməsi vəzifəsi müəyyən olunmam ışdır. 45. “İcra haqqında” Qanunun 61.1-ci maddəsinə görə vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir.
46. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.
47. İcra icraatında əmlakın qiymətləndirilməsi əsasları və qaydaları da “İcra haqqnda” Qanunun 51-ci maddəsində müəyyən edilib. Adı çəkilən Qanunun 51.1-ci maddəsinə görə borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiym ətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir.
48. Göründüyü kimi əmlakın açıq hərracdan satılması barədə məhkəmə qətnamələrinin icrası zamanı əmlakın qiymətinin müəyyən olunması icra məmurunun dəvət etdiyi qiymətləndirici tərəfindən həyata keçirilir.
49. Nəzərə alınmalıdır ki, qiymət özlüyündə daşınmaz əmlak bazarında tələb və təklif əsasında formalaşmaqla yanaşı, sabit olmayıb, bir sıra amillərin təsiri altında dəyişə bilər. Açıq hərracda satılmalı olan əmlakın işə baxmış birinci instansiya məhkəməsində müəyyən edilən qiyməti, həmin qətnamənin qanuni qüvvəyə minərək, icra məmuru tərəfindən hərrac təşkilatına sifariş edilənədək dəyişməsi mümkündür. Xüsusilə, birinci instansiya məhkəməsinin qətnaməsindən yuxarı məhkəmə instansiyalarına şikayət verilməsi, icra icraatı mərhələsində mümkün obyektiv ləngimələr (qətnamənin icrasına möhlət verilməsi, tələbkarın ərizəsi əsasında geri qaytarıldıqda və s.) səbəbindən qiymətin müəyyən olunduğu tarixdən hərracın keçirilməsinədək kifayət qədər uzun müddət keçməsi gözləniləndir. Bu halda, ötən müddət ərzində əmlakın qiymətinin dəyiş məsinə görə yenidən qiymətləndirilməsi üçün əsasların yaranması gözləniləndir ki, bu da birinci instansiya məhkəməsində aparılan qiymətləndirməni əhəmiyyətsiz etmiş olur.
50. Qeyd olunmalıdır ki, paylı əmlakın Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən açıq hərracda satılması barədə işlər üzrə formalaşmış məhkəmə təcrübəsində də satışa çıxarılan əmlakın qiyməti məhkəmənin qətnaməsi ilə müəyyən olunmur.
51. Buna görə də qətnamə mənzilin dəyərinin müəyyən edilməsi hissəsində ləğv olunmalı, həmin hissədə yeni qərar çıxarılmaqla iddia tələbi rədd olnmalıdır.
52. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qətnaməsi «Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən 14 saylı evin 17 nömrəli mənzilin ilkin satış qiymətinin 70.000 manat olmaqla açıq hərracda satılması» hissəsində ləğv olunsun. Həmin hissədə yeni qərar çıxarılmaqla, iddia tələbi Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən 14 saylı evin 17 nömrəli mənzilin ilkin satış qiymətinin 70.000 manat müəyyən edilməsi hissəsində təmin edilməsin. Qətnamə «Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən 14 saylı evin 17 nömrəli mənzilin açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə İddiaçı ½ hissə və cavabdeh YYYna ½ hissə olmaqla bölünməsi, cavabdehdən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rü sumunun tutularaq iddiaçıya ödənilməsi, "xxxx" MMC tərəfindən keçirilmiş ekspertizanın dəyərinin 150 manatının iddiaçıdan, qalan 150 manatının cavabdehdən tutularaq MMC-nin hesabına köçürülməsi» hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.