Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-635/2024 29.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Nureddin oğlunun cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: qanunsuz həbsə almanın nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiy a Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2(103)6013/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Türkiyə Respublikasının vətəndaşı olan Dokak X2 Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən 19 sentyabr 2022ci il tarixdə cinayət törətməsinə şübhəli şəxs qismində tutulmuş, barəsində Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 21 sentyabr 2022-ci il tarixli qərarla həbs qətimkan tədbiri seçilmiş, sonradan isə Naxçıvan Baş Gömrük İdarəsi Əməliyyat və İstintaq İdarəsinin İstintaq şöbəsinin 14 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə olan cinayət təqibinə əməlində cinayət tərkibi olmaması əsası ilə xitam verilməklə, həbs qətimkan tədbiri ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Nureddin oğlu cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi zərərə görə 32000 ABŞ dolları, 198000 Türk lirəsi məbləğində pulun və mənəvi zərərin əvəzi olaraq kompensasiya edilməsi üçün 500000 ABŞ dolları məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, ibtidai istintaq o rqanının elan edilmiş əsassız ittihamına və məhkəmənin qanunsuz qərarına əsasən iddiaçı haqsız olaraq 19 sentyabr 2022-ci il tarixdən 16 dekabr 2022-ci il tarixədək 86 gün müddətində təqsirləndirilən şəxslər üçün müəyyən olunmuş müvəqqəti-saxlama yerində - istintaq təcridxanasında saxlanılmışdır. İddiaçı özünün və ailəsinin normal həyat tərzi keçirməsi üçün çalışan, heç bir cinayət əməli törətməyən sadə Türkiyə Respublikası vətəndaşıdır. 20 ildən artıqdır ki, sürücülük fəaliyyəti ilə məşğuldur və heç bir zaman həbs olunmamış, barəsində qaçaqmalçılığa, narkotik vasitələrin və ya psixotrop maddələrin istifadəsinə və ya daşınmasına və satışına dair hər hansı iş aparılmamışdır. İddiaçı bütün gömrük işçiləri tərəfindən tanınan, sürücülər arasında kifayət qədər nüfuz sahibi olan bir şəxsdir. Şəx sin əlil atası və xəstəlikdən əziyyət çəkən anası olduğu üçün onların tibbi müayinələrdən keçməsi, dərmanlarının alınması, bir sözlə maddi və mənəvi dəstəyin, qayğının göstərilməsi iddiaçının öhdəliyində olmuşdur. Eyni zamanda, şəxsin qayğısına qalmaq məsuliyyətində olduğu biri azyaşlı olmaqla, 3 övladı və “irsi asma” xəstəliyindən əziyyət çəkən həyat yoldaşı vardır. İddiaçının özü və ailəsi o, həbsdə olduğu müddətdə olduqca çətin həyat tərzi keçirmişdir. İddiaçının özü və ailəsi Türkiyə Respublikasının İğdır şəhərində yaşayır. Həbs olunduğu müddətdə o ailəsindən uzaq qalmış, saxlanc yerində böyük təhqirlərə, təzyiqlərə məruz qalmış hətta döyülərək şəxsiyyəti belə alçaldılmışdır. İddiaçının istifadəsində olan yük nəqliyyat vasitəsi qanunsuz və əsassız yerə istintaq müddətində saxlanılmış, ona və yük avtomobilinin sahibinə böyük həcmdə maddi ziyan dəymişdir. Nəqliyyat vasitəsi uzun müddət istifadədən kənar qaldığı üçün onun təyinatına uyğun istifadə olunması imkanı aradan qalxmış, ondan əldə ediləcək gəlir əldən çıxmış və nəqliyyat vasitəsi müəyyən hissədə yararsız hala düşmüşdür. Barəsində cinayət işinə xitam verildikdən sonra yük nəqliyyat vasitəsi müddətdən artıq Azərbaycan Respublikası ərazisində qaldığı üçün 1200 ABŞ dolları miqdarında vergi ödəməklə ölkədən çıxarılmış və sahibinə çatdırmışdır. Məhkəməyə təqdim edilən sənədlərlə, adət-ənənələr ilə sübut edilən yük nəqliyyat vasitələrinin sahibkarı ilə sürücü arasında formalaşmış iş adətlərindən və ailəsinin onun üçün sərf etdiyi xərclərindən görünür ki, 3 ay müddətində işsiz qalmış iddiaçıya ümumilikdə 32000 ABŞ dolla rı, 198000 Türk lirəsi məbləğində maddi ziyan dəymişdir. Belə ki, şəxsin adətən eyni olan hərəkət marşrutu üzrə istifadəsində olan yük nəqliyyat vasitəsi Türkiyə Respublikasından tək istiqamət üçün 2700 ABŞ dolları gəlir əldə etməklə geri qayıdarkən isə 1200 ABŞ dolları həcmində fayda əldə edilir. Ay ərzində İran İslam Respublikası ilə Türkiyə Respublikası arasında minimum 2 dəfə tamamlanmış səfər (2 gediş, 2 dönüş) həyata keçirilir. Hər tamamlanmış səfər üçün iddiaçının maaş qismində əldə etdiyi gəlir 600 ABŞ dolları həcmindədir. Eyni zamanda, qanunsuz yerə həbs edilmiş iddiaçı istifadəsində olan yük nəqliyyat vasitəsinin də istifadəsi məhdudlaşdırıldığından onun yenidən yararlı hala gətirilməsi üçün İğdıra geri qayıtdıqdan sonra 198000 TL həcmində pul sərf etmişdir. Ailəsinin hər dəfə id diaçının yanına gəlib getməsinə, onun sonradan dişlərinin bərpa olunmasına sərf edilmiş 5000 ABŞ dollarına yaxın pul məbləği də ona dəymiş maddi zərər olaraq qiymətləndirilir. İddiaçı barəsində əsassız, qanunsuz çıxarılmış həbs qətimkan tədbiri nəticəsində el arasında nüfuzdan düşmüş, hər kəsin gözündə zəhmətkeş olan şəxs artıq bir narkotik taciri kimi hörmətsizləşdirilmiş, 3 aya yaxın bir müddətdə təcridxanada saxlandığı müddətdə dəfələrlə vəzifəli şəxslər tərəfindən döyülmüş və təhqir olunmuşdur. Bu müddətdə nəinki ailəsindən uzaq qalmış eyni zamanda fiziki, mənəvi, psixoloji şiddət də görmüşdür. Bu müddətdə iddiaçının düşdüyü vəziyyətdən səbəb hər kəs onun ailəsindən üz döndərmiş, nəinki iddiaçı, həm də onun ailəsi qınaq obyektinə çevrilmişdir. İbtidai istintaq orqanın elan edilmiş əsas sız ittihamı və məhkəmənin qanunsuz qərarı ilə təkcə iddiaçının özü deyil, eyni zamanda ailəsi də mənəvi iztirab, sarsıntı keçirmişdir. İddiaçıya dəymiş mənəvi zərər pulla dəyərləndirə bilməyəcək dərəcədə ağır və sarsıdıcıdır.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(006)2733/2023 nömrəli qətnaməsi ilə (hakim N.T.Tağıyeva) iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən mənəvi zərərə görə 3000 manat məbləğində pulun alınaraq İddiaçı Nureddin oğluna ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Nureddin oğlu 19 sentyabr 2022-ci tarixdən 16 dekabr 2022-ci il tarixədək (86 gün) həbsdə qan unsuz olaraq saxlanılmışdır. Odur ki, iddiaçıya qarşı mülki hüquq pozuntusu törədilmişdir.
6. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçının nümayəndəsi və vəkilinin izahatından və təqdim olunmuş sənədlərdən də aydın olmuşdur ki, iddiaçının əsassız olaraq cinayət təqibinə məruz qalması və cinayət cəzasına məhkum edilməsi nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də, ona vurulmuş mənəvi zərər ödənilməlidir. Mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilməmişdir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 3000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab etmişdir.
7. Birinci instansiya məhkəməsi iddiaçıya vurulmuş maddi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı maddi zərər kimi istifadə etdiyi nəqliyyat vasitəsinin uzun müddət qanunsuz olaraq saxlandığını və bunun nəticəsində ona və avtomobilin sahibinə ziyan dəydiyini, aylıq aldığı məvacibdən məhrum olduğunu, ailəsinin hər dəfə onun yanına gəlib getməsini, onun sonradan dişlərinin bərpa olunmasına görə pul vəsaiti xərclədiyini iddia edərək ona ümumilikdə 32000 ABŞ dolları və 198000 Türk lirəsi məbləğində maddi ziyan vurulduğunu iddia etsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının sübut olaraq məhkəməyə təqdim etdiyi sənədlər məhkəmə tərəfindən mötəbər sübut olaraq qiymətləndirilə bilməz. Belə ki, həmin sənədlər konkret olaraq iddiaçının qanunsuz cinayət məsuliyyətinə cəlb edilməsi nəticəsində ona maddi ziyan vurulmasını təsdiq etmir.
8. Məhkəmə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin etirazına münasibətdə qeyd etmişdir ki, qanunvericiliyə əsasən Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyanın ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1101.1-ci, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilmə si haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5, 6, 7-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı Nureddin oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(006)-2733/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Həmçinin cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(006)27 33/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2(103)-6013/2023 nömrəli qətnaməsi ilə (hakim V.N.Sadıqovun sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və M.Ə.Rüstəmlidən ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(006)-2733/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, iddiaçı 19 sentyabr 2022ci tarixdən 16 dekabr 2022-ci il tarixədək (86 gün) həbsdə qanunsuz olaraq saxlanılmışdır. O, bu müd dət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. İddiaçının bu müddət azadlıqdan əsassız olaraq məhrum edilməsi işin mübahisə edilməyən halı olduğu kimi onun həmin qanunsuz hərəkətlər nəticəsində və bu müddət ərzində qanunsuz həbsdə olmasına görə mənəvi iztirab və sarsıntı keçirməsi, yəni mənəvi zərər çəkməsi də mübahisə doğurmur.
14. Apellyasiya kollegiyası iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq ödənilməsi qət olunmuş mənəvi ziyanın məbləğini ağlabatan və ədalətli saymışdır.
15. Maddi zərərə aid hissədə də birinci instansiya məhkəməsinin gəldiyi nə ticəni düzgün hesab edən apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçının təqdim etdiyi sənədlər mötəbər olmamaqla yanaşı, həm də hər hansı nəticəyə gəlməyə də əsas vermir. Bu isə iddianın həmin hissədə sübuta yetirilməməsi kimi qiymətləndirilir.
16. Maliyyə Nazirliyinin hazırkı iş üzrə cavabdeh ola bilməməsi barədə şikayətinin dəlilinə münasibətdə məhkəmə həmin hüquqi məsələ ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
17. İddiaçı Nureddin oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2(103)-6013/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayə ti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 25, 60, 125-ci, İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 41-ci, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 5, 7, 12-ci, Mülki Məcəllənin 1101-ci, Mülki Prosessual Məcəllənin 1.3, 9, 77.3, 82, 218.1-ci maddələrinin tələbləri pozulmuşdur.
19. Belə ki, iddiaçıya mənəvi zərərin ödənilməsi ilə bağlı qət edilən 3000 manat həcmində pul məbləği nə iddiaçının haqsız yerə təqsirləndirildiyi, cəza çəkdiyi müddəti, nə də bu müddətdə onun ailəsinin çəkdiyi sinir və stress, mənəvi sarsıntı, iztirabı və narahatlığı ifadə edir. Məhkəmə işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış, işə laqeyd yanaşmışdır. Şəxsə dəymiş maddi ziyanın sübuta yetirilməməsi məsələsində isə məhkəmə sübutları araşdırmamış və onlara əvvəlcədən qiymət vermiş, əlavə sübut tələb etməmiş və özü də bu məsələ ilə bağlı heç bir tədbir görməmiş, işə məntiqli və dolğun yanaşma sərgiləməmişdir. Nəqliyyat vasitəsinin təmirinə çəkilmiş xərclər, şəxsin aylıq gəlirini göstərən sənədlər və digər məntiqi yanaşma ilə müəyyən edilən mübahisəsiz hallar məhkəmə tərəfindən nəzərə alınmayaraq, qiymət verilməmişdir.
20. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
22. Azərbaycan Respublikası mülki prosessua l qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
23. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin olunmamış hissəsində mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
24. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 68-cı maddəsinin İİ hissəsinə görə hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. 25. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu nun 4-cü maddəsinə müvafiq olaraq qanunda nəzərdə tutulanlara zidd olaraq tutulmuş və ya həbs olunmuş hər bir şəxsin iddia ilə təmin olunan kompensasiya almaq hüququ vardır.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq poz untusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fizik i və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. 27. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Re spublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 6-cı maddəsinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. 12-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. 28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il tarixli Qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxs i qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı halla rda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 29. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsın tıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar s übutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların mü əyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində b axır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 31. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qə tnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17 -ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın mənəvi ziyanın tutulması hissəsinə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
33. Belə ki, iddiaçının istintaq orqanının səhvi nəticəsində həbsə alınması və 3 aya yaxın (86 gün) müddətində həbsdə saxlanılması məhkəmələrin müəyyən etdikləri və mübahisə olunmayan hallarıdır. İddiaçının mübahisələndirdiyi məsələ ona mənəvi ziyana görə verilməli olan kompensasiyanın məbləğidir.
34. Bununla bağl ı məhkəmə kollegiyası qeyd edir ki, azadlıq hüququ təbiətən insana xas olan xüsusiyyət olmaqla hər kəsin istifadə etməli olduğu başlıca nemətlərdən biridir. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, insanın bir sıra digər hüquqları deklarativ xarakter daşıyır. Bu mühüm hüquq “İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi”nin 3-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsində, BMT-nin “Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 9-cu maddəsində, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində geniş təsbit olunmuşdur.
35. Odur ki, iddiaçının məruz qaldığı mənəvi ziyana görə kompensasiya ödənilməli olmasına dair və həmin kompensasiyanın məbləğinə dair apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, mənəvi ziyana görə tutulan kompensasiya məbləği işin hallarına, iddiaçının məruz qaldığı mənəvi sarsıntı və iztirablara, eyni zamanda formalaşmış məhkəmə təcrübəsinə uyğundur.
36. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olmaqla, şəxsin maddi qazanc əldə etməsinə yönəlməməlidir. İddiaçının mənəvi ziyana görə tələb etdiyi 500000 ABŞ dolları məbləğində kompensasiya isə qeyd olunan meyarlara cavab vermir.
37. İddianın maddi ziyanla bağlı hissəsi üzrə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
38. Belə ki, iddianın həmin tələbi iki hissədən ibarət olmuşdur: Həbsdə olduğu müddətdə işləmədiyi üçün əldə etmədiyi gəlir, qohumlarının ona baş çəkməsi xərclədikləri vəsait olmaqla – 32000 ABŞ dolları, habelə idarə etdiyi avtomobilin təmir xərci olan 198000 Türk lirəsi.
39. İddianı həmin hissədə rədd edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı bu tələb üzrə məhkəməyə sübut təqdim etməmiş, təqdim etdiyi sənədlər isə mötəbər olmamaqla yanaşı, həm də hər hansı nəticəyə gəlməyə də əsas vermir. Apellyasiya instansiyası məhkəməsi bu mövqe ilə razılaşmışdır.
40. Lakin, iş materialları ndan müəyyən olunur ki, iddiaçı iddia ərizəsinə qoşma olaraq bir sıra sənədlər əlavə etmişdir. Bunlar Türkiyə Respublikasında verilmiş arayışlardan, elektron imza ilə imzalanmış cədvəllərdən və s. ibarət olmuşdur.
41. Məhkəmələr həmin sənədlərin nəticəyə gəlməyə əsas verməməsini qətnamələrdə qeyd etsələr də, iş materiallarından onların məhkəmələr tərəfindən tədqiq edilməsi, ümumiyyətlə məzmunlarının nədən ibarət olması, işə aid olub-olmamasının araşdırılması müəyyən edilmir.
42. Halbuki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını müəyyən edərkən məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbi q edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi məhkəmənin vəzifəsidir. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirməli, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir (Mülki Prosessual Məcəllənin 76.1, 88, 218.1-ci maddələri).
43. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi iddiaçının tələbinin və apellyasiya şikayətinin dəlillərinə maddi ziyanın ödənilməsi hissəsində formal yanaşaraq, iddiaçının bu hissədə dəlillərini tam araşdırmamış, qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış dır.
44. Bununla, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 217.3, 218.1 və 372.7-ci maddələrinin tələbləri pozulmuşdur.
45. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 d ekabr 2011-ci il tarixli Qərarı).
46. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
47. Odur ki, qətnamə maddi ziyanın ödənilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
48. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respub likası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Nureddin oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2(103)-6013/2023 nömrəli qətnaməsi iddianın maddi ziyan tələbinin təmin edilməyən hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2(103)-6013/2023 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissədə, yəni iddianın mənəvi ziyan tələbinin təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.