Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6604/2019 31.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, Cavabdeh, vəkili X1, 3-cü şəxs Xəzər Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi X2 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2019-cu il tarixli qətnaməsindən Bakı şəhəri İcra Hakimiyyətinin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsi nin 21 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(003)-3589/2018, hakim Ə.S.Qəhrəmanov) iddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı qeyri-qanuni saxlanılan sahibsiz itlərin yaşayış sahəsindən çıxarılması və ev heyvanı saxlamaq hüququndan məhrum etmə tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-5551/2019, hakimlər F.Ş.Talışinski, R.Ə.Eyvazov, Z.Ə.Əliyev) Bakı şəhəri İddiaçıapellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Bakı şəhəri İcra Hakimiyyətinin nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 07 sentyabr 2018-ci tarixdə Bakı şəhəri İd diaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında qeyri-qanuni saxlanılan sahibsiz itlərin yaşayış sahəsindən çıxarılması və cavabdehin ev heyvanı saxlamaq hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə verərək qeyri-qanuni saxlanılan sahibsiz itlərin yaşayış sahəsindən çıxarılaraq “İdea” heyvanlara qayğı mərkəzinə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə qətnamə qəbul edərkə n maddi və prosessual hüquq normalarının tələblərini düzgün təfsir etməmiş, eləcə də qanunvericilik normaları düzgün tətbiq etməmiş, iş üzrə qanunsuz qətnamə qəbul etməklə cavabehin şəxsi mənafeyini ictimai mənafedən üstün tutmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması” Qaydalarında fərdi yaşayış evlərində it saxlanılmasını, onun sayını məhdudlaşdıran heç bir müddəa yoxdur. Lakin apellyasiya məhkəməsi Mülki Məcəllənin 11-ci maddəsinə istinad edərək qanunun analogiyasını tətbiq etməli idi. Eyni zamanda hazırki iddianın qaldırılmasına səbəb ayrı-ayrı vətəndaşların icra hakimiyyətinə müraciət və şikayətləri olmuşdur. Bu da cavavbdeh tərəfindən “sanitariyagigiyena, səs-küy və digər normaların pozulması, qonşulara narahatlıq yaratma” anlamına gəlir. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçının və 3-cü şəxsin nümayəndəsi vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı qeyri-qanuni saxlanılan sahibsiz itlərin yaşayış sahəsindən çıxarılması və ev heyvanı saxlamaq hüququndan məhrum etmə tələbi ilə məhkəməyə müraciət etmək hüququna malik deyildir. Həmçinin “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanılması” Qaydalarının 2.1-ci bəndinə əsasən baytarlıq, sanitariya-gigiyena, səs-küy və digər normaları pozmamaqla, şəhərdə və şəhər tipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir. Lakin həmin qaydalarda fərdi yaşayış evinin həyətində it saxlanmasını, onun sayını məhdudlaşdıran heç bir müddəa yoxdur. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsasız olduğundan rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq həmin nəticəni qanuni və əsaslı hesab etmişdir. Aşağıdakılara əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, cavabdeh ünvan 1 ünvanında 300ə yaxın sahibsiz it saxlamaqdadır. Qonşuluqda yaşayan sakinlər kəskin qoxu və səs-küyün əmələ gəldiyi, ciddi antisanitariya vəziyyətinin yarandığına istinad edər ək aidiyyəti qurumlara və hüquq mühafizə orqanlarına şikayət ərizələri ilə müraciət etmişlər. Cavabdeh 2018-ci ilin iyul ayında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, yəni it və pişiklərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi saydan artıq saxladığına görə inzibati xəta barədə protokol tərtib edilmişdir. 2018-ci ilin sentyabr ayında cavabdeh həmin xətanıinzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdiyinə görə inzibati xəta barədə protokol tərtib edilmişdir. 07 sentyabr 2018-ci il tarixdə iddiaçı Bakı şəhəri İcra Hakimiyyəti cavabdehin Mərdəkan qəsəbəsi, R.Cəfərov küçəsi, döngə 2, ev 3 ünvanında saxladığı itlərin həmin ünvandan çıxarılması və cavabde hin ev heyvanı saxlamaq hüququndan məhrum edilməsi barədə hazırki iddianı qaldırmışdır. Göründüyü kimi, cavabdehin 300-ə yaxın sahibsiz it saxladığı ərazi fərdi yaşayış evinin həyətyanı sahəsi olmaqla qonşu yaşayış sahələri ilə əhatə edilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 13-cü maddəsi ilə yaşayış evi, mənzil, otaq yaşayış sahələrinin növləri kimi müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, növündən asılı olmayaraq, ətrafı da qonşuların yaşayış sahələri ilə əhatə edilən həyətyanı torpaq sahəsində təxminən 300 itin saxlanması “ev heyva nı saxlama” kimi qiymətləndirilə bilməz. Cavabdehin həmin hərəkəti yaşayış sahəsində sahibsiz heyvanlar üçün sığınacaq yaradılması hesab edilir ki, bu da hazırki vəziyyətdə, mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada səlahiyyətli icra hakimiyyəti orqanları ilə razılaşdırılmadığına görə yolverilməzdir. Belə ki, “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanılması” Qaydalarının 4.6-cı maddəsinə əsasən ev heyvanlarının ticarəti, damazlığı, kommersiya, yaxud digər məqsədlə sığınacaqlarda (heyvan mehmanxanasında) saxlanması üzrə məşğul olan hər bir hüquqi və fiziki şəxs bu fəaliyyətini səlahiyyətli icra hakimiyyəti orqanları ilə (Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, yerli icra hakimiyyəti, sanitar-epidemioloji orqanlar) müvafiq qaydada razılaşdırmalıdır. Qeyd edildiyi kimi, cavabdehin təqribi 300 itin saxlanması üçün sığınacaq yaratmasına səlahiyyətli icra hakimiyyəti orqanlarının nəinki razılığı mövcuddur, həmin orqanlar itlərin ordan çıxarılması üçün cavabdehə müraciətlər etmiş, hətta cavabdeh iki dəfə inzibati məsuliyyətə cəlb edilmişdir. Digər tərəfdən, cavabdehin həmin hərəkəti qonşuluqda yaşayan şəxslərin narazılığna səbəb olmuş, itlərin səs-küyü, pis qoxu onları həddindən artıq narahat etdiyindən müxtəlif orqanlara müraciət etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qonşuluq hüququnun əsaslarını müəyyən edən 170-ci maddəsinin tələblərinə görə öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüs usən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Cavabdehin həyətyanı torpaq sahəsini sahibsiz itlərin saxlanılması üçün sığınacağa çevirməklə həmin itlərin müdafiəsi ilə bağlı fəaliyyəti qonşuluq hüququnu pozmaq hesabına həyata keçirilə bilməz. Həmçinin Bakı şəhər İcra Hakimiyyətinin 01 noyabr 2018-ci il tarixli Sərəncamı ilə vətəndaş Cavabdeh sahibsiz itlərin saxlanılması üçün sığınacağın yaradılması məqsədilə Xəzər rayonu, Qala qəsəbəsinin cənub-qərb hissəsində yerlşən 0,30 ha torpaq sahəsi ayrılmışdır. Cavabdeh həmin sahənin onun mülkiyyətinə verilməməsinə, sadəcə icarə əsasında onun istifadəsinə verildiyinə istinad edərək saxladığı itləri həmin əraziyə köçürməkdən imtina etmişdir. Lakin, cavabdehin həmin hərəkəti sahibsiz itlərin müdafiəsi ilə bağlı könüllü fəaliyyətinə uyğun gəlmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamış, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6604/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6604/2019
31.10.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver