Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-664/2023 27.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: maneələrin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun qeydə alınması və maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1938/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 27 fevral 2023-ci il tarixdə Ali Məhkəmənin binası nda yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Astara Bələdiyyəsinin 22 iyun 2007-ci il tarixli qərarı ilə Astara şəhəri, Gənclər küçəsində (hal-hazırda Ziya Bünyadov küçəsi) yerləşən 400 kv.m torpaq sahəsi fərdi ev tikilməsi məqsədilə İddiaçı (bundan sonra – iddiaçı) ayrılmış, 12 dekabr 2007-ci il tarixdə həmin torpaq sahəsinin alqı-satqısına dair iddiaçı ilə Astara Bələdiyyəsi arasında akt imzalanmışdır.
2. İddiaçı ayrılmış torpaq sahəsi ilə qonşuluqda, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 05 may 2021-ci il tarixdə Cavabdeh (bundan sonra – cavabdeh) adına (digər hüquq sahibləri X3, X2, X4) xüsusi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini 10 saylı Lənkəran ərazi idarəsi (bundan sonra – Reyestr idarəsi) tərəfindən iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmiş və bu barədə iddiaçıya 07 yanvar 2022-ci il tarixli bildiriş ünvanlanmışdır. Bildirişdə imtina səbəbi kimi faktiki yerində müayinə keçirilməsi üçün şəraitin yaradılmaması göstərilmiş, həmçinin qeyd edilmişdir ki, təqdim olunmuş bələdiyyə sənədlərinin həqiqiliyi şübhə doğurur, eyni zamanda hüquq müəyyənedici sənədlər qanuna müvafiq tərtib edilməyib, göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır. 4. 30 may 2008-ci il tarixdə iddiaçı mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi ilə bağlı hüquq mühafizə orqanlarına şikayət etmişdir. Cavabdeh həmin araşdırma zamanı izahatında Astara şəhəri, Z.Bünyadov küçəsində yaşadığını, əvvəllər yaşadığı evin şərq hissəsində yerləşən Xəzər dənizinin səviyyəsinin qalxması nəticəsində həyətin yaşayış evini su basaraq, ona maddi ziyan vurduğunu, 30 il əvvəl evlərinin qabağında boş sahədə təqribən 0,06 ha torpaq sahəsini tutaraq ev tikməkdən ötrü ətrafa ağaclardan nişan qoyduğunu, lakin, imkanı olmadığına görə həmin torpağı rəsmi qaydada sənədləşdirmədiyini, 2008-ci ildə onun xəbəri olmadan torpaqda iddiaçının ev tikmək istədiyini, torpağı uzun müddətdir istifadə etmədiyi üçün ona vermədiyini göstərmişdir. Həmçinin araşdırma zamanı X1 izahatında 2005-ci ildən Astara Bələdiyyəsində işlədiyini, 11 yanvar 2008-ci il tarixdə iddiaçıya fərdi ev tikməkdən ötrü 0,04 ha torpaq sahəsi verildiyini, lakin sonralar qanunvericiliyə dəyişikliklər edildiyi üçün 29 apr el 2008-ci il tarixdə Astara Bələdiyyəsi tərəfindən 17 nəfər Astara şəhər sakinlərinə verilmiş torpaq şəhadətnamələrinin ləğv olunması barədə qərar qəbul olunduğunu, bununla bağlı, onlara şifahi məlumat verildiyini, həmin torpaqlar hərraca qoyularkən ilk növbədə iddiaçıya və onunla bərabər qərarları ləğv olunmuş digər vətəndaşlara satılması ilə bağlı təkliflər olunacağını bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara Bələdiyyəsinin 22 iyun 2007-ci il tarixli, 37 saylı qərarı, torpaqların alqı-satqısına dair 22 yanvar 2008-ci il tarixli, 172 nömrəli qeydiyyata alınmış aktı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon Torpaq şöbəsinin 22 iyun 2007-ci il tar ixli, 161 nömrəli rəyi və həmin torpaq sahəsinin təsdiq edilmiş plan-cizgisi əsasında, fərdi yaşayış evinin tikintisindən ötrü, ünvan 2 ünvanında 400 kv.m. (0,04 hektar) torpaq sahəsinin onun adına mülkiyyət hüquqlarının qeydiyyata alınması məqsədilə Reyestr idarəsi əməkdaşlarının müayinə keçirilməsi üçün, cavabdeh tərəfindən yaradılan, süni maneələrin aradan qaldırılması (400 kv.m. torpaq sahəsinin ölçülməsinə və digər hərəkətlərin aparılmasına mane olmamaq öhdəliyi) və qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona bələdiyyə tərəfindən satılmış ünvan 3 ünvanında 400 kv.m. torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının adına dövlət qeydiyyatına alınması üçün Reyestr idarəsinə 22 dekab r 2021-ci il tarixdə müraciət etmişdir, bununla əlaqədar baxış keçirilməsi üçün nümayəndə heyəti təyin olunmuşdur. Həmin nümayəndə heyəti torpaq sahəsinə baxış keçirmiş, lakin cavabdeh 0,04 hektar torpaq sahəsinin ölçülməsinə imkan verməmiş, faktiki yerində müayinə keçirilməsindən ötrü əraziyə gəlmiş nümayəndə heyətinə nalayiq sözlər deməklə süni maneələr yaratmışdır. Bununla da cavabdeh onun mülkiyyət hüququnun həyata keçirilməsin maneələr yaratmışdır.
7. Cavabdeh iddia tələbini qəbul etməyərək, etirazını onunla əsaslandırmışdır ki, o iddiaçıya məxsus torpaq sahəsinin ölçülməsinə manelər yaratmamışdır. Həmçinin mübahisəli torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 400 kvadrat metr torpaq sahəsinin iddiaçıya satılmasına dair alqı-satqı müqaviləsi ləğv edilmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Astara Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış 03 iyun 2022-ci il tarixli məktubda ünvan 3 ünvanında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400 kvadrat metr (0,04 hektar) həyətyanı torpaq sahəsinin iddiaçıya satılmasına dair alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə hər hansı bir məlumat olmadığı qeyd edilmişdir.
9. Astara Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(018)-401/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Mübariz Məmmədov,) iddianın qismən təmin edilməsi, cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən 400 kv.m. (0,04 hektar) torpaq sahəsinin ölçülməsinə edilən süni maneələrin aradan qaldırılması, iddia tələbinin fərdi yaşayış evinin tikintisindən ötr ü, ünvan 2 ünvanında 400 kv.m. (0,04 hektar) torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüquqlarının qeydiyyata alınmasına, digər hərəkətlərin aparılmasına mane olmamaq öhdəliyinin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə iddianın təmin edilən hissəsində qeyd etmişdir ki, hazırda torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsinə görə iddiaçı və cavabdeh arasında mübahisə yaranmış, cavabdeh torpaq sahəsinin ölçülməsi üçün mübahisə predmeti olan torpaq sahəsinə gəlmiş, Reyestr idarəsinin əməkdaşlarının işinə maneçilik yaratmış və müvafiq sənədləşmənin həyata keçirilməsini mümkünsüz etmişdir. Bu səbəbdən də, cavabdehin üzərinə mübahisəli torpaq sahəsinin ölçülməsinə edilən maneçiliyə son qoyulması barədə qətnamə qəbul olunmalıdır.
11. Məhkəmə iddianı n təmin edilməyən hissəsində qeyd etmişdir ki, 0.04 hektar torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüquqlarını qeydiyyata alınması ilə bağlı məsələ aidiyyəti üzrə Astara Rayon Məhkəməsinə aid olmadığından cavabdeh tərəfindən edilən maneələr aradan qaldırıldıqdan sonra cavabdehin qanunsuz hərəkətləri nədən ibarət olması ilə bağlı məsələyə məhkəməyə konkret sübut təqdim edilmədiyindən, digər hərəkətlərin aparılmasına mane olmamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı məsələyə məhkəmədə aydınlıq gətirilmədiyindən iddia bu hissədə təmin edilə bilməz
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139-1.1.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, o, torpaq sahəsinin ölçülməsinə maneə yaratmamışdır. Mübahisəli torpaq sahəsinin iddiaçıya satılmasına dair alqı-satqı müqaviləsi ləğv edilmişdir. Bundan başqa, 30 ildən uzun müddətdir ki, cavabdeh həmin torpaq sahəsini istifadə edir. Qanunvericiliyə əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktiki mülki yyət hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. İddiaçı bunları bilə-bilə torpaq sahəsini saxta yolla Bələdiyyənin iclas protokoluna əsasən almışdır. Birinci instansiya məhkəməsi aidiyyət qaydalarını pozmuşdur, hazırkı mübahisə inzibati məhkəmə predmetidir.
15. İddiaçı apelyasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh uzun müddət torpaq sahəsinin onun istifadəsində olduğunu bildirmişdir. İddiaçı bu barədə sübut növü olan hüquqi sənədi birinci instansiya məhkəməsinə etməmişdir. Çünki, yalnız o, mübahisəli sahənin hər tərəfini çəpərləyərək artezian su quyusu qazıb, ağac əkib, sonra da bələdiyyənin hesabına pul köçürüb aldıqdan sonra zor gücü ilə bir hissəsini zəbt etmişdir. Hadisə yerinə gəlib ö lçü işləri aparmaq istəyən Reyestr idarəsinin məsul şəxslərini nalayiq sözlərlə təhqir etmişdir.
16. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1938/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İlham Əsədov (sədrlik edən və məruzəçi), Samir Mayılov və Nüsrət Mirzəyev) birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, torpaq sahəsinin cavabdeh tərəfindən 30 ildən artıq müddətə istifadə etməsi iddiaçının tələbinin təmin edilməsindən imtina üçün əsas deyildir. Belə ki, torpaq sahəsinin iddiaçıya ayrılmasına dair bələdiyyə qərarı vardır və cavabdeh həmin qərarı mübahisələndirməmişdir.
18. Cavabdeh iddiaçıya qarşı torpaq sahəsi nin satılması barədə bələdiyyə qərarının ləğv edilməsinə dair heç bir sübut təqdim edə bilməmişdir. İddiaçı isə öz tələbini əsaslandıra və sübuta yetirə bilmişdir.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 157.4, MPM-in 77-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (Vəkil oğlu) kassasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv olunaraq, iddianın rədd edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır.
22. Kassasiya şikayətində Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə, 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ və İİ hissələrinə, Mülki Məcəllənin 178- ci, MPM-in 77.1, 88-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək apelyasiya instansiyası qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya şikayətinə etiraz apelyasiya şikayətinə etirazla eyni məzmunda əsaslandırılmışdır. c) İddiaçının prosessual hüquq varisi ilə əvəz edilməsi
24. Kassasiya baxışı zamanı müəyyən edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qəbul edilməsindən sonra - 01 dekabr 2022-ci il tarixdə İddiaçı ölmüşdür.
25. İddiaçının arvadı X5 müvafiq sənədləri məhkəməyə təqdim edərək, iddiaçının prosessual hüquq varisi kimi tanınmasını xahiş etmişdir. 26. 08.002.2023-cü il tarixli qərardadla vəsatət təmin edilmiş, X5 mülki iş üzrə iddiaçının prosessual hüquq var isi kimi tanınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
27. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllə
28. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
29. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
30. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
31. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Prosessual Məcəllə
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara o byektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmü ş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması barə də qətnaməsini cavabdehin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Kassasiya şikayətinin dəlilləri əsasən iddianın və apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair birinci və apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.
43. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1938/2022 nömrəli mülki iş üzrə 11 oktyabr 2 022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.