Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-687/2023 08.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “yüksək gərginlikli hava xəttinin ona məxsus bağ sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: təbii inhisar subyektinin hərəkətinin (hərəkətsizliyinin) mübahisələndirilməsi, işə mülki icraat qaydasında baxılmasının yolverilməzliyi, iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 oktyabr 2022 -ci il tarixli, 2(103)6419/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfdən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 280 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
2. Həmin torpaq sahəsi üzərindən 6 kV-lıq gərginlikli elektrik hava xətti keçir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən mülkiyyət hüquqları ilə ona məxsus olan 280 saylı bağ sahəsinin ərazisindən keçən yü ksək gərginlikli hava xətlərinin çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, qeyd olunan bağ sahəsi 1966-cı il tarixdə hüquq müəyyənedici sənədlər əsasında iddiaçının istifadəsinə verilmişdir. O, bağ sahəsinə elektrik xəttinin çəkilməsi və sayğacın quraşdırılması tələbi ilə müraciət etmiş, cavabdeh orqanın 27 may 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, müraciət əsasında "xxxx" ASC-nin əməkdaşları əraziyə baxış keçirmiş, məlum olmuşdur ki, bağ sahəsinin ərazisindən yüksək gərginlikli hava xətti keçir. Həmin hava xəttinin köçürülməsi üçün cari ildə müvafiq texniki tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. İddiaçıya məxsus bağ sahəsinə yüksək gərginlikli hava xətləri əmlak iddiaçın ın sahibliyində və istifadəsində olduğu vaxt çəkilmişdir. Yəni cavabdeh orqan ona məxsus bağ sahəsinə icazə olmadan daxil olaraq həmin xətləri çəkilməsi işlərini icra etməklə, onun mülkiyyətinə bir başa müdaxilə etmişdir. Bağ sahəsindən keçən yüksək gərginlikli hava xətləri iddiaçının ailəsi üçün potensial təhlükə mənbəyidir.
5. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 11 may 2022-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 280 saylı bağ sahəsindən 6 kV-lıq gərginlikli elektrik hava xətti keçir, qeyd olunan 6 kV-luq gərginlikli elektrik hava xəttinin Elektrik qurğularının quraşdırılması qaydasının və Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrini n mühafizəsi qaydalarının tələblərini təmin etməklə, 280 saylı bağ sahəsinin yanından keçən avtomobil yolunun kənarı ilə çəkməklə köçürülməsi mümkündür.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(003)1020/2022 nömrəli qətnaməsi ilə (hakim Z.M.Tağıyev) iddia təmin edilmiş, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 280 saylı bağ sahəsinin ərazisindən keçən yüksək gərginlikli hava xətlərinin çıxarılması öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi, Mülki Məcəllənin 152.1-ci maddəsi, Mülki P rosessual Məcəllənin 4.1, 14.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(003)-1020/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 oktyabr 2022-ci il tarixli, 2(103)-6419/2022 nömrəli qətnaməsi ilə (hakim M.A.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.Ə.Məhərrəmovanın və R.M.Həsənovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(003)1020/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya məhkəmə si birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma razılaşmış və apellyasiya şikayətinin dəlilləri üzrə qeyd etmişdir ki, cavabdeh ekspert rəyi ilə razı olmadığını ifadə etsə də, ASC işə rayon məhkəməsində baxılarkən rəy ilə razılaşmadığını bildirməmiş, təkrar və ya əlavə ekspertizanın təyin edilməsi barədə vəsatət verməmişdir. Apellyasiya baxışı zamanı cavabdeh ASC-nin nümayəndəsi bu kimi vəsatətin rayon məhkəməsinə verilməsinin qeyri-mümkün olmasının onlardan asılı olmayan üzrlü səbəbdən baş verməsini əsaslandıra bilməmiş, bu halı təsdiq edəcək sübutu (sübutları) məhkəməyə təqdim etməmişdir.
11. Bundan başqa, apellyasiya baxışı zamanı ekspert rəyi təhlil edilmiş və müəyyən edilmişdir ki, rəy kifayət qədər əsaslandırılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 152.1 və 157.4-ci, Mülki Prosessual Məcəllənin 184.3, 361.4, 385.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
13. Cavabdeh "xxxx" ASC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 oktyabr 2022-ci il tarixli, 2(103)-6419/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 152.5, 152.6-cı, Mülki Prosessual Məcəllənin 88, 101.6, 102.1, 103.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı tərəfindən mübahisə üzrə şəxsi mənafeyinin cavabdeh "xxxx" ASC-yə məxsus və həmin ərazidə yerləşən xeyli sayda fərdi yaşayış evlərini elektrik enerjisi ilə təchiz edən elektrik hava xətləri ilə bağlı ictimai əhəmiyyətli mənafeyindən üstünlüyü dəqiq ifadə olunmamışdır. İddiaçı ona məxsus bağ sahəsindən keçən yüksək gərginlikli elektrik hava xətlərinin çıxarılmasını (nəzərə alınsa ki, həmin xətlərin yerinin dəyişdirilməsi böyük maddi vəsait tələb edir) tələb etməklə, mülkiyyət hüquqlarından sui-istifadəyə yol verərək, mülkiyyətindən "xxxx" ASC-yə ziyan vurmaqla istifadə etmiş və öz hərəkətlərinin zəruriliyini əsaslandırmamışdır. İş üzrə məhkəmə tərəfindən təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizasının rəyində elektrik hava xətlərinin yerinin dəyişdirilməsinin mümkünlüyü ilə bağlı hər hansı tədqiqatlar aparılmamış və gəlinən nəticə texniki cəhətdən əsaslandırılmam ışdır. Digər tərəfdən ekspertin hava xətlərinin torpaq sahəsindən çıxarılaraq alternativ qaydada yəni iddiaçının bağ sahəsinin düz yanından keçən avtomobil yolunun kənarı ilə çəkilməsi hava elektrik xətlərinin mühafizə zonasını tənzimləyən qanunvericiliyin tələblərinə ziddir. Apellyasiya məhkəməsi tərəfindən qeyd edilən hallara düzgün qiymət verilməmiş və məhkəmə öz qətnaməsində qeyd edilən ekspert rəyinə əsaslanmaqla sübutların qiymətləndirilməsini düzgün aparmamışdır.
15. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
16. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
17. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası mə hkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
18. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirild iyindən kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraat a xitam verir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qi smən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.
22. Belə ki, hazırki tələb cavabdeh ASC tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilənin aradan qaldırılması ilə bağlıdır. 23. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 4 saylı Qərarının 13-cü bəndində göstərilmişdir ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır.
24. Qərarın 14-cü bəndinə görə isə, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır.
25. Hazırki işdən müəyyən olunur ki, iddiaçı cavabdeh ASC-nin təbii inhisar subyekti olaraq, ümumi (publik) hüquq sahəsində fəaliyyəti nəticəsinə onun hüquqlarına müdaxilə edilməsini (mülkiyyətində olan torpaq sahəsi üzərində yüksək gərginlikli elektrik hava xətti çəkməsini və həmin xəttin çıxarılması ilə bağlı hərəkətsizlik etməsini) iddia etmişdir.
26. Belə olan halda, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının 14-cü bəndinin tələblərinə əsasən hazırki iddiaya mülki mühakimə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. 27. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndinə əsasən... inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsas ı ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasını nəzərə almamış və bununla da, prosessual hüquq normalarını pozmuşdur.
29. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilməli, mübahisəli elektrik hava xətlərinin çıxarılması ilə bağlı təbii inhisar subyekti olan cavabdehin hərəkətlərindən (hərəkətsizliyindən) qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati məhkəmə icraatı qaydasında iddia vermək hüquqları izah olunmalıdır.
30. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 oktyabr 2022-ci il tarixli, 2(103)-6419/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “yüksək gərginlikli hava xəttinin ona məxsus bağ sahəsindən çıxarılması” tələbinə dair iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən, mülki mühakimə icraatı qaydasında məhkəmədə baxılmalı olmaması ilə əlaqədar xitam verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.