Məhkəmə qərarları › İş №2(102)-7447/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-7447/2021

16.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-7447/2021 16.12.2021 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Cavabdeh "xxxx" MTK-nın vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Cavabdeh "xxxx" MTK-nın vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7147/2021 nömrəli iş üzrə 16 avqust 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-nin 407.3-cü maddəsinə görə kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Kassasiya şikayətini hüquqi şəxs olan cavabdehin vəkili Vəkil imzalayaraq elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirmişdir. Lakin vəkilin cavabdehin adından kassasiya şikayətini imzalamaq səlahiyyətinin olmasını təsdiq edəcək sənəd kassasiya şikayətinə əlavə edilməmişdir. MPM-in 69.2-ci maddəsinə görə, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. MPM-in 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti geri qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya iş ə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Ona görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və MPM-nin 404-1.1, 404-1.2, 407.3, 408.1, 408.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "xxxx" MTK-nın vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7147/2021 nömrəli iş üzrə 16 avqust 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar