Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-748/2024 26.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X3 cavabdehlər Cavabdeh1 və X4 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9 və X5) iş üzrə QƏRARİ Açar sözlər: evdən çıxarma, yaşayış sahəsindən istifadə hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı X3 cavabdehlər Cavabdeh1 və X4 qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1650/2023 nömrəli, 28 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassa siya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X8 (bundan sonra – iddiaçı) Samux rayonu, Qarayeri qəsəbəsi, 1 mərtəbəli, 3 otaqlı ümumi sahəsi 97 kv.m olan fərdi yaşayış evində (bundan sonra - mübahisəli ev) yaşayır.
2. İddiaçının oğlu X11 Səmədovanın nikahından xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1996-cı il təvəllüdlü X6 anadan olmuşdur.
3. Cavabdeh1 və X7 (bundan sonra – cavabdehlər) 2000-ci ildə anaları ilə birlikdə Göyçay rayonuna getmiş, 2007-ci ildə isə yenidən Qarayeri qəsəbəsinə qayıtmışlar.
4. Samux Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2013-cü il tarixdə iddiaçıya oğlu İlqar Bağırovdan və qızı Samirə Bağırovadan ibarət ailə tərkibi ilə birlikdə mübahisəli mən zilə dair order verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mübahisəli evdən çıxarılması və evin boşadılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli ev onun sahibliyində və istifadəsindədir. Cavabdehlər onun nəvələridir. X2 ilə X1 nikahları pozulmuş və cavabdehlər anaları ilə birlikdə onun evindən çıxıb getmişlər. Hazırda cavabdehlərin başqa evləri olmasına baxmayaraq, onun evinə qanunsuz daxil olaraq, oranı zəbt etmişlər. Dəfələrlə cavabdehlərdən evini tərk etmələrini tələb etsə də, sonuncular evindən çıxmaqdan imtina edir. Halbuki, cavabdehlərlə onun heç bir yaxınlığı və ailə hüquq münasi bətləri yoxdur.
7. Samux Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(058)-75/2023 nömrəli, 06 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Gündüz Şirinov) iddia təmin edilməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 217.2, 216-220, 227, 233, 358, 360 maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 10. 10 iyul 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Samux rayon İcra Hakimiyyəti müstəqil tələb irəl i sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
11. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1650/2023 nömrəli, 28 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Rəhman Muradov (sədrlik edən və məruzəçi) Şamil Rzaquliyev və Ədil Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia qismən təmin edilərək, cavabdehlərin mübahisəli evdən çıxarılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdehlər anaları Aybəniz Səmədova ilə Samux rayonu Qarayeri qəsəbəsi ərazisində 0,04 ha torpaq sahəsində fərdi yaşayış evi inşa etmişlər. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi bunu inkar etməmişdir. Torpaq sahəsi və fərdi yaşayış evi qeydə alınmasa da, işin bu halı Samux Rayon Qara yeri Bələdiyyəsinin 5 mart 2023-cü il tarixli arayışı ilə sübuta yetir. Eləcə də iddiaçı tərəf cavabdehlərin inşa etdirdiyi fərdi yaşayış evinin fotoşəkilini məhkəməyə təqdim etmişdir.
13. İşin bu halını nəzərə alan məhkəmə iddia tələbini cavabdehlərin mübahisəli evdən çıxarılması hissəsində əsaslı hesab etmiş, qalan hissədə iddianı əsassız hesab edərək, təmin etməmişdir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.4, Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinə və MPM-in 14.1, 77.1, 87.2, 88, 124.1, 217.3, 386, 388-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyas iya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi mübahisə üzrə tərəflər arasında 2000-ci ildən əvvəl yaranmış mənzil-hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü və 54-cü maddələrinin normasını tətbiq edib, mübahisə üzrə ədalətli və qanuni nəticəyə gəlib, iddianı təmin etməməli olduğu halda, həmin maddi hüquq normalarını mübahisəyə tətbiq etməyərək, nəticədə iddianı təmin etməklə həmin maddi hüquq normalarını pozmuşdur.
17. Eyni zamanda iddiaçı mübahisəli evə dair orderi 15 fevral 2013-cü il tarixdə almışdır. Yəni həmin tarixə kimi, o, mübahisəli evin icarədarı olmamış və mənzil heç kimin adına olmamış, tərəflərlə eyni hüquqla orada birlikdə yaşamışlar. Ancaq, cavabdehlərin mərhum ataları vəfat etdikdən sonra iddiaçı qanunsuz yola mübahisəli evə dair öz adına qanunsuz order almış və bilərəkdən orderə onların adlarını əlavə etməməklə, cavabdehləri özəlləşmə zamanı pay hüququndan məhrum etmək niyyəti daşımışdır.
18. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı mübahisəli evin mülkiyyətçisi deyil, icarədarıdır.
19. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının da tələblərini pozaraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış və həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, əsassız qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə yazılı etiraz dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. təqdim edərək, qətnamənin Tətbiq edilən hüquq 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
21. Maddə
51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır.
22. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.
23. Maddə
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət b aşqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarı 24.... Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədik də, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mübahisəli mənzillə bağlı tətbiq edilən 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsinə əsasən, Qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. 01 oktyabr 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
25. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
26. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşay ış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər Mülki Prosessual Məcəllə
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normaları na müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh1 kassasiya şikayəti verdiyindən hazırkı icraat üzrə qətnamə həmin şəxsin mübahisəli evdən çıxarılması tələbinin təmin olunması hissəsində yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
34. Apellyasiya instansiyası məhkəməsinin aktını kassasiya şikayətinin dəlilləri əsasında yoxlayan Məhkəmə kollegiyası hes ab edir ki, mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
35. Kassasiya şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, hazırkı işə əvvəlki Mənzil Məcəlləsinin tətbiqi də işin mahiyyəti üzrə həlli üçün fərqli nəticəyə əsas vermir.
36. Belə ki, Cavabdeh1 mübahisəli mənzilə köçdüyü dövrdə qüvvədə olmuş əvvəlki Mənzil Məcəlləsinin 53-cü maddəsinin mənasına görə icarədar (iddiaçı) ilə birlikdə ailə üzvü kimi yaşamış cavabdeh onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malik olmuşdur.
37. Lakin nəzərə alınmalıdır ki, əvvəlki Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İstinad olunan maddənin rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, həmin Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
38. Hazırkı işə baxılması zamanı məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 2000-ci ildə mübahisəli evdən köçüb getmiş, 7 il sonra yenidən qayıdaraq, həmin evdə yaşasa da, hazırda başqa yerdə yaşayış evi inşa edərək, digər ailə üzvləri ilə birlikdə daimi yaşamaq üçün ora köçmüşdür. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi həmin şəxsin mübahisəli mənzilə (yaşayış sahəsinə) ehtiyacı aradan qalxdığı üçün onun evdən çıxarılması barədə iddianın əsaslı olduğu barədə qanuni nəticəyə gəlmişdir.
39. Mübahisəli evə dair orderin qanuniliyi ilə bağlı şikayətin dəlilləri hazırkı məhkəmə icraatının predmetinə daxil deyil, habelə işə baxılması zamanı cavabdeh mənzilin iddiaçının istifadəsinə verilməsinə əsas olmuş aktları mübahisələndirdiyi barədə hər hansı sübut təqdim etməmişdir.
40. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
41. Qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1650/2023 nömrəli, 28 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə - Cavabdeh1 mübahisəli evdən çıxarılması tələbinin təmin olunması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.