Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7578/2021 22.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət qarışıq tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(005)4853/2021 saylı məhkəmə aidiyyəti haqqında qərardadından İddiaçı ASC kassasiya şikayəti üzrə işə kassasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən, hakim A.N.Novruzova) İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “nasos stansiyasının zəbt olunmuş ərazisinin geri qaytarılması, sökülmüş tikilinin əvvəlki vəziyyətinə bərpa edilməsi və məhv edilmiş avadanlıqların yenisi ilə əvəz olunması” iddiasına dair mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilib. İddiaçı qərardaddan şikayət verib və şikayətini belə əsaslandırıb ki, mülki prosessual qanunvericilik məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyektiv tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi v ə ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının cavabdehə qarşı tələbləri “nasos stansiyasının zəbt olunmuş ərazisinin geri qaytarılması, sökülmüş tikilinin əvvəlki vəziyyətinə bərpa edilməsi və məhv edilmiş avadanlıqların yenisi ilə əvəz olunması” barədədir, yəni hazırki məhkəmə mübahisəsi cavabdehin sahibkarlıq fəaliyyəti ilə əlaqədar deyildir. Ona görə də hazırki işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır. Şikayətdə iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, iddianın baxılması üçün icraata qəbul edilməsi barədə qərardad çıxarılması xahiş olunub. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 dekabr 20 21-ci il tarixli qərardadı ilə iddiaçının həmin məhkəmənin 25 noyabr 2021-ci il tarixli qərardadından verdiyi şikayət təmin edilməyib və şikayət mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Ali Məhkəməyə göndərilib. Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 403-1.7-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən görünür ki, tərəflər kommersiya hüquqi şəxslərdir və hazırki iddia tələbləri bilavasitə onların kommersiya fəaliyyətləri ilə bağlıdır, iddianın predmeti isə “nasos stansiyasının zəbt olunmuş ərazisinin geri qaytarılmasından, sökülmüş tikilinin əvvəlki vəziyyətinə bərpa edilməsindən və məhv edilmiş avadanlıqların yenisi ilə əvəz olunmasından” ibarətdir. Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatdan da görünür ki, cavabdeh kommersiya təşkilatıdır və vergi ödəyicisi olmaqla, vergi orqanı tərəfindən onun adına ********** nömrəli VÖEN verilib. Birinci instansiya məhkəməsi mülki işi məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərərkən gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərdir və hazırki mübahisəli məsələ onlar arasında sahibkarlıq f əaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranıb. Ona görə də hazırki mübahisəyə məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Kassasiya instansiyası məhkəməsi, birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə və mübahisənin predmetinə görə hazırki işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olduğundan, birinci instansiya məhkəməsi iddiaçının şikayətini təmin etməməklə düzgün nəticəyə gəlib və aşağıdakı mülki prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib. Belə ki, Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin su byektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Eyni zamanda, həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Belə ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələrində baxılır. Məhkəmə aidiyyəti dedikdə- mülki hüquqi münasibətlərindən irəli gələn mübahisənin və ya digər hüquqi işin ümumi və ya kommersiya məhkəməsinin səlahiyyətinə aid olması başa düşülür. İşlərin kommersiya məhkəmələrinin yurisdiksiyasına aid edilməsinin əsas meyarları işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətinin xarakteri ilə bağlıdır. İşdə iştirak edən şəxslərin subyektiv tərkibinə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər aiddir. Fiziki şəxs o, halda kommersiya məhkəməsinə aid olan mübahisənin subyekti hesab edilir ki, o sahibkarlıq fəaliyyətini həyata keçirsin və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə etmiş olsun. Nəzərə alınmalıdır ki, mübahisə o, vaxt ümumi məhkəmənin yurisdiksiyasına aid edilə bilər ki, mübahisə şəxsin bilavasitə sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı yaranmamış olsun. Eyni hüquqi mövqe “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarında da təsbit edilib göstərilib. Həmin Qərarın 11-ci bəndinə görə, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyar hesab edilir. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin Qərarın 12-ci bəndində isə göstərilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiy a məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi tələb olunur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və tərəflər arasında əmələ gəlmiş hüquq münasibətinin xarakterini nəzərə alıb hesab edir ki, tərəflər sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslər olduğundan və hazırki mübahisəli məsələ onlar arasında məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yarandığından işə, məhkəmə aidiyyəti qaydasında ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalıdır. Ona görə də birinci instansiya məhkəməsi, mülki işi məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərməklə düzgün nəticəyə gəlib. Azərbaycan Respublikası MPM-nin 403-1.2-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Həmin Məcəllənin 403-1.6-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyala ra daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Həmin Məcəllənin 403-1.8.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin edilmədən saxlaya bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə Bakı Şəhəri, Nərimanov Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli məhkəmə aidiyyəti haqqında qərardadı dəyişdirlmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(005)-4853/2021 saylı məhkəmə aidiyyəti haqqında qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7578/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-7578/2021
22.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver