Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-92/2020 10.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı vəkili X3 və Cavabdeh vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)8830/201 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(001)1406/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim N.X. Nəbizadə) İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” iddiası qismən təmin edilərək, cavabdehdən xx xxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə borca görə 20.000 manat, hüquqi yardıma görə 200 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)8830/201 saylı qətnaməsi ilə (hakimlər E.Q.Nəbiyev sədrlik edən, məruzəçi, R.Ə.Qurbanov və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı idd ia qaldıraraq, cavabdehdən xx xxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə borca görə 20.000 manat, faiz borcuna 500 manat, əldən çıxmış faydaya görə 600 manat, vəkilə ödənilmiş hüquqi xidmətə görə 200 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kass asiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh vəkili xx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı vəkili xx məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdə lik hüquq münasibətlərinin yaranmasına, cavabdehin həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsinə və onun iddiaçıya yuxarıda göstərilən məbləğdə borcunun olmasına istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 442, 445.1, 741.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsas lar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 20.000 manat məbləğində borc pul alıb və həmin borcu xx xxxxxxxx 2018-ci il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürüb. Kredit müqaviləsi tərəflərin özləri tərəfindən imzalanmaqla, notarial qaydada təsdiq edilib. Cavabdehin imzasının altında “pulu tam şəkildə aldım” yazısı qeyd edilib. İşdən görünür ki, kredit müqaviləsinin cavabdeh tərəfindən imzalanması və onun imzasının altında olan “pulu tam şəkildə aldım” yazısının onun tərəfindən icra olunması işin mübahisə olunmayan halıdır. İşə əlavə edilmiş pretenziya məktubundan görünür ki, cavabdeh 20.000 manat məbləğində borcunun olması və borc ödənil mədiyi təqdirdə iddiaçı tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmuş addımlar barədə məlumatlandırılmışdır. Eləcə də 12 saylı vəkil bürosunun 218021 saylı mədaxil qəbzindən görünür ki, iddiaçı ona hazırki iş üzrə hüquqi yardım göstərməsi üçün vəkilə 200 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həm in Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə iddiaçıdan aldığı 20.000 manat borcu razılaşdırılmış vaxtda qaytarmadığı və iddiaçı ona göstərilmiş hüquqi yardıma görə vəkilə 200 manat pul ödədiyi üçün, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsi düzügün nəticəyə gəlmiş və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermişdir və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar olmadığı üçün, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayətitəmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-8830/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-92/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-92/2020
10.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver