Məhkəmə qərarları › İş №2(102)-988/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-988/2024

07.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-988/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5107/2023 nömrəli iş üzrə 13 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdehin kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi.

1. Baxıla n işin halları, birinci instansiya məhkəməsində icraat, apellyasiya və kassasiya instansiyası məhkəmələrində əvvəlki icraatlar, iddianın əsasları, etiraz və şikayətlərin dəlilləri, məhkəmələrin əsaslandırmaları Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə 2(102)-1909/2023 nömrəli 13 iyun 2023-cü il tarixli qərarında ətraflı qeyd olunmuşdur (iş vərəqi 273-286, cild 1, sc.supremecourt.gov.az/decision-search/). a) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

2. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5107/2023 nömrəli iş üzrə 13 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), M.Rüstəmli və A.İsgəndərov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3899/2022 nömrəli iş üzrə 10 avqust 2022-ci il tarixli qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulan pulun məbləğinə aid hissədə dəyişdirilmiş, cavabdehdən iddiaçının xeyrinə tutulmalı məbləğ 35.000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

3. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Tərəflərin özlərinin, habelə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş XXX və XXXin izahatları, o cümlədən işə əlavə edilmiş çoxsaylı “ödəmə blankları”, “kassa məxaricmədaxil orderləri” və “alış fakturaları”nın surətləri ilə müəyyən olunur ki, hazırki mülki mübahisə məhz iddiaçı ilə cavabdeh arasında uşaq qida məhsullarının ölkəyə gətirilməsi və onların satışı ilə bağlı yaranıb. Həmin uşaq qida məhsulları ölkəyə cavabdehin adına göndərilsə də, malların haqq- hesab sənədləri, onların dəyərinin ödənilməsi iddiaçı tərəfindən həyata keçirilib. Cavabdeh özü də izahatında, iddiaya etirazında, apellyasiya şikayətində iddiaçı ilə aralarında məhz işgüzar münasibətlərin əmələ gəldiyini, aldığı malların sonradan xarab olduğunu, nəticədə malların satışından sözügedən ziyanın məbləğinin yarandığını və həmin ziyanın məbləğini ödəmək üçün əvvəl özünə məxsus olan avtomobili verdiyini və 15.000 manat nəğd pul ödədiyini, sonradan isə evini sataraq əlavə olaraq 7.500 manat ödəməklə iddiaçıya olan borcunu ödədiyini etiraf edib. Göründüyü kimi tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən iddiaçıdan nisyə mal (uşaq qida məhsulları) alınmışdır. İddiaçı, nisyə satılmış uşaq qida məhsullarının dəyərinin tam ödənilmədiyini və cavabdehin ona 70.340 manat qalıq borcunun qaldığını iddia edərək, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə çoxsaylı “ödəmə balankları”nın, “kassa məxaric-mədaxil orderləri”nin, “alış fakturaları”nın surətlərini, həmçinin cavabdehə aid səs yazılarını təqdim etmişdir. Cavabdeh isə ziyanın məbləğinin cəmi 35.000 manat olduğunu, onu da iddiaçıya tam məbləğdə ödədiyini bildirir. Kollegiya əvvəla qeyd edir ki, məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş çoxsaylı “Ödəmə blankı”, “Kassa mədaxil qəbzi”, “Alış fakturası” adlanan sənədlər düzgün tərtib edilmədiyindən kimin kimə və nə qədər borcunun olmasını müəyyən etmək mümkün deyil. Ona görə də həmin sənədlər əsasında ekspertiza tədqiqatının aparılması da m ümkün deyil. Eləcə də nəzərə almaq lazımdır ki, bu sənədlər 2018-2019-cu ilə aiddir, tərəflər arasında isə 2020-ci ildə aparılmış danışıqlara dair səs yazısı mövcuddur, yəni qarşılıqlı öhdəliklər həmin səs yazısı əsasında müəyyən edilməlidir. Təqdim edilmiş səs yazıları Kollegiya tərəfindən tədqiq edilmişdir. Təqdim edilmiş səs yazılarından iddiaçı tərəfindən göstərilən məhsulların cavabdehə təhvil verilməsi, cavabdeh tərəfindən həmin məhsulların qəbul edilməsi və məhsulların dəyəri ilə bağlı sonuncunun iddiaçıya borclu qalması mübahisəsiz qaydada müəyyən olunur. Səs yazılarında cavabdeh borcunun olmasını etiraf etmişdir. Qanunvericilikdə nisyə alqı-satqı müqaviləsinin şifahi formada da bağlanması nəzərdə tutulduğundan, məhkəmə tərəfindən cavabdehin şifahi formada borcunun olması barədə etirafı borcun etirafına bərabər tutulur. Hazırki mübahisə isə məhz iddiaçı ilə cavabdeh arasında nisyə satın alınmış uşaq qida məhsullarının dəyərinin tam ödənilib-ödənilməməsi ilə bağlı yaranmışdır. İddiaçı cavabdehin 70.340 manat qalıq borcunun olduğunu iddia edir. Qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Birinci yaddaş kartında olan 26 dəqiqə 34 saniyəlik 7 nömrəli səs yazısının 05:15 dəqiqəsində cavabdeh bildirir ki, “pulu da evimi satıb verirəm”; 05:22 dəqiqəsində göstərir ki, “evimi satıb verə bilərəm, işi satıb verə bilmərəm”; 09:20-ci dəqiqəsində cavabdeh bildirir ki, “biz iş görmüşük, mən borc almamışam”, “70000 borcum var, gedirəm 35000 silib keçirirəm adına, evi verirəm, kirayə ver”; 11:08 dəqiqəsində cavabdeh bildirir ki, “opşi hesablasaq, 35000-40000 vazvratnan bir yerdədir”, “mən xərcləməmişəm, işdən ziyan görmüşük”, “35000 maşınan təlafi elədim”, “qalır 35000, evi keçirirəm adına”, “35000 də danmıram, onu da verirəm, deyirəm yaxşı o ziyanı da mən üstümə”. Təqdim edilmiş hər iki yaddaş kartında olan səs yazılarını dinlədikdə cavabdehin iddiaçıya ödənilməmiş 35000 manat borcunun qalması müəyyən olunur. Belə ki, həmin səs yazılarını ardıcıl və xronoloji qaydada dinlədikdə müəyyən olunur ki, cavabdehin iddiaçıya 70000 manat borcu qalmış və həmin borcdan 35000 manatını avtomobil və pul şəklində ödəmiş, 35000 manat isə ödənilməmiş borcu qalmışdır. Göründüyü k imi iddiaçı 70340 manat borcun qalmasını iddia etsə də, tələbinin əsası kimi təqdim etdiyi sübutlarla cavabdehin məhz o məbləğdə ödənilməmiş borcunun qalması müəyyən olunmamışdır. Cavabdeh isə borcu qalmadığını, tam ödədiyini bildirsə də, iş materiallarında olan səs yazısından özünün etirafı ilə 35000 manat borcunun qalması müəyyən edilmişdir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan tərəflər ondan kassasiya şikayətləri verərək, iddiaçı qətnamənin iddia rədd olunan hissədə ləğv edilib, iddianın təmin olunmasını, cavabdeh iddia təmin olunan hissədə ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişlər.

5. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə, məhkəməyə təqdim etdiyi səs yazmalarda cavabdeh ona borclu olduğunu, maşınını və 15.000 manat pul verdiyini, 1 il ərzində 35.000 manat pul verdiyini, qalan 70.000 manat məbləğini isə evini də satıb verəcəyini bildirmiş, lakin məhkəmə tərəfindən təqdim etdiyi telefon danışıqları tam tədqiq edilmədən, cavabdeh tərəfindən borcun tam məbləğdə ödənilməsinə dair sübut təqdim edilmədən, cavabdehin hazırda ona cəmi 35.000 manat borcunun olması qənaətinə gəlmişdir.

6. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, səs yazılarında ümumilikdə 70.000 manat ziyandan söhbət getməklə, həmin ziyanın məhz 35.000 manatının cavabdehin üzərinə düşdüyü və onu da avtomobil və pul şəklində iddiaçıya ödədiyi iş materialları ilə tam olaraq sübuta yetirilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Kassasiya şikayətinə qarşı et iraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 9. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgü zar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb e də bilər.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müə yyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Madd ə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

13. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşa ğı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

14. Kassasiya şikayətlərində qətnamənin həm iddia rədd, həm də təmin olunan hissələrdə ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətlərdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

15. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə li hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

17. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

18. Kassasiya şikayətlərinə münasibətdə qeyd edilməlidir ki, hər iki şikayətin borcun məbləği ilə bağlı dəlilləri əsassızdır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hall arına görə, səs yazılarında cavabdeh borcunun olmasını etiraf etmişdir, təqdim edilmiş hər iki yaddaş kartında olan səs yazılarını dinlədikdə cavabdehin iddiaçıya ödənilməmiş 35.000 manat borcu qalmışdır.

19. Şikayətlərin qeyd olunan dəlilləri ilə bağlı, məkəmə kollegiyası, həmçinin, bildirir ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPMin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPMin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübut etmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsinə əsasdır.

20. Konstitusiya Məhkəməsinin Plenumu da öz qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi ha lların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).

21. Şikayətlərin digər dəlilləri işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Belə ki, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiy a instansiyası məhkəməsinin qətnaməsinin mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, işə, irəli sürülmüş dəlillər üzrə, yalnız həmin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunub-olunmaması hədlərində baxır (MPM-in 407.2 və 416.1-ci maddələri, §11).

22. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

23. Göstərilənlərə əsasən və MPM-in 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5107/2023 nömrəli iş üzrə 13 noyabr 2023-cü il tarixli qətnaməsi dəyiş iklik edilmədən saxlanılsın. İddiaçı və Cavabdeh kassasiya şikayətləri təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar