Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1/2020 05.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi X1 iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, X6, Cavabdeh5 və X3 qarşı “qanunsuz tikililərin neft kəmərinin mühafizə zonasından çıxarılması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qətnaməsindən Cavabdeh1 və Dövlət Neft Şirkətinin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, X6, Cavabdeh5 və X3 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin İddiaçı istismarında olan Binəqədi-Bakı Dş200mm magistral neft kəmərinin mühafizə zonası daxilində - Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi, M. Aslanov küçəsi ərazisində - tikdikləri qanunsuz evlərin onların hesablarına sökülməsi və ərazidən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qətnaməsi ilə iddia tələbləri Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və X3 münasibətdə təmin edilmiş, digər cavabdehlərə münasibətdə isə təmin olunmamışdır. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələblərinin tam təmin edilməsi barədə; Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçının nümayəndəsi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi yerli bələdiyyə orqanları tərəfindən qanunsuz qərar və sərəncamların olduğuna istinad edərək neft kəmərinin mühafizə zonası daxilində qanunsuz inşa olunmuş evlərin tikintisinə icazə olması nəticəsinə gəlsə də, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Qanunun 24-cü maddəsinin tələblərinin müvafiq bələdiyyələr tərəfindən pozulmuş olduğuna əhəmiyyət verməmiş, keçmiş SSRİ Nazirlər Sovetinin xx.xx.1979-cu il tarixli qüvvədən düşməmiş “Magistral kəmərlərin mühafizəsinin gücləndirilməsi” haqqında qərarın “mühafizə zonası daxilində hər hansı tikinti və quraşdırma işlərinin aparılması qadağandır” göstərişini nəzərə almamışdır. Cavabdeh1 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə 2000-ci ildə öz vəsaitləri hesabına əzab-əziyyətlərlə yaşayış evi tikmiş, ev tikilərkən nə İddiaçı, nə də digər orqanların əməkdaşları onlara həmin ərazidə tikinti aparılmasının qadağan olunması barədə hər hansı xəbərdarlıq etməmişlər. Evinin yaxınlığından, yəni təxminən 10-12 metrliyindən diametri 200m olan neft kəməri keçsə də, uzun illərdir evinə kommunal xidmətlər göstərilmiş, aidiyyatı təşkilatlarla müvafiq müqavilələr bağlanmışdır. Məhkəmə isə yaşadığı 100 m2-lik ikimərtəbəli, tam təmirli və hər bir şəraiti olan evi “özbaşına tikili” hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi təmsil etdiyi təşkilatın apellyasiya şikayətini müdafiə etmiş, cavabdehlər isə məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmayan, eləcə də Cavabdeh1 münasibətdə təmin olunan hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iddia tələbi Cavabdeh3, Cavabdeh4 və X3 münasibətdə təmin olunsa da, onlar qətnamədən şikayət verməmişlər – bu isə o deməkdir ki, qətnamə adı çəkilən şəxslərə münasibətdə və iddia tələbinin onlarla əlaqədar təmin olunması ilə bağlı hissədə apellyasiya baxışının predmeti deyildir. Apellyasiyanın hədləri ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki,şikayətlər təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunan halına görə, İddiaçı istismarında olan Binəqədi-Bakı Dş200mm magistral neft kəmərinin mühafizə zonası daxilində - Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi, M. Aslanov küçəsi ərazisində cavabdehlər tərəfindən yaşayış evləri inşa edilmiş, həmin evlər Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, cavabdehlərin inşa etdikləri sözügedən evlər ərazidən keçən neft kəmərinin oxundan 75,0 metrdən az olan məsafədə yerləşməklə kəmərin mühafizə zolağına düşür. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci və 5-ci bəndlərinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır.Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasının Energetika və Sənaye Nazirliyi tərəfindəndən hazırlanmış və Ədliyyə Nazirliyində xx.xx.2003-cü il tarixdə qeydiyyatdan keçmiş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslərin Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və quraşdırma işlərini; bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınmasını; torpaq meliorasiya işlərinin aparılmasını, suvarma və qurutma sistemlərinin quraşdırılmasını həyata keçirmələri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri əsaslı olmamaqla birinci instansiya məhkəməsi ona münasibətdə iddianı təmin etməkdə haqlı olmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 və X6 yönəlmiş hissəsi üzrə gəldiyi nəticəni də qanuni hesab edir; belə ki, həmin şəxslərin Biləcəri və Binəqədi qəsəbə bələdiyyələrindən satın aldıqları torpaq sahələrində müvafiq bələdiyyələrin qərarları əsasında yaşayış evləri inşa etdikləri müəyyən edilmiş, apellyasiya baxışı zamanı işin icraatı iddiaçının nümayəndəsinin vəsatəti əsasında, Dövlət X10 X4 və Binəqədi qəsəbə bələdiyyələrinə qarşı 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsində qaldırdığı “Binəqədi-Bakı Dş200 mm magistral neft kəmərinin keçdiyi Biləcəri qəsəbəsi ərazisində Cavabdeh2, Cavabdeh6, X6, Cavabdeh5 və X2 məxsus qanunsuz tiklilərin hüquqtəsdiqedici sənədlərinin ləğv edilməsi” barədə iddia ərizəsi üzrə qəbul ediləcək qətnamə qanuni qüvvəyə minənə qədər dayandırılmış, lakin sonradan iddiaçının həmin iddia ərizəsini geri götürməsi səbəbilə iddianın mümkün sayılmadığı və geri qaytarıldığı məlum olmuşdur. Göründüyü kimi, iddiaçının adı çəkilən şəxslərə qarşı irəli sürdüyü faktiki hallar onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddiaçı, həmin şəxslərə müvafiq bələdiyyələr tərəfindən satılmış torpaq sahələrində inşa edilmiş tikililərin özbaşına tikili hesab edilərək sökülməsini tələb edir – halbuki, bu tikililər vətəndaşların müvafiq bələdiyyələrdən satın aldıqları torpaq sahələrində və hazırkı dövrə qədər qanunsuz olması təsbit edilməmiş bələdiyyə qərarları əsasında inşa olunduqlarından özbaşına tikili hesab oluna bilməz. Nəzərə alınmalıdır ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi ərizəçinin tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci intansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissələrdə ləğvi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-171/2010 saylı iş üzrə xx xxxxxx 2020-cu il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları onu ödəmiş tərəflərə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1/2020
05.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver