Məhkəmə qərarları › İş №2(103)-10/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10/2022

06.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10/2022 06.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, Üçüncü şəxs “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Mənzil Kommunal və Təmir Xidmətinin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı, Cavabdeh2 prosessual hüquqi varisi kimi və üçüncü şəxs qismində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi Mənzil Kommunal və Təmir Xidməti cəlb edilməklə “maddi və mənəvi zərərin ödənilməsi, özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 iyul 2017-ci il tarixli, 2(009)-240/2017 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: İddiaçı məxsus ünvan 1 ünvanına Cavabdeh1 məxsus ünvan 2 ünvanından müntəzəm olaraq su axıdılmışdır. Cavabdehə edilmiş xəbərdarlıqlar heç bir nəticə verməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 (üçüncü şəxs qismində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Mənzil Kommunal və Təmir Xidməti cəlb edilməklə) qarşı “maddi və mənəvi zərərin ödənilməsi, özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin onun xeyrinə 10.000 manat maddi və mənəvi zərərə görə pul tutulması və tikilmiş hasarın cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 83, mənzil 43 ünvanında yaşayır. Həmin binanın 4-cü mərtəbəsində yaşayan Cavabdeh1 neçə müddətdir ki, bir mərtəbə aşağıda olan mənzilə su axıdır. Uzun illər Azərbaycan xalqının milli adət-ənənəsini nəzərə alaraq dəfələrlə xəbərdarlıq etsə də, heç bir nəticəsi olmamışdır. Artıq bu mübahisənin məhkəmə müstəvisində həll edilməsindən başqa yol qalmadığı üçün cavabdehin məhkəmə qaydasında mülki zərərin əvəzinin ödənilməsi və hasarın sökülməsini zəruri hesab edir. Cavabdehin hərəkətləri nəticəsində ona həm maddi, həm də mənəvi zərər dəymişdir. Sonuncu dəfə 05 yanvar 2016-cı il tarixdə su sızması baş vermiş Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi Mənzil-kommunal və təmir xidmətinə müraciət etmiş və 11 yanvar 2016-cı il tarixdə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri 5.000 manat məbləğində qiymətləndirir. Çünki, cavabdehin bu hərəkəti onun çox gərgin mənəvi və psixoloji sarsıntı keçirməsinə səbəb olmuşdur. Məhkəmə baxışı dövründə iddiaçı xx.xx.2017-ci il tarixdə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək cavabdeh X3rşı iddia qaldıraraq ondan 10.000 manat maddi və mənəvi ziyanın əvəzinin tutulmasını və tikilmiş hasarın cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. hazırda iddianın hasara aid hissəsini dəqiqləşdirərək cavabdehin hesabına sökülməsini xahiş etdiyi hasarın onun mənziinin mətbəx və sanitar qovşağının üzəində inşa edilmiş özbaşına tikili kimi nəzərə alınmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 iyul tarixli, 2(009)-240/2017- ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 vurulmuş maddi zərərə görə 1850 manat və mənəvi ziyana görə 1000 manat olmaqla, cəmi 2850 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin, 46 saylı mənzilində inşa edilmiş özbaşına tikilinin Cavabdeh1 Yusif qızının hesabına sökülməsi və iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manatın Cavabdeh1 tutularaq dövlət nəfinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 1096.1, 1097.1 və 1111.2-ci maddələri, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarları ilə əsaslandıraraq göstərmişdir ki, iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin, 43 saylı mənzilinə cavabdehə məxsus (eyni zamanda onun yaşadığı) həmin binanın 46 saylı mənzilindən müxtəlif texniki səbəblərdən su axması, bunun nəticəsində iddiaçıya zərər dəyməsi sonuncunun izahatı ilə yanaşı məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2016-cı il tarixli 19971 saylı rəyi, “İçərişəhər” X12 Qoruğu İdarəsinin Mənzil Kommunal və Təmir Xidməti İdarəsinin xx.xx.2016-cı il tarixli V-01/05/05 saylı məktubu ilə təsdiqlənir. Məhkəmə iddiaçıya vurulmuş zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verməsi hallarının aşkar edilmədiyini nəzərə alaraq hesab etmişdir ki, cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən su axması nəticəsində iddiaçıya vurulmuş zərərə görə məsuliyyət daşımalıdır. Zərərin məbləği ekspert rəyi digər sübutlarla yanaşı qiymətləndirilərək 1850 manat müəyyən edilməlidir. Cavabdeh tərəfindən tədqiqat obyektinə baxış keçirilməsinə dəfələrlə şərait yaradılmamasını nəzərə alıb, MPM-nin 97.5ci maddəsini rəhbər tutaraq, bu nəticəyə gəlir ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 83 saylı evin 46 saylı mənzilində inşa edilmiş tikili inşaat-tikinti və texniki təhlükəsizlik norma və qaydalarına uyğun olmayan özbaşına tikilidir və o, 43 saylı mənzilin mülkiyyətçisi İddiaçı öz əmlakından təyinatı üzrə istifadə etməsinə maneçilik yaradır. Bu baxımdan, hazırkı mülki işdə Azərbaycan Respublikası MM-nin 157.4-cü və 180-ci maddələrinin pozisiya şərtləri müəyyən edildiyindən, iddiaçının “Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 83 saylı evin 46 saylı mənzilində inşa edilmiş özbaşına tikilinin Cavabdeh1 hesabına sökülməsi tələbi haqlı sayılmalı və təmin etməlidir. Mənəvi zərərlə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilə cavabdehə məxsus olan mənzildən su axıdılması, özbaşına tikili inşası ilə ona maneçilik törədilməsi, habelə bunların nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməməsi faktları özü-özlüyündə iddiaçının iddiaçının psixoloji sarsıntı və iztirab keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktların əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur və işin halları nəzərə alınmaqla bu məbləğ 1000 manat müəyyən edilməlidir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında cavabdehin iştirakı təmin olunmamışdır. Məhkəmə ekspertizası keçirilməsi barədə onun məlumatı olmamış, bununla bağlı onun qapısı döyülməmişdir. Məhkəmə qətnaməsində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin, 46 saylı mənzilində inşa edilmiş özbaşına onun hesabına sökülməsini qeyd etsə də, həmin tikilidə cari təmir işlərinin aparılmasına xx.xx.2015-ci ildə X12 Qoruğu İdarəsinin Mənzil Kommunal və Təmir Xidməti İdarəsinin direktoru cənab Ələddin Məmmədovun imzası ilə 140 saylı razılıq icazə verilmişdir. İddiaçının sonradan inşa etdiyi eyvanın qanuna uyğun qaydada inşa edilib edilməməsi ekspert qarşısında qoyulmuş suallara daxil edilməmişdir. İş materiallarından görünür ki, apellyasiya şikayəti veriləndən sonra X9 Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr-ti 83 m.46 ünvanında yerləşən, yaşayış sahəsi 43,6 kv. olan 3 otaqlı mənzilini 320000 manata Cavabdeh2 satdığı və sonuncunun da sözügedən 46 saylı mənzilin hazırki mülkiyyətçisi olması nəzərə alınaraq o Azərbaycan Respublikasının MPMnin 58-ci maddəsinə əsasən prosesual hüquq varisi kimi işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında cavabdehin vəkili-nümayəndəsi iştirak etmiş və apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamənin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Mülki Prosessual Məcəllə: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA ******* saylı Çıxarış»a əsasən Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr-ti 83 m.43 X1 mülkiyyətindədir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA ******* saylı Çıxarış»a əsasən Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr-ti 83 m.46 X5 mülkiyyətindədir. X12 Qoruğu İdarəsinin Mənzil Kommunal və Təmir Xidməti İdarəsinin Cavabdeh1 Yusif qızına ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin 43 saylı mənzilin sakini İddiaçı mənzilində mətbəx və sanitar-qovşağına üst mərtəbədən su sızmasına dair müraciəti ilə əlaqədar mütəxəssislər tərəfindən araşdırmalar aparılmış və sözügedən ünvanda mətbəx və sanitar qovşağa su sızması Cavabdeh1 icazəsiz quraşdırdığı eyvanın döşəməsndə hidroizolyasiya qatının düzgün aparılmaması səbəbindən baş verdiyi müəyyənləşdirilmişdir. X12 Qoruğu İdarəsinin Mənzil Kommunal və Təmir Xidməti İdarəsinin direktoru cənab Ələddin Məmmədovun imzası ilə təsdiqlənmiş xx.xx.2015-ci il tarixli 140 saylı “cari təmir işlərinin aparılması”na dair razılıq məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin, 46 saylı mənzilində suvaq işlərinin aparılmasına, qapı və pəncərənin dəyişdirilməsinə, rəngsaz işlərinin aparılmasına, qaynaq işlərinə, döşəmənin dəyişdirilməsinə, sanitar xətlərin təmirinə və tavanın dəyişdirilməsinə icazə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2016-cı il tarixli 19971 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin 43 saylı mənzilinin cavabdehin mənzilinin altında yerləşməsi, 43 saylı mənzilin yuxarıda göstərilən tikililərinin konstruktiv elementlərinin (divar, tavan) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğu, həmin qüsurların su sızmaya aid olduğu nəzərə alınaraq suyun cavabdehə məxsus mənzildən 43 saylı mənzilə sızması müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin 43 saylı mənzilinə suyun sızması halları nəticəsində dəymiş zərərin bərpa olunması üçün sərf olunan (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsaitin məbləğinin 1850 manat olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin 43 saylı mənzilinə suyun sızmasına səbəb həmin mənzilin üst mərtəbəsində yerləşən cavabdehə məxsus mənzilin üstü açıq tipli eyvanının döşəməsində trapın olmamasıdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2499/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə təkrar-əlavə məhkmə tikinti-texniki ekspertizası təyin edilmiş, xx.xx.2018-ci il tarixdə texniki pasportun təqdim edilməməsi və tədqiqat obyektləri üzrə tərəflərin iştirakı ilə baxış keçirilməsi qeyri-mümkün olduğundan ekspert rəyi verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli 25129 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin 46 saylı mənzilinin ilkin vəziyyətini əks etdirən texniki pasportdan kənar, mənzilin qarşısında və ona bitişik vəziyyətdə uzunluğu 8,33 m, eni 2,5 m ölçüdə olan, bir hissəsi üstü örtülü açıq eyvanın inşa olunduğu müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin 43 və 46 saylı mənzillərinə, o cümlədən 46 saylı mənzilin texniki pasportunda öz əksini tapmayan açıq eyvanına xaricdən (çöldən) baxış keçirilən zaman, mübahisəli eyvanın faktiki olaraq 43 saylı mənzilin bir hissəsinin, yəni 43 saylı mənzilin texniki pasportu üzrə 3 saylı mətbəxin, 4 saylı dəhlizin və 6 saylı sanitar qovşağının damı ilə təmasda olmadığı müəyyən edilmişdir. İlkin ekspertiza rəyində 43 saylı mənzilin sahəsi 8,64 kv.m oln yaşayış otağına, sahəsi 16,0 kv.m olan mətbəxinə və 4,87 kv.m olan sanitar qovşağına üst mərtəbədən suyun sızması qeyd olunmuşdur. Lakin su sızma baş vermiş həmin tikililərin texniki pasportunda əks olunub-olunmaması barədə məlumat ekspert rəyində əks olunmamışdır. Eyni zamanda təkrar ekspertiza baxışı zamanı 43 saylı mənzilə baxışın keçirilməsinə iddiaçı tərəfindən zəruri şərait yaradılmamışdır. Bu səbəbdən də, 43 saylı mənzilə suyun texniki pasportda nəzərdə tutulmuş hissəyə yoxsa texniki pasportda nəzərdə tutulmayan hissəyə sızmasını müəyyən etmək mümkün olmamışdır. İlkin ekspert rəyində 43 saylı mənzilə suyun sızmasının səbəbinin cavabdehə məxsus 46 saylı mənzilin açıq eyvanının döşəməsində trapın olmaması göstərilmişdir. Lakin cavabdehin mənzilinin qarşısında və ona bitişik vəziyyətdə yerləşən açıq eyvanın döşəməsinin üzərində iki yerdə trap quraşdırılmışdır. Belə olan halda suyun məhz trapın olmaması səbəbindən sızması istisna olunur. Suyun sızması müxtəlif səbəblərdən, o cümlədən boru xətlərində yaranan qəzadan, əmələ gələn qüsurlardan, kanalizasiya borularının çatlamasından, birləşmə yerlərinin keyfiyyətsiz bərkidilməsindən, tıxaclanmadan, döşəmələrin izolyasiya qatının keyfiyyətsiz olmasından yarana bilər. Bu səbəbdən də, iddiaçının 43 saylı mənzilinə suyun sızmasının 46 saylı mənzillə, o cümlədən mənzilin hər hansı bir hissəsi ilə əlaqəsinin olub-olmamasını müəyyən etmək mümkün deyildir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1648/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə əlavə məhkmə tikinti-texniki ekspertizası təyin edilmiş, tədqiqat obyektləri üzrə tərəflərin iştirakı ilə baxış keçirilməsi qeyri-mümkün olduğundan ekspert tərəfindən müvafiq olaraq xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixlərdə rəy verilməsindən imtina etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/2736 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin 43 saylı mənzilinə baxış keçirilən zamanı 43 saylı mənzilə dair texniki pasportun məlumatları ilə mənzilin faktiki vəziyyəti ilə müqayisə aparılan zamanı mənzilin daxilində yerləşən tikililərin (mənzilin hüdudları daxilində) yerlərinin dəyişdirilməsi kimi halların olduğu müəyyən edilmişdir. Lakin 43 saylı mənzilin daxilində əlava tikililərin yaradılmadığı müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin 46 saylı mənzilin qapısı bağlı olduğundan, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin 43 saylı mənzilinə suyun sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin 43 saylı mənzilində təmir işləri aparıldığından mənzilin daxilində qüsurların mövcud olmadığı müəyyən edilmişdir. lakin, tədqiq olunan, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin 43 saylı menzilədə su sızma nəticəsində əmələ gəlmiş qüsurlar və onların bərpa olunmasına dair smeta ilkin ekspetiza rəyində göstərilmişdir. 12 saylı notarat ofisində xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş Daşınmaz Əmlakın alğı-satqı müqaviləsindən görünü ki X9 Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr-ti 83 m.46 ünvanında yerləşən, yaşayış sahəsi 43,6 kv. olan 3 otaqlı mənzilini 320000 manata Cavabdeh2 satmışdır. İş materiallarına əlavə olunmuş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr-ti 83 ünvanında yerləşən 46 saylı mənzilə dair Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 83, mənzil 43-ün mülkiyyətçisi, İddiaçı həmin binanın 4-cü mərtəbəsində yaşayan 46 saylı mənzilin mülkiyyətçisi Cavabdeh1 neçə müddətdir ki, bir mərtəbə aşağıda olan mənzilə su axıtmasını və cavabdeh tərəfindən onun mənziinin mətbəx və sanitar qovşağının üzəində inşa edilmiş özbaşına tikilinin qanunsuz olmasını mübahisələndirmişdir. İş materiallarından həmçinin görünür ki, iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin, 43 saylı mənzilinə cavabdehə məxsus (eyni zamanda onun yaşadığı) həmin binanın 46 saylı mənzilindən müxtəlif texniki səbəblərdən su axması, bunun nəticəsində iddiaçıya zərər dəyməsi sonuncunun izahatı ilə yanaşı məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2016-cı il tarixli 19971 saylı rəyi, “İçərişəhər” X12 Qoruğu İdarəsinin Mənzil Kommunal və Təmir Xidməti İdarəsinin xx.xx.2016-cı il tarixli V-01/05/05 saylı məktubu ilə təsdiqlənir. İş materiallarından daha sonra görünür ki, qeyd edilən ekspertizadan sonra iş üzrə bir neçə dəfə də ekspertizalar keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli 25129 saylı ekspert rəyindən görünür ki, 43 saylı mənzilə baxışın keçirilməsinə iddiaçı tərəfindən zəruri şərait yaradılmamışdır. Bu səbəbdən də, 43 saylı mənzilə suyun texniki pasportda nəzərdə tutulmuş hissəyə yoxsa texniki pasportda nəzərdə tutulmayan hissəyə sızmasını müəyyən etmək mümkün olmamışdır. Qeyd edilən ekspert rəyində daha sonra əvvəlki ekspert rəyinə istnad edilərək həmin rəydə 43 saylı mənzilə suyun sızmasının səbəbinin cavabdehə məxsus 46 saylı mənzilin açıq eyvanının döşəməsində trapın olmaması göstərilmişdir. Lakin cavabdehin mənzilinin qarşısında və ona bitişik vəziyyətdə yerləşən açıq eyvanın döşəməsinin üzərində iki yerdə trap quraşdırılmışdır. Belə olan halda suyun məhz trapın olmaması səbəbindən sızması istisna olunur. Suyun sızması müxtəlif səbəblərdən, o cümlədən boru xətlərində yaranan qəzadan, əmələ gələn qüsurlardan, kanalizasiya borularının çatlamasından, birləşmə yerlərinin keyfiyyətsiz bərkidilməsindən, tıxaclanmadan, döşəmələrin izolyasiya qatının keyfiyyətsiz olmasından yarana bilər. Bu səbəbdən də, iddiaçının 43 saylı mənzilinə suyun sızmasının 46 saylı mənzillə, o cümlədən mənzilin hər hansı bir hissəsi ilə əlaqəsinin olubolmamasını müəyyən etmək mümkün deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli 25129 saylı ekspert rəyindən də göründüyü kimi, məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2016-cı il tarixli 19971 saylı rəyi verilərkən həmin rəydə 43 saylı mənzilə suyun sızmasının səbəbinin cavabdehə məxsus 46 saylı mənzilin açıq eyvanının döşəməsində trapın olmaması göstərilmişdir. Kollegiya hesab edir ki, məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2016-cı il tarixli 19971 saylı rəyi ilkin olaraq verildiyindən həmin ekspertiza zamanı müəyyən edilmiş hallara istinad edilmlidir. Belə ki, həm xx.xx.2018-ci il tarixli 25129 saylı ekspert rəyində ilkin ekspertizanın müəyyən etdiyi hallar əksini tapmışdır. Həmçinin açıq-aşkar görünür ki, ilkin ekspertizadan sonra cavabdehin mənzilinin qarşısında və ona bitişik vəziyyətdə yerləşən açıq eyvanın döşəməsinin üzərində iki yerdə trap quraşdırılmışdır. Bu trapların sonrada quraşdırılması cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən su axması nəticəsində iddiaçıya vurulmuş zərərə görə məsuliyyətdən kənar etmir. İş materiallarından görünür ki, üçüncü dəfə ekspertiza keçirilən zaman xx.xx.2022ci il tarixli 10/2736 saylı ekspert rəyi verilərkən ilkin ekspertiza rəyinin nəticələrinə istinad edilməsinə bir növ məcburiyyət yaranmışdır. Belə ki, sonuncu rəydən görünür ki, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin 46 saylı mənzilin qapısı bağlı olduğundan, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin 43 saylı mənzilinə suyun sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. 2022-ci ildə artıq Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin 43 saylı mənzilində təmir işləri aparıldığından ekspert tərəfindən həmin mənzilin daxilində qüsurların mövcud olmadığı müəyyən edilmişdir. Lakin buna baxmayaraq ekspert rəyində tədqiq olunan, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin 43 saylı menzilədə su sızma nəticəsində əmələ gəlmiş qüsurlar və onların bərpa olunmasına dair smeta ilkin ekspetiza rəyində göstərilməsinə istinad etmişdir. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Həmin Məcəllənin 206.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza rəylərinə işin digər sübutları ilə birgə qiymət verərək ilk və sonuncu ekspert rəyləri Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin 43 saylı mənzilində su sızma nəticəsində vurulan ziyanla bağlı sübut növü kimi qəbul edilməlidir. Belə ki, ikinci rəydə artıq ilkin rəydə əksini tapmamış hallara (trapı quraşdırılması) istinad edilmiş və ekspertiza baxışı zamanı 43 saylı mənzilə baxışın keçirilməsinə iddiaçı tərəfindən zəruri şərait yaradılmamasına baxmayaraq cavabdehin mənzilinin qarşısında və ona bitişik vəziyyətdə yerləşən açıq eyvanın döşəməsinin üzərində iki yerdə trap quraşdırılmasına istinad edərək suyun məhz trapın olmaması səbəbindən sızmasının istisna olunmasını, suyun sızmasının müxtəlif səbəblərdən, o cümlədən boru xətlərində yaranan qəzadan, əmələ gələn qüsurlardan, kanalizasiya borularının çatlamasından, birləşmə yerlərinin keyfiyyətsiz bərkidilməsindən, tıxaclanmadan, döşəmələrin izolyasiya qatının keyfiyyətsiz olmasından yarana bilməsini, bu səbəbdən də, iddiaçının 43 saylı mənzilinə suyun sızmasının 46 saylı mənzillə, o cümlədən mənzilin hər hansı bir hissəsi ilə əlaqəsinin olub-olmamasını müəyyən etməyin mümkün olmaması kimi qənaətə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya vurulmuş zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verməsi hallarının aşkar edilmədiyini nəzərə alaraq düzgün olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən su axması nəticəsində iddiaçıya vurulmuş zərərə görə məsuliyyət daşımalıdır və zərərin məbləği ilkin ekspert rəyi digər sübutlarla yanaşı qiymətləndirilərək 1850 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin, 46 saylı mənzilində inşa edilmiş özbaşına tikilinin sökülməli olması ilə bağlı gəldiyi nəticə ilə də razılaşır. Lakin mahiyyəti üzrə düzgün, qanuni və əsaslı olan qətnamə qəbul ediləndən sonra keçən dövr ərzində Quliyeva Tamila həmin qətnamədən apellyasiya şikayəti verdiyi və ona qarşı qaldırılmış iddianın hüquqi taleyi tam məlum olmadığı halda xx.xx.2020-ci ildə mənzilini Cavabdeh2 alğı-satqı müqaviləsi əsasında satdığı üçün, sonuncunun 46 saylı mənzilin mülkiyyətçisi kimi iş üzrə prosessual varis kimi cəlb edilməsi zərurəti yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırda halda artıq 46 saylı mənzilinin mülkiyyətçisi dəyişsə də, inşa edilmiş özbaşına tikilinin sökülməli olması ilə bağlı məsuliyyət əvvəlki mülkiyyətçi X4 üzərində qalır və hesab edir ki, bu hissədə də məhkəmə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası 46 saylı mənzilində inşa edilmiş özbaşına tikilinin sökülməli olmasına dair birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşarkən eyni zamanda məhkəmənin müəyyən etdiyi hallardan əlavə apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş “İçərişəhər” X12 Qoruğu İdarəsinin 46 saylı ünvanla bağlı arayışının məzmununa və kollegiyanın yerində müayinəsinin nəticələrinə əsaslanır. Belə ki, “İçərişəhər” X12 Qoruğu İdarəsinin arayışından müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsü”nün 3 nömrəli əlavəsində qeyd olunan yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsinin - 1889-cu ildə inşa olunmuş, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 83 ünvanında yerləşən yaşayış evin (inventar № 2486) 46 nömrəli mənzili Cavabdeh2 mülkiyyətindədir. Mənzilin hüquqi və texniki sənədlərində yaşayış sahəsi 43,6 m2, ümumi sahəsi 77, 4 m2 təşkil edir. Mənzilin Neftçilər prospekti tərəfə açılan 2 ədəd eyvanı var. Digər fasadlarında eyvan mövcud deyildir. Mənzil üç otaqdan ibarətdir. Mənzil xx.xx.2010cu il tarixdən xx.xx.2020-ci il tarixədək Cavabdeh1 məxsus olmuşdu. Qeydiyyat nömrəsi ********** olmuşdur. xx.xx.2020-ci il tarixdə mənzil alğı-satqı yolu ilə Cavabdeh2 satılmışdır. Qeydiyyat nömrəsi **********5-dir. xx.xx.2020-ci ilə qədər qədər mənzilin mülkiyyətçisi olmuş Cavabdeh1 2015-ci ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-kommunal və Təmir Xidmətinə müraciət etmiş və ümumi istifadədə olan dəhlizin üst örtüyündə (2x2,5) m ölçüdə hörgü işləri aparılmasına 140 saylı cari təmir işlərinə razılıq sənədi ilə icazə almışdır. Razılıq sənədinin vaxtı 11 sentyabr 2015-ci ildə qurtarmışdır. Daha sonra təmirə razılıq sənəd olmadan 03 noyabr 2015-ci ildə qeyri qanuni olaraq mənzilin sahəsini artıraraq həyət tərəfə açıq eyvan quraşdırmışdır. Mənzilkommunal və Təmir Xidməti tərəfindən bununla əlaqədar müvafiq qaydada akt tərtib olunmuş və sakinə sökülməsinə dair xəbərdarlıq edilmişdirş Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq 28 noyabr 2015-ci il tarixdə yenidən qeyri-qanuni işlərini davam etmiş və həyət fasad hissədə sözügedən eyvana çıxış üçün mövcud pəncərə oyuğunun yanında qapı oyuğu açaraq ümumilikdə plastik materialdan şüşəbənd quraşdırmışdır. Bununla əlaqədar da müvafiq qaydalarda akt tərtib olunmuşdur. Sözü gedən eyvan açıq eyvan olduğundan yağış suları eyvanın döşəməsindən alt mərtəbədə yaşayan qonşunun mənzilinin islanmasına səbəb olmuşdur. Bununla əlaqədar alt mərtəbədə yaşayan qonşu qanunsuz eyvanın sökülməsi və evinə dəyən ziyanın ödənilməsinin təmin olunması üçün məhkəməyə müraciət etmişdi Məhkəmə kollegiyası tərəfindən yerində müayinə aparılarkən müəyyən olunmuşdur ki, mübahisəli eyvanın yerləşdiyi Bakı şəhər Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin 46 saylı mənzilinə giriş bir qapıdan açılan dəhlizdə yerləşir. Həmin dəhlizdə 46 və 47 saylı mənzillər mövcuddur. 47 saylı mənzil mülkiyyətçi Aynur Qurbanova tərəfindən tələbə oğlanlara kirayə verilmişdir. Mübahisəli balkona giriş 46 saylı mənzildəndir, mənzilin qapısı dəfələrlə döyülsə də açan olmamışdır. Ona görə də mübahisəli eyvana dəhlizin pəncərəsindən baxılmış, faktiki mövcud vəziyyəti iş materiallarında olan ekspert rəyinə əlavə olunmuş fotoşəkillərlə müqayisə aparılaraq, eləcə də üçüncü şəxsin nümayəndəsi tərəfindən həmin eyvan tikilisinin texniki pasportda mövcud olmayan əlavə tikili olduğu bildirilmişdir. Yerində müayinə zamanı “İçərişəhər” X12 Qoruğu İdarəsinin nümayəndələri və baxış keçirən ekspert 46 saylı mənzilə aid olan əlavə tikilinin özbaşına olaraq aparılmasını bir daha qeyd etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, X8 artıq 46 saylı mənzilin mülkiyyətçisi olmasa da, həmin mənzildə aparılan onun tərəfindən birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi inşa edilmiş tikili inşaat tikinti və texniki təhlükəsizlik norma və qaydalarına uyğun olmayan özbaşına tikili nə qədər ki, 43 saylı mənzilin mülkiyyətçisi İddiaçı öz əmlakından təyinatı üzrə istifadə etməsinə maneçilik yaradır, həmin tikilinin Cavabdeh1 hesabına sökülməsi tələbi haqlı sayılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, 46 saylı mənzilin yeni mülkiyyətçisi, yəni, mənzili orada inşa edilmiş tikili inşaat tikinti və texniki təhlükəsizlik norma və qaydalarına uyğun olmayan özbaşına tikili ilə birlikdə əldə etmiş Cavabdeh2 qanunsuz tikilinin sökülməsi ilə bağlı mənzilinə dəyən zərərlə bağlı Cavabdeh1 qarşı müvafiq iddia qaldıra bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mənəvi zərərlə bağlı mövqeyi ilə də razılaşır və hesab edir ki, məhkəmə düzgün olaraq qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilə cavabdehə məxsus olan mənzildən su axıdılması, özbaşına tikili inşası ilə ona maneçilik törədilməsi, habelə bunların nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməməsi faktları özü-özlüyündə iddiaçının psixoloji sarsıntı və iztirab keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktların əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur və işin halları nəzərə alınmaqla bu məbləğ 1000 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək hesab edir ki, apellyatorun birinci instansiya məhkəməsinin iclasında iştirakının təmin edilməməsi və məhkəmə iclasının vaxtı və yeri barədə ona lazımi qaydada məlumat verilməməsinə dair dəlilləri əsassız olmaqla öz təsdiqini tapmamışdır. Beləliklə də, məhkəmə kollegiyası apellyator tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Ekspertiza tədqiqatlarının dəyəri olaraq 200 manat (100+100) manat məbləğində pul Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 iyul 2017-ci il tarixli, 2(009)-240/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olaraq 200 manat (100+100) manat məbləğində pul Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar